Parçalama üsulu, yoxsa demokratik tələb?

08:43 01-05-2021 | icon 965 | Siyasət
Parçalama üsulu, yoxsa demokratik tələb?

"Partiyalar xalqı nə parçalamaq, nə də birləşdirmək gücündə deyil"

 

Bu gün partiyaların qeydiyyata alınması və onların ofislərlə təminatı məsələsinə birmənalı münasibətin sərgilənmədiyi müşahidə olunur. Müxalifət daxilində belə mesajlar da var ki, çoxpartiyalı sistem əslində daha çox parçalanmaya aparır, partiyalar ofisə öz mənəviyyatlarını satırlar. Maraqlıdır, çoxpartiyalılıq parçalama üsuludur, yoxsa demokratik tələb kimi qəbul olunmalıdır. Vaxtilə çoxpartiyalılığı fikir plüralizmi, demokratiyanın tələbi kimi önə çəkən bir çox siyasilər, o cümlədən keçmiş Müdafiə naziri Rəhim Qazıyev artıq çoxpartiyalılıq sisteminə qarşı çıxış edib. O, hətta “çoxpartiyalılıq yaxşı şeydirsə, Amerikada, Almaniyada, İngiltərədə niyə yoxdur”-deyə sual edib.

 

 

 

 

“Çoxunun siyasi məsələlər barədə 2-3 cümlə deməyi bacaran sədri də yoxdur”

 

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib ki, çoxpartiyalılıq demokratiya yolu tutan dövlətlər üçün son dərəcə mühüm şərtdir:

 

“Siyasi partiyalar dövləti idarə edəcək, parlamentdə qanun yaradıcılığı fəaliyyəti ilə məşğul olacaq kadrların yetişdirilməsində böyük rol oynayan qurumlardır. Təsadüfi deyil ki, böyük partiyaların əksəriyyətinin Siyasi Akademiyaları var və onlar kadrların icra və qanunvericilik biliklərinə, vərdişlərinə yiyələnməsi üçün ciddi iş aparırlar. Məşhur türk jurnalisti Uğur Mumcu -“bilik sahibi olmayanlar, fikir sahibi olmaq istəyirlər” -deyərək, bilmədiyi, araşdırmadığı məsələlər barədə danışanlara üsyan edirdi. Siyasi partiyalar haqqında danışanlar təəssüf ki, özlərinə əziyyət verib məsələni araşdırmır və hardansa eşitdiyi sözlər əsasında “mötəbər mülahizələr” söyləyirlər. ABŞ-da iki böyük partiya olsa da, digər partiyaların sayı 100-dən çoxdur. Almaniya, Böyük Britaniya, Fransa kimi dövlətlərdə də təqribən o qədər partiya var. Qardaş Türkiyədə 5 partiyanın parlamentdə qrupu - azı 20 millət vəkili olmalıdır - 7 partiyanın təmsilçisi var. Bu 12 partiyadan başqa 63 partiyanın seçkilərə qatılmaq hüququ var və bu 75 partiyadan başqa seçkilərə qatılmaq hüququ qazanmamış partiyalar da var.

 

Dünyadakı reallıq budur və bir daha deyirəm, yalnız 2-3 siyasi partiyası olan dövlət yoxdur. Azərbaycanda böyük partiyaların yaranmasına ehtiyac varmı? Əlbəttə, var. Bu gün yalnız Yeni Azərbaycan Partiyası böyük partiya sayıla bilər. İkinci, üçüncü böyük partiyanın olması mühüm əhəmiyyətə malikdir. Bu işi ziyalılar, idarəçilik və həyat təcrübəsi olan insanlar görməlidirlər. Təəssüf ki, onların bir hissəsi siyasi partiyaların əhəmiyyətini anlayıb “əlini daşın altına qoymaq” əvəzinə, “siyasi fətva” verməklə məşğul olurlar.

 

Çoxpartiyalılıq milləti parçalamır və parçalaya da bilməz. Kim bilməsə də, uzun illər siyasətin içərisində olan Rəhim Qazıyev yaxşı bilir ki, sayı 60-a çatan partiyaların çoxunun neçə nəfər üzvü var. Siyasi partiyaların bir çoxunun heç siyasi məsələlər barədə 2-3 cümlə deməyə qadir olan sədri belə yoxdur, onlar xalqı necə parçalaya bilərlər?”

 

 

 

“Demokratik seçkilər keçirilən zaman təbii yolla siyasi təşkilatların sayı azalacaq”

 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, ölkənin əsas problemi siyasi partiyaların sayının 60-a çatması deyil. Əsas problem azad, ədalətli, demokratik seçkinin olmaması, ölkədə saxta seçkilərin keçirilməsidir:

 

“Demokratik seçkilər keçirilən zaman dərhal, təbii yolla siyasi təşkilatların sayı azalacaq. Belə ki, seçkidə uğur qazananlar gündəmdə qalacaq, seçkili orqanlarda təmsil olunacaq, dövlətdən maliyyə yardımı alacaq, uğur qazanmayanlar sıradan çıxacaq. Hər şey təbii yolla, qanun əsasında həyata keçirilməlidir. İnsanların həm də siyasi fəaliyyətlə məşğul olma, müəyyən siyasi təşkilatda birləşmə hüququ var. Demokratiya bunu tələb edir.

 

O ki, qaldı Amerikada guya cəmi iki partiya olmasına, bu kökündən yalandır. ABŞ-da hadisələrə əsas təsir edən və konqresdə təmsil olunan iki partiya olduğundan çoxları elə düşünür ki, bu ölkədə cəmi iki partiya var. Əslində ABŞ-da həm ideoloji yönümünə görə, həm də regional baxımdan təqribən 200 civarında partiya var. Vaxtilə ABŞ-da Qadın partiyası da mövcud olub.

 

Odur ki, çoxpartiyalılıq parçalama üsulu deyil, demokratik tələb kimi qəbul olunmalıdır”.

 

 

 

“Siyasi partiyalar xalqı parçalamaq gücündə deyil”

 

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib ki, siyasi partiyalar ideologiyalar əsasında formalaşmalıdır.

 

Onun sözlərinə görə, bu müasir dünyada olan ideoloji prinsipləri əsas tutmaqla yanaşı ölkənin milli, mənəvi, əxlaqi, tarixi dəyərlərinə istinad etməlidir. Yaxud elə milli prinsiplər ola bilər ki, xüsusi ideologiya formalaşa bilər:

 

"Lakin bizdə partiyalar ideologiyalar əsasında deyil, liderlər ətrafında yaradılır. Bir çox hallarda isə hakimiyyətin dəyirmanına su tökmək üçün süni qaydada formalaşdırılır. Onların isə diqqəti cəlb edə biləcək gücləri olmur ki, xalqı parçalasınlar. Sadəcə olaraq ictimai fikirdə manipulyasiya etmək üçün siyasi partiyalardan istifadə olunur. Bu da onu göstərir ki, Azərbaycanda partiyalar təbii şəkildə yaranmır. Onların sayı az olsa da, düşünürəm ki, yenə də üzərlərinə düşən missiyadansa hakimiyyətin sifarişlərini yerinə yetirə bilərlər. Çünki indi ölkəmizdə siyasi rejim belədir. Çox təəssüf ki, insanlarımız da satılmağa meyllidirlər. Mənəviyyatın aşılanması siyasi müstəvidə də özünü göstərir. Vəziyyəti düzəltmək üçün kəmiyyətə deyil, keyfiyyətə düzəliş olunmasına çalışılmalıdır. Proses məhz keyfiyyətdən başlamalıdır. Bunun üçün siysi institutlaşmanı təbii axarına buraxmaq, siyasi partiyaların gözdən salınmasını dayandırmaq, onların dövlət idarəçiliyində fikirlərini dinləmək və ən əsası da proporsional seçki sistemini bərpa etmək lazımdır.

Mən Rəhim Qazıyevlə razı deyiləm. Çünki siyasi partiyalar xalqı parçalamaq gücündə deyil. Eyni zamanda xalqı birləşdirməyə də qadir deyil.”

 

 

 

 

“Rəhim Qazıyev boş-boş danışmaqdansa, gedib biraz kitab oxusun”

 

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov bildirib ki, çoxpartiyalı sistem bu və ya digər ölkədə demokratiyanın inkişafı üçün və fikir müxtəlifliyinin, siyasi plüralizmin oturuşması üçün zəruri nəsnələrdən, təsisatlardan və amillərdən biri sayılır:

 

“Demokratiya ilk növbədə çoxpartiyalılığın mövcudluğu ilə səciyyələnir və təsdiqini tapır. Çoxpartiyalılıq olmazsa, demokratiyadan da danışmağımıza dəyməz. Bir ölkədə çoxpartiyalı sistem varsa, bu həmin ölkədə demokratiyanın mövcudluğunu göstərir. Çoxpartiyalı cəmiyyətlərdə alternativ fikirlərin, təkliflərin səsləndirilməsi üçün də imkan və şərait yaranır. Çoxpartiyalılıq məhz bu cəhətinə görə hər bir ölkə üçün vacib və vazkeçilməzdir. Mən bu fikrimi təkcə partiya sədri olduğuma görə deyil, həm də adi vətəndaş kimi bəyan edirəm. Biz təkpartiyalı sistemin naqis cəhətlərini zatən keçmiş SSRİ-nin də təcrübəsindən yaxşı bilirik. Və sizi əmin edirəm ki, Sovet dövləti məhz birpartiyalı sistemin tiraniyasının ucbatından, siyasi plüralizmin və demokratiyanın mövcud olmaması üzündən dağıldı, tarixə qovuşdu. Odur ki, indi kim çoxpartiyalılığın əleyhinə danışırsa, o şəxslər ya sadəcə danışmaq xatirinə danışırlar, yadaki siyasi savadsızlığın təzahürü olaraq belə fikirləri gündəmə gətirirlər. Bu baxımdan, Rəhim Qazıyevin fikirlərini də qətiyyən ciddiyə almaq lazım deyil.

 

Rəhim Qazıyev nə nazir kimi kompetent deyildi, nədəki siyasi ekspert kimi düz-əməlli ekspert deyil. Siz bu adamın səsləndirdiyi sualın əndrəbadiliyinə fikir verin: “Çoxpartiyalılıq yaxşı şeydirsə, Amerikada, Almaniyada, İngiltərədə niyə yoxdur?!”. Onun savadsızlığı elə bu sualından üzə çıxır. Necə yəni Amerikada, Almaniyada, İngiltərədə çoxpartiyalılıq yoxdur? Bu adam hələ də bilmir ki, ABŞ-da mövcud olan siyasi partiyalar təkcə Respublikaçılardan və Demokratlardan ibarət deyil. Bu saat Birləşmiş Ştatlarda sözügedən partiyalardan başqa ümummilli miqyasda və ya ştatlar çərçivəsində bir çox iri və ya regional partiyalar fəaliyyət göstərir. Onların arasında proqressiv demokratlar da, liberallar da, liberterianlar da, neokonservatorlar da, yeni demokratlar da var.

 

Rəhim Qazıyev boş-boş danışmaqdansa, yaxşı olar ki, zəhmət çəksin, gedib bir az kitab oxusun, internetdə axtarış eləsin, siyasi biliklərini artırsın, məsuliyyətsiz fikirlər səsləndirməsin. Çoxpartiyalılıq onun iddia etdiyi kimi həqiqətən də milləti 60 yerə parçalamaq demək idisə, o zaman 44 günlük müharibə dönəmində 50 siyasi partiyanın Ordumuza və Ali Baş Komandanımıza dəstək nümayiş etdirməsi bəs nə idi? Bu, milli birliyimizin və həmrəyliyimizin təntənəsi deyildimi?”

 

 

 

“Hökumət partiyaların xarici sponsorlardan asılılığına imkan yaratmamalıdır”

 

AMIP-in sədr müavini Əli Orucov bildirib ki, çoxpartiyalılıq sivil cəmiyyətərin təmıl prinsipidir. Onun sözlərinə görə, partiyaların çoxluğu təkcə keyfiyyət məsələsi deyil, həm də kəmiyyət məsələsidir. Burda rəqabət, şəffaflıq, ideoloji fəqrlilik var:

 

“Çoxpartiyalılıq olan yerdə inkişaf var. Dayanıqlıq və varislik var. Ona görə də dövlətin təhlükəsizliyi baxımından Azərbaycanda çoxpartiyalılıq sisteminin inkişafı lazımdır. Çox təəssüf ki, Azərbaycanda çox partiyalılıq sadəcə saydadır, siyasi proseslərə təsirini göstərmir. Bu, hakimiyyətin partiyalara münasibəti və köhnə qaydalarla yanaşması ilə bağlıdır. Partiyalara son vaxtlar münasibət dəyişib. Qərərgahla təmin olunublar, müəyyən təmaslar var. Bu o demək deyil ki, Azərbaycanda siyasi partiyalara stimulverici hərəkət var. Hökumət partiyalara maliyyə dəstəyi verilməlidir, onun xarici sponsorlardan asılılığına imkan yaratmamalıdır. Elə imkan yaradılmalıdır ki, partiyalar özləri öz maddi-texniki bazalarını yaratsınlar. Türkiyədə bu sistem qurulub. Siyasi partiyaların üzvlərinə təzyiqlər göstərilmir, işdən kənarlaşdırılmır, ayrıseçkiliyə məruz qalmır. Məsələyə başqa prizmadan yanaşmaq lazımdır. Azərbaycanda ictimai və cəmiyyətin sifarişləri əsasına uyğun formalaşdırılmır. Hökumətin maraqlarına uyğun formalaşdırılır ki, bu hakimiyyətin təsiri altından kənara çıxa bilmir. Gec-tez demokratik təsisatın bu vacib elementi öz yerini tapacaqdır.

Hərə öz baxışlarına görə haqlıdır. Siyasi partiyalar heç də Azərbaycandakı kimi fəaliyyət göstərməli, cəmiyyətə təqdim olunası bir institut deyil. Onun daha geniş missiyası, əhatəli fəaliyyəri var.

Məsələn, Avropada siyasi partiyalar ictimai bir sifariş kimi yaranır və yarandığı vaxtdan etibarən verdiyi mesajlar, apardığı təbliğat, göstərdiyi ideoloji xətt geniş dəstək qazanır və tezliklə də hakimiyyətə gələ bilir. Azərbaycanda isə tamamilə fərqli bir xəttdir. Azərbaycanda demək olar ki, siyasi institutlar yoxdur”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr