Gənclər niyə siyasətə gəlmir? - PARTİYALAR DANIŞDI
Niyə mətbuata yalnız partiya sədrləri çıxır? - SORĞU
Siyasi partiyaların fəaliyyətində görünən mövcud durğunluq, kadr çatışmazlığı, yeni, gənc siyasi fiqurların meydana çıxarılmaması ilə də özünü biruzə verir. İctimai-siyasi proseslərin dinamik inkişaf tempi fonunda partiyaların daxili strukturunda ciddi yenilənmələrin olmaması həmin təşkilatların “bir sədr, bir papkası”ndan ibarət olması kimi ironiyanı da önə çəkir.
Siyasi partiyaların işindəki böhran uzun illər gündəmi tutan əsas məsələ olaraq daim müzakirə olunub. Siyasi partiyaların fəaliyyətindəki bu geriləmədə əsas faktor kimi önə çəkilən məqamlardan birinə - partiya sədrlərinin gənc liderlər, siyasətçilər yetişməməsi ilə bağlı məsələyə toxunacağıq.
SUAL: Bu gün mətbuatda ancaq partiya sədrlərinin özlərinin müsahibə və çıxışlar etdiyi müşahidə olunur. İslahatlar tələb edən siyasilərin yerli mediaya, eləcə də dünya səviyyəsinə çıxara biləcəyi gənc siyasətçiləri yoxdur? Niyə mətbuata yalnız partiya sədrləri çıxır? Niyə Partiya sədrləri gənclər təşkilatında olan üzvlərini mediaya, ictimaiyyətə tanıtmır?
“Üzdə olmaqdan çəkinmələri bəzi partiya liderlərinin durumuna düşməməklə bağlıdır”
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov:
“Partiyamızın Gənclər təşkilatı həmişə respublikanın ən güclü, ən fəal təşkilatlarından olub və Gənclər təşkilatlarının Milli Şurasının yaradılmasında yaxından iştirak edib. Təsadüfi deyil ki, partiyamızın Gənclər təşkilatının ilk sədri Məzahir Əfəndiyev bu gün Milli Məclisin deputatı kimi parlamentdə səmərəli fəaliyyət göstərir. Son bir il əvvələ qədər siyasi partiyalara göstərilən münasibət həm partiyamızın, həm də Gənclər təşkilatımızın zəifləməsinə səbəb oldu. Bu gün partiyanın Gənclər təşkilatının 1000-dən çox üzvü var və təşkilatın əvvəlki səviyyəyə qaldırılması üçün tədbirlər görülür.
Gənclərimizin KİV-də fəal olmaması və daha çox partiya liderlərinin üzdə olması məncə anlaşılandır. Nəzərə almalıyıq ki, bu gün gündəmdə olan məsələlər barədə fikir söyləmək üçün tariximizi, Qarabağ problemi ətrafında aparılan danışıqları, verilən təklifləri, beynəlxalq məsələləri dərindən bilmək tələb olunur. Təəssüf ki, bir çox partiya lideri həmin hadisələrin hətta şahidi olsa da, bu məsələlər barədə çox bəsit biliklərə malikdir və onların çıxışları adi, məlumatsız insanların düşüncələrindən fərqlənmir. Gənclərimizin üzdə olmaqdan çəkinmələri bir tərəfdən onların özlərinə məsuliyyətli yanaşmaları və bəzi partiya liderlərinin durumuna düşməmək istəyi ilə bağlıdır. Digər tərəfdən, bu istiqamətdə ciddi iş gedir və yaxın zamanlarda belə dəyərli gəncləri cəmiyyətə təqdim etməyə çalışacağıq”.
“Siyasətdəki indiki uğur mexanizmlərinə baş əymədiklərinə görə...”
