Razi Nurullayev: "Prezident fərman və sərancamları bu günə qədər yerinə yetirilməyib"
Millət vəkili Razi Nurulayev "20 Yanvar şəhid ailələrinin Hűquqlarının Təmin Olunması" İB-nın rəhbər heyətini qəbul edib.
Versus.Az xəbər verir ki, Razi Nurullayev görüşlə bağlı şəxsi "facebook" hesabında paylaşım edib.
O bildirib ki, "20 Yanvar şəhid ailələrinin Hűquqlarının Təmin Olunması" İB-nın rəhbər heyətinin qaldırdığı məsələ tam onların hüququdur. Millət vəkili 2008-ci ildə verilən Prezident fərmanının bu günə qədər icra edilməməsini təəssüflə vurğulayıb:
"Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev 31 mart 1998-ci ildə "20 yanvar şəhidi" fəxri adının verilməsi haqqında fərman verib. 29 dekabr 1998-ci ildə "20 yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə Prezident fərmanı ilə təsdiq edilib. Fərmanda qeyd edilir ki, fəxri adın verilməsi haqqında vəsatət Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən qaldırılır.
Görüş zamanı mənə deyildiyinə görə, müvafiq nazirliyin rəhbəri ilə görüş keçirilib və o da vəsatət qaldırıb. Əsasnamədə göstərilir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirliyi sənədləri toplayıb Prezidentə təqdim edir. Mənə belə gəlir ki, bu məsələ ilə bağlı Nazirlər kabineti də nələrsə edə bilər. Müəyyən araşdırmalar aparırdım və sonunda məktub hazırdır, elə bu gün müvafiq yerlərə ünvanlayacam".
R.Nurullayev bu məsələdən başqa da xeyli narazılıqları və şikayətləri dinləyib. O, bu məsələni digərlərinə qatmaq istəmədiyini qeyd edərək, bildirib ki, "20 yanvar şəhidləri" ailələrinin üzvlərini və onların hüquqlarını müdafiə edən təşkilatın rəhbər heyətini dəvət edib dinləmək və problemlərinə əlac etmək vacibdir:
"Bütün şəhidlərimizə rəhmət diləyirəm! Bütün şəhidlər əzizdir, şəhidin köhnəsi-təzəsi olmur, qazinin köhnəsi və təzəsi olmur, şəhid ailəsinin də köhnə və təzəsi olmur. Problemləri tez-tez, cəld, imkan daxilində operativ həll edək ki, onilliklər boyu üst-üstə yığılıb qalmasın.
Çox təəssüf edirəm ki, 10-larla Prezident fərman və sərancamları bu günə qədər yerinə yetirilməmiş qalmaqdadır. Vətəndaşları incitməyək, onların yanında olaq!"
SEVDA
Versus.Az