Deputatlar COVAX-ı ittiham etdilər
“Bu, ayrı-seçkilik, qeyri-obyektiv və ədalətdən uzaq davranışdır”
“COVAX şirkətinin Azərbaycana qarşı atdığı addım təəccüb və təəssüf doğurur. Təəccüb ona görə doğurur ki, Azərbaycan ümumbəşəri bəla olan koronavirus pandemiyasına qarşı mübarizədə öndə gedən və nümunəvi dövlətlərdəndir”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib.
O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dəfələrlə Azərbaycanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib və bu heç də təsadüfi deyil:
“Azərbaycan həm ÜST-ə maliyyə dəstəyi göstərib, eyni zamanda, Qoşulmama Hərəkatına üzv olan 30-dan çox dövlətə müxtəlif istiqamətlərdə dəstək nümayiş etdirib. Məqsəd həmin ölkələrin pandemiya ilə mübarizə aparmasına kömək göstərməkdir. Ona görə də Azərbaycanın COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına salınmaması qəbuledilməzdir. Halbuki ölkəmiz ötən il həmin şirkətin hesabına 21 milyon ABŞ dolları məbləğində vəsait köçürüb. Onlar bu addımı belə əsaslandırırlar ki, Azərbaycan yanvarın 29-dək vaksinasiyaya başlayıb. Guya yanvarın 29-dan sonra peyvəndləmə işlərinə başlayan ölkələrə vaksin göndərirlər. Bu, tamamilə absurd yanaşmadır. Çünki Azərbaycan ÜST çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir, eləcə də bütün texniki göstərişləri də həyata keçirir”.
Deputat vurğulayıb ki, COVAX-ın Azərbaycan üçün ayrılan vaksinlərin həcmini azaltması və çatdırılma vaxtını uzatması subyektiv amillərdən qaynaqlanır:
“Qonşu ölkə olan Gürcüstana artıq vaksinlər verilib. Əgər Cənubi Qafqazın bir ölkəsinə vaksin verilirsə, niyə Azərbaycan kənarda qalır? Azərbaycana qarşı belə münasibət qəbuledilməzdir. Bu, bir daha göstərir ki, ədalət prinsipi pozulur. BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, peyvənd məsələsində ədalət prinsipi qorunmalıdır. Azərbaycan dövlətinin və rəhbərinin haqqın yanında olması və beynəlxalq təşkilatlardan ədalət prinsipinin təmin olunmasını istəməsi görünür kimlərisə qıcıqlandırır. Çünki onlar ədalət prinsipi ilə fəaliyyət göstərməyə öyrəşməyiblər, ancaq diktə etməyi və öz maraqları çərçivəsində davranmağı və əməkdaşlıq deyil, öz mənfəətlərini düşünməyi üstün tuturlar. Bu səbəbdən ikili yanaşmaların şahidi oluruq.
Təbii ki, Azərbaycan hər zaman operativ fəaliyyət göstərir. Bir çox şirkətlərlə müqavilələr imzalanıb. COVAX-ın belə davranışı ilk növbədə şirkətin imicinə zərbə vuracaq və beynəlxalq ictimaiyyət arasında nüfuzuna böyük xələl gətirəcək. Bununla da COVAX platformasının ayrı-seçkilik siyasəti yürütməsinin, insanların sınaq qarşısında qaldığı çətin bir dövrdə qeyri-obyektiv və ədalətdən uzaq davranışlarının şahidi oluruq”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, pandemiyanın ilk günlərindən təəssüf doğuran bəzi proseslər baş verir:
“İlk olaraq qoruyucu maskaların və digər ləvazimatların ayrı-ayrı ölkələr tərəfindən qeyri-qanuni şəkildə müsadirə edildiyinin şahidi olduq. Tranzit ölkələr yükdaşıma prosesində məhz bu cür vasitələri mənimsəməklə Avropada pis nümunə yaratdılar. Hazırda ÜST tərəfindən lisenziya alan preparatların sifarişçiyə vaxtında çatdırılması ilə bağlı ciddi problemlər yaşanır”.
O vurğulayıb ki, belə hallar ayrı-ayrı ölkələrin timsalında baş verir: “Avropa ölkələri bir sıra peyvəndlərə üstünlük verməklə digərlərinin onların ərazisində keçərli olmadığını bildirirlər. Onlardan biri də əvvəldən COVAX platformasının iştirakçısı olan ölkələrə peyvəndin çatdırılması ilə bağlı yaşanan problemdir. Azərbaycan əslində vaxtında mümkün problemlərlə bağlı həyəcan təbili çalmışdı və bu gün həmin çətinlikləri yaşayırıq. İlk növbədə pandemiyaya qarşı mübarizədə müxtəlif protokollar və təcrübələri tərtib edərək ölkələrə göndərən ÜST bu məsələdə də ayrı-ayrı peyvənd istehsalçılarını məsuliyyətli olmağa səsləməli və vaksinin hər kəs üçün əlçatanlığını, ədalətli bölüşdürülməsini təmin etməyə çağırmalıdır”.
Hazırda Azərbaycanda yalnız “CoronoVAC” vaksinindən istifadə edilir. Yanvarın 18-dən bu günə kimi ölkədə 502 174 nəfər peyvəndlənmə prosesində iştirak edib. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.
Xatırladaq ki, Azərbaycan COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməyib. Halbuki ötən il yaradılan COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri də məhz Azərbaycan olub. Azərbaycan vaksinlərin dünya ölkələri arasında ədalətlilik və həmrəylik prinsipləri ilə bölgüsünün tərəfdarıdır. BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi də bunun bariz nümunəsidir. /report/
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”