Sosial şəbəkələrin erməni seqmentində Azərbaycan və Ermənistan hərbçiləri arasında baş verən növbəti qarşıdurmanın videosu yayılıb.
Görüntülərdən bəlli olur ki, təxribat məqsədi ilə bir qrup erməni əsgəri Azərbaycan postuna tərəf irəliləyərək bitişik əraziyə nəzarəti ələ keçirməyə çalışıb. Eyni zamanda, onlar Azərbaycan hərbçisini mühasirəyə alaraq ona qarşı güc tətbiq etməyə çalışıblar.
Caliber.Az-ın mənbələri bu məlumatın doğruluğunu təsdiqləyib. Hadisə bir neçə gün əvvəl Laçın rayonu ərazisindəki Azərbaycan-Ermənistan sərhədinin Zəngəzur istiqamətində baş verib. Hadisədən dərhal sonra Azərbaycan ordusunun bölmələrinin adekvat və qəti tədbirləri sayəsində düşmən bu ərazidən çıxarılıb. Eyni zamanda, Azərbaycan hərbçiləri bir neçə daha əlverişli mövqedə möhkəmləniblər və əraziləri nəzarətə götürüblər.