Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması BURAXILDI
Yeni təşkilat “Qarabağa dönüş” ictimai birliyi olacaq
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ictimaiyyətə müraciət edib.
Versus.Az xəbər verir ki, müraciətdə icmanın buraxıldığı, əvəzində yeni təşkilat yaradıldığı elan olunub.
Bildirilib ki, bundan sonra həm Azərbaycan, həm də onun tərkib hissəsi olan Qarabağ yeni tarixi mərhələyə qədəm qoyub.
“Artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi və onun statusu anlayışı yoxdur. Çoxmillətli və multikultural ölkəmizdə yaşayan bütün milli azlıqlar kimi ermənilər də Azərbaycanda fərdi vətəndaşlar olaraq sərbəst şəkildə yaşayacaqlar. Vətən müharibəsindən sonra yaranmış yeni reallıqda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” və “Dağlıq Qarabağ bölgəsinin erməni icması” anlayışları öz aktuallığını və ictimai əhəmiyyətlərini itirib. Bütün bunları nəzərə alaraq, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi 30 aprel 2021 ci il tarixdə iclas keçirərək, təşkilatın buraxılmasına qərar verib”, - deyə bildirilib.
Bundan sonrakı fəaliyyətə gəlincə, Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi və əzəli torpaqlarımıza böyük qayıdışın uğurla başa çatdırılması, Qarabağımızın dirçəldilməsi istiqamətində olacaq:
“Biz əminik ki, qısa zamanda Qarabağ ölkəmizin ən inkişaf etmiş yerlərindən birinə çevriləcək. Ermənistanın işğalı dövründə dağıdılmış bütün şəhər və kəndlərimiz, mədəni və tarixi abidələrimiz, məscidlərimiz bərpa olunacaq. Xalqımız üçün xüsusilə əziz olan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri müzəffər Ali Baş Komandanımızın da dediyi kimi nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəmizin iqtisadi, sosial və humanitar həyatına reinteqrasiyasının və Azərbaycan Respublikasının qanunları çərçivəsində yaşayışının təmin edilməsi istiqamətində müvafiq işlər həyata keçiriləcək.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, bu müqəddəs missiyanı dəstəkləmək üçün “Qarabağa dönüş” adlı ictimai birliyin yaradılmasını bəyan edirik”.
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”