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli:
“Siyasi partiyaların təşkilatlanma prosesini və üzvlərin yaş strukturunu obyektiv olaraq qiymətləndirəndə gənclərin payının az olduğunu həm nəzəri, həm də praktik baxımdan təyin etmək və görmək mümkündür. Bunun əsas səbəbi proporsional seçki sisteminin ləğvi, siyasi partiyalara qarşı təzyiqlərin artması və onların cəmiyyətdə nüfuzdan salınması istiqamətində iş aparılmasıdır. Nəticədə gənclər siyasi qurumlardan daha çox müxtəlif dini icmalarda və radikal qruplarda cəmləşiblər. Bu isə heç də yaxşı hal deyil və mənfi nüanslarla qarşılaşmaqdan yayınmaq mümkün olmayacaq. Ədalət partiyası da gənclərin sıralarında daha çox yer almasına çalışsa da, hələ də istəyinə tamamilə nail ola bilməyib. Bununla belə ümidverici gənclərimiz var və onların partiyanın ideologiyasını gələcəyə daşıyacaqlarına ümid edirik. Ümumilikdə götürsək, respublika üzrə 18-29 yaş arası üzv gənclərimizin sayı min nəfərdir. Siyasi proseslər elədir ki, burada həm cəmiyyət, həm də media nüfuzlu şəxslərin mövqeyini öyrənməyə çalışır. Xüsusilə də partiya sədrlərinin. Hətta sədr müavinlərinin mediaya çıxması və münasibət bildirməsi də o qədər asan deyil. Müşahidələr də göstərir ki, partiyaların sədr müavinlərinin hamısı bu statusu əldə edə bilmir. Gənclər isə burada daha çox əziyyətlə qarşılaşırlar. Bunun bir səbəbi də ölkədə siyasi dialoqun istənilən səviyyədə olmamasıdır. İndi iqtidar və onun ətrafından ibarət olan siyasi çevrə formalaşıb. Medianın əksəriyyəti də ya onların əlindədir, ya da onlara yaxındır, yaxud da əks mövqeni işıqlandırmaqdan qorxur. Bir növ tələb mühiti süni olaraq bağlandığından siyasi polemikaya deyil, siyasi monoloqa rast gəlirik. Gənclərin böyük əksəriyyəti siyasətdəki indiki uğur mexanizmlərinə baş əymədiklərinə görə, ondan kənarda qalmağa üstünlük verirlər”.
“KİV-də az görünmələri onların özlərindən asılı məsələ deyil”
ADP sədr müavini Taliyət Əliyev:
“Son illər siyasi partiyalara gənclərin üzv olmasında vəziyyət ürəkaçan deyil. Bunun da bir çox səbəbləri var. Ən əsas səbəblərdən biri müxalifət partiyalarına hakimiyyətin neqativ münasibətidir. Müxalif mövqeyinə görə gənclərin təqib olunması və cəmiyyətdə öz yerlərini tuta bilməməsi əsas səbəblərdən biridir. Amma bütün bu çətinliklərə baxmayaraq ADP-də gənclər var. ADP Gənclər Təşkilatının sədri hal-hazırda xaricdə təhsilini davam etdirir. Yəni partiyamızda kifayət qədər savadlı gənclər, eyni zamanda funksionerlərimiz vardır. Sadəcə KİV nümayəndələri daha çox partiya sədrlərindən açıqlama götürməyə meyillidirlər. Ona görə də partiyadan digər şəxslərin mətbuatda az görünməsi onların özündən asılı məsələ deyildir”.
“Gənc üzvlərimiz informasiya müharibəsində də fəal iştirak ediblər”
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə:
“Partiyamızın Gənclər Təşkilatında 3.5 mindən artıq yaşı 35-dək olan gənc var ki, onların da 1500-ə qədərini xanımlar təşkil edir. Onların çoxu ali savadlıdır. Gənc üzvlərimiz arasında xaricdə təhsil almış, bir neçə xarici dildə danışan, uğurlu biznes-layihələrin müəllifi olan gənclər də var. Onlar həmişə ölkəmizin maraqlarını ifadə edən müxtəlif layihələri həyata keçirir, beynəlxalq platformalarda, xaricdə təşkil edilən tədbirlərdə fəal iştirak edir, Azərbaycanın haqq səsini dünyaya çatdırırlar. Xüsusilə Vətən Müharibəsi zamanı Azərbaycanın əleyhdarları ilə aparılan informasiya müharibəsində DİP üzvü olan gənclər kifayət qədər fəal iştirak ediblər.
Hazırda da beynəlxalq forumlarda, sosial şəbəkələrdə, eləcə də xarici mətbuatda kifayət qədər fəallıq göstərərək Azərbaycanın mövqeyini müdafiə edir, onun haqqında düzgün təsəvvürlərin yaranmasına və müsbət imicin formalaşmasına çalışırlar. Təbii ki, onlar beynəlxalq platformada DİP-in deyil, məhz Azərbaycanın adından çıxış edirlər. Çünki bizim partiyamızın məramnaməsində ümummilli məsələlərdə partiyadan çox dövlətin və xalqın maraqlarından çıxış etmək prioritet kimi qəbul olunub”.
“Siyasətimizi Gənclər Təşkilatının fəliyyəti ilə inkişaf etdirəcəyik”
ALDP sədri Fuad Əliyev:
“Azərbaycan Liberal Demokrat Partiyasının Gənclər Təşkilatı siyasi partiyalar arasında ən aktividir. Son 7 il ərzində Gənclər təşkilatımız kifayət qədər maraqlı layihələr, aksiyalar həyata keçirib ki, bu da sosial sferada müəyyən qədər iz qoyub.
Müxtəlif mövzularda müəyyən ictimai tədbirlər keçirmişik. Sadəcə olaraq, Gənclər Təşkilatımızın sədri hazırda əsgəri xidmətdədir və yeni sədrin seçilməsi ərəfəsindəyik. Ümumilikdə Gənclər Təşkilatımız öz fəaliyyətini davam etdirir. Yeni kadr axtarışındayıq. Yəqin ki, yaxın günlərdə yeni sədrin təqdimatı olacaq. Pandemiya dövründə istədiyimiz tədbirləri keçirə bilmirdik.
Çalışacağıq ki, Gənclər Təşkilatımızın fəaliyyəti də mətbuatda geniş işıqlandırılsın. ALDP öz siyasətini Gənclər Təşkilatının fəliyyəti ilə inkişaf etdirəcək”.
“Hər bir halda jurnalist özü gənc siyasiləri axtarmalıdır”
MMP sədr müavini Könül İsmayılova:
“Əslində bu sual siyasi partiyaların yaralı yeridir. O mənada ki, partiya sədrlərinin özləri onlayn tv-lərdən kənara çıxa bilmirlər, o da qala gənclər təşkilatının sədri ola. Televiziya kanalları şoumenlərə, əyləncə adamlarına yer verir, siyasətdə isə yalnız ənənəvi 3-4 nəfəri danışdırırlar.
Bizim partiyanın Gənclər Təşkilatında xeyli üzvlərimiz var, təşkilatın sədri Zaur Məmmədov çox fəaldır. Gənclər təşkilatının üzərinə düşən işlər onun çiyinlərindədir. Savadlıdır, ictimai proseslərə münasibət bildirmək qabiliyyəti var, bir gənc kimi gənclərin siyasətə marağı yönündə təkliflər ortaya qoya bilər. Bir necə gənc üzvümüz olub ki, onlara öz ixtiasları üzrə müəyyən dövlət işlərində vəzifə verilib. Yəni bizdə partiyanın sədri özü də gənclərin mətbuata çıxmasını istəyir və bu yöndə iclaslar zamanı tapşırıqlar verir.
Amma jurnalistlər nədənsə məhz partiya sədrlərinə müraciət edirlər. Özünüz də yaxşı bilirsiniz ki, hər bir siyasətçini gündəmdə saxlayan məhz jurnalistlərdir. Deməyim odur ki, MMP olaraq sədrdən tutmuş müavinlərə, Gənclər Təşkilatına, Qadınlar Şurasına, rayon təşkilat sədrlərinə kimi hər birimiz mətbuata açığıq. Buyurub verlişlərə dəvət etsinlər, müsahibələr, açıqlamalar götürsünlər. Söz yox ki, üzvlərimiz özləri də bunda maraqlı olmalıdılar, sosial mediada aktivlik göstərməlidilər ki, tanınsınlar. Amma hər bir halda yaxşı mənada jurnalistlər gənc siyasiləri axtarmalıdır”.
“Zamanla yerli və xarici mətbuata da çıxırlar, amma...”
MCP sədr müavini Məhəmməd Əsədullazadə:
“Ümumiyyətlə, bu gün heç bir partiyada dünya mediasına çıxan gənclər yoxdur. Siyasətçilərimiz yalnız Azərbaycan mediası ilə kifayətlənirlər, ən yüksək halda Türkiyə mediasına çıxırlar.
MCP artıq daha da təşkilatlanır, yerli şöbələri yaradılır, partiyanın gənclər qolu daha da güclənir, partiyanın gənclər siyasəti çevik şəkildə davam edir və struktur bölmələri yaradılır. Partiyamızın Gənclər Komitəsi bu istiqamətdə gənclərlə görüşlər keçirir, rayon şöbələrinin dayaqları yaradılır. Partiyamızın gənclər təşkilatının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində strategiyası var. Bu gün Azərbaycan siyasətində gənclərin fəallığı, ütünlüyü olmalıdır. MCP bu siyasətə üstünlük verir.
Yerli mediaya açıqlamaların verilməsində Gənclər təşkilatının sədri fəaldır, ona ünvanlanan sualları aktiv şəkildə cavablandırır. Hər halda media o gəncləri tapmalı,danışdırmalıdır. Hesab edirəm ki, bu istiqamətdə medianın üstünə böyük yük düşür. Gənclər təşkilatının fəaliyyəti ancaq təşkilatlanmaya və partiyanın bu istiqamətdə daha da təşkilatlanmasına hesablanıb. Zamanla yerli və xarici mətbuata da çıxırlar, amma əsasən təşkilatlanmaya üstünlük verir”.
“Gənclərə dövlət səviyyəsində şərait yaradılmalıdır ki...”
BAXCP sədr müavini Niyaməddin Orduxanlı:
“Bizim partiyanın 60-a yaxın rayon şöbələri var. Bu şöbələr uzun müddətdir fəaliyyət göstərir və orda gənclər də var. BAXCP-nin Gənclər Komitəsinin sədri Günel Elxanlıdır. Gənclər Komitəsi bu yaxınlarda AzTv-nin təşkil etdiyi Gənclər Komitələrinin onlayn konfransına da qatıldı. Elə rayon gənclər təşkilatımız var ki, orda gənclər 20-30 faiz təşkil edir. Partiyamızın gəncləri aktiv fəaliyyət göstərir və partiya sədrinin xüsusi diqqətindədilər. Bir sıra gənc xanımlarımız partiyanın ali heyətinin üzvü seçiliblər. Ümumilikə isə cəmiyyətdə gənclərin irəli çəkilməsi üçün ən əsası stimul lazımdır. Gənclərə dövlət səviyyəsində şərait yaradılmalıdır ki, siyasətə meyillənsinlər. Bunun üçün də siyasi partiyalar haqqında qanuna dəyişiklik olmalıdır. Parlamentdə proporsianal seçki sistemi bərpa olunmalıdır ki, siyasi proseslərə daha da marağı artmış olsun. Siyasi partiyalarda gənclər nə qədər çox fəaliyyət göstərərsə, ölkənin inkişafına, demokratikləşməsinə bir o qədər stimul ola bilər. Ancaq bütövlükdə tək BAXCP-də deyil, respublikada gənclərin siyasətə meyli zəifdir. Gənc fikirləşməlidir ki, mən siyasi partiyada fəaliyyət göstərsəm, sabah Milli Məclisin proporsional seçkisi ilə deputat seçilə bilərəm, dövlət orqanında çalışa bilərəm. Məsələlərin kökünü burda axtarmaq lazımdır ki, hansı addımlar atmaq lazımdır ki, gənclər kütləvi şəkildə siyasi partiyaarda iştirak eləsinlər”.
“Onların hələ ki, Azərbaycan ictimaiyyətində tanınmasına start verilsə...”
AMİP sədri Arzuxan Əlizadə:
“AMİP-də Gənclər təşkilatı var. Ora zaman-zaman rəhbərlik etmiş şəxslər hazırda partiyada müxtəlif vəzifələrdə təmsil olunurlar. AMİP Beynəlxalq Demokratiya İttifaqının tam üzvüdür, rəhbərliyində təmsilolunur. Orda dünyanın müxtəlif ölkələrindən yüzdən artıq sağ mərkəzli partiyalar təmsil olunur. Hazırda partiyanın beynəlxalq əlaqələr katibi Elşən Mustafayev uzun müddət beynəlxalq gənc demokratlar heyətinin üzvü olub.
Gənclər təşkilatının indiki sədri Ayxan Etibarlı hazırda xaricdə təhsil alır. AMİP-in gəncləri illər ərzində bir sıra beynəlxalq tədbirlərdə həm iştirak, həm çıxışlar ediblər. Partiyanın 2008-ci ildən əməkdalıq etdiyi İsveçin Moderat Partiyası ilə əlaqələri indi də davam edir. Gənc liderlərin yetişməsi məqsədi ilə ilə bağlı Moderat Partiyası və İngiltərə konservatorlarının birgə təşkilatçılığı ilə uzun müddət, ildə 10 dəfə yay-qış məktəbləri təşkil edilir ki, AMİP gəncləri də o məktəblərə qatılırlar. Gənclər təşkilatının üzvləri hazırda yerli və xarici universitetlərdə təhsil alırlar. Beynəlxalq əlaqələr çərçivəsində gənclərimiz onlayn qaydada olsa da bu tədbirlərə qatılırlar, Azərbaycanla bağlı reallıqları dünyaya çatdırırlar. Bir sözlə, beynəlxalq və yerli mətbuata çıxacaq gənclərimiz var, sadəcə müraciət olunmalıdr.
Təkcə AMİP-lə bağlı deyil, bütün siyasi partiyaların sədrlərinə müraciət olunur. Jurnalistlər sadəcə partiyanın rəhbərlərinə müraciət edirlər, Gənclər təşkilatları isə bir növ kənarda qalır. Gənc təşkilatların mətbuata çıxışını siz jurnalistlər stimullaşdıra bilərsiniz. Onların hələ ki, Azərbaycan ictimaiyyətində tanınmasına start verilsə, yaxşı olar”.
“O baxımdan yeni, gənc kadrlar görsənmir”
Ağ Partiyanın sədri Tural Abbaslı:
“Siyasi partiyaların çoxunda kifayət qədər potensiallı gənclər var. Ola bilsin ki, bir çox partiyalarda gənclər azdır. Azərbaycanda siyasi fəaliyyət perspektivsiz və uğursuz fəaliyyət növü sayıldığı üçün çox insan bu fəaliyyət növü ilə məşğul olmaq istəmir. İnsanlar partiya fəaliyyətindən qaçdılar. Ona görə də partiyalarda kadr qıtlığı yaranıb.
Digər partiyalardan fərqli olaraq bizdə 100, 95 faiz gənclərdir. Gənclər təşkilatı, partiya rəhbərliyi olaraq gəncik və gənc olaraq bilikli, elimli müxtəlif sahələr üzrə mütəxəssis olan gənclərimiz də var. Sadəcə olaraq mediada görünməmələr daha çox medianın problemidir. Çox tanınan insanlardan mövqe alıb onları tirajlamaq, bunların hesabına tiraj qazanmaqda daha çox maraqlıdır. Nəinki sıfırda kinisə tirajlasın və sonradan onun hesabına tiraj qazansın. Medianın rolu var. Media nümayədələri daha qarantili müsahiblər axtarırlar. O baxımdan da yeni, gənc kadrlar görsənmir. Tək partiyaların yox mediyanın da yanaşması önəmlidir. Hesab efirəm ki, tədricən bu da düzələr”. /“Həftə İçi”/
T.Qafarlı
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”