Lavrov Bakıya hansı "baqaj"la gəlir? – ŞƏRH
"Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri heç vaxt xeyrimizə olmayıb"
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana işgüzar səfəri gözlənilir. Bu barədə mətbuata bildirən Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun mayın 10-11-də Azərbaycana səfər edəcəyini, mayın 5-6-da isə Ermənistanda səfərdə olacağını deyib.
Rusiya XİN rəhbərinin İrəvana səfərdən 5 gün sonra Bakıya gəlməsi birmənalı qarşılanmır. Belə güman edilir ki, Lavrovun “baqaj"ında hansısa təkliflər olacaq və onlar ətrafında İrəvanda danışıqlar aparılandan sonra Kremldə müzakirəsinə ehtiyac yaranacaq. Maraqlıdır, bu səfər zamanı Lavrov hansı məsələ ilə bağlı Azərbaycanı razı salmağa çalışacaq. Prezident Putin onu bölgəyə hansı missiya ilə göndərir?
"2016-cı ilin aprelində təcili Bakıya gəldi və inandırdı ki..."
Politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərləri heç zaman xeyrimizə olmayıb.
Politoloq qeyd edib ki, rusiyalı diplomatın bütün təşəbbüsləri ziyanımıza olub:
"2016-cı ilin aprelində təcili Bakıya gəldi və inandırdı ki, münaqişənin həlliylə bağlı “həll planı” işə düşəcək. İşğalçıya qarşı əks-hücumu dayandırdıq. Ancaq Lavrov Bakını tərk etdikdən sonra Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyini arxa plana keçirdi. Lavrov yenə gəlir. O, mayın 5-6-da Ermənistanda, mayın 10 və 11-də isə Azərbaycanda olacaq. Səfərlər arasındakı bir neçə günlük fasilə diqqətimi çəkdi. Belə çıxır ki, Lavrov mayın-5-də İrəvana gedəcək, mayın 6-da Moskvaya qayıdacaq, 4 gün keçdikdən sonra yenidən Azərbaycana gələcək. Nədən Lavrov birbaşa İrəvandan Bakıya gəlməyəcək? Görünür, Lavrovun hər iki tərəf üçün “sürpiz” təklifləri var. Lavrov həm də Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı qabaqlamaq istəyir. Çünki, Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Ramazan bayramında, yəni mayın ortalarında Şuşaya gəlmək istəyir. Bakı və Ankara bu səfərə hazırlıqlara başlayıb”.
E.Şahinoğlunun fikrincə, Moskva bu gedişatdan narahatdır. Onun sözlərinə görə, Kreml Ərdoğanın Şuşaya səfəri zamanı irəli sürəcək təkliflərdən ehtiyat edir:
"Ərdoğanın aprelin 24-də azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığından sonra “birgə addımlar atacağıq” açıqlaması da Kremli narahat etməmiş deyil. Hesab edirəm ki, Lavrov Bakıya hansı təkliflə gəlirsə-gəlsin, Kremlin növbəti hiyləsinə aldanmaq olmaz. Rusiyanın Qarabağdakı hərbçiləri Xankəndidə “hərbi parad” keçirəcək və bundan bir gün sonra Lavrov Bakıya gəlib bizi sakitləşdirməyə və “balanslı xarici siyasəti” qorumağa çağıracaq. Rusiya ilə Türkiyə bizim üçün eyni ola bilməz. Bunu Lavrova da anlatmağın zamanıdır”.
“O böyük narahatçılığa görə Lavrov bölgəyə səfər edir”
Politoloq Tofiq Abbasov Rusiya XİN rəsmisinin Bakıya səfərini regiondakı vəziyyətlə əlaqələndirib.
Onun sözlərinə görə, Azərbaycan münaqişənin həllini hərbi yolla bitirsə də, Ermənistan bununla razılaşmır:
“Ortada üçtərəfli saziş və yerinə yetirilməsi tələb olunan müddəlar var. Azərbaycan üzərinə düşən işləri vaxtlı-vaxtında yerinə yetirsə də, Ermənistan həm anlaşılmaz mövqe sərgiləyir, həm də bəzi qüvvələr orda hökumətin adından cəfəng danışırlar. Hökumətin daxilində xarici işlər naziri və baş nazir arasında olan ixtilaflar Ermənistandakı böhranı açıq şəkildə göstərir. Bir yandan siyasi qeyri-sabitlik, işsizlik, təminatsızlıq bu gərginliyi doğuran əsas səbəblərdir. Ona görə də Rusiyanın ən böyük qayğısı, problemi Ermənistandır. Rusiyanın Azərbaycanla bağlı elə bir müşkül məsələsi yoxdur. Birincisi ona görə ki, Bakı ilə Moskva arasında siyasi dialoq sabiq axarda davam edir, digər tərəfdən, qarşılıqlı anlaşma var. Bəli, vaxtaşırı regionda sülhməramlılarla bağlı problemlər yaransa da, münasibətlərimizdə qaranlıq məqamlar yoxdur”.
Politoloq bildirib ki, Rusiya ilə Ermənistan arasında çox böyük qalmaqallı problemlər yaşanır. İndi Ermənistanda Rusiyanı satqın ölkə adlandırırlar. Ermənilər üçtərəfli bəyanatda Azərbaycanla yanaşı Ermənistanın da imzasının olmasını özləri üçün problem görürlər. T.Abbasov hesab edir ki, məhz bununla bağlı Rusiyanın böyük narahatçılığı olduğuna görə Lavrov bölgəyə səfər edir:
“Lavrov çalışacaq ki, bütün bu problemlərin çözümü ilə bağlı aydın bir mənzərə yaratsın. Və təbii ki, Ermənistanı da inandırsın ki, belə getsə Rusiya hansısa qeyri-adi təsirlərə əl atmış olacaq. Müttəfiqlik əlaqələri olan Ermənistanın Rusiyanı satqın adlandırmasını Rusiya həzm edə bilmir. Rusiyanı regionda qeyri-konstruktiv əməllərə imza atması ilə hədələyir və bildirir ki, onların alternativ çıxış yolları da var. Bütün bunlar hamısı bizim diqqətimizdə olan məsələlərdir, Azərbaycanın siyasi rəhbərliyi bu prosesləri tənzimləyir”.
T.Abbasov Lavrovun Bakı səfəri zamanı Qarabağda keçiriləcək 9 may paradı ilə bağlı Azərbaycanı sakitləşdirmə cəhdlərinin olacağı ehtimalını inkar edib. Politoiloq hesab edir ki, Qarabağda keçiriləcək 9 may paradını şişirtmək lazım deyil. Onun fikrincə bu paradda Azərbaycanın da payı var, o müharibədə Azərbaycanın da oğul qızları döyüşüb:
"O ki qaldı məhz Rusiya sülhməramlılarının Azərbaycanada özbaşına parad keçirmək məsələsinə, yəqin ki, Azərbaycan rəhbərliyinin buna münasibəti olacaq. Hökumətin özünün bu məsələyə münasibəti var. Lavrovun bu məqsədlə Bakıya gəlib Azərbayacanı sakitləşdirmək niyyətinə də inanmıram. Çünki Azərbayacan sakitdir”.
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”