“Bir gün 31 mart – azərbaycanlıların soyqırımını dünyanın gündəminə gətirə biləcəyik” - MÜSAHİBƏ

15:41 31-03-2021 | icon 432 | Siyasət
“Bir gün 31 mart – azərbaycanlıların soyqırımını dünyanın gündəminə gətirə biləcəyik” - MÜSAHİBƏ

Razi Nurullayev: “Zamanında addım atmaq, hər bir işi zamanında görmək lazım idi və lazımdır”

 

31 Martı hər il Dünya Azərbaycanlılarının Soyqırımı Günü kimi qeyd edirik. Hansı ki, tarixi mənbələrdə bu dəhşətli hadisələrdə 40 min azərbaycanlının qətlə yetirildiyi bildirilir. Sovet hakimiyyəti dövründə, təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstrilsə də, bu mümkün olmadı və nəhayət həqiqət anı yetişdi. Həqiqət ondan ibarətdir ki, Azərbaycan tarixən başına gətirilən soyqırım faktlarından çıxış edərək,ona qarşı edilən tarixi ədalətsizliyi dünyaya çatdırmalı, tanıtmalıdır. Dünya dövlətləri də bu soyqırımı bilməli, erməni vəhşiliyini görməli, pisləməlidir.

 

Biz hər il 31 mart soyqırımını qeyd edirik. Lakin dünya dövlətləri azərbaycanlıların bu soyqırımı barədə nə bilir? Versus.Az xəbər verir ki, millət vəkili, MCP sədri Razi Nurullayev müsahibəsində mühüm məqamlara diqqət çəkib.

 

- Razi bəy, bu gün 31 mart soyqırımı günüdür. Ermənilərin Azərbaycanda törətdiyi tarixi faciələri, soyqırımları müasir dövrümüzdə də yaşadıq. Erməni cinayətlərinin arxasında hansı məkrli siyasət durur və üstündən əsrlər keçməsinə baxmayaraq, beynəlxalq ictimaiyyətin məsələyə yanaşması niyə dəyişmir?

 

- Təəssüflər olsun ki, biz 31 Mart – azərbaycanlıların soyqırımını dünyada tanıda bilməmişik. Və dünya azərbaycanlıların soyqırımı kimi bir faktı tanımır, bilmir. Bunu Azərbaycanda elə özümüz deyib, özümüz eşidirik. Azərbaycanlıların soyqırımı ilə bağlı yalnız Xocalı faciəsi önə çıxıb, bir neçə ölkə tərəfindən tanınıb. Amma 31 mart – Azərbaycanlıların soyqırımı gününü hələ ki, beynəlxalq aləmdə tanıda bilməmişik. Bu, çox çətin bir prosesdir. Ermənilər bu məsələdə bizdən önə çıxıb, “ermənilərin soyqırımı”nı dünyaya sübut eliyə, dünyanın gündəminə sala biliblər. İndi biz deyəndə ki, ermənilər azərbaycanlılara qarşı soyqırım törədib düşünürlər ki, azərbaycanlılar ermənilərdən qisas almaq, kontur addımlar atmaq üçün bu məsələni gündəmə gətirir. Amma təbii ki, bununla bağlı biz dövlət səviyyəsində müxtəlif dillərdə müəyyən işlər aparırıq. Bu işləri davam etdirməliyik. Ümid edirəm ki, nəhayət bir gün 31 mart – azərbaycanlıların soyqırımı gününü dünyanın gündəminə gətirə biləcəyik.

Onu da deyim ki, bu gün heç Azərbaycan əhalisinin bəlkə də 70 faizi 31 martın azərbaycanlıların soyqırımı günü olduğunu bilmir. Əgər hələ özümüz bunu bilmiriksə, özümüz bununla bağlı doğru-dürüst məlumata malik deyiliksə, xalqımıza bunu qəbul elətdirə və yaxud təbliğatını qura bilməmişiksə, hansı beynəlxalq aləmə tanıtmadan söz gedə bilər? Amma mənə belə gəlir ki, biz bunu daxildən çox beynəlxalq aləmə demşik.

 

- Əlimizdə bu gündə erməni vəhşiliyini ifşa edən tutarlı faktlar var. Bu faktlar tarixçilərimiz tərəfindən nə dərəcədə diqqətlə işlənib beynəlxalq araşdırmaçılara təqdim olunur?

 

- Əslində, erməni vəhşiliyinə qarşı əlimizdə faktlar var. Bir neçə dilə tərcümə olunmuş materiallarımız, internet resursları, səhifələrimiz, veb resurslarımız mövcuddur. Biz bunları dünyaya göndəririk. Amma dünyanın belə bir marağı yoxdur axı onu oxusun, öyrənsin. Ermənilər özlərinin “soyqırımlarını” tanıtmaq, dünyaya qəbul elətdirmək üçün dünyanın düz vaxtında buna bir əsr vaxt sərf ediblər. Məlumdur ki, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar mərhum Prezident Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla “31 mart Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Yəni bizdə bu günün rəsmən qeyd edilmə yaşı 23-dür. Qeyd etdiyim kimi, bunu dünyaya qəbul etdirmək üçün müəyyən zaman lazım olacaq. İndi dünyanın düzəni də dəyişib. İndi informasiya da çoxdur, qısqanclıq da, ikilistandart da çoxdur. Bu üzdən bunu dünyaya yaxın zamanda qəbul etdirmək çətin olacaq. Amma bizim üçün ən vacib və məqbul olanı Xocalı soyqırımını dünyaya qəbul elətdirməkdir. Bununla bağlı müəyyən irəliləyişə nail olmuşuq. Həm Xocalı soyqırımını, həm də 31 mart – azərbaycanlıların soyqırımını eyni şəkildə tanıtmaq bir az çətin olacaq. Amma əminəm ki, Xocalı soyqırımını tanıda biləcəyik.

 

- Dünənə və bu günə baxanda siyasilər tarixdən hansı dərsi götürməlidir?

 

- Siyasilər hər zaman tarixdən dərs almalıdır. Amma gərək bu dərsi vaxtında və zamanında alıb, vaxtında və zamanında da lazımi addımları atasan ki, sonra 10 illiklər boyu yığılan problemləri bir neçə ilə həll etməyə çalışmayasan. Amma həll etsən də belə, heç vaxt vaxtında və zamanında atılan addımlarla eyni effekti verə bilməz. Biz 31 mart – azərbaycanlıların soyqırımının tanıdılmasıyla bağlı həddindən artıq çox gecikmişik. Bununla bağlı dünyaya səs sala bilərik, amma onun qəbul olunmasına nail olmaq çox problemlidir, bəlkə də heç mümkün də deyil. Təbii ki, bütün bunlara baxmayaraq yenə də cəhd etmək lazımdır. Aldığımız dərs bundan ibarətdir ki, bu günə qədər nə olubsa olub. Daha tarixin təkərini geri fırlada bilmərik. Amma bundan sonrakı məsələlərdə zamanında addım atmaq, hər bir işi zamanında görmək lazımdır. Və indi biz işğaldan azad olunan torpaqlarımızda, Qarabağda ermənilərin vəhşilikləri ilə bağlı çox ciddi kampaniya apara bilirik, dünyaya səs salmağa çalışırıq. Hesab edirəm ki, bu yöndə müəyyən bir effektə nail ola bilmişik. Zaman-zaman bu effektin nəticələrini görə biləcəyik. Çünki biz gecikmədən, elə bu 44 günlük Vətən Müharibəsi zamanından və ondan sonrakı müddətdə bir gün də dayanmadan bütün bu tarixi faktları dünya ictimaiyyətinə çatdırmışıq və çatdırmağa davam edirik. Bu faktları protokollaşdırırıq, sənədləşdiririk. Yeni tarix kitabları yazılır, yeni filmlər, sənədli filimlər çəkiləcək. Bütün bu işlər gələcəkdə də, elə indi də Azərbaycan xalqına xidmət etmiş olacaq, onun haqq səsinin dünyaya çatdırılmasında, onun öyrədilməsində, bilinməsində əhəmiyyətli rol oynaya biləcək.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr