"Bu, “5-ci kolon”un həyata keçirdiyi anti-prezident təbliğatıdır"
Hafiz Hacıyev: "Belə məmurlar bir yerdən idarə edilir..."
Son günlər Bərdənin icra başçısı Vidadi İsayevlə bağlı ciddi narazılıqların artması barədə məlumatlar yayılır. Məlumatlarda Vidadi İsayevin rayondakı şəhid ailələri və qazilərlə kobud davrandığı barədə iddialar var. Onun adı həmçinin 44 günlük müharibə zamanı əsgər paylarının mənimsənilməsində də hallanır.
Qeyd edək ki, Vidadi İsayev ötən ilin iyulun ortalarında - Tovuz döyüşlərindən çox keçməmiş karantin qaydalarını pozaraq oğluna toy etdiyi üçün də tənqidlə üzləşmişdi.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev açıqlamasında belə məmurların qəsdən bu kimi hallara yol verdiyini bildirib:
“Belə məlumatlar tez-tez yayılır. Belə icra hakimiyyəti başçılarının üzü qara olsun. Hər dəfə deyirik ki, belələri barədə fikir bildirməyək, amma yenə də dövlətimiz, xalqımız naminə dilə gətiririk. İcra hakimiyyəti başçıları barədə belə ciddi məlumatlar rayon təşkilatları tərəfindən bizə də bildirilir. Onlar o qədər həyasızlaşıblar ki, belə tənqidləri, fikirləri nəzərə almırlar.
Bərdənin və adı belə məsələlərdə çəkilən digər icra hakimiyyəti başçıları sanki Azərbaycanın Qarabağdakı qələbəsini qəbul edə bilmirlər və qəsdən belə hallara yol verirlər. Sanki bu qələbəni gözləri götürmür. Onlar o qədər vicdansız olublar ki, öz üzərlərinə düşən adi vəzifəni belə yerinə yetirmək istəmirlər. Onlar xalqı küsdürürlər, Vətən müharibəsi zamanı qazi olanları incidirlər və bununla da qazanılan qələbənin üzərinə kölgə salırlar”.
Partiya sədrinin sözlərinə görə, belə məmurlar bir yerdən idarə edilir:
“Açığı deyim ki, bunların hamısı bir yerdən idarə edilir. Bunu həmişə demişəm, indi də bu fikrimdə qalıram. Təki mənim dediklərim öz təsdiqini tapmasın, amma neyləyə bilərəm ki, dediklərimiz öz reallığını tapır. Cəmiyyətdə narazılıq yaratmaq istəyən qüvvə var və həmin qüvvə bu gün böyük cəhdlə çalışır ki, ölkə prezidentinin qazandığı uğura kölgə salsınlar. Hazırda məhz bu proses gedir, amma kim tərəfindən idarə edilir, onu aşkarlamaq lazımdır. Mən bu proseslərin kim tərəfindən idarə olunduğunu bilirəm, amma hər dəfə deyəndə mənə etiraz edirlər ki, niyə bunları dilə gətirirsən?
Niyə Bərdənin icra başçısına bu narazılıqlarla bağlı məlumat verilmir? Bu, “5-ci kolon”un çox ustalıqla həyata keçirdiyi anti-prezident təbliğatıdır. Bunlar prezidentin uğurlarına kölgə salmaq üçün qurulmuş oyunlardır və bu oyunları kimlər oynayır, bunu Azərbaycan xalqı çox yaxşı bilir. Mən onların adını çəkmişəm, amma sonra mənə dedilər bu barədə danışma, mən də danışmıram. Hamımız bu məsələyə qarşı öz mövqeyimizi ortaya qoymalıyıq. Bizim partiyamız da bu kimi hallara qarşı mübarizə aparır və aparacaq. Görünür ki, Alimpaşa Məmmədovun taleyi bu icra hakimiyyəti başçılarını da gözləyir”. /Demokrat.az/
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”