"Azərbaycan-NATO münasibətləri tərəfləri qane edir"
Fuad Əliyev: "Azərbaycan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir"
"Azərbaycan-NATO münasibətləri, əməkdaşlığı inkişafdadır və tərəfləri qane edir. Azərbaycan Avropa və Avroatlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir".
Versus.Az xəbər verir ki, bunu Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulmasının 27-ci illiyi ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
ALDP sədri bildirib ki, Azərbaycan Avroatlantik Tərəfdaşlıq Şurası və NATO-nun "Sülh naminə tərəfdaşlıq" (SNT) Proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir:
"SNT təlim və məşğələlərində mütəmadi iştirak nəticəsində Azərbaycan NATO-nun rəhbərliyi altında aparılan sülhməramlı əməliyyatlara qoşularaq Avratlantik təhlükəsizliyin təmin olunmasına fəal töhfə verib. Azərbaycan silahlı qüvvələrinin hərbi bölmələri Türkiyə hərbi kontingenti tərkibində Kosovo Qüvvələri və Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində NATO Silahlı Qüvvələri ilə birgə xidmət ediblər".
Ölkəmizdə səfərdə olan NATO ekspertləri, qurum rəhbərliyi bu məsələdə rəsmi Bakının mövqeyini yüksək qiymətləndirib. Bundan başqa sülhməramlılarımızın uğurlu xidməti beynəlxalq koalisiya qüvvələrinin komandanlığı tərəfindən də yüksək qiymətləndirilib, bir qrup azərbaycanlı zabit ABŞ-ın "Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət medalı" ilə təltif olunub, çoxsaylı fəxri fərmanlarla mükafatlandırılıb.
Partiya sədri bir faktı xatırladıb:
ABŞ Prezidenti Corc Buşun sülhəramlılarımızın uğurlu xidmətinə görə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təşəkkür məktubunda deyilir: "2003-cü ildən etibarən İraqda çoxmillətli qüvvələrə öz hərbçiləri ilə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə və xalqına ABŞ-ın dərin minnətdarlığını bildirirəm. Əl-Ənbər vilayətində Hadita su bəndinin həmin qüvvələr tərəfindən mühafizəsini xüsusilə yüksək qiymətləndirirəm."
Uzağa getməyək, aprelin 28-fə ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə telefonla danışığında ABŞ-Azərbaycan isti münasibətlərinə toxunmaqla yanaşı, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib. Demək istəyirəm ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olub".
Fuad Əliyev onu da vurğulayıb ki, Azərbaycan-NATO əlaqələrinin etibarlı əməkdaşlıq zəmnində yaradılması ordu quruculuğu işinin bütün sahələrində özünü qabarıq şəkildə göstərməyə başladı:
"Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin nəzdində "Sülh Naminə Tərəfdaşlıq" mərkəzi fəaliyyət göstərib. Zabitlərimiz burada keçirilən təlim və seminarlarda NATO standartlarına uyğun hazırlaşdırılıb. Azərbaycan Ordusunun NATO standartları səviyyəsində qurulması işğalçı Ermənistan üzərində 44 günlük müharibədə qazanılan qələbədə özünü göstərdi. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer alıb".
Xatırladaq ki, Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan "Sülh naminə tərəfdaşlıq" (SNT) sazişini imzalayıb. /"xalq cəbhəsi"/
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”