"Şuşa yenidən tikilir, yaxşı olacaq"

11:13 06-04-2021 | icon 865 | Qarabağ
"Şuşa yenidən tikilir, yaxşı olacaq"

Azərbaycanın Vətən mübaribəsində qazandığı tarixi qələbədən sonra dövlət və xalq olaraq qarşımızda duran əsas məsələ minlərlə şəhid və qazimizin canı, qanı bahasına azad olunan torpaqların hər qarışını dəyərləndirmək, tikib-qurmaq, abadlaşdırmaq, oranı işğaldan öncəki gözəl günlərinə qaytarmaqdır. Bununla bağlı dövlət başçısının tapşırığı ilə xüsusi qərargah yaradılıb və ayrı-ayrı rayonlarla bağlı sürətli iş aparılır. Ən böyük və diqqətçəkən proses isə Şuşada gedir. Şuşa Qarabağın göz bəbəyi, Azərbaycanın mədəniyyət paytaxtı olduğu kimi, hazırda Prezident İlham Əliyevin də xüsusi diqqətində olan bir şəhərdir. Prezident dəfələrlə bunu xüsusi vurğulayıb.

Qeyd edək ki, artıq Şuşada qəzalı binalar sökülür. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdən verilən məlumata görə, hazırda Şuşada şəhərsalma prinsiplərinə uyğun olaraq bərpa və yenidənqurma işlərinin layihələndirilməsi üzərində iş aparılır. Həmçinin şəhərdə yaşayış üçün yararsız, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan bəzi binaların sökülməsi də həyata keçirilir.

Söküntü yenidənqurma məqsədilə aparılsa da, sosial şəbəkələrdə yer alan görüntülər birmənalı qarşılanmayıb. Sovetdən qalan “xruşşovka”ların da Şuşanın tarixinin bir parçası olduğunu deyənlər onun bu tezliklə sökülməsinə qarşı çıxıblar. Lakin ermənilərin murdarladığı qəzalı, köhnə tikililərin Şuşanın tarixi görünüşünə layiq olmadığını və dövlətin doğru qərar verdiyini düşünənlər də az deyil.

 

Versus.az yerli mediaya açıqlamalar verən şuşalıların bu məsələyə münasibətini təqdim edir. 

“Yeni Müsavat”ın redaktoru, əslən Şuşadan olan Nazim Sabiroğlu bildirib ki, bu qala şəhərin qəzalı vəziyyətdə olan “xruşşovka”lardan təmizlənməsi təbii bir haldır və doğru qərardır: “Köhnə sovet beşmərtəbələrinin sökülməsi ilə bağlı xəbəri mən də gördüm. 29 illik işğaldan sonra əlbəttə ki, Şuşa şəhəri yenidən qurulmalı idi və qəzalı binalar sökülməli idi. Doğrudur, sökülən binalar da Şuşanın az da olsa tarixidir, orada insanlar yaşayıblar, ailə qurublar. Amma Şuşanın müasir tarixini artıq iki hissəyə bölmək lazımdır: işğala qədər və işğaldan sonra. Bilirsiniz ki, işğal dövründə ermənilər Şuşanı dağıdıblar. Təkcə tarixi abidələri yox, elə sığındıqları evləri də. İndi o evlərin sökülməsi, Şuşanın baş planı ilə bağlı xüsusi nümayəndə təyin edildi. Bildiyim qədər çox fəal bir adamdır, Şuşada oturub, hazırda orada işləyir. Şuşanın baş planı ilə bağlı hələ ki bir xəbər yoxdur. Ancaq əvvəldən də Prezident demişdi ki, sovet dövründə tikilən beşmərtəbli binalar şəhərin ümumi görünüşünə xələl gətirir. Mən onların sökülməsinə təbii baxıram. Yəqin ki, onların yerində daha yaxşı , daha müasir binalar tikiləcək və  həmin binalar həm də Şuşanın qədim üslubuna uyğun olacaq. Yeni bir şəhər tikilir və hesab edirəm ki, yaxşı olacaq”.

Sədaqətinə qurban, Şuşa!

Qeyd edək ki, bir neçə ay öncə Şuşanın baş planının hazırlanmasına başlanılıb. Bunun üçün dövlət başçısı tərəfindən Şuşaya şəhərsalma mütəxəssislərinin də içində olduğu böyük bir qrup göndərilib. Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Şuşadadır və bu işlər xüsusi komissiya tərəfindən aparılır. Şuşa Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayarkən, onlar da bizə bildirdilər ki, qədim şəhərin bərpa prosesindən kənardadırlar və hazırda bütün prosesi dövlət başçısının tapşırığı əsasında yaradılan xüsusi qrup aparır. 

Prezident İlham Əliyevin Şuşanın bərpası ilə bağlı mövqeyi belədir ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır: “Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz. Mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Şuşanın əsl tarixi simasının və qədim mədəni abidələrinin bərpası Azərbaycan memarlıq üslubunu əks etdirməli, çox zəngin mədəni həyat olmalı və Şuşada yaşayacaq soydaşlarımız da bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar”.

Rizvan Babaşov: “Abadlıq işləri görülməlidir, əsas odur ki, koloriti korlamasın, Şuşanın memarlıq üslubu qalmalıdır”

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Babaşov da açıqlamasında bildirib ki, Şuşa bərpa edilərkən şəhərin qədim koloriti saxlanılmalı, tarixi tikililərdəki hər bir daşın tərkibi , ağacın növü öyrənilməlidir: “Şuşada çoxsaylı qədim abidələrimiz var və onların çox hissəsini ermənilər dağıdıb. Ancaq o, tarixi qala şəhərdir, müdafiə xarakterlidir. Onu olduğu kimi bərpa edib gələcək nəslimizə əmanət etməliyik. Bu şəhəri turistlər üçün yox, öz milli sərvətimiz olaraq bərpa edilməliyik. Şuşa artıq ölkə rəhbərliyi  tərəfindən mədəniyyət mərkəzi elan edilib. Bununla bağlı oradakı televiziya qülləsini yenisi ilə əvəz etmək olar. Çünki artıq onun diapozonu müasir dövrün tələblərinə cavab vermir. Onun yerində çox hündür, müasir dövrün tələblərinə cavab verən, çoxfunksiyalı bir qüllə tikmək olar. Fransa Eyfel qülləsi ilə fəxr etdiyi kimi, elə bir telestudiya tipli qüllə tikmək lazımdır. Aşağıda gözəl bir muzey etmək olar, mərkəzi zalla yanaşı kənar zallarda müxtəlif Mərkəzi və Orta Asiya ölkələrinin zalları ola bilər. Bizim Şuşadan, Qarabağdan çıxan ədiblərimiz var, memarlarımız var. Kərbəlayi  Səfixan Qarabaği deyəndə elə Şuşa yada düşür. Şuşanın minarəli məscidini,  karvansaraları, məhəllə məscidlərini Kərbəlayi  Səfixan Qarabaği  tikib. Belə şəxsiyyətlərin, Şuşanın digər tarixi simalarının büstləri, heykəlləri qoyulmalıdır. Onların irsindən ibarət muzey yaratmaq olar. Təsadüfi deyil ki, Şuşanı Azərbaycanın da yox, Qafqazın konservatoriyası adlandırıblar. Bu adı tarixdə saxlamaq, gələcək nəsillərə ötürmək üçün mədəniyyət mərkəzini genişləndirmək lazımdır. Eşitdiyimə görə, cıdır düzü ilə bağlı bir layihə işləyiblər, at nalının formasındadır. Əlbəttə, abadlıq işləri görmək olar, əsas odur ki, koloriti korlamasın. Şuşanın memarlıq üslubu qalmalıdır, bunu mütləq gözləmək lazımdır”.

Memar onu da bildirdi ki, bərpa çox ciddi məsələdir və orada necə gəldi işləmək olmaz: “Memarlıqda  təmir  başqa anlayışdır, konservasiya başqa, rekonstruksiya başqadır. Bəzən bunları bizim memarlarımız da qarışdırırlar. Bərpa məsələsi ciddi məsələdir. Orada gözəl monumental binalar var idi. Onları dağıdıblar, bir-iki sütunu qalıb.  Hacınskinin binası, Mehmandarovların binası, Zöhrab Bəyovların evi və sair kimi gözəl imarətlər var idi ki, hamısı dağıdılıb. Hamısı bərpa olunmalıdır, onların daşları nömrələnməlidir, daşın tərkibi öyrənilməlidir, suvağın tərkibi, işlənən ağacın növü, şəbəkələrin növləri öyrənilməlidir. Hər bir daşa fərdi yanaşmaq lazımdır. Bəzən tarixi abidəyə ağlay vurulur, bu yolverilməzdir. Ciddi nəzarət lazımdır”./YeniMüsavat/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