"Azərbaycana qarşı hibrid müharibə gedir" - MÜSAHİBƏ

13:05 15-03-2021 | icon 531 | Siyasət
"Azərbaycana qarşı hibrid müharibə gedir" - MÜSAHİBƏ

Əvəz Temirxan: “Bizi hələ irəlidə ağır siyasi, dipomatik, bəlkə də hərbi döyüşlər gözləyir”

 

Vətən Müharibəsində hərbi qalibiyyətimiz regionun geosiyasi mənzərəsini dəyişsə də, ikili yanaşmalar davam edir. Ərazilərini işğaldan azad edən dövlət hərbi zəfərdən sonra diplomatik qələbəni təmin etməyə məcburdur. Bu,  cəmiyyətdən güc birliyi tələb edir. Belə bir vaxtda partiyaların sərgilədiyi mövqe maraqla izlənir və çoxlu suallar yaranır. Partiyalar nə etməlidir, siyasi camiyə, bütövlükdə cəmiyyət hazırkı prosesdə nəyə diqqət etməlidir?

 

Bu və ya digər məsələlərlə bağlı Versus.Az-a müsahibə verən Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan maraqlı nüanslara diqqət çəkib.

 

- Əvəz bəy, Vətən Müharibəsi başlayan ərəfədə Liberal Partiyası prosesi necə dəyərləndirdi?

 

- Prezident Aparatından mənə zəng gələndə ilk sözüm bu oldu ki, belə məsul bir vaxtda iqtidara dəstək vermək bocumuzdur. Dedim ki, əgər partiyalar adından hansısa milli bəyanatı imzalamaq lazım gələrsə, telefon bağlantısı yarada bilmədikdə ALP-nin imza hüququ sizdədir. Bildirmişdim ki, biz ordu-millət kimi müharibəyə getməliyik, ortada vahid komandanlığın olması qələbənin yarısıdır. ALP Vətən müharibəsində özəl mövqe tutdu və öz fəaliyyətini müharibə şəraitinə uyğunlaşdırdı. Müharibə başlayanda ALP bəyanat verdi və özünü Milli Ordumuzun bir qurumu kimi aparacağını bildirdi.

 

- Bəs bu müharibə başlayanda Lalə Şövkət harda oldu, nə etdi?

 

- Lalə Şövkət dərhal mənə zəng etdi və bu ağır günlərdə iqtidarla bir olmağı tövsiyyə etdi. Hər gün ünsiyyətdə idik. Bütün qələbələrə uşaq kimi sevinirdik. O vaxt devizimiz belə idi: “bizim yumruq kimi birləşən, polad kimi bərkiyən vaxtımızdır”. Məhz bunun nəticəsidir ki, Ermənistan təcavüzkarları Azərbaycanın dəmir yumruğunun ağırlığını öz başında hiss etdilər.

 

- Görünür, sizin partiya əvvəldən iqtidarlı olub, heç müxalifət olmadınız?

 

- Yox, biz hələ 1993-94-də Lalə Şövkət dövlət katibiykən iqtidarda müxalifət idik. Yəqin, 1993-cü ildə dövlət katibi Lalə Şövkətin maaşı qaldırmadan çörəyin qiymətinin qaldırılmasına etirazı yadınızdadır.

Şadıq ki, torpaqlarımızın əksəriyyəti işğaldan azad edildi. Bizim qələbələrimizi xaricdə sevinc göz yaşları ilə qarşılayanlar var idi. Qürur duymalıyıq ki, Türkiyə kimi qardaş dövlətimiz var və bu əməkdaşlığı davam etdirmək lazımdır.

 

- İqtidarla siyasi müxalifət partiyaları arasında yaranan dialoqu necə dəyərləndirirsiz?

 

- Əgər biz 40 pilləkən qalxmalıyıqsa, bu, atılan ilk müsbət addımdır. İqtidarla müxalifət bir-birinə münasibətdə əksiliklərin mübarizəsi və vəhdəti məntiqindən yanaşmalıdır. İqtidar da, müxalifət də bir-biri ilə 44 günlük müharibənin leksikonu ilə danışmalıdırlar. Bir-birinə qarşı aşağılayıcı, təhqiramiz, haqsız tənqidə keçmək olmaz. Tənqid “nəqd” sözündən götürülüb, olan faktı göstərmək deməkdir. Bu, iqtidara da aiddir, müxalifətə də.

 

- Əvəz bəy, dediniz ki, görülən işlərin 40-cı pilləkəninin ilk pilləsindəsiz. Hansı problemlərin həlli baş tutarsa, bu dialoq daha monolit, daha yaxşı olar?

 

- Birinci, 2021-25-ci illəri Milli Birlik və islahat 5-illiyi elan etmək lazımdır. Partiyalar yalnız və yalnız dövlət büdcəsindən, yəni seçici tərəfindən maliyələşməlidirlər. Yalnız bundan sonra hansı partiya müəyyən kriminal qruplar və yaxud xaricdən maliyələşərlərsə, biz o partiyaların fəaliyyətinin qadağan olunmasının tərəfdarı olarıq. Dövlət tərəfindən deyil, xaricdən maliyyələşən partiya gec-tez xalq-dövlət, müstəqillik üçün təhlükə mənbəyinə çevrilir.

Konstitusiyada dəyişiklik, proporsional seçki sistemini bərpa edib, yeni və ya əlavə, yəni indiki deputatlar qalmaqla, parlament seçkiləri keçirmək lazımdır. Milli barış naminə barış parlamenti formalaşdırmaq lazımdır. ALP indi onlayn formada olsa da, beyin hücumu qaydasında müzakirələr keçirir. ALP-nin barış məsələsində heç kimin ağlına gəlməyən təklifləri var. Bütün umu-küsüləri kənara qoymalıyıq. Sən Rəsulzadəçisən, sən Nərimanovçusan, sən Elçibəyçisən, sən Əliyevçisən, sən Mütəllibovçusan və sair ayrı-seçkiliyi olmamalıdır. Hamımız Azərbaycançı olmalıyıq. Azərbaycana qarşı hibrid müharibə gedir, bizi hələ irəlidə ağır siyasi, dipomatik, bəlkə də hərbi döyüşlər gözləyir. Arxayınlaşmamalıyıq...

Prezidentin köməkçisi Ədalət Vəliyevin timsalında partiyalara müraciəti, görüşlər keçirməyi müsbət qarşılayıram. Bu, əməkdaşlıq üçün uzadılmış bir barış əlidir. ALP olaraq bu barış əlini itələməyi, saya salmamağı, başqa səbəblərlə görüşdən imtina eləməyi doğru saymadıq. İqtidar heç nəyə baxmayaraq partiyalarla ünsiyyəti, məsləhətləşmələri davam etdirməlidir. Partiya ehtiyatda olan iqtidar deməkdir və dövlət suverenliyinin tərkib hissəsidir.

 

- İqtidarın siyasi partiyalarla dialoqu bu camiyədə nəyi dəyişdi?

 

- Qarşılıqlı ehtiyat, inamsızlıq buzu sındırıldı, 50-dən çox partiya Vətən müharibəsində iqtidara dəstək oldu. Bu isə bir sıra qüdrətli dövlətləri belə Azərbaycana qarşı haqsız mövqedən geri çəkilməyə vadar etdi.

Keçid barış və islahat dövründə deputatların sayı sonra 301-ə, bəlkə də 351-ədək artırılmalı, sonra 201-dən az olmamalıdır, səlahiyyət müddəti 5 ildən 4 ilə endirilməlidir, 2 ildən bir onların yarısı yenidən seçilməlidir. Əgər xoş məram olsa, barış parlamentinə proporsional qaydada seçkiyə iqtidarla-müxalifət hətta bir siyahıda gedilə bilər. ALP-nin başqa-başqa variantda təklifi də var. Mən ilk 2 barış və islahat ilində Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis bəy Rəsulzadəni, növbəti 2 bariş və islahat ilində isə iqtidarı təmsil edən siyasətçini Barış Parlamentinin sədri görmək istərdim. Belə parlamentdə ilk 4 ildə hamının, bütün partiyaların, hətta 20-ci əsrdə xalqımızın taleyində ciddi rol oynamış nüfuzlu ailələrin belə nümayəndəsi ola bilər. Əslində bu lazımdır.

 

- Əvəz bəy, hərbi əməliyyatlardan sonra üçtərəfli bəyannamə qəbul olundu. Bilirik ki, bu bəyannamədən narazı olanlar var və hesab olunur ki, son torpağımız azad olunana qədər atəşkəs olmamalıydı. Erməni silahlıları qalır, sərhədlərimiz sülhmərmlıların baxışı altındadır. Minalanmış ərazilərin xəritələri verilmir. Belə bir şəraitdə Azərbaycan hansı hüquqi haqqından istifadə etməlidir?

 

- Bu bəyannamədə bizi də ciddi narahat edən məqamlar var. 11 noyabrda biz də bəyanat verdik ki, Rusiya sühməramlı qüvvələrinin Azərbaycan silahlı qüvvələri ilə Ermənistan silahlı qüvvələri arasında yerləşdirilməsi Azərbaycan üçün böyük təhükə yarada bilər. Artıq yaradır da, biz bundan çox narahatıq. Hətta iqtidar da narahatdır və bunu etiraf edir.

Ancaq, görünür, iqtidarda milli maraqlarımıza daha təhlükəli, qanlı təhdidlər haqqında dəqiq məlumat vardı ki, bu üçtərəfli bəyanatı imzaladı.

İndi vəziyyətdən çıxış üçün bir-birimizi xəyanətdə ittiham etmək yox, hərbi qələbəni yüz faizlik diplomatik qələbəyə necə çevirməyi düşünməliyik. Çəkici yenidən bir yerə vurmalıyıq. Təsəvvür edirsiz, bu gün Şuşa azaddır, orda bayrağı dalğalanır. Bu, Azərbaycanın torpaq bütövlüyünə doğru çox ciddi addım deməkdir. Xankəndi bölgəsinin ətrafında bu gün bir ölkənin deyil, on ölkənin sülhməramlısı olsa belə, o bölgənin nə vaxtsa hüquqi baxımdan Azərbaycanın nəzarətindən çıxmasına nəzəri təhlükə yarana bilərdi.

Amma, unutmayaq ki, aparıcı dövlətlər turbulent inkişafın yaratdığı təhlükədən özlərini qorumaq niyyətilə digər türk dövlətlərinin Azərbaycanla bir araya gətirilməsi üçün yarışa giriblər və bu işimizə yarayacaq.

Bütün vasitələrlə Türkiyə-Azərbaycan münasibətlərini möhkəmləndirməliyik ki, qalan torpaqlarımızı da nəzrətimizə qaytaraq. Azərbaycan Rusiya ilə danışıqlarda Laçın dəhlizindəki 5 kilometr sərhədimzə sərhədçilərimizin və gömrükçülərimizin nəzarət etməsinə nail olmalıdır. Çalışmalıyıq ki, Türkiyənin hərbi müşahidəçiləri ruslarla, azərbaycanlılarla birlikdə orda dursun və gəlib-gedən ermənilərə nəzarət etsin.

Rusiya görməlidir və zamanında görəcək ki, onun təhlükəsizliyinə Türkiyə və Azərbaycanla əməkdaşlıq daha çox cavab verir, nəinki Ermənistanla. Biz Türkiyədə yaradılmış İrəvan-Türk (Zəngəzur) Respublikasının statusunu gündmə gətirməliyik. Onu dünyada tanıtmalıyıq. Onun prezident və parlament seçkilərini keçirməsinə kömək etməliyik.

 

- Əvəz bəy, ermənilər yenə də müharibə ritorikası ilə danışır, torpaqları işğal etmk fikirlərindən əl çəkmirlər. Üstəlik, torpaqlarmız dağıdıb, tar-mar edilib. Bu faktların hesabı beynəlxalq məhkəmələrdə nə vaxt soruşulacaq?

 

- Prezidentin nəzarəti ilə ən yaxşı Azərbaycan, Türkiyə və dünya hüquqşünasları cəlb olunaraq faktaraşdırıcı komissiya yaradılmalıdır. Ermənistandan təzminat tələb olunmalıdır. Məhkəmədə 1 manat da udsaq, bizim xeyrimizədir. Ermənistan ya bizə vurduğu ziyanı ödəsin, ya Zəgəzuru qaytarsın.

Bütün xaraba qalmış rayonlarda dağıdılmış bir evi belə bərpa etmək lazım deyil, məscidlərdən başqa. Bütün xarabalıqlar olduğu kimi qalmalıdır. Ordakı dağıdılmış  həyətlərdə yeni ev tikmək olar, amma o xarabalıqlar bir tarixi abidə kimi saxlanmalıdır ki,  indiki və gələcək nəsllər görsünlər erməni vandallığını. Biz Qarabağ müharibəsini hələ tam bitirməmişik. “Qarabağ Azərbaycandır”- deyəndə qarşısında bir nida işarəsi qoymuşuq. Daha iki nida işarəsi qalır - Qarabağın qalan hissəini də nəzarətə almaq və İrəvan-Zəngəzurun ən azı muxtar respublika statusuna nail olmaq...

Kür-Araz qovşağı, Qazaxdan tutmuş Beyləqana, Naxçıvana qədər xüsusi iqtisadi zona yaradılmaldır. Orda Azərbaycan kapitalından vergi tutulmamalıdır ki, bölgə inkişaf eləsin. Ən uzağı yaxın 15-20 il ərzində Azərbaycanda milli elita, burjuaziya formalaşmalıdır. İnsanlar Qarabağa qayıdış üçün həvəsləndirilməlidirlər. Yeri gəlmişkən, Füzulidə və Laçında beynəlxalq aeroportların tikintisini alqışlayırıq. Beynəlxalq aeroport həm də hərbi baza deməkdir. Bu, qayıdışı gücləndirə bilər.

Hakimiyyətin icra qolu yox, qanunverici, nəzarətedici qolu da gücləndirilməldir. O, xalqın iradəsini əks etdirməlidir. Bələdiyyələr yerli məclislərə çevrilməli, onların seçki müddəti 2 ilə endirilməli, səlahiyyətləri artırılmalı və məclislər icra başçılarına nəzarət etməlidirlər.

 

 - “Malıdır, məlidir” deyiriksə, bu, problemlərin çoxluğundan xəbər verir. İndiki bu durum nə dərəcədə Azərbaycanın xeyrinədir?

 

- İndiki durum 90 faiz bizim xeyrimzədir. Hələlik Qarabağın 2,5 min kvadrat kilometri bizim nəzarətimizdə deyil. Amma Şuşa, Hadrut və ətraf rayonlar bizdədir.

 

- Bu ərəfələr bizim diasporalarımızın üzərinə nə düşür, nə etməlidir. Rusiya ilə sıx əməkdaşlığımız, əlaqələrimiz olduğu halda, niyə orda lobbiçilik, güclü diasporamız qurulmur. Niyə Rusiyada azərbaycanlı olaraq seçkilərə təsir edə bilmirik, idarəedici orqanlarda azərbaycanlılar yoxdur, aparıcı KİV-ləri idarə edə bilmirik?

 

- Çünki Əhməd Ağaoğlu Həsən bəy Zərdabinin dəfnində dediyi kimi biz  didişirik. Dövlət öz vətəndaşlarına dayaq durmaldır. Azərbaycanın Rusiyada böyük potensialı var. Azərbaycanın Rusiyadakı “yumşaq gücü” Ermənistandan çoxdur, amma, hələlik mütəşəkkül deyil.

 

- Erməni milyonçuları təkcə bir “yan” sonluğu ilə bütün pullarını erməni faşizminə xərçləyir. Bizimkilər bunu niyə etmir. Hər şeyi dövlətin üzərunə yükləmək nə dərəcədə doğrudur?

 

- Məncə, dövlət seçicinin, xalqın özüdür, ayrı-ayrı şəxslər, məmurlar deyil. Dövlət siyasi cəhətdən təşkilatlanmış xalqa deyilir. Hacı Zeynalabdin Tağıyev ya ordeni, ya medalı təsis olunmalı və ən çox vergi ödəyən, xeyriyyəçilik edən sahibkarlar onunla təltif olunmalıdır. Bütün dünya azərbaycanlılarının pul köçürməsi üşün prezidentin rəhbərliyində xalqın, parlamentin nəzarətində olan “Azərbaycan” fondu yaradılmalıdır. Az-çox lobbiçilərimiz var. Amma, onu gücləndirmək üçün “Azər-iş” dövlət şirkəti yaradılmalı, o xaricdə yaşayan azərbaycanlıları əməkdaşlığa cəlb etməli, onların köməyilə ölkəmizdə yetişən, istehsal olunan malları xaricə ixrac etməlidir.

Azərbaycanlılar Rusiyada kütləvi şəkildə çox xoşagəlməz halda yaşayırlar. Böyük əksəriyyəti gənclər, evsiz, işsiz, pulsuz, ümidsizdirlər. Buna görə də bəzən cinayət törətməyə məcbur olurlar.

Biz “didişən namərddir” prinsipi əsasında düşünməli və dünyanı xoşməramlı “yumşaq güc” şəbəkəsilə qurşaqlamalıyıq. Dünyanın bütün ölkələrində hər 1 milyon əhaliyə lobbiçi kimi fəaliyyət göstərən, milli düşüncəli bir diaspora korrdinatoru, ən azı bir çoxmilyonçu iş adamı, bir tanınmış incəsənət xadimi, bir alim, bir idmançı, bir jurnalist yetişdirməliyik ki, onlar Azərbaycanla yaşadıqları ölkələr arasında əməkdaşlıq, birgə inkişaf, çiçəklənmə körpüsünə, simvoluna çevrilsinlər, o ölkələrdə Azərbaycanın simvolik xoşməramlı səfiri olsunlar.

 

- Niyə ordakı pullu həmyerlilərimiz, diasporalar o gəncləri toplamır onlara dəstək durmur. Bir “YUMŞAQ GÜCÜ” formalaşdırmır?

 

- Bunu səfirlik eləməlidir. Bizim Rusiyadakı səfirimiz yerli xalqın sevdiyi və tanınmış şəxsdir. Amma, ixtisaslı diplomat deyil. İqtidar, xarici işlər nazirliyi ona nə etməli olduğu barədə konkret proqram verməlidirlər. /"Həftə İçi/"

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr