“Ermənistanı xəbərdar edək ki, erməni əsirlərini minalanmış ərazilərdə gəzdirəcəyik”
“Ermənilərlə sülhə və barışığa yox, müharibəyə hazır olmalıyıq”
İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTv-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, yaralananlar var.
Mətbuat işçilərinin və icra hakimiyyəti nümayəndəsinin bu gün Kəlbəcərdə minaya düşərək həlak olması və digər 4 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması xəbəri ölkə ictimiyyətini sarsıtdı. Erməni vandallığı öz vəhşiliyini davam etdirir.
Versus.Az jurnalist həmkarlarının xatirəsini anaraq, dərin hüznlə onların ailələrinə başsağlığı verərək, ictimaiyyət nümayəndələrinin hadisə ilə bağlı ictimaiyyətə və şəhidlərimizin ailələrinə, bütövlükdə dünyaya ünvanlanan çıxışlarını təqdim edir.
“Fəsadları hələ də bitmir...”
Milli Məclisin deputatı Aydın Mirzəzadə bildurub ki, müharibə bitsə də, onun fəsadları hələ də bitmir:
“Ermənistan beynəlxalq hüquq normalarını pozaraq minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Dünya bunu bilməli və Ermənistanın humanizmə zidd fəaliyyətinə layiq olduğu qiyməti verməlidir. Təəssüf ki, hələ də buna göz yumaraq Ermənistanı müdaifə edən ölkələr və qüvvələr var. Azərbaycan xalqı bunları unutmayacaq. Biz Ermənistandan fərqli olaraq terrora terrorla, minalara minalarla cavab verməyəcəyik. Biz sivil ölkəyik. Biz Ermənistana güclü dövlət olmaqla cavab veririk və daima daha da güclü olacağıq.
Allah həlak olan AzTv telekanalının operatoru Sirac Abışova, Azərtac xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimova, RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevə rəhmət etsin.
Xəsarət alanlara tezliklə şəfa tapmalarını arzu edirik”.
“Ahları bütün Ermənistanı tutsun”
Milli Məclisin deputatı Razi Nurullayev Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olan jurnalistlərlə bağlı cinayətkar Ermənistana sərt ismarıc verib:
“Ermənistan terror dövlətidir. Minaya düşənlərimizin valideynlərinin və yaxınlarının ahı bütün Ermənistanı tutsun! Onlar xəritəni vermirsə, Ermənistan tərəfinə xəbərdarlıq göndərək ki, əks halda filan zamanda erməni əsirlərini həmin ərazilərdə gəzdirəcəyik. Dünyaya da səs salmış olarıq ki, onlar da Ermənistana təzyiq göstərsinlər”.
“Özləri bölgədə bir minadılar”
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, ermənilərin özləri bölgədə bir minadılar:
“Qafqazı qan hamamına cevirənlər Qarabağı başdan ayağa minalayıb, xəritələri də vermirlər. İki həmkarımız öz peşə borcunu yerinə yetirərkən erməni xislətinin mahiyyəti olan minaların qurbanı oldu.
Sirac Abışov və Məhərrəm İbrahimova Allah rəhmət eləsin, dərdli ailələrinə Tanrı səbr versin”...
“Onlara qarşı qətiyyətli tədbirlər görüləcəksə...”
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, jurnalistlərin şəhid olması artıq Ermənistan hərbçilərinin sərhəddə təxribatlarına qarşı ciddi tədbirlər görməyi tələb edir:
“Sərhədi keçən ermənilərə silah tətbiq etmək lazımdır. Dövlət sərhəddi pozulmasının qarşısını almaq və onlara qarşı qətiyyətli tədbirlər görüləcəksə, buna getməyə cürət etməyəcəklər. Allah şəhid jurnalistlərimizə rəhmət eləsin.
Ermənistanın Kəlbəcərdə təminat yolunu minalaması bu ölkə tərəfindən münaqişənin davam etdirdiyini göstərir. Minaların basdırılması porsesi bu ölkə tərəfindən bundan sonra da həyata keçiriləcək. Azərbaycan buna cavab olaraq Gorus-Qