"Ölkəmizdə yeni mədəniyyət strategiyası həyata keçirilir" - MÜSAHİBƏ
Qənirə Paşayeva: “Bu, Qarabağda Ermənistanın işğalçılıq mədəniyyətsizliyindən Azərbaycanın quruculuq mədəniyyətinə keçidi özündə ehtiva edir”
44 günlük Vətən Müharibəsi Azərbaycanın qarşısında yeni bir yol xəritəsi açıb. Faktlar göstərir ki, Azərbaycan bəşəriyyətin nə vaxtsa üzləşə biləcəyi ən vandal, erməni soyqırımı, faşizmi ilə üz-üzədir. Qlobal dünya öz mədəniyyət xəritəsini nə qədər rəngarəng və nə qədər inteqrasiyalı göstərsə də, gözü qarşısında baş verən cinayətlərin haqqını təcavüzkar, vandal erməni cinayətkarlardan soruşmağa məhkumdur. Azərbaycanın mədəni irsinin erməni vandallığı nəticəsində dağıdılması, məruz qoyulduğu haqsızlığın beynəlxalq hüququn qarşısına necə çıxarılması, haqq-ədalətin bərpası üçün onun üzərinə hansı tələblərin qoyulması sualı öz həllini tapmalıdır. Böyük ekoloji, maddi-mədəni soyqırıma məruz qalan Azərbaycanın gərgin geosiyasi proseslərin məngənəsində olduğu bir vaxtda "Mədəniyyət siyasətimiz özünübərpa və mühafizə sistemini necə gücləndirməlidir" məsələsi də əsas addımlardan biri hesab olunur.
Versus.Az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva müsahibəsində bir çox məqamlara aydınlıq gətirib.
- Qənirə xanım, bilirik ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri olaraq mədəniyyət və incəsənət sahəsində çalışan müxtəlif sənətçilərlə mütəmadi görüşlər keçirirsiz. Mədəniyyət adamları ilə apardığınız bu görüşlər sizdə hansı qənaəti formalaşdırıb? Necə hesab edirsiz, bu sahədə daha çox hansı problemlər var və mədəniyyətimzin inkişafı naminə daha çox hansı məsələlərin həlli üzərində işlənməlidir?
- Bəli, biz Mədəniyyət Komitəsində davamlı olaraq görüşlər, müzakirələr keçiririk. Pandemiya məhdudiyyətləri olmasaydı, daha böyük heyətlərlə görüşlər, müzakirələr keçirmək planlarımız vardı. Ümidvaram, postpandemiya dövründə bizi yeni görüşlər, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr və işgüzar səfərlər gözləyir; o vaxtadəksə nə mümkünsə o işlərlə məşğul oluruq.
Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın mədəni irsimizin qorunması, mədəniyyətimizin ölkə xaricində təbliği, gənc istedadların üzə çıxarılması, onlara dəstək göstərilməsi sahəsində əvəzsiz xidmətləri bütün mədəniyyət işçiləri, sənət aləmində çalışanlar üçün örnək təşkil edir.
Qənaətlərə gəlincə, ilk növbədə onu vurğulamalıyıq ki, dövlət başçımızın ideya müəllifi olduğu yeni mədəniyyət strategiyası həyata keçirilir, mədəniyyət nazirliyi yeni nazirin rəhbərliyi və yeniləşən kollektivi, yeni yanaşmaları, qaldırılan məsələlərə çevik reaksiyası ilə seçilir. Cənab Prezident bu ili Nizami İli, Şuşanı Mədəniyyət Paytaxtı elan edib, eləcə də, “Xarı bülbül” festivalı, “Vaqif Poeziya Günləri” bərpa olunub, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı Sərəncam imzalanıb – bütün bu hadisələr 2021-ci ili mədəniyyət ili kimi xarakterizə etməmizi ciddi şəkildə əsaslı qılır. Bu əsas, önəmli dərəcədə, Qarabağda Ermənistanın işğalçılıq mədəniyyətsizliyindən Azərbaycanın quruculuq mədəniyyətinə keçidini də özündə ehtiva edir.
Əlbəttə, bu fundamental hadisələrlə yanaşı, sənətkarların, gənc istedadların özünəməxsus qayğıları da olur, onları dinləyir, əlaqədar orqanlarla müzakirələr aparır, mümkün köməklik göstərilməsinə çalışırıq. Doğrusu, bəzən bizim kompetensiyamızdan kənar mövzularda da müraciətlər olur; olsun ki, bizim fərdi şəkildə təcrübəmiz, malik olduğumuz biliklər qaldırılan sualları cavablandırmağa uyğun olsun, lakin hər bir kəsin tutduğu vəzifə çərçivəsində malik olduğu səlahiyyət dairəsi vardır. Bu mənada, biz, təzadlı müraciətlər olunca da, vətəndaşımızı, sənət adamlarını incitmədən, müraciət edilən mövzunu səlahiyyətli orqanların diqqətinə çatdırır, onların köməyini xahiş edirik.
Bir də, biz ağır işğala son verən müharibədən yenicə çıxmış ölkəyik. Postmüharibə dövrünün öz qayğıları, çağırışları var. Bu da müəyyən əlavə diqqət, enerji və intensiv müzakirələr tələb edir. Çalışırıq, Mədəniyyət Komitəsini ümid yeri bilib gələn vətəndaşlarımızı, aydınlarımızı razı salacaq cavablarımız, davranışımız olsun.
- Azərbaycan mədəniyyəti ilə bağlı qanunvericilikdə hansı boşluqlar var və hansı dəyişikliklərə ehtiyac duyulur? Mədəniyyətimizin qarşısında dayanan hansı məsələlər tez bir zamanda öz həllini tapmalıdır?
- Əlbəttə, yeni dövr, yeni çağırışlardan danışırıqsa, üstəlik, yeni mədəniyyət strategiyasından danışırıqsa, bunlar toplu halda qanunvericilik aktlarında da öz inkasını tapmalıdır. Məsələn mədəniyyətin, incəsənətin ayrı-ayrı sahələri üzrə qanunlar qəbul edilməsi bir yanaşma olub, bütün əməli mədəniyyət-incəsənət sahələrini əhatə edən ümumi bir qanunun qəbulu başqa bir yanaşma olub. Biz teatr, kino, ədəbiyyat, musiqi, rəssamlıq və digər yaradıcılıq sahələri üzrə mütəxəssislərlə, görkəmli sənətkarlarla, parlamentin müvafiq şöbəsi ilə və əlbəttə, Mədəniyyət Nazirliyi ilə sıx məsləhətləşmələr içindəyik. Biz ötən plenar iclaslarda müəllif hüquqları ilə bağlı, Azərbaycan-Türkiyə Media Platforması ilə bağlı qanun layihələrinin müzakirəsini, mədəniyyət sahəsinə aid qanunlara bir sıra əlavə və dəyişikliklərlə bağlı Komitədə və Milli Məclisdə müzakirələr aparmışıq. Qeyd olunan istiqamətlərdə artıq I və II oxunuşda səsvermə keçirilib, ümidvaram, növbəti oxunuşda da Millət vəkili həmkarlarım bütün mütərəqqi təklifləri öz səsləri ilə dəstəkləyəcəkdir. Parlamentin növbəti mövsümündə Mədəniyyət Nazirliyi ilə məsləhətli şəkildə qanun layihələrinin müzakirəsi istisna deyil. Mən hadisələri qabaqlamaq istəmirəm ancaq zaman içində, mədəniyyət ictimaiyyətini düşündürən məsələlərin qanunvericilikdə öz praktik həllini tapması üçün müvafiq işlər görüləcək.
- Mədəniyyət Nazirliyində aparılan kadr islahatlarının əhəmiyyəti barədə nələri söyləmək olar? İslahatlar incəsənət – kino, teatr sahəsində, eləcə də tarixi memarlıq abidələrinin bərpası, qorunması istiqamətində hansı məsələlərin həllinə təkan verə bilər?
- Mədəniyyət Nazirliyində ciddi kadr islahatı həyata keçirilməsi yeni mədəniyyət strategiyası, ümumən yeniləşən, bir çox əməli çalışma sahələri üzrə dərinləşən islahatlar fonunda baş verir. Üstəlik, bu nazirlik də daxil olmaqla, bütövlükdə hökumətimiz qalib ölkə hökuməti modunda çalışması ilə fərqlənir, deyə bilərik. Dövlətimiz indi ilk növbədə işğaldan azad olunmuş torpaqlarımızda, şəhər və rayonlarımızda tarixi memarlıq abidələrinin bərpası, etibarlı qorunması istiqamətində işlər aparır. Bu planda, işğalın acı nəticələrinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, özəlliklə UNESCO-nun diqqətinin bu işə cəlb olunması təxirəsalınmaz işlər sırasındadır. Qaldı ki işğal zonasında olmamış tarixi memarlıq abidələrinin bərpası, qorunması, eləcə də kino, teatr sahəsindəki məsələlərə, inanıram ki, cənab Prezidentin yeni Mədəniyyət nazirini videoformatda qəbul edərəkən verdiyi tapşırıq və göstərişlərin uyğun ardıcıllıqla həyata keçməsi ilə yeniliklərin birlikdə şahidi olacağıq.
- Qənirə xanım, işğaldan azad olunmuş ərazilərimizdə qeydiyyata alınan tarixi mədəniyyət abidələri ilə bağlı Mədəniyyət Nazirliyi və abidələri araşdıran ekspertlərin təqdim etdiyi siyahılar arasında kəskin fərqlər var. 1360 abidənin olduğu Şuşada Mədəniyyət Nazirliyi tərəfindən 142 abidənin olduğu deyilir. Bildirilir ki, ümumilikdə isə Dağlıq Qarabağda 2645 abidənin siyahısı Mədəniyyət Nazirliyinə təqdim olunub. Lakin onlardan 700-ə yaxın abidə qeydə alınıb. Bu istiqamətdə vəziyyətin araşdırılması üçün hansı addımlar atılmalıdır? Nəyə görə bu cür fərq yaranıb və necə həll olunmalıdır?
- Şuşanın düşmən tapdağından azad olunmasından 4 ay kimi vaxt keçib. Şəhərdə minalardan təmizləmə, təhlükəsizlik və möhkəmlənmə tədbirlərinin öncəliklə görülməsi, bunun ardınca inventarlaşdırma, uçot işi və təmir-bərpa prosesinin aparılması təbii ardıcıllıqdır. Cənab Prezidentin Şuşa həssaslığını hər kəs bilir. Ona görə də hansısa siyahılarda fərqlərin olması, yaxud hansısa eksponatın, abidənin uçotunun aparılmaması və sair kimi məsələlərə - mən səlahiyyətli rəsmi qurumların açıqlamalarına üstünlük verilməsinə tərəfdaram. Əlbəttə, zaman içində dəqiqləşdirilmələr aparıla bilər, gələcəkdə - Şuşada həyat normallaşandan sonra, ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının da proseslərə cəlb olunması ilə yeni baxış, yeni dəyərləndirmələr aparıla bilər. Bu gün isə Şuşanın azad olunmasının qüruru içində quruculuq, təmir-bərpa proseslərini aparan müvafiq dövlət qurumlarına mənəvi dəstəyimizi göstərməkdə fayda vardır.
- Prezidentimiz Şuşanı Azərbaycanın Mədəniyyət paytaxı elan etdi. Abidələrin düzgün qeydiyyatının aparılması, eləcə də tarixi mədəniyyət paytaxtımızın bugünkü vəziyyəti ilə bağlı dünyanın məlumatlandırılması üçün hansı təxirəsalınmaz mədəni tədbirlərin keçirilməsini təklif edərdiz.
- Bu suala artıq müəyyən qədər cavab verdik. Yenə deyirəm, bu işlər peşəkar səviyyədə və ali dövlət rəhbərliyinin şəxsi nəzarəti, diqqət-qayğısı ilə əhatə olunub. Cənab Prezidentin bu il, fevralın ilk günü Abşeron Mərkəzi xəstəxanasının yeni inşa edilən binasının açılışında dediyi sözləri xatırlatmaq istərdim: “birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik. Misal üçün, Xurşidbanu Natəvanın sarayı necə bərpa edilməlidir? Çünki onun bir divarı var, qalan divarlar uçub. O, hansı formada bərpa edilməlidir? Onun yenidənmi eyni stildə qalan o uçan hissəsi tikilməlidir, yaxud da elə formada tikilməlidir ki, oraya gələn görsün ki, bax bu, buradan dağılıb, oradan sökülüb. Bu suala mənim cavabım yoxdur, çünki mən mütəxəssis deyiləm. İndi müxtəlif yerli, xarici şirkətlər məşğul olurlar artıq bu işlərlə”. – Yəni Şuşa ilə bağlı, eləcə də, işğalın, erməni vandallığının ağır izlərini daşıyan digər şəhər-rayonlarımızla bağlı hər bir məsələni peşəkarcasına, yüz ölçüb-bir biçərək etməmiz gərəkdir.
- Ölkədə Mədəniyət evlərinin, kitabxanaların bu günkü durumu və gələcək taleyi barədə nələri söyləmək olar? Bu sahədə hansı yenidənqurma işlərinin görülməsi tələb olunur.
Bir də, belə qeydlər var ki, teatr xadimləri, aktyorlar pandemiya dövründə çox çətin vəziyyətlə üzləşiblər. Sizcə, kino və tetar aktyorlarına dövlət dəstəyinin olması və təşkili üçün hansı addımlar atılmalıdr?
- Doğrusu, bu sualların Mədəniyyət Nazirliyinin müvafiq qurumları tərəfindən cavablandırılması daha yaxşı olardı. Heç şübhəsiz ki, mədəniyyət evlərinin, kitabxanaların bugünü və gələcəyi, habelə teatrlarımızın, teatr xadimlərinin, aktyorların pandemiya dövrü gerçəkliklərindən irəli gələn vəziyyəti dövlətimizin müvafiq qurumlarının, hökumətimizin diqqətindədir.
“Covid-19” pandemiyası yalnız bizimçün deyil, bütün dünya üçün yeni reallıqlar yaradıb. Dövlətimizin həyata keçirdiyi işlər pandemiyadan mümkün olan ən az itkilərlə çıxmaq və mümkün olan ən yaxşı nəticə yönümlüdür. Ən başda insanlarımızın sağlamlığı gəlir. Ötən ilin bu vaxtlarından tətbiq edilməyə başlayan məhdudiyyətlərdə davranmaq, əhalinin aztəminatlı hissəsinə dəstək durmaq və s. istiqamətlərdə artıq bəlli bir təcrübə əldə edilib. Bu nəticələr üzərindən çıxış edərək, deyə bilərik ki, mədəniyyət işçiləri də daxil olmaqla, bütövlükdə əhalinin virusdan qorunması, yoluxanların müalicəsinin təşkili, sosial müdafiəsi və sair dövlətimizin təxirəsalınmaz öncəlikləri sırasında olub, bundan sonra da belə olacaqdır.
Ümumiyyətlə, istər pandemiya dövründə, istərsə də, postpandemiya dövründə, özəlliklə mədəniyyətimizin bəzi sahələri var ki o sahələrə dövlət dəstəyinin daha da artmasına ehtiyac var və biz həmin məsələlərlə bağlı bir neçə dəfə mədəniyyət nazirimiz hörmətli Anar Kərimovla, digər müvafiq qurumların rəhbərləri ilə müzakirələr aparmışıq, belə müzakirələrimiz indi də davam edir.
Deyə bilərəm ki, kino sahəsində də böyük islahatlara ehtiyac var və yeni mədəniyyət strategiyasında, Mədəniyyət Nazirliyinin nəzərdə tutduğu tədbirlərdə bu məsələ xüsusi diqqət mərkəzindədir. O cümlədən teatrlarımızın daha da inkişafı, daha aktual mövzulu əsərlərin repertuara daxil edilməsinin genişlənməsi, daha çox tamaşaçının teatrlara cəlb olunması mövzusu da diqqət mərkəzindədir. İnanırıq ki, postpandemiya dövründə bu istiqamətlərdə işlər sürətlənəcək.
Ən vacib məsələlərdən biri istedadlı yaradıcı gənclərə dəstəyin daha da artmasıdır. Biz gənc rəssamlarla, xüsusilə bölgələrdə çalışan yaradıcı gənclərlə tez-tez görüşürük, onlar tərəfindən qaldırılan bir sıra vacib təkliflərlə bağlı Mədəniyyət Nazirliyi ilə, digər müvafiq qurumlarla sıx müzakirələr aparırıq. Eləcə də, gənc bəstəkarların qaldırdığı məsələlər ətrafında müvafiq qurumlarla müzakirələrimiz davam edir.
Bizim üçün ən vacib məsələlərdən biri tarix-mədəniyyət abidələrimizin qorunmasıdır. Bu istiqamətdə, cənab Prezidentin tapşırıqları əsasında çox ciddi addımların yaxın zamanlarda hər birimiz şahidi olacağıq. Mədəniyyət Nazirliyi tərəfindən bu yöndə önəmli işlər planlaşdırılır.
Ən vacib məqamlardan biri də müəllif hüquqları ilə bağlı yaradıcı şəxslərin üzləşdiyi bir sıra problemlərdir ki, bu məsələ ilə bağlı da müvafiq qurumlarla geniş fikir mübadiləsi aparırıq. /"Həftə içi"/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”