"Prezidentin Ağdam səfərinin bir fəlsəfəsi var" - MÜSAHİBƏ
Fəzail İbrahimli: "Paşinyan Rusiya ilə ABŞ arasında qalıb"
Azərbaycanın şanlı zəfərini həzm edə bilməyən ermənipərəst qüvvələr hər vəchlə regionla bağlı yeni bir proses yaratmağa çalışır. Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində etdiyi çıxışlar bu mənada dünyanın məlum güclərinə ünvanlanan növbəti bir mesaj və hər kəsə təqdim olunan “yol xəritəsi” kimi dəyərləndirilir. Hazırda ölkənin xarici təsirlərə qarşı ictimai-siyasi müqavimət gücü necədir?
Versus.Az xəbər verir ki, bu mövzuda müsahibə verən Milli Məclisin spikerinin müavini Fəzail İbrahimli müəyyən məqamlara diqqət çəkib.
- Fəzail müəllim, ilk olaraq istərdim, Prezidentin Ağdama son səfərini dəyərləndirəsiniz. Ölkə başçısının Ağdamın təməlqoyma tədbirində etdiyi çıxış, verdiyi mesajlar nəyə yönəlikdir?
- Cənab Prezidentin işğaldansonrakı dövrdə Qarabağa etdiyi səfərlərin bir fəlsəfəsi var. Hər dəfə də o fəlsəfə bir şüarla bitir: “Qarabağ Azərbaycandır!”. Bu şüar əməli addımlarla müşayiət olunur. Şuşada aparılan quruculuq işləri, açılışlar, “Xarıbülbül” Festivalı, ardınca ayrı-ayrı rayonlara səfərləri, bu səfərlər zamanı verdiyi müsahibələr və sonda Ağdamdakı görüş bir daha “Qarabağ Azərbaycandır!” düşüncəsinin həyata vəsiqə almasıdır. Təbii ki, tarixən Qarabağ Azərbaycan torpaqları olub. Sadəcə 30 il işğal altında olmuş bir məmləkətin bir hissəsi azad edilib. Cənab Prezident Zəfər Paradı zamanı bir fikir söylədi və bütün dünyaya qalib gəldiyimizi, haqq işimizi yerinə yetirdiyimizi, itirilmiş torpaqlarımızın sahibi olduğumuzu, haqq-ədaləti bərpa etdiyimizi bəyan elədi. Bu, dünyaya bir mesaj idi və eyni zamanda, onun içərisində bir dövlətçilik ənənəsinin güclü olmasının da Azərbaycan, Azərbaycan tarixi üçün vacib olduğunu bəyan etdi. Dünya dövlətlərinin sırasında həmişə yeri olan Azərbaycan bu gün öz yerində qürurla dayanıb. Tarixin bütün keçməkeşlərindən çıxan, uğur qazanan, əzilən, ancaq üzülməyən, özünün varlığını qoruyub-saxlayan Azərbaycan milləti bu gün dünya millətləri sırasında üzüağ dayanıb. Türkiyə Cümhuriyyətinin başqanı Rəcəb Tayyib Ərdoğanın “Ay Laçın, can Laçın, mən sənə qurban Laçın”, - deməsi, sanki bu prosesə bir möhür vuran və dünyaya səda salan bir hadisəyə çevrildi. Bu elə-belə söz deyildi. Bütün bunları Avropa, xristian dünyası, ermənipərəst qüvvələr, erməni havadarları eşidir.
Bu prosesdə başqa bir məqam da var. O Zəfər paradı, 200 ildən artıq erməni xristian ağuşunda özünə qala qurub, ordan başımıza güllə və qumbara yağdıran dünya erməniçiliyi üzərində çalınan qələbə idi. Erməni lobbiləri daima dünyaya yenilməzliyi, möhkəmliyi, qalib olacağı barədə mesajlar verib. Bax, bu erməniçiliyin üzərində qazanılan bu qalibiyyət o qüvvələr tərəfindən həzm oluna bilmir. “Böyük Ermənistan” ideologiyası adı altında 200 ildən artıq fəaliyyət göstərən və Azərbaycan torpaqları hesabına sərhəddini genişləndirən, torpaq qazanan ermənilər bu gün uduzmuş vəziyyətdədir. Və bu Böyük Ermənistan ideologiyası adı altında 20-30 il Ermənistanda hakimiyyətdə olan qüvvələrin məğlubiyyətidir. Fikir verin: dünya erməniçiliyi, böyük Ermənistan ideologiyasının puça çıxması, “Qarabağ kartı” üzərində Ermənistanda hakimiyyətə gələn xristian dünyasının təəssübkeşliyi və nəhayət, saxta Amerika demokratizminin hamısı, el dilində desək, ağrı keçirir. Siz görün biz nələrə qalib gəlmişik. Belə olan təqdirdə necə ola bilər ki, bundan sonrakı proseslər rəvan, düz getsin. Ağdamda, Ağdamın təməli qoyulmaqla bir daha dünyaya bir mesaj verildi ki, biz artıq sahib olduğumuz torpaqları dirçəltməyə başlamışıq. Bəyan olundu ki, “bəlkə də qaytardılar” əhval-ruhiyyəsi ilə siyasət yeridənlər, bilin və agah olun, artıq bu region, Qarabağ bu şəhər, bu dövlət, bu xalq özümüzünküdür. Bütün bunların hamısının qarşısında ermənipərəst qüvvələr necə dözsün. Ona görə bütün yerlərdə suyu bulandırırlar, ABŞ bəyanat verir. Ancaq Azərbaycan ayaq üstədir, qüdrətlidir, cəsarətlidir, güclü ordusu, Ali Baş Komandanı var, güclü strateji düşüncəsi var və bu strateji addımların arxasında haqq-ədalət var.
- Rusiya, Fransa və ABŞ ATƏT-in Qarabağ məsələsinə yenidən cəlb olunması ilə bağlı çağırışlar edir…
- Bu qüvvələrin bütün varlığı ona yönəlib ki, bəlkə Dağlıq Qarabağa bir status verdirə bilsinər. Cənab Prezident bəyan edib ki, heç bir status ola bilməz, status cəhənnəmə, gora gedib. Məqsədləri budur. ATƏT-in Minsk qrupu, ümumiyyətlə siyasi müstəvidə gülməli bir qurum kimi yaradılıb. Necə ola bilər ki, ördək, balıq və xərçəng bir istiqamətdə getsin? Məsələn, Amerika ilə Rusiya birinci növbədə gedib az aralarındakı problemləri çözməlidir. İndi deyir, bağa yolunu yeriyə bilmir, balasını da belinə götürür. Axı bu dövlətlər özləri bir-biri ilə yola getmir. İndi gəlib Minsk Qrupunda birləşib bizə nə edəcəklər? İkinci bir tərəfdən, bu torpağın qanuni sahibi, ağası var və bu proseslər dövlət siyasətinin kursundadır. Heç kəs Azərbaycanı məcbur edə bilməz ki, hansısa bir qeyri-adi addım atsın.
- Fəzail müəllim, niyə hələ də Rusiya sülhməramlıları Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının və demarkasiyasının həyata keçirilməsi zamanı silahlı insident yaradan, o cümlədən Şuşa şəhəri ətrafında atəş açıb təxribat törətmək istəyən erməni silahlılarını susdurmur?
- Bilirsiniz, bir dəfə cütçü yer şumlayırmış, birdən öküzlər təpik atmağa başlayır, kotana tabe olmurlar. O tərəfdə də şeytan oturub, balasının saçını darıyırmış. Öküzləri sakitləşdirə bilməyən cütçü birdən deyir ki, lənət sənə kor şeytan, bu öküzlər niyə belə eləyir? Şeytanın balası anasından soruşur ki, ay ana, sən burada mənim saçımı darayırsan, o cütçü sənə lənət oxuyur. Deyir, ay bala, sən görmürsən, mənim barmağım o öküzün quyruğunun altındadır, ona görə belə zoncuqlayır…
Yəni bu erməniləri qızışdıran şeytanın barmaqlarıdır. O şeytan barmağı var, olub, olacaq. 30 il idi ki, o şeytan barmaqları bizə torpaqlarımızı almağa imkan vermirdi. Bu gün Azərbaycan insanının ruhu çox yüksəkdir. Kişilərin başı dikdir. Ali Baş Komandanın rəhbərliyi altında yenilməz ordumuz millətin qeyrətini, qüdrətini özünə qaytardı, haqqı bərpa etdi. Dünyanın ən mötəbər təşkilatlarından sayılan BMT Təhlükəsizlik Şurasının icra edə bilmədiyi qərarlarını icra etdi.
- ABŞ Dövlət Departamentinin yaydığı son bəyanatda Azərbaycanda saxlanılan erməni hərbi diversantların “hərbi əsir” kimi dərhal və qeyd-şərtsiz azad olunması tələbi qoyuldu. Bu cür yanaşmanı necə dəyərləndirmək olar?
- Bu Amerikanın ikili region siyasətidir. Bu gün Ermənistanda seçkilərə hazırlıq gedir. Bilirsiniz ki, Paşinyan qərbyönümlü olsa da, Rusiya ilə ABŞ arasında qalıb. Bilmir rusla oturub-dursun, yoxsa Amerika, Avropa ilə… Biz ABŞ-ın Türkiyəyə qarşı hansı soyqırımı ifadəsini işlətməsini də gördük. Bütün bunlar hamısı türkə, Müsəlman dünyasına qarşı olan münasibətin cizgiləridir. Qarabağ məsələsi isə Amerika üçün lobbilərin təsiri və region marağı ilə erməniləri özünə cəlb etmək üçün bir vasitədir. Guya Amerika Azərbaycanla da münasibətlərini qaydaya salmaq istəyir. Necə deyərlər, dəyirman bildiyini eliyir, çax-çax baş ağrıdır.
Bütövlükdə isə biz bu gün Ermənistandan Azərbaycana qarşı yönələn revanşist, müharibə ritorikalı çıxışlardan təəccüblənməməliyik. Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxlasa da, bu dövlətlər, beynəlxalq təşkilatlar onu işğalçı kimi tanımadı. Torpaqlar işğaldan azad edildi. “O torpaqları kim işğal etmişdi?” – sualına cavab vermədilər. Yəni bunların hamısı ermənipərəst qüvvələrdir və təbii ki, beynəlxalq aləmin bu cür yanaşmaları Ermənistandakı müəyyən qüvvələri yerindən oynadır.
- Fəzail müəllim, Ermənistanda keçiriləcək seçkilərdə Xocalı qatili Köçəryanın önə çıxarılması və belə bir vaxtda Paşinyanın Zəngəzur dəhlizinin açılmasına yönəlik konstruktiv yanaşmasının qarşı-qarşıya gətirilməsi nəyə hesablanır?
- Bu gün Ermənistanda keçiriləcək seçkidə iki qüvvə – “Qarabağ klanı” ilə Ermənistan erməniləri arasında mübarizə gedir. Seçkidə vacib simalardan biri də Köçəryan və onun apardığı siyasətdir. Xalq bilir ki, təzədən Qarabağ klanına hakimiyyət vermək olmaz. Bu gün Rusiya qeyri-rəsmi olaraq Köçəryanı dəstəkləyir. Məqsəd Paşinyana daha çox təsir edib onu Rusiyadan asılı vəziyyətə salmaqdır. Yoxsa Köçəryanın hakimiyyətə gəlməsi qeyri-mümkündür. Qarabağ klanı oradan birdəfəlik qovulub, Qarabağ özü Ermənistanın maraqlarına daxil deyil. Bu prosesin hamısı Paşinyanın xeyrinədir. Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı dedikləri isə onun gələcək strateji kursuna tuşlanıb, onun hakimiyyətdə qalmasına, ölkənin iqtisadi inkişafının təmin edilməsinə yönələn siyasətdir. O xalqı inandırmaq istəyir ki, dəhlizi açıb, beynəlxalq iqtisadi proseslərə qoşulmaq lazımdır. Nə vaxta qədər izolyasiyada yaşamaq olar? Paşinyanın atdığı addımlar, eyni zamanda, qonşu dövlətlərlə münasibətlərin qaydasına qoyulmasına rəvac verən düşüncədir. Bunlar 10 Noyabr razılaşmasında da var və Paşinyan ona imza atıb. O, imza atdığı sənədə uyğun olaraq fikirlərini belə ifadə edir ki, hakimiyyətdə qalarsa, gələcəkdə bu addımı atmağa məhkumdur. Seçkiqabağı kampaniyasında bunu gündəmə gətirir ki, hakimiyyətdə qalarsa, addımlar sonradan ona problem törətməsin.
İşğalçı dövlətin nə istəməsindən, hansı addımları atmasından asılı olmayaraq, Azərbaycanın bəlli bir strateji kursu var və Vətən Müharibəsi və sonrakı proseslərdə bu, bir daha dünyaya bəlli oldu: ərazi, sərhəd bütövlüyünün tam bərpası, ölkənin təhlükəsizliyi, abadlığı və inkişafı naminə daim ayıq-sayıqlığını əldən verməməklə, Dəmir Yumruğunu daha da gücləndirmək… /həftə içi/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”