"Yeni məscidin Şuşanın landşaftına uyğunlaşdırılmasında problem görmürəm"
Elçin Əliyev: "Borcluyuq ki, mədəniyyətimizi əks etdirən ən yaxşı memarlıq abidələri inşa edək"
Azərbaycanın tarixi şəhərlərindən olan Şuşa işğaldan azad olunandan sonra bərpa edilir. Şuşada yeni məscid də inşa olunacaq. Məscidin layihələndirilməsi işinin italiyan memara tapşırıldığı iddia edilir. Tarixi şəhərdə tikilən yeni məscidin hansı memarlıq üslubunda inşa ediləcəyi və şəhərə nə kimi gözəllik qata biləcəyi maraqla gözlənilir.
Versus.Az xəbər verir ki, bu mövzuda müsahibə verən memar, professor Elçin Əliyev maraqlı fikirlərə diqqət çəkib.
- Elçin müəllim, müasir üslübda tikiləcək Şuşa məscidinin tikintisi şəhərin memarlıq üslubuna necə uyğunlaşdırılmalıdır?
- Tarixi şəhərlərdə qədim tarixin və müasir memarlığın yanbayan olması normaldır. Bu, dünyanın bütün şəhərlərində var. Məsələn, mən İçərişəhərdə müasir binaların tikintisinin əleyhinə deyiləm. Bu normal prosesdir. Ona görə də Şuşada tikilən yeni məscidin müasir dövrün tələblərinə əsasən inşasına müsbət baxıram. Belə memarlıq ölkənin inkişafının əksidir. Biz dünyaya göstərməliyik ki, gözəl müasir memarlıq əsərlərimiz var və bu da inkişafın əksidir.
Bilirik ki, Şuşada ayrı dinlərin memarlıq abidələri də yer alır ki, ən görkəmli yerlərdə dayanırlar. Ona görə də bir azərbaycanlı kimi borcluyuq ki, ən gözəl yerlərdə mədəniyyətimizi əks etdirən ən yaxşı memarlıq abidələri inşa edək. XXI əsrdə durub qədim üslubda məscid tikmək düzgün olmaz. Ona görə də Şuşada yeni bir məscidin tikilməsi müasir standartları əhatə etməklə yanaşı, əminəm ki, şəhərin də landşaftına uyğun düzgün yerdə otuzdurulacaq. Dəfələrlə Qarabağda olmuşam və görmüşəm ki, onlarca məscid, kilsə dağların ətəyində tikilib və çox gözəl görünür. Yeni məscidin Şuşanın landşaftına uyğunlaşdırılması məsələsində bir problem görmürəm.
- Şuşada yeni məscidin italyan memara tapşırıldığı bildirilir...
- İstəyimizdən asılı olmayaraq, müasir memarlıq tarixi Bakıya, Şuşaya və digər şəhərlərə də gəlir. Yeni memarlıq mühitə daxil olur və təbii ki, qədim memarlığın yanında yeni memarlıq dayanır. Biz bu prosesin qarşısını ala bilmərik. Söhbət yeni memarlığın keyfiyyətindən gedir. Təbii ki, bu yeni memarlığı peşəkarlar layihələndirir. Burada məndə sual yaranır. Dəfələrlə bildirmişəm; mütləq açıq, şəffaf şəkildə memarlıq müsabiqələri keçirilməlidir ki, sifarişçilərdə seçim olsun. Bilmirəm bu italiyalı memar kimdir, ppeşəkarlığı nə qədərdir və sözün düzü, istəməzdim ki, bir memar kimi başqa bir memarın işinə qiymət verim. Hesab edirəm ki, bizim hökumətimiz açıq, şəffaf şəkildə müsabiqə elan edib, Azərbaycan memarlarına 1 ay vaxt versəydi, hər memarımız bu müsabiqədə iştirak edib yüzlərlə ideya ortaya qoya bilərdi.
