Ramazan Buluşov gənc olmasına baxmayaraq, artıq hicama ilə müalicədə effektiv nəticələr alan az sayda peşəkarlardan biridir.
Hicamanın nəzəriyyəsi, təhsilini Rusiya və Türkiyədə öyrənib.
Bu işi ona ilk öyrədən, sevdirən isə əmisi Elmar Buluşov olub. O da yaşadığı yerdə məşhur hicama mütəxəssisidir.
Hicama bildiyiniz banka qoyub qan çıxartmaq deyilmiş. Bu işin öz incəlikləri var. Səhvə yol versəniz, qanınız da boşuna gedəcək, canınız da əziyyət çəkəcək.
Ramazan Buluşov bu sahədə olan nöqsanlardan, insanları hicamadan çəkindirən məqamlardan danışdı:
Şəkər və təzyiq xəstələri mütləq hicama olunmalıdır.
- Ramazan bəy, hicama üzrə mütəxəssis olub, insanları müalicə etmək üçün nə lazımdır? Ümumiyyətlə, hicamanın düzgün qaydası və təsiri necə olmalıdır?
- Mən bu işin nəzəriyyəsinə 2 ilimi sərf edib, Rusiyada, Tükriyədə uzmanların yanında dərslər keçmişəm, təcrübələrdə olmuşam. Türkiyədə məşhur uzman Hakan Tutum müəllimim olub. Bu, Bakıda kiminsə yanında 1-2 ay kurs keçmək deyil. 1-2 ay baxmaqla hicama mütəxəssisi olmaq mümkün deyil. Aldığım sənədlər, sertifikatlar hicama ilə məşğul olmağıma icazə olduğunu göstərir.
Hicama dərinin səthi epidermis qatının altındakı kapilyarlardakı toksiki, yəni zəhərli qanın çıxarılmasıdır.
Bədəndə qan dövranı pozulanda bir çox orqan və sistemlərin işi pozulur və xəstəliklər, ağrılar başlayır.
Toksinlər niyə dəri altına yığılır? Qaraciyər, böyrəklərimiz qanı təmizləyən filtr orqanlarıdır. Onlar düzgün işləməyəndə toksinləri bədəndən çıxara bilmir, bu zaman bədən onları epidermisin altına və kapilyarlara yığır.
İnsanda halsızlıq, ağrılar, nevroz başlayır.
Hicamada hər xəstəyə fərdi yanaşılır, şablon necə gəldi hicama edilmir.
Banka sayından tutmuş kəsiklərin üslubuna görə dəyişir. Hər xəstəliyin öz nöqtəsi var.Ümumiyyətlə, 200-dən çox nöqtə, 4 növ kəsik var.
Bir xəstəm var idi, digər hicama yerlərinə getmişdi. Təzyiq xəstəsi idi, panik atakı var idi. Ona heç bir şey soruşmadan birinci seansdan 11 banka düzmüşdülər. Bu artıq biznesdir. Banka sayı çox olduğunda pul çox hesablanır. Qiymət də banka hesabına olmamalıdır. Çünki elə xəstə var, ona 2 banka lazımdır. İnsanlarımızda da qəribə psixologuya var. Hicamada çox banka qoyulmalıdır, çox qan çıxmalıdır. Xeyr. Bu, düzgün deyil.
O xəstəmin əvvəlki hicamadan sonra halı pisləşmişdi, təcili yardım gəlmişdi. Onu xüsisi iynə ilə kəsik etmişdilər, o iynə ilə də işləyəndə sinirlərə toxunur, çox ağrı verir. Proses o qədər güclü gedib ki, təzyiq çox aşağı düşüb, halı xarab olub.
İnsan hicamadan sonra özünü meyit kimi, süst, halsız hiss etməməlidir, əksinə gümrah olmalıdır.
Hicama səhv olunanda orqanizm sanki şoka düşür.
- Niyə bu qədim metoda hələ də həkimlər güvənmir. Deyirlər, qan çıxması boş şeydir. Maraqlıdır, sizin qəbulunuza həkimlər gəlibmi?
- Həkimlər hicamanın qaydasını, dərinliyini bilmirlər. Bunu da pasiyentlərə və həkimlərə aşılayan işi bilməyən dırnaqarası hicama edənlərdir. Hansı ki, insanlara hicamanı sevdirmək əvəzinə qaçırdırlar. Kəsikləri dərin edirlər, xəstə ağrı keçirir, qorxur, daha gəlmək istəmir. Kəsiklərin izi qalır, sağalmır, ordan infeksiya keçir.
Türkiyə, Rusiyada, hətta həkimlər özləri hicamaya gedir, xəstələrini də göndərir.
Mənim də həkim pasiyentlərim çox olur.
Çox zaman həkimlər bel ağrısı, ayaq ağrısı, təzyiqi olanları, nevrozları, panik atakı olanları hicamaya göndərirlər, çünki faydasını görüblər.
- Hicamanın konkret hansı xəstəliklərdə faydasını görmüsüz və hansı xəstələrə əks göstərişdir. Məsələn, şəkərli diabetdə olmaz deyirlər...
- Xeyr, şəkərdə qadağan deyil. Əksinə, şəkər xəstələri mütləq hicama olunmalıdır.
Şəkər insulin çatışmazlığından yaranır. Hicama özü immun sistemi gücləndirir, bu zaman orqanizm özü insulin hasilini qaydaya salır. Qanda yığılmış artıq qlükozanı bədənə paylayır. Şəkər xəstələrində sadəcə, kəsiklər gec sağalır. Amma biz kəsik yox, sadəcə nazik bir çərtmə edirik, hətta hicamadan sonra iz də qalmır.
Ona görə şəkər xəstələri üçün qorxulu durum yoxdur.
İnsanlar yanlış olaraq elə bilir, hicamadan sonra anemiya, qan azlığı olur. Bu qorxu da işi bacarmayanların sayəsində yaranıb. O qədər çox banka düzüb, artıq qan çıxarırlar ki, xəstədə qanın səviyyəsi düşə bilir. Amma hicama elə incə işdir ki, onu hətta anemiyalara da edirik. Burda prinsip çox banka düzüb, çox qara qan çıxarmaq deyil.
Miqrenin ən yaxşı dərmanı hicamadır.
Varikoz, tromboz, ayaqlarda ağrı, bel ağrıları, boyun, ostexondroz, üzdə problemlər – sızanaq, ləkə, quru dəri, sinir, əsəb, depressiya, panik atak... saymaqla bitməz.
Azərbaycanda ən çox şəkər, təzyiq, baş ağrıları və nevroz xəstələri müraciət edir. Bu problemlər çoxdur. Bu xəstəliklərdə çox əla nəticələr var.
Son zamanlar pandemiyadan sonra nevroz, panik atak, depressiya, qorxular artıb. Elə çox zaman təzyiqi də yaradan nevroz olur.
Koronavirus qanı çox laxtalandırır, toksinlər artır. Çox koronavirus xəstələri oldu ki, sağalmışdılar, amma vəziyyətləri düzəlmirdi. Hicama bu laxtalanmanı götürür.
Aritmiyanı müalicə edir, onun özünün çiyində nöqtələri var, ora düzülür.
Ürəkdə piylənmə, yağlanma, pis xolesterində hicama faydalıdır.
- Hansı insanlara olmaz?
- Xərçəng xəstəliyinin ağır dərəcəsi, böyük şişlər, hemofiliya, ağır anemiya, trombositləri aşağı olan insanlara, ağır ürək əməliyyatı edənlərə, qaraciyər sirrozu, böyrək çatışmazlığı olan xəstələrə olmaz. Öddə daş varsa, qarın nahiyəsinə banka qoymaq olmaz.
Qrija, yırtıq olanda onurğada banka düzülməsi və vakuum çəkilməsi ehtiyatla olunmalıdır. Qəfil vakuum edəndə yırtıqda problem yaradır.
Birincisi xəstədən anamnez toplanır. Yaxşı olar ki, qan analizi verdirib, sonra hicama olunsun. Qan faizi az olan insanda ona uyğun prosedur seçilir.
- Təcrübənizdə həm sizi, həm xəstəni şoka salan hansı məqamlar olub?
- Çox olub, mən hicamanın təsirinə bələdəm deyə təəccüblənirəm. Əsə-əsə gələn adam olub, heç kuşetə uzatmaq mümkün deyildi. Ağır sinir xəstəsi idi. Xəstəni hicamaya hazırlamaq çox vacibdir, burda psixoloji yanaşma olmalıdır. Belə adamlara birdən-birə ilk seansda çox banka düzmək olmaz. İnsan qorxudan özünü pis vəziyyətlərə sala bilər.
Sabirabaddan bir pasiyentim var idi. Ağır göz təzyiqindən əziyyət çəkirdi. Gözləri qırmızı, ağrılı idi, başı ağrıyırdı, həyatdan küsmüşdü. Heç bir müalicə effekt vermirdi. Birinci seansdan sonra yaxşılaşma oldu. İkinci seansda baş nahiyəsinə hicama etdik, ondan sonra tamam düzəldi. Ayaqlarına da nöqtələrə qoydum, hansı ki, başa, gözə gedən sinirlər oradan başlayır.
