Qara gölün ermənilərə "satılması" iddialarına CAVAB

20:29 20-05-2021 | icon 978 | Qarabağ
Qara gölün ermənilərə "satılması" iddialarına CAVAB

Sovet dövründə Laçın Rayon Partiya Komitəsinin birinci katibi, müstəqillik dövründə isə Rayon İcra Hakimiyyətinin başçısı işləmiş tanınmış dövlət xadimi Muradxan Cabbarovun oğlu Fuad Cabbarov uzun müddətdir gündəmi zəbt edən Qara göllə bağlı məqalə yazıb. O, yazısında Qara gölün Ermənistan satılması haqqında iddialara cavab verib.

 
 
Versus.Az F.Cabbarovun məqaləsini təqdim edir:
 
 
"Bu günlər ordumuzun şanlı zəfərindən sonra Ermənistanla dövlət sərhədlərimizin müəyyən edilməsi prosesi gedir. Bu fonda bir sıra fikirlər, mülahizələr həm sosial şəbəkələrdə, həm də KİV-də səslənir. Səslənən fikirlər arasında Sovet dövründə Ermənistanın müxtəlif bölgələrdə Azərbaycan torpaqlarına iddiası, ərazilərin ermənistana verilməsi, xüsusilə də Laçının Qara göl ərazisi ilə bağlı mülahizələr üstünlük təşkil edir. Sosial şəbəkələrdə bəzən Qara gölün bir hissəsinin Sovet dövründə atam Laçın RPK-nin birinci katibi işləmiş Muradxan Cabbarov tərəfindən “satılması”, “bağışlanması” və ya buna “cəhd” edilməsi kimi cəfəng replikalara rast gəlinir. Təbii ki, bu məni narahat etsədə onlara cavab vermək fikrində deyildim, bu hərəkətlərini onların cahilliyi və savadsızlıqlarından irəli gəldiyini anlayıram və həmin səviyyəyə enməyə lüzum görmürdüm. Lakin, may ayının 15-də “reyting.az” saytında prof. Qabil Hüseynlinin də müsahibəsində bu kimi fikirləri səsləndirməsi doğrusu məni çox təəccübləndirdi və cavab verməyə məcbur etdi. Çünki, sosial şəbəkədə hansısa bir şəxsin fikrinin təsiri ilə cəmiyyətdə tanınan və politoloq, tarix elmləri doktoru kimi titullara malik şəxsin fikrinin təsiri və yükü fərqlidir.
 
 
İlk olaraq sosial şəbəkələrdə Qara göl Cabbarov tərəfindən “satıldı”, “bağışlandı” kimi atmacalar atan cahil qardaşlarıma bir daha anlatmaq istəyirəm. Bu gün Azərbaycanda bir rayon daxilində kəndin inzibati ərazi bölgüsünün və ya adının dəyişdirilməsi Milli Məclisin qərar qəbul etməsi və bunun Qanun formasında Prezident tərəfindən təsdiqlənməsi ilə mümkündür. Başqa heç kimin, o cümlədən rayon İH Başçısının buna səlahiyyəti yoxdur. Bu sovet dövründə də belə idi. Respublika Ali Soveti və Nazirlər Kabineti. Respublikalar arasında sərhədlərin dəyişdirilməsi respublikaların qeyd olunan qurumlarının təsdiqi və əlavə olaraq SSRİ Ali Sovetinin və Nazirlər Kabinetinin qərarı ilə mümkün ola bilərdi. Belə olan halda bir respublikanın ərazisinin başqa respublikaya RPK-nin I Katibi tərəfindən verilməsini iddia etmək nə deməkdi? Bu yalnız iki halda mümkündür ya insan 2-yə vurmanı bilməyəcək qədər savadsız və ya əqli qüsurlu olmalı, ya da mənəvi və əxlaqi dəyərlərdən tamamilə məhrum olmuş qərəzli biri olmalıdır. Kimsə yenə bu fikirdə qalırsa zəhmət olmasa sosial şəbəkələrdə boş-boş danışmaq əvəzinə buyursun vətənini, torpağını sevən ləyaqətli bir şəxs kimi məhkəməyə və ya prokurorluğa müraciət etsin. Çərənçilik etmək kifayətdir. Mən atam əvəzinə cavabdeh olmağa hazıram. 
Laçına bağlılığınız, sevginiz varsa heç olmasa haqqında böhtan dediyiniz şəxsin işlədiyi dövrlərin sosial-iqtisadi göstəricilərinə baxın, rayonun 60-80-ci illər arasında hardan hara inkişaf etdiyini görün. O zaman kimə ləkə yaxmağa cəhd etdiyinizi anlayıb bəlkə utanasınız. Muradxan Cabbarovun Laçının inkişafı, müasirləşməsi üçün etdiyinin yarısı qədər Laçında bir fəaliyyət də bilsəniz mənə də deyin, mən ancaq buna sevinərəm.
 
 
İndi də Qabil Hüseynlinin iddiaları ilə bağlı fikirlərimi bildirim. O müsahibəsində deyir: “Laçın rayonunun Qara göl ərazisində hadisələr çox da uzaq olmayan tariximizdə baş verib. Yəni sovet hakimiyyətinin dağılmasına bir neçə il qalmış həmin əraziləri Moskva Azərbaycandan alaraq Ermənistana verdi. Mən xatırlayıram, həmin dövrdə orada birinci katib, sonra icra başçısı işləyən Cabbarov soyadlı şəxs cənfaşanlıq edirdi və ərazinin ermənilərin istifadəsinə verilməsində rol oynayırdı”.
 
 
“Sovet hakimiyyətinin dağılmasına bir neçə il qalmış” ifadəsindən belə çıxır ki, söhbət ən uzağı 1988-89-cu illərdən gedir. İlk onu deyim ki, atam Laçında birinci katib 1962-1980-ci illər arasında işləyib. Bu məsələnin mahiyyətində önəmli bir fakt deyil. Sadəcə tarix elmləri doktorunun şərh verdiyi dövrlə bağlı belə yanlışlığa yol verməsi peşəkarlıq baxımından yumşaq desəm qüsurludur. Hörmətli politoloq, 1988-1989-cu illərdə ermənilər təkcə Qara göl və müsahibədə dediyiniz digər ərazilərə yox Qarabağa, Kürə qədər olan ərazilərimizə iddialı idilər və bunu reallaşdırmağa hazırlaşırdılar. Bəlkə də o vaxt bunu görməmək olardı. Amma bu gün də?
1988-ci ildə artıq soydaşlarımız Ermənistandan qovulmuşdu, keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi açıq bir iddia olaraq ortalığa qoyulmuşdu, Xankəndində mitinqlər, nümayişlər keçirilirdi, toqquşmalar baş verirdi, ölənlər yaralananlar var idi. Yəni artıq ermənilərin bizim üçün düşmən olduğu, qanımıza susadıqları, torpaqlarımızı mənimsəməyə çalışdıqları heç bir azərbaycanlıda şübhə doğurmurdu. Və belə bir zamanda “orada birinci katib, sonra icra başçısı işləyən Cabbarov soyadlı şəxs cənfaşanlıq edirdi və ərazinin ermənilərin istifadəsinə verilməsində rol oynayırdı”. Nə danışdığınızı anlayırsız Qabil Hüseynli? Etdiyiniz təhqirin miqyasının fərqinə varırsız? İnsanı nədə ittiham etdiyiniz dərk edirsiz? Düşmənlə əlbir olmaqda? Torpağına xəyanətdə? Sizin ümimiyyətlə haqqında danışdığınız şəxs barəsində məlumatınız var? Deyək ki, belə bir fikir hardansa sizin başınıza girib. Heç sual vermədininz görəsən bu adam kimdi? Niyə belə edib?
 
 
Laçının torpaqlarının bir hissəsi atamın babalarına aid olub. Hər iki babası 1918-ci ildə öz silahlı dəstələri ilə digər laçınlılarla birgə Xosrov bəyin təşkilatçılığı və rəhbərliyi ilə ermənilərə qarşı döyüşüb. Həmin illərdə Şuşada ermənilər azərbaycanlılara qarşı silahlı təxribat törədəndə atamın babası Cəfər bəy öz dəstəsi ilə Şuşada da döyüşüb. O biri babası isə Laçında ermənilərlə döyüşdə şəhid olub. Yəqin babalarının ruhların şad etmək üçün “cənfaşanlıq edirdi və ərazinin ermənilərin istifadəsinə verilməsində rol oynayırdı” ya da bütün həyatı boyu yorulmadan qurub yaratdığı, sonsuz bağlı olduğu Laçın üçün çəkdiyi zəhmətləri heç etmək üçün. 
Sadəcə ayıbdı! Bilib-bilmədən, sadəcə nəsə demək xatirinə insanlar haqqında ağlına gələni danışmaq heç bir mənəvi və əxlaqi çərçivəyə sığmır.
 
 
Deyək ki, həmin dövrdə, istərsə də ondan da əvvəl Laçında, Qazaxda və ya digər yerdə müsahibədə deyildiyi məqsədlə canfəşanlıq edən bir birinci katib olub. Bu ölkənin rəhbərimi olmayıb, hüquq mühafizə orqanımı olmayıb, bunun qarşını almağa cəhd edən bir adam da olmayıb? 88-90-cı illərdə Azərbaycanda artıq xalq hərəkatı fəaliyyətdə idi və yetəri qədər nüfuza və təsir gücünə malik idi. Qabil Hüseynli də bu hərəkatda var idi ən azından sıx təmasda idi. Əgər söylədikləri doğrudursa niyə o vaxt xalq hərəkatı vasitəsilə bu məsələni qaldırmırdı, ictimailəşdirmirdi, tədbir görülməsini tələb etmirdi?
 
 
Politoloq, tarix elmləri doktoru, Azərbaycanda bütün əsas partiyaların üzvü olmuş (AMİP, iqtidarda təmsil olunma, ADİP, Musavat və s.) bir şəxsin bu qədər heç bir məntiqə sığmayacaq şəkildə atam haqqında əsassız fikirlər səsləndirməsininin səbəbini heç cür başa düşə bilmirəm.
 
 
Belə fikirlər bir neçə halda səsləndirilə bilər. İnsan həddən artıq dərəcədə savadsız və ya əqli qüsurlu olarsa. Qabil Hüseynli haqqında bunu iddia edə bilmərəm. Bir insana qarşı şəxsi qərəzlik əsasında (heç bir münasibətimiz olmayıb) ya da kiminsə xahişi (yəni bir mövzuda müsahibə ver amma bu adam haqqında bu fikirləri də de sən də gündəm də qal, biz istəyən də olsun) və ya sifariş (nəyinsə müqabilində) 68 yaşlı insana bunları da sığışdıra bilmərəm, əsasım yox. Bu variantların heç birinə üstünlük verə bilmirəm, amma ağlıma başqa səbəb də gəlmir. Bilinər İnşallah.
 
 
Mən başqalarının fəaliyyətinə və vətən sevgisinə qiymət vermək fikrində deyiləm bunu böyük insanlar, şəxsiyyətlər edə bilər. Q.Hüseynlinin oxuduğum bir neçə yazılarında ozünün peşəkar siyasətçi, vətənsevər, siyasi birlik tərəfdarı, həqiqət mübarizi olduğunu deyir. Son müsahibəsində isə Muradxan Cabbarovu cənfaşanlıq edərək Qara göl ərazisinin ermənilərin istifadəsinə verilməsində rol oynamış bir şəxs kimi qiymətləndirir. Belə olan halda  bir sual məni düşündürür, görəsən niyə mərhum Prezidentimiz Heydər Əliyev Qabil Hüseynli kimi “peşəkar siyasətçi, alim, vətənsevər, siyasi birlik tərəfdarı, həqiqət mübarizi” olan bir şəxsin vəzifədən azad edilməsi haqqında sərəncamında siyasi riyakarlığına görə ifadəsi işlədərək imzalayıb, amma “cənfaşanlıq edərək Qara göl ərazisinin ermənilərin istifadəsinə verilməsində rol oynamış” Muradxan Cabbarovu 1996-cı ildə Azərbaycan Bayrağı Ordeni ilə təltif edib? Maraqlı sualdı.
 
 
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə atam Laçın rayonuna rəhbərlik edib, təkcə 1993-cü ilin 15 iyun tarixindən 1994-cü ilin 06 aprel tarixinədək 10 aya yaxın müddət istisna olmaqla. Bir dəfə atamdan soruşdum ki, Heydər Əliyevlə ən uzun müddət işləyən insanlardansan. Belə bir böyük şəxsiyyətlə, hər şeydən məlumatı olan tələbkar rəhbərlə işləmək yəqin çox ağır və çətindir. Kiçik fasilədən sonra gülümsəyərək “Yox bala, əslində əsas üç şeyə əməl edə bilənə çətin olmaz” soruşdum nəyə. Dedi “birinci heç zaman ona yalan məlumat vermə, dürüst ol, ikinci xəyanət etmə, üçüncü, verdiyi göstərişləri bacardığın qədər yüksək səviyyədə icra et”. Q.Hüseynlinin işdən azad olunması sərəncamına baxanda bu hadisə yadıma düşdü və düşündüm yəqin birinci və ikinci bəndləri gobud şəkildə pozub.
 
 
Qısaca demək istəyirəm ki, hörmətli Hüseynli Qabil müəllim atam Muradxan Cabbarov haqqında cox ağır ittihamlar irəli sürüb. Bu vətənə xəyanət, düşmənlə iş birliyi, dövlət və cəmiyyət əleyhinə ağır cinayət törətməkdə ittihamdır. Xüsusilə də qeyd edim ki, müsahibədə Q.Hüseynli “eşitdiyimə görə”, “deyilənlərə görə” ifadələrini yox, bir başa “xatırlayıram” ifadəsini işlədib. Bu isə artıq dedikləri fikirlərin ona məxsus olduğunu təsdiq etdiyi, faktlar bildiyi və konkret ittiham irəli sürdüyü anlamına gəlir. Buna görə də ən qısa zamanda atam Muradxan Cabbarov haqqında dediklərini sübut etmək məcburiyyətindədir və bunu etməsini tələb edirəm. Əks halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2. “Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma” maddəsinə əsasən baxılması üçün aidiyyəti üzrə müraciət etməyə məcbur olacağam.
 
 
Bir neçə söz də müsahibə haqqında. Müsahibədə bir sıra məqamlar onun əvvəlcədən qərəzli şəkildə təşkil olunmasına şübhələr yaradır. Müsahibə son günlər sərhədlərin müəyyən edilməsi prosesi zamanı ermənilərin təxribatlarına və erməni tərəfinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməsinə politoloq Q.Hüseynlinin münasibətini öyrənməyə həsr edilib. Müsahibənin əvvəlində mövzuya giriş etmədən, mövcud vəziyyətə ilkin aydınlıq gətirilmədən 2-ci abzasda bir başa bu üzdən iraq ittihamlar irəli sürülür. Bu ifadələr nədənsə bir başa manşetə çıxarılır. Mövzunu nəzərə alsaq həmin fikirlər manşetə çıxarılacaq son ifadələrdi, çünki mövzunun əsas fikri deyil. Məncə KTMT-yə müraciət, Fransa və ya Rusiyanın rolu ilə bağlı məqamlaq manşet üçün daha uyğun olardı. Digər məqam müsahib Qara göllə bağlı fikirlərini bu tərzdə ifadə etdiyi halda digər bölgələrdə oxşar hadisələri sadəcə “ermənilər ələ keçirdi” kimi ifadə edir. Müsahibədə sadəcə müəyyən faktlar sadalanır mövcud vəziyyətlə bağlı hər hansı təhlili fikir, hadisələrin gedişatına dair ehtimallar demək olar ki yoxdur. Sanki bu müsahibə ancaq məlum fikirlərin manşetə atılması üçün hazırlanıb təsuratı yaradır. Mən jurnalist deyiləm ola bilər yanılım. Amma bunun jurnalistika baxımından araşdırılmasını Mətbuat Şurasından xahiş edirəm. Ehtiyac olsa əlavə də müraciət etməyi düşünürəm.
 
 
Son olaraq bir məsələyə də toxunmaq istərdim. İndi sərhədlərin müəyyən edilməsi ilə bağlı ölkəmiz çox həssas dönəmdədi. Hazırkı vəziyyət hər bir vətəndaşdan məsuliyyətli olmağı tələb edir. Bu gün Vətən Müharibəsi dövründəkindən də çox milli birliyə ehtiyacımız var. İstərdim ki, insanlarımız, xüsusilə də gənclərimiz hadisələrə daha çox emosional yox, soyuqqanlı, düşüncə ilə yanaşsınlar, sınanmış, doğru insanların sözlərinə inansınlar. Təəssüf ki, hər zaman həssas dönəmlərdə cəmiyyətimizdə insanların təbii duyğularından və ya məlumatsızlığından istifadə edərək ayrıseçkilik, dedi-qodu, böhtançılıq mühüti yaratmaqla, insanları ləkələməklə fikirləri məsələnin mahiyyətindən fərqli istiqamətlərə yönəltməyə, ölkəni geriyə sürükləməyə çalışan bir qaragüruh peyda olur. İnsanlarımızı bu qargüruhdan uzad durmağa, aldanmamağa çağırıram.
Son 2-3 əsrdə ilk dəfə torpaqlarımızı azad etmək kimi şərəfli hisslər keçirdik. Bu il ilk dəfə 18 mayda gözümüzdən kədər yaşları axmadı. 18 may tarixi hər zaman qəlbimizdə yara olaraq qalacaq, ancaq şükürlər olsun ki, bu artıq qanayan yaramız deyil. Bu zəfərə görə qətiyyətli Ali Baş Komandanımıza, cəsur sərkərdələrimizə, qəhrəman əskər və zabitlərimizə, milli birliyimizə borcluyuq. Bu qələbənin tam bərqərar olmasını, vətənimiz və gələcəyimiz üçün misilsiz fayda verməsini təmin etmək isə qələbəni bizə bəxş edənlərin, xüsuilə də şəhidlərimizin qarşısında bizim borcumuzdur. Bir millət olaraq buna köklənməli olduğumuzu düşünürəm.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