- Bir çox hallarda belə fikirlər səslənir ki, xarici memarların gəlib müsəlman ölkələrində milli ornamentləri əks etdirən memarlıq abidəsi yaratması mübahisə ilə qarşılanır. Belə hesab olunur ki, bunun üçün memarlar xüsusi biliyə, təcrübəyə malik olmalıdır. Siz necə hesab edirsiniz?
- Hesab edirəm ki, hər bir memar - istər italiyalı olsun, istər azərbaycanlı, fərqi yoxdur - hər üslübda işləyə bilərlər. Bakının ən qızıl memarlıq dövrü XIX əsrin sonu, XX əsrin əvvəllərinə təsadüf edir. Biz o dövrün “Ar Nuvo” memarlığı ilə fəxr edirik. Onların 90 faizi əcnəbi memarlardan - almanlar, polyaklar, ruslar və başqa xarici memarlar tərəfindən layihələndirilib. Həmin memarlar ovaxtkı Bakının simasını yaradıb. Biz görürük ki, bu həm Avropa memarlığıdır, həm də orada bizim milli elementlərimiz var. Bu memarın yaşadığı, anadan olduğu yerdən, milliyyətindən asılı deyil. Memar ppeşəkardırsa, o, hər bir üslübda, hər bir regionda layihələndirmə apara bilər.
Bundan başqa memarlığı milliyyətə bölmək olmaz. “Milli memarlıq” düzgün termin deyil. Milli memarlıq olmur. Hər bir regionun özünəməxsus memarlığı var. Ümumən baxanda millilik bu memarlıq layihəsində hiss olunur. Hesab edirəm ki, müsabiqə olsaydı, bu layihədə yaxşı təkliflər də olardı.
Ümumiyyətlə, memarlıq ümumdünya sənətidir. Professional memar hər bir üslubda çıxış edə, hər bir layihəni işləyə bilər. Məsələn, azərbaycanlı memar kimi həm pravoslav kilsəsini bərpa eləmişəm, həm də katolik kilsəsinin layihəsini işləmişəm. Müsəlmanam və o vaxta qədər heç kilsələrə girmirdim. Layihəni peşəkar şəkildə işlədim, sifarişçinin də xoşuna gəldi. Ona görə burada bir problem görmürəm. Məsələn, Polşa memarı Jozep Kvosko “Nizami” metro stansiyasının yanında yerləşən Hacı Sultan Əli Məscidini layihələndirib. Görün nə gözəl memardır. Təzəpir Məscidini isə Polşa memarı Skivinski layihələndirib. Məscid milli ornamentlərlə çox gözəl bəzədilib. O dövrdə, çox təəssüf ki, bizdə Azərbaycan memarları çox yox idi. Ona görə də İtaliya memarının Şuşada məscid layihələndirməsində bir problem görmürəm.
- Elçin müəllim, sizin Şuşada və Qarabağın digər ərazilərində abidələrin bərpası ilə bağlı müsabiqənin keçirilməməsi ilə bağlı narahatlığınızı Şuşa Turizm İdarəsinin rəhbəri ilə bölüşəndə o bildirdi ki, abidələr yenidən qurulmur ki, müsabiqə keçirilsin. Ona görə müsabiqəyə ehtiyac yoxdur.
- Bu, yanlış yanaşmadır. İstər tarixi şəhər olsun, istər müasir, istər bərpa layihəsi olsun, dünyada müsabiqələr keçirilir. Mən özüm 10 il qabaq Misir piramidalarının bərpası ilə bağlı müsabiqə keçirilərkən, orada iştirak edirdim. Ümumiyyətlə sivil, normal olan ölkələrdə memarlıqla bağlı olan hər bir problem üçün müsabiqələr keçirilir. Leninin vaxtında Azərbaycanda 20-ci illərdə, Stalinin o repressiya illərində müsabiqələr keçirirdilər. Azərbaycanın tarixində yeganə vaxtdır ki, biz müsabiqələrdən imtina edirik. /"həftə içi"/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"