BİR BAŞQA 28 MAY...
QƏNİRƏ PAŞAYEVA
/Milli Məclisin Mədəniyyət komitəsinin sədri/
Azərbaycan Xalq Cümhuriyyətinin elanından 103 il ötür. İlk növbədə bütün dünya azərbaycanlılarını 28 may bayramı günü münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm!
Bu il bir başqa 28 maydır. “Niyə”si gün kimi aydındır: bu il Şuşalı bayramdır. Şuşasız bayramlarımızda bayram dadı, ovqatı, həvəsi kəm qalırdı... Amma üfüqümüz, dərinliyimiz, ağırlığımız hər zaman yerindəydi. Bilirdik ki, "Bir kərə yüksələn bayraq bir daha enməz"! Müqəddəs bayrağımızın yüksəlməsi üçün respublika ərazisindəki ən münasib yer Şuşadır, əlbəttə. Əlbəttə, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”! kəlamının bir yolgöstərən, ruh və mübarizə qaynağı olduğunu bilirdik.
Və nəhayət gün gəldi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” – bu, Şuşanın özü kimi əziz müjdəni eşitdik. Gözümüz, qulağımız, könlümüz təzələndi, üzümüzə həqiqi gülüş gəldi, sevinc, fərəh tanıdıq, əsl bayram nədir? – o an bildik! Və indi – Cümhuriyyətin elanından 103 il, dövlət müstəqilliyinin bərpasından 29 il 7 ay, Şuşanın azadlığından 6 ay 20 gün keçdikdən sonra dünyanın dörd yanından, Azərbaycan Prezidentinin ünvanına çoxsaylı təbriklər gəlməkdədir. Yubiley günü deyil və bu qədər çoxsaylı, məhəbbət dolu məktubların yalnız “protokol təbriki” ənənəsi ilə bağlı olmadığı bəllidir; bu, məktubların az qala hamısından Şuşa qoxusu gəlir. Qalib Azərbaycanın qalib Prezidenti təbrik edilir! Bu xoş, bu gözəl fərqi görməmək mümkün deyil. Dost da, dost olmayan da yeni reallığın doğurduğu iqlimi, ovqatı görür, gizlədə bilmir və onu müəyyən şəkildə təcalla etdirir. Heç şübhəsiz, Qarabağda tarixi zəfər birdən-birə meydana gəlmiş hadisə olmadığı kimi, bayram təbriklərinin göndərilməsi, o təbriklərin məzmunu da anidən formalaşmayıb. Qələbə üçün illər uzunu iş aparılıb, məqsədyönlü siyasət yürüdülüb-bu bəllidir; o da bllidir ki başqa dövlətlərlə münasibətlər, dostluq, strateji müttəfiqlik, qardaşlıq da, etibarlı tərəfdaşlıq, ləyaqətli və məsuliyətli davranış sayəsində əsl gözəllik, mahiyyətə uyğun məzmun daşıyıb. Müstəqil respublikamız özünəxas beynəlxalq nüfuza malikdir. Özəlliklə, bölgənin lideri və beynəlxalq təşəbbüslərin gerçək, məsuliyyət və ləyaqətə sahib müəllifi olan Azərbaycan, əldə etdiyi uğurlar, qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz statusunun yüksəlməsinə nail olub. Dünyanın fərqli coğrafiyalarında yerləşən 60-dan artıq ölkənin başçısının Azərbaycan Prezidentinə Təbrik məktubu yazması, o məktublarda ifadə olunan fikirlər respublikamızın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun parlaq göstəricisidir. Bəli, Azərbaycan bölgədə yeni reallıq yaradıb və bu reallıq dünyanın siyasi xəritəsində status və rolumuzu artırıb. Vətən Müharibəsindən keçən aylar içində respublikamızın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ-la Rusiyanın deyil, eləcə də, Çinlə ABŞ-ın rəqabət aparması çox şeyin xəbərçisidir. Yeri gəlmişkən, öz vəzifələrinin icrasına bu ilin yanvar ayında başlamış yeni ABŞ Prezidenti Azərbaycan Prezidentini mart ayında – Novruz bayramı münasibətilə təbrik etmiş, xoş arzularını çatdırmışdı. Budur, birinci məktubdan az sonra, yeni Prezidentdən ikinci Təbrik məktubu və xoş sözlər gəldi və bu, əməkdaşlığın gücləndirilməsinin ifadəsidir. 