Düşmənə mesaj-
Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində düşmənin qorxulu yuxusuna çevrilmiş “Bayraktar TB2" döyüş pilotsuz təyyarələri də daxil olmaqla müxtəlif təyinatlı PUA-ların cəlb olunduğu təlimlər keçirir.
Versus.az xəbər veriir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun silahlanmasında olan müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirirlər.
Məşq prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda əldə etdikləri vərdişlərin təkmilləşdirilməsi məqsədilə praktiki uçuşlar və təlim-döyüş tapşırıqları icra edirlər.
PUA heyətləri şərti düşmənin müdafiəsinin dərinliyindəki hədəfləri vaxtında və dəqiq aşkar edərək qarşıya qoyulan tapşırıqları icra edir, müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürürlər. Tapşırıqların icrası zamanı ərazinin optik və radioelektron kəşfiyyatının aparılması üçün nəzərdə tutulan xüsusi PUA-lardan istifadə olunur.
PUA heyətləri şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkarlanması, məhv edilməsi və müvafiq məlumatların artilleriya bölmələrinin atəşin idarəedilməsi məntəqəsinə göndərilməsi üzrə tapşırıqları da icra edirlər.
Təlim-məşq uçuşları çərçivəsində heyətlər praktiki döyüş atışları icra edərək şərti düşmən hədəflərini dəqiqliklə məhv edirlər.
Ekspertlər bu təlimlərin arxasında müəyyən mesajların olduğunu qeyd edirlər. Xüsusilə indiki vaxtda belə təlimlərin keçirilməsi təsadüfi sayılmır.
Politoloq Əhəd Məmmədli yay aylarına doğru ciddi proseslərin baş verə biləcəyini proqnozlaşdırır:
“Azərbaycan Ordusu 44 günlük müharibədən sonra qardaş Türkiyə ordusu ilə bir neçə hərbi təlimlər keçirdi. Bütün bu hərbi təlimləri xüsusi təyinatlılar keçirirdi. İndi də ”Bayraktar"lar vasitəsilə hərbi təlimlərin keçirilməsi xəbəri gəldi. Adətən xüsusi təyinatlılar antiterror əməliyyatları üçün hazırlanır. “Bayraktar”ların əsas məqsədi düşmənin canlı qüvvəsini məhv etməkdir. Görünən tərəf odur ki, erməni silahlı qüvvələrinin keçmiş Dağlıq Qarabağ ərazisindən çıxmaması Azərbaycanın ciddi narahatlıq və narazılığa səbəb olub. Bu hərbi təlimlərlə Bakı Moskvaya mesaj göndərir ki, əgər sən oradan 10 noyabr razılaşmasına uyğun olaraq erməni hərbi birləşmələrini çıxarmasan, biz özümüz onları çıxaracağıq. May-iyun ayları həm siyasi, həm hava, bir sözlə, hər baxımdan keçmiş Dağlıq Qarabağ ərazisinin ruslar nəzarət etdiyi hissəsində antiterror əməliyyatı keçirmək üçün uyğun zamandır. Düşünürəm ki, yaya doğru biz hansısa bir proseslərin yaşandığının şahidi olacağıq".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bunları dedi:
“Ermənistana qarşı genişmiqyaslı hərbi əməliyyatlara artıq ehtiyac yoxdur. Çünki Ermənistanın ordu deyilən bir şeyi qalmayıb, iqtisadi gücü də yoxdur ki, ordusunu bərpa etsin. Ona görə də yaxın vaxtlarda ermənilərə qarşı müharibədən yox, məsələn, antiterror əməliyyatından danışmaq olar. Hazırda bizi narahat edən məsələ Dağlıq Qarabağın rus sülhməramlıları tərəfindən nəzarətdə saxlanılan əraziləri ilə bağlıdır. Rusların himayəsi altında orada müxtəlif qanunsuz silahlı dəstələr fəaliyyət göstərir. Eyni zamanda Laçın dəhlizindən oraya müxtəlif təhlükəli qruplar, fərdlər daxil olur. Antiterror əməliyyatı bu təhlükə mənbələrinin yox edilməsi, zərərsizləşdirilməsi üçün aparılmalıdır ki, Azərbaycan hakimiyyəti orada tam bərqərar olsun. Antiterror əməliyyatında da PUA-lardan geniş istifadə oluna bilər. Bu təlimlər yəqin ki, həmin məqsədə xidmət edir. PUA-lar vasitəsilə, təlimlərə dair məlumatda da qeyd olunduğu kimi, düşmənin dərinliklərində hədəfərin aşkar edilməsi, izlənilməsi, koordinatlarının müəyyən edilməsi, zərərsizləşdirilməsi üçün səmərəli istifadə oluna bilər”.
Versus.az
Xəbər lenti
"Ölkəmizə qara hədyanlar yağdıran bu qüvvələrin məqsədi başqadır”
“Bu konfrans çağdaş dövrümüzün ən uğurlu hadisəsi kimi öz nəticəsini göstərəcək"