Razi Nurullayev: "...Öhdəsindən gələrik, amma bu tarixi şansı əlimizdən qaçırmayaq"
"Dünən siyasi partiyalarla birlikdə Ağdamın dağıntılarını və erməni vandalizmini gözümüzlə gördük. Elə oradaca ağlıma bir neçə təklif gəldi. Həmin təklifləri bölüşmək istəyirəm".
Versus.Az xəbər verir ki, bu fikirləri siyasi partiyaların birgə Ağdama səfəri ilə bağlı təəssüratlarını şəxsi "facebook" hesabında bölüşən Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bildirib.
Partiya sədri təkliflər məsələsində maraqlı nüanslara diqqət çəkib:
"Birinci təklifim Mədəniyyət Nazirliyinədir. Təcili olaraq Prezidentlə məsləhətləşin və Hollivud qarışıq, dünya film istehsalı nəhənglərinə film çəkilişləri üçün dəvət göndərin. Onlar Qarabağda ermənilərin etdiyi vəhşilik, vandalizm, əşyaların soyqırımı və dağıntıları yaratmaq üçün yüz milyonlarla pul xərcləyirlər. Təklif verin ki, zombi, qorxu, müharibə, etnik təmizləmə, əşyaların soyqırımı, apokalipsis və digər mövzularda OSKAR mükafatı alacaq filmlər çəkmək olar. İnanıram ki, film nəhəngləri Azərbaycana axışacaqlar. Bəlkə də növbə də yarandı. Öz film istehsalçılarımız da sakit dayanmasın, sponsor tapıb film çəklişlərinə başlayın. Bundan gözəl təbliğat olarmı? Yüz milyonlar xərcləyəsən, Qarabağda “əşyaların soyqırımı” filminin yaratdığı effekti almaq olmaz".
R.Nurullayevin ikinci təklifi Turizm Nazirliyinə ünvanlanıb:
"İkincisi, Turizm nazirliyinə müraciət edirəm. Siz də cənab Prezidentlə məsləhətləşin və aparıcı xarici kanallarda “Qarabağa ziyarət”, “zəfər yolu”, “dronların döyüşü” adlı reklam rolikləri yerləşdirin, dünya turistlərini çarter reyslərlə Bakıya dəvət edin. Vallahi və Billahi, unudun pandemiyanı, öhdəsindən gələrik, amma bu tarixi şansı əlimizdən qaçırmayaq".
R.Nurullayev daha sonra yazır:
"Ermənilər Ağdamın təmas xəttindən yollar boyu hündür torpaq vallar düzəldib və hər 30-40 metrdən bir bu şəkildə atəş nöqtələri hörüblər. Bu valdan ön tərəfləri isə tikanlı məftillərlə və mənalarla doldurublar. Bunların qansızlığına şahidlik etdim, bu o deməkdir ki, onlar torpaqlardan çəkilmək fikrində olmayıb.
Hərbi komandanlıq doğru qərar qəbul edib və Ağdam cəbhəsindən hücum etməyib. Üç müdafiə xətti qurub və siçovul kimi hər yeri eşiblər".
SEVDA
Versus.Az