28 mayla bağlı Təbrik məktubunda ikitərəfli münasibətlərin çoxşaxəliliyinə xüsusi önəm vurğulanır: ABŞ-la Azərbaycan təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıb və bu çalışmaları davam və inkişaf etdirmə əzmi, irafəsi var. Ağ Ev Administrasiyası ötən il Güney Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi xüsusi töhfələri, bu il Xəzərdəki yatağın ("Dostluq") Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzalanan tarixi Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. ABŞ-ın siyasi rəhbərliyi dünyanı təhdid edən terrorla mübarizədə müstəqil Azərbaycanın oynadığı önəmli rolu etiraf edir: ABŞ Prezidenti Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına, terrorla mübarizəyə verdiyi 20 illik dəstəyə görə minnətdarlığını bildirir, mövcud istiqamətdəki işbirliyinin önəmini vurğulayır. Və təbii ki ATƏT-in Minsk qrupunun həmsədri olmaq etibarı ilə də, ABŞ-ın Qafqazda sülhün bərqərar olunmasına münasibətsiz qalmayacağı gözləniləndir. ABŞ dayanıqlı sülh üçün töhfələr vəd edir. – 30 illik işğaldan, ağır müharibədən yeni çıxmış – zəfərlə çıxmış Azərbaycanın bundan sonra qonşu dövlətlərlə sülh içində yaşaması yalnız ABŞ-ın ümidi deyil, bütün yaxın-uzaq ölkələrin də töhfə verməli olduğu bir hadisə olmalıdır. Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasında kömək etmək, vətəndaş cəmiyyəti institutları ilə də işləmək və icmalara yanaşı yaşamaq lazım olduğunu izah etmək istiqamətində ABŞ-ın töhfələrlə çıxış etməyə güclü imkanları mövcuddur. ABŞ rəhbərliyi ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistanla Azərbaycan arasında uzunmüddətli siyasi həllə dair danışıqlarda kömək etməyə sadiq qaldığını vurğulayır. Əlbəttə, müstəqil və qalib ölkə olaraq Azərbaycan Respublikası digər ölkələrlə də ikitərəfli münasibətlərdə maraqlıdır. Əslində, indi Azərbaycanla əməkdaşlıq bizdən daha çox bizimlə əməkdaşlıq edəcək ölkələr üçün maraqlıdır. Bizim coğrafi mövqeyimiz, dürüstlüyümüz, dövlət, xalq ləyaqətimiz, beynəlxalq hüquqa sayğımız, multikulturalizmə töhfələrimiz və iqtisadi imkanlarımız bizi cazib ölkə halına gətirib.
Tarixi zəfərlə yanaşı, qlobal pandemiya ilə mübarizədə əldə etdiyimiz uğurlar da bu sırada özünəməxsus yerə, rola malikdir. Biz pandemiyanın elan olunduğu ilk günlərdən beynəlxalq əməkdaşlıq üçün real addımlar atdıq, qlobal mübarizəyə maddi, mənəvi dəstək nümayiş etdirdik. Məhz Azərbaycan Respublikası beynəlxalq platformaları hərəkətə keçirdi, müvafiq qətnamələr, qərarlar qəbul edildi, mühüm çağırışlar edildi və konkret addımlar üçün ciddi zəmin yarandı. Tarix bunu unutmayacaq. Özəlliklə də, böyük və daha imkanlı dövlətlərdən bəzisi qlobal pandemiyaya münasibətdə qeyri-insani davrandığı üçün, Azərbaycanın öz mümkün köməklikləri ilə çıxış etməsi, ədalətli rəftara çağırışlar səsləndirməsi tarixdə öz yerini alacaqdır. Çox şadıq ki bu, yalnız uzaq gələcəyin mövzusu olmamaqdadır. Və indi də Azərbaycanın, Azərbaycanla dostluğun əsl dəyəri dünya birliyi tərəfindən idrak olunur. Bizim Qarabağda qələbimiz yaxın-uzaq ölkələrə də yeni iqtisadi imkanlar açır. Özəlliklə, Zəngəzur dəhlizi işə düşdükdən sonra bölgənin dizaynı dəyişəcək. Yəni biz əsl qaliblə (Azərbaycan), keçmiş saxta “qalib”in (Ermənistan) fərqini də dünyaya göstərmiş oluruq. Bizim qələbəmiz dünyanın inkişaf qanunauyğunluğu ilə tərs mütənasib deyil. Dünyanın böyük dövlətləri, bölgənin əsas aktorları da daxil olmaqla, Azərbaycanın qələbəsi hər kəsə rifah, iqtisadi qazanc, möhkəm sülh, dialoq ruhu aşılayır. Bu kimə lazım deyil? Ermənistan – məğlub və uğursuz, cırtdan bir ölkə - daha nə qədər dirəniş göstərə bilər ki? Ümumiyyətcə, dirəniş göstərə bilərmi? – Bu sual ritorikdir və cavabı hər kəsə bəllidir.
DÖVLƏTİMİZ VAR OLSUN! BAYRAMIMIZ MÜBARƏK!
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”