1 ay ərzində gözlərinin rəngi düzəldi, təzyiq getdi, depressiyadan çıxmışdı və sevinirdi. O adam gündə 3 qutu siqaret çəkirdi, amma hicamadan sonra heç 3 ədəd siqaret çəkmirdi. Buna səbəb də odur ki, hicamadan sonra siqareti atıb. Bədən, qan. ağciyərlər təmizləndikdən sonra nikotin iyi, dadı pis gəlir, bədən tələb etmir.
- Bəzən fotolardan görürük, çox yerlərdə elə kəsiklər olur ki, sankı bıçaqla kəsilib.
Kəsiklərin izi aylarla sağalmır, ağrıdır, qaralır. Belə işləri görəndə nə düşünürsüz? Belə olmalıdırmı?
- Xeyr. Hicamanın düzgün olunmadığı elə kəsiklərin izindən bilinir. Əvvəl hicama olunub, yanıma gələnlərin bədənlərində görürəm. İri-iri çapıq izləri ömürlük qalır. Məəttəl qalıram ki, bunu necə kəsiblər, xəstə ağrıya necə dözüb?
Bu, hicama deyil, mən bunu edənlərə qəssab deyirəm. İnsanı sanki heyvankəsir doğrayır.
Ola bilər, mərkəz olsun, klinika olsun, reklamı da olsun, səliqəlidir, hər şey superdir. Amma düzgün işləyən mütəxəssisləri yoxdur.
- Hicama prosedurunda xəstələrdən qan çıxır. Burda sterilizasiya vacibdir. Bankalardan və ya kəsici alətlə bir xəstədən digərinə infeksiyalar keçə bilər, xüsusən hepatit, QİÇS və s. Bunun qarşısını necə almaq olur?
- Dərin kəsəndə yarası qalır, yara da uzun müddət qalanda xəstə yaxşı baxmır, ordan infeksiya, mikrob düşə bilər. Ona görə yenə də birinci səbəb kobud kəsikdir.
O ki, qaldı bankalara, onu xəstə özü də ala bilər, mən də ayıra bilərəm. Hər xəstəyə təzə banka götürülür.
Hicamadan sonra bankalar atılmalıdır. İnsan öz bankalarını ancaq özü istifadə edə bilər, çoxu deyir, mənim bankamla ailə üzvüm, dostum, tanışıma da et, biz etmirik. Mən bir xəstə üçün bankanı ayırıram, istəsə özü ilə aparıb gətirir, sonra atırıq. Bankaları da hər dəfə spirtlə dezinfeksiya edirik.
Hicamanı hər gün etmək olmaz. İnsanda halsızlıq, yarada bilər. Hətta özündən gedə bilər.
- Bəs uşaqlara hicama etmək olarmı?
Uşaqlarda da etmək olar. Onlara üz üçün olan kiçik bankalardan istifadə edirik. 3 yaşından sonra uşaqlara hicama etmək olar.
Əsasən immuniteti zəifdirsə, iştahı yoxdursa, qorxusu varsa, tez-tez xəstələnirsə, yeniyetmələrdə stress, baş ağrısı və s. olar.
- Son olaraq. Hicama etdirmək istəyən insan necə bilməlidir ki, düzgün işini bilən əllərə düşüb, yoxsa yanlış? Düzgün hicanın əsas sirri nədir?
- Ərəbistanda hicamanın alimi Abu Suraka var, onu izləyirəm. O deyir: az banka, az qan.
Bəzi həmkarların işlərinə baxıb, kəsiklərindən bilirəm ki, düz etmədi. Hicamadan sonra kəsik izi qalmamalıdır.
Bu işdə əsas nöqtələrdir. Hər xəstəliyin öz nöqtəsi var. Təzyiqi aşağı olan xəstələrdə bəzi nöqtələrə etmək olmaz. Büzdümə qoyduqda, o xəstələrdə təzyiq daha da düşür.
Azərbaycanda hicama edənlərin çoxu təəssüf ki, qazanc, pul mənbəyi kimi baxır. Onların da ucbatından insanlar qorxur, istəmir və daha da pis oldum deyir.
Bir də hicamanı hər gün etmək olmaz. İnsanda halsızlıq, yarada bilər. Hətta özündən gedə bilər.
Hər gün xəstəni çağırmaq artıq biznesdir. Hicamalar arasında minimum 5-7 gün fasilə olmalıdır. Elə xəstəliklər var, 2 həftədən sonra deyirəm gəl.
Ona görə insanlarımız hicama zamanı bunlara diqqət yetirsinlər:
- Bankalar atılmalıdır, ya da hər kəsin öz bankası olmalıdır, hicama seanslarından sonra onlar da atılmalıdır.
- Sterilizasiyaya ciddi icra edilməlidir
- Kəsiklər iri, ağrılı olmamalıdır, hicamadan sorna izi qalmamalıdır
- İlk seansda 7-8-9 banka düzülməsi olmaz
Hər gün hicamaya getmək olmaz. /medicina.az/
Versus.Az