"Bizim üçün bir rəqib var, o da Yeni Azərbaycan Partiyasıdır”
Nizami Verdiyev: "Bu, müxalifətin son 15 ildə atdığı səhv addımlarla bağlıdır"
İqtidarın son zamanlar əhalinin sosial, iqtisadi vəziyyətinin yaxşılaşmasına təkan verən addımları onun sosial dayaqlarını getdikcə gücləndirib. Müxalifətin güc və nüfuz baxımından iqtidara yaxınlaşması üçün hansı alternativ addımları ata biləcəyi də müxalifət partiyalarının müzakirə mövzusuna çevrilib. Müxalifətin belə bir şəraitdə özünün cəmiyyətdəki rolunu, siyasi mövqelərini möhkəmləndirmək, gücləndirmək üçün hansı addımları ata biləcəyi də maraqla qarşılanır. Artıq müxalifət mövcud olduqları anlaşılmaz durumdan çıxmaq üçün “ənənəvi mübarizə üsulları, yaxud yeni taktika ilə hərəkət etməli” “dilemmasını” aşmaq üçün üsullar axtarmaqdadır. Son bir neçə ay ərzində siyasi müxalifət partiyaları arasında hərəkatlanma, partiyaların bir-biri ilə əməkdaşlıq əlaqələrinə can atması, bu cəbhənin üzləşdiyi problemləri dəf etmələri üçün cəhdlər etdiyini nümayiş etdirdi. Görünən odur ki, hələ də müxalifət istənilən nəticəni ala bilmir. Səbəb və ehtimallar müxtəlif olsa da, birmənalı olan yanaşmalar da mövcuddur.
Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib ki, müxalifətin bir çox hallarda bir araya gələ bilməməsi, bir-birinə qarşı neqativ yanaşmaları bu problemləri aşmasına imkan yaratmır.
N.Verdiyevin fikrincə, buna görə də narazı elektorat müxalifətə inamsızlıq nümayiş etdirir:
"Əvəzində isə bir çox müxalifət liderləri yalnız özlərini "mənəm güclü, mənəm birinci" şüarları ilə qabağa çıxmağa çalışırlar. Lakin bunların da heç bir faydası olmayacaq, çünki xalq nə qədər narazı olsa da, müxalifətdəki bir çox simaların yanlışlarını görüb və görməkdə davam edir”.
Ölkədə narazı elektoratın olduğunu bildirən ALDP funksioneri təəssüflə qeyd edib ki, müxalifət narazı olan vətəndaşların böyük bir hissəsini öz ətrafına cəlb edə bilmir:
“Bu, müxalifətin son 15 ildə atdığı səhv addımlarla bağlıdır. Artıq demək olar ki, insanlar müxalifətdaxili çəkişmələrdən, ”agent" axtarışı səhnələrindən, partiyaların bir-birinə qısqanclığı, keçmişdən qopa bilməməsi insanlarda müxalifətə qarşı ikrah yaradıb. Artıq insanlar köhnə simalardan və köhnə ritorikaladan beziblər. Sosial kəsim siyasi səhnədə yeni simaları görmədiyinə görə siyasiləşmir və etimadı itirdiyinə görə ümumi müxalifətə dəstək vermir. Amma müxalifətin də öz elektoratının qarşısında öhdəsinə götürdüyü bir məsuliyyət var”.
N.Verdiyev yeni müxalif güclərin yaranıb təşkilatlanmasına, iqtidara rəqib ola biləcəyinə və yeni gücün formalaşmasına təsir edəcək müxalifət formalaşdıra biləcəyinə ümid etdiyini bildirib:
“Müxalifət mövcud siyasi və sosial problemlərdən, həmçinin yeni metodlardan və yeni texnologiyalardan istifadə etməyi bacarmalıdır. Müxalifət nə qədər zəif və ona olan inamını itirmiş olsa belə, dövlətin və cəmiyyətin inkişafı məsələsi, müxalifətin özündə güc tapıb, vətəndaşlarının inamını və dəstəyini yenidən qazanıb dirçələcəyinə inanıram. Mən bu prosesin daha çox siyasətə atılan yeni simaların, demokratik kəsimlə bir araya gəlməsi ilə gerşəkləşə biləcəyini düşünürəm. Müxalifətin fəaliyyətinin inkişafından danışarkən xüsusilə heç bir qarşıdurmaya yol veməyən, yalnız səmimi qəlbdən ölkənin inkişafına yönəlik islahatların aparılması naminə çalışan, öz maraqlarını deyil, ümummilli maraqları hər şeydən üstün tutan siyasi fiqurların meydana gəlişini nəzərdə tuturam. Yeni müxalif güclərin yaranması və təşkilatlanması iqtidara rəqib ola biləcək və yeni gücün formalaşmasına təsir edəcək müxalifəti formalaşdıra bilər. Hər halda buna ümid edirik. ALDP olaraq yeni güc mərkəzin formalaşdırılması istiqamətində digər partiyalarla əməkdaşlığa hazır olduğumuzu bildirmişik. Bizim üçün özünü müxalifət partiyası hesab edənlər rəqib deyirlər. Bizim üçün bir rəqib var, o da Yeni Azərbaycan Partiyasıdır”.
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”