Vətən sevgisinin əzəmətindən Vətənləşən oğullar
Qarabağsız Qarabağ sevgisi ilə doğulub böyüyən SULTANLI ELŞƏN
44 günlük müharibə xalqımızın əsrlərdən bəri köksündə ən müqəddəs hiss kimi yaşatdığı Vətən sevgisinin reallıqda nümayişinin təzahürünə çevrildi. Azərbaycan hərbi-siyasi tarixinin növbəti şanlı səhifəsi yazıldı...
Bəxtimizə düşmüş mənfur qonşumuz Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağa məqsədyönlü şəkildə gətirilmiş muzdlu terrorçu quldur dəstələri və himayəçi dövlətlərin hərbi qüvvələrinin köməyi ilə 1988-1994-cü illər arasındakı dövrdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bölgənin ətrafındakı 7 rayonu işğal edərək 30 ilə yaxın bir müddət ərzində vaxtilə çiçəklənən bir diyarı "boz zonaya" çevirmişdi. Azərbaycan Ordusu Ermənistanın 6 il ərzində apardığı müharibə nəticəsində işğal etdiyi torpaqların böyük bir hissəsini cəmi 44 gün ərzində işğaldan azad edərək Ermənistan silahlı qüvvələrinin "məğlubedilməzliyi haqqında mifi" darmadağın etdi. Ordumuzun gücü və potensialını bütün dünyaya göstərdi. Üstümüzdən utanc hissini qaldıran qəhrəman Ordumuz bu qalibiyyəti heç vaxt haqqları ödənilə bilməyəcək Şəhidlərimizin, sağlamlığını qurban vermiş qazilərimizin və "Vətən varsa gerisi təfərrüatdır" deyən hərbçilərimizin sayəsində əldə etdi. Bu yazımda özü əbədiyyətə qovuşub Vətən yaradan igidlərimizdən biri haqqında danışmaq istəyirəm. Qarabağsız Qarabağ sevgisi ilə doğulub böyüyən SULTANLI ELŞƏN NAZİM OĞLU barəsində...
Elşən 2001-ci ilin 15 fevralında Yardımlının kiçik, ucqar bir kəndində - Teşkanda anadan olmuşdu. Baba adı daşıyırdı... İkinci dünya müharibəsindən əlil kimi qayıdan atasının babasının - Məşədi Bəhmənin. Babasının igidlikləri haqqında nağıllara çevrilmiş həqiqətlərlə böyüyən balaca Bəhmən də "mən Bəhmənin nəvəsiyəm, böyuyəndə torpaqlarımızı azad edəcəyəm" - deyirdi.
Elşənin müəllimi Muxtar Əliyev onun haqqında xatirələrində yazır: "Elşənin uşaq təxəyyülünə görə, kim istəsə gedib torpaqlarımızı azad edə bilərdi, təki əlində silahı olsun. Elə buna görə də o evdə özünə ağacdan müxtəlif silahlar düzəldirdi".
Elşən doğulduğu Teşkan kənd ibtidai məktəbində təhsil almağa başlamış, 1-ci sinfinə getmiş, ibtidai sinfi bitirdikdən sonra 10 kilometr uzaqda yerləşən Separadi məktəbində orta təhsilini başa vurmuşdu. Elşəngil ailədə 7 nəfər idilər və çox çətinliklə dolanırdılar. Elşənin özündən başqa 3 qardaşı və bir bacısı var idi. Orta məktəbi bitirdikdən sonra Elşən 2019-cu il aprel ayında əsgəri xidmətə yola düşmüşdü. O xidmətə yola düşəndə çox sevinirdi..
Elşən hərbi xidmətini nümunəvi yerinə yetirirdi və xidmətini nəzərə alaraq onu 2019-cu il noyabrın 9-da 10 günlük məzuniyyətə də buraxmışdılar. Vətən müharibəmiz başlandıqda da Elşənin hərbi xidmətini başa vurmasına cəmi 3 gün qalırdı. Hətta xidmətin başa vurulması və ordudan təxris olunma barədə əmr də çıxmışdı. Elşənin müəllimi Muxtar Əliyevin xatirələrində yazdığına görə: - "Müharibə sanki onun arzusuna çatması üçün 3 gün tez başladı. Elşən telefonla evlə əlaqə saxlayanda sevincini gizlətmirdi, həmişə evdəkilərə "narahat olmayın, erməniləri qırırıq, mən babam kimi qəhrəman olacağam, Qarabağı almasam gəlməyəcəm" deyirdi". Və aldı da.. Amma qayıtmadı... Qarabağ sevgisi onu həmin torpaqları qanı ilə suvarmağa sövq etdi. "Torpaq qan ilə yuyulduqda Vətən olur"- deyirlər. Elşən də beləcə Vətən oldu. Balaca, həmişə 19 yaşında qalacaq ürəyi sevgi ilə dolu bir Vətən...
Elşənin Tərtər rayonunun Qapanlı kəndindən başlayan döyüş yolu Talış və Suqovuşan kəndlərinə qədər davam etdi. Sonra Elşənin də daxil olduğu hərbi hissə oktyabr ayının 15-də Tərtər-Ağdərə istiqamətindəki mövqe uğrunda döyüşlərə əlavə qüvvə kimi geri qaytarıldı. Elşən oktyabr ayının 17-də bu istiqamətdə gedən ağır döyüşlərdə qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldı. Atası bu xəbəri oktyabrın 19-da alsa da, Elşənin nəşi noyabr ayının 18-də evlərinə gətirildi. Sanki, balaca əsgərin cansız bədəni də o torpaqlardan dönmək istəmirdi...
Mehriban Sadıqova
/Filoloq/
Xəbər lenti
"Ölkəmizə qara hədyanlar yağdıran bu qüvvələrin məqsədi başqadır”
“Bu konfrans çağdaş dövrümüzün ən uğurlu hadisəsi kimi öz nəticəsini göstərəcək"