Razi Nurullayev: "Fransanın Ermənistandakı səfiri diplomatiyadan kənar ifadələr və davranış sərgilədi"
"Fransanın Ermənistandakı səfirinin Hərbi Qənimətlər Parkını "tamaşa" və Ermənistanın məğlubiyyətini "ləyaqətli məğlubiyyət" adlandırması əməlli-başlı diplomatiyadan kənar ifadələr və davranışdır".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında MCP sədri, deputat Razi Nurullayev bildirib.
Razi Nurullayev qeyd edib ki, Fransanın Ermənistandakı səfiri birbaşa qərəzini ortaya qoyur və bu bir səfir üçün yolverilməz haldır:
"Azərbaycan XİN sözçüsünün fikri ilə da razılaşıram. Yəqin ki, səfir üçün "ləyaqət" anlayışı fərqli məna daşıyır. Amma inanmaq istərdim ki, Fransa dövləti üçün anlayış dünyanın qəbul etdiyi tərzdədir".
Deputat bildirdi ki, Hərbi Qənimətlər Parkında nümayiş olunan eksponatların hamısı orijinaldır, döyüş meydanında vurulan və erməni hərbçilərinin döyüş meydanında qoyub qaçdığı hərbi texnikalardır. Onun sözlərinə görə, ölkəmin atdığı bu addım çox doğrudur və bizim şanlı qələbəmizi nümayiş etdirir. Azərbaycan xalqı və dünyada yaşayan soydaşlarımız və o cümlədən haqq və ədalətin yanında dayanan xalqlar və millətlər də bu muzeylə fəxr edir:
"Təəssüf edirəm ki, Fransanın Ermənistanda olan səfiri bir milyona yaxın azərbaycanlının 30 il didərgin düşdüyünü, Ermənistanın işğal etdiyi əraziləri xarabazara çevirdiyini, məscidlərimizdə donuz saxladığını "unudub". Şəhər və kəndləri xarabazar edən bir xalq necə ləyaqətli ola bilər? Bu suala cavab versin. Mənə görə Fransa XİN səfirin bu sözlərinə görə Azərbaycandan üzr istəməlidir".