“Müxalifətdən qalan elə adamlar var ki, hələ də 30 il əvvəlki havadadılar” - MÜSAHİBƏ
Yaqub Məmmədov: “O zaman bizim ordumuz, hərbi sursatımız yox idi, ölkə daxilində hakimiyyət davası gedirdi”
Regionun geosiyasi mənzərəsi özünün gərginliyi ilə müşahidə olunur. Meydanda həllini gözləyən kifayət qədər məsələlər qalır. Torpaqlarının əsas hissəsini hərbi yolla azad edən Azərbaycan dövləti, diplomatik müstəvidə mübarizəni davam edir. Vətən Müharibəsi və ondan sonra cərəyan edən proseslərdə ermənipərəst mövqelərin yünidən cücərdiyi müşahidə olunur. Azərbaycan torpaqlarına dişini qıcayanlar, öz paylarını götürmək üçün dəridən-qabıqdan çıxırlar.
Bu və ya digər məsələlərlə bağlı Versus.Az-a müsahibə verən keçmiş spiker, 1992-ci ildə prezidentin səlahiyyətlərini icra edən Yaqub Məmmədov hadisələrə müqayisəli şəkildə yanaşaraq maraqlı nüanslara toxunub.
- Yaqub müəllim, 80 illik ömrünüzün bir mərhələsini Prezident əvəzləyicisi kimi, dövlət idarəçiliyinə həsr eləmisiz. Dünəndən bu günümüzə baxanda indiki geosiyasi, hərbi prosesləri necə dəyərləndirirsiz?
- Çox fəxr edirəm ki, nəhayət ki, torpaqlarımız işğaldan azad olundu. Düzdür, bu gün bir çoxları müharibənin nəticələri ilə tam razı deyil, bir çox hallarda ittihamlarla çıxış edir. Ancaq hesab edirəm ki, bu gün üçün bundan artığı mümkün deyildi. Mən bilavasitə bu danışıqları aparmış və prosesin içində olan adam kimi bilirəm ki, maksimum mümkün olan addımlar atılıb. Qalan məsələlərin həlli üçün zaman, vaxt lazımdır. Qarabağ məsələsi elə də asan deyil, o böyük prosesdir. Qabağda bizi böyük diplomatik mübarizələr gözləyir. Güc mərkəzlərinin hamısının bu regionda maraqları var. Son dərəcə diqqətli və lazımı anda qətiyyətli addımlar atılmalıdır.
- Proseslərin gedişini və hazırkı mövqemizi təhlil edərkən Qarabağda, regionda perspektiv necə görünür?
- Bütün bu proseslərin fonunda mən gələcəyimizi çox xoşbəxt görürəm. Ölkədə gedən prosesləri izləyirəm və nələrin baş verdiyindən xəbərdaram. Düşünürəm ki, Allahın köməkliyi, ölkə rəhbərliyinin qətiyyəti, iradəsi həyata keçirilən tədbirlər sayəsində hər şey yaxşı olmalıdır. Son Qarabağ müharibəsində əldə olunan birlik, gücün sayəsində məndə əminlik yaranıb ki, gələcəyimiz yaxşı olmalıdır.
- Sülhməramlıların fəaliyyəti ilə bağlı nə düşünürsüz?
- Sülhməramlıların 5 il müddətinə bölgəyə gəlişinin səbəbləri məlumdur. Bunun özü də çox mürəkkəb bir prosesdir. 5 illik müddət bitəndən sonra ölkədən gedəcək. Amma bu da proseslərdən, Qarabağ ərazisində əhali arasında qurulan münasibətlərdən asılı olacaq. Sülhməramlılar olmasaydı, məsələnin başqa yolla həlli mürəkkəb olardı. Azərbaycanın bütün vətəndaşları öz yerlərinə qayıtmalıdır. Bölgədə sülh təmin olunmalıdır ki, bu proses uğurlu alınsın. Çünki müharibə gedən dövlətdə, işğalçı, soyqırımlar törədən xalqla birdən-birə yaxşı münasibətlərin olması da mümkün deyil. Buna da vaxt lazımdır. İndi elə bir vəziyətdir ki, ermənilər bizim torpaqlarda qalıb, əhali çox əsəbi, gərgindir. Çox əzab-əziyyət çəkən, yaxınlarını itirən insanlarımız yenidən öz yerlərinə qayıdıb orda ermənilərlə bir yaşamalıdır. İşğalçını yola gətirmək üçün arada bir vasitəçi-sülhməramlı missiya olmaldıır. Məsələyə bu cür yanaşmaq lazımdır. Ona görə də bölgədə sülhün tam təmin olunması üçün müəyyən vaxt lazım olacaq.
Rus sülhməramlıları ilə münasibətə gəlincə, tarixə nəzər salmalı, emossiya ilə çıxış etmək əvəzinə, vəziyyətə praqmatik yanaşmalıyıq. Bu gün rusların əleyhinə kampaniya aparmaq bizə nə verəcək, heç nə. Sülhməramlılar gəlib oturub orda. İndi bizim onları tənqid etməyimiz, daş-qalaq edib, əks-təbliğat aparmağımız bizə nə xeyir verə bilər? Əksinə, çalışıb onları özümüzə tərəf çəkmək lazımdır ki, bizim dediyimizi eləsinlər. Amma baxıram saytlara, sosial şəbəkələrə, bunları axşama kimi söyürlər. Ölkə rəhbərliyinin bu məsələyə münasibəti var, biz ona uyğun hərəkət eləməliyk. Bizim ölkə rəhbərindən, xarici siyasətlə məşğul olanlardan başqa çox şeyləri heç kəs daha yaxşı bilməz axı. Onlar buna necə münasibət göstərirlərsə, bizim təbliğatımız da ona uyğun olmalıdır.
- Yaqub müəllim, siz 1992-ci ildə prezidentin səlahiyyətlərini icra edirdiniz. Ağır illər idi. Necə hesab edirsiz. I Qarabağ müharibəsi ölkədəki geosiyasi vəziyyət, bugünkü müharibə və durum nə dərəcədə fərqlidir?
- I Qarabağ müharibəsindən danışsaq, biz vəziyyətin bu cür inkişaf edəcəyini gözləmirdik. Sonrakı hadisələr göstərdi ki, bu, tək ermənilərin bizim üçün yaratdığı konflikt deyil. Burda böyük dövlətlərin maraqları var. O zaman bizim ordumuz, hərbi sursatımız yox idi. Üstəlik ölkə daxilində hakimiyyət davası gedirdi, əhali küçələrdə, meydanlarda idi. Eyforiya vəziyyətində idik. “Müstəqillik əldə edəcəyik, yağ, bal içində üzəcəyik, neftimiz belə, qazımız belə” kimi çıxışlar yadınızdadır yəqin. Heç nəyimiz də yox idi. O günləri bu günlə müqayisə eləmək olmaz. Bu günə qədər çox böyük nailiyyətlərimiz olub. İndi böyük maddi-texniki bazamız, hərbi surstatımız var. O vaxt beynəlxalq əlaqələr qurulmamışdı. Biz sovet ittifaqının tərkibində müstəqil əlaqələr qura bilməzdik, müstəqil siyasət yürüdə bilməzdik axı. Ona görə də diplomatiyamız da zəif idi, siyasətimiz də. Bütün sahələr üzrə bizim müharibə aparmağa imkanlarımız yox idi. Ancaq indi tamam başqa şəraitdir, başqa dövrdür. Vətən müharibsi göstərdi ki, indi xalq da tamam başqa xaqdır. İnsanlarda böyük birlik, əzmkarlıq, qələbəyə inam var. Müstəqil dövlətimiz, dövlətimizin ordusu var.
Hələ ki, işğaldan azad olunmuş ərazilərə getmək mümkün deyil. Gündə xəbərlər eşidirik ki, insanlar minaya düşüb həlak olurlar. Minalanmış ərazilərin xəritələrini də vermirlər. Təmizləmə prosesi də vaxt alacaq. Türkiyədən, Rusiyadan minaların təmizlənməsi ilə bağlı mütəxəssislər dəvət olunsa da, bu proses hələ vaxt aparacaq.
- Deyə bilərik ki, elə müxalifət də həmin müxalifət deyil?
- Müxalifətdən qalan elə adamlar var ki, 30 il əvvəl necə idi, indi də o hava ilə yaşayırlar. Çox təəssüf ki, dəyişmək istəmirlər. Dəyişsələr yaxşıdır, gərək reallıqla hesablaşasan. Bilirsiz, hər şey birdən-birə həll olmur axı. Olması üçün də çox böyük zəhmət çəkmək lazımdır, ağıllı olmaq, dünyanı dərk eləmək lazımdır. Gedən prosesləri izləmək, düzgün təhlil edib, qiymət vermək lazımdır. Yoxsa hər şey elə bu gün olsun deməklə də olmur.
Bu gün Vətənin hər yeri - İrəvan da, Naxçıvan da, Şirvan da, Şuşa da - hər yer Azərbaycandır. Mən Azərbaycanlıyam və fəxr edirəm ki, azərbaycanlıyam. Biz yerlibazlıq etməməliyik. İnsanları yerlərə bölməməliyik. Bizim əsas ideologiya azərbaycançılıq olmalıdır və biz hamımız da ona xidmət eləməliyik.
- İndki mərhələdə Azərbaycan-Türkiyə Alyansının yaranması məsələsinə necə baxırsız?
- Düşünürəm ki, Türkiyə ilə Rusiya arasında razılıq olmasaydı, heç Türkiyə bura gələ bilməzdi. Hazırda Türkiyə ilə Rusiya arasında qurulan iqtisadi, siyasi, diplomatik münasibətləri görürsüz. Deməli, bu münasibətlərin yaxşılaşması bizim prosesə öz təsirini göstərib. Məsələyə birtərəfli yanaşmaq mümkün deyil.
Siz bu gün Türklərin ruslarla əlaqələrinə baxın, görün necədir? Bəyəm türklər bizdən ağılsızdır? Tarixdən ibrət götürmək lazımdır. Türkiyənin gəlib burda bitərəfli qaydada rusların əleyhinə iş aparması da mümkün deyil. 200 ildə gedən tarixi proseslər bunu göstərir. Biz türklərlə də, ruslarla da başqa dövlətlərlə də dostluq münasibətlərini qurmalıyıq. Heç kəsi özümüzə düşməm eləməməliyik. Bir məsələni yaxşı anlamaq lazımdır ki, ruslar bura elə-belə gəlməyib.
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”