"Niyə səfiri Nazirliyə çağırmadılar, bir nota vermədilər?"
Fuad Əliyev: "Dövlət strukturları susdu, yenə də gözlədirlər ki, birinci prezident reaksiya versin"
"Bunlar elə bil ki, dövlət başçısına bəd xəbəri, neqativ olan məlumatları, problemləri demək istəmirlər".
Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev iqtidar-müxalifət münasibətlərini şərh edərkən bildirib.
Partiya sədrinin sözlərinə görə, müharibə dövründə yaranan birlik indi də mövcuddur:
“ALDP olaraq necə ki, 44 gün ərzində xaricdə əməkdaşlıq etdiyimiz partiyalara və yüzə yaxın beynəlxalq təşkilata müharibə ilə bağlı mütamadi olaraq məlumatları göndərmişdik, müharibədən sonra da Qarabağda erməni faşistlərin törətdiyi cinayət faktlarını göndəririk. Qarabağ məsələsini Qələbəmizlə həll etdiyimizə baxmayaraq, biz indi də informasiya müharibəsini birlikdə aparırıq”.
F.Əliyev Rusiya sülhməramlılarının sülhməramlı missiyasından kənar fəaliyyətini də önə çəkib. Bildirib ki, ALDP olaraq, Rusiya sülhməramlılarının 10 noyabrda imzalanan məlum bəyanatdan kənar fəaliyyətilə bağlı beynəlxalq təşkilatlara və əməkdaşlıq etdikləri partiyalara göndəriblər:
"Son göndərdiyimiz məlumat “İsgəndər-M” raketi ilə bağlı olub və Rusiya tərəfin bununla bağlı bizə cavab vermədiyini geyd etmişik. Hesab edirəm ki, sühməramlıların qeyri-qanuni, missiyasından kənar fəaliyyətini nəzər alaraq onların Azərbaycanda qalması və vaxtından qabaq çıxarılması məsələsini qaldırmalıyıq”.
Rusiya tərəfinin “İsgəndər-M” raketi ilə bağlı Azərbaycana cavab verməməsinin diplomatiyamızın uğursuz olub olmamasına gəlincə, ALDP sədri vurğulayıb ki, dövlət başçısı İlham Əliyev “Hərbi Qənimətlər Parkı”nın açılışında bunu xüsusilə qeyd etdi. Amma nədənsə Xarici İşlər naziri bundan qabaq bir açıqlama vermədi:
"Niyə Rusiyanın səfirini Nazirliyə çağırmadılar, bir nota vermədilər? Dövlətin digər strukturları da susdu. Yenə də gözlədirlər ki, birinci dövlət başçısı bu məsələyə reaksiya versin. Sözsüz ki, dövlət başçısını məlumatlandırmaq lazımdır. Hesab edirəm ki, belə məsələlərdə operativ olmaq lazımdır. Baxın, dövlət başçısı bu barədə danışan kimi hamı başladı bu məsələni qabartmağa”.
F.Əliyev vəzifələrə yeni kadrlar gətrilməsi məsələsinə də toxunub:
"Yeni kadırlar vəzifələrə gətirilib, buna baxmayaraq bürokratik yanaşma, sistem hələ də mövcuddur. Bunlar elə bil ki, dövlət başçısına bəd xəbər, neqativ olan məlumatları, problemləri demək istəmirlər. Elə bil ki, qorxurlar, çəkinirlər nədənsə. Müasir bir dövürdə yaşayırıq. İstənilən problem sosial şəbəkələrdə dərhal yayılır, müzakirə olunur. Problemləri vaxtında həll etmiyəndə, onlar dərinləşir və cəmiyyətdə narazılıq artır. Hesab edirəm ki, əksinə problemləri dərhal çatdırmaq lazımdır ki, onlar həll olunsun”.
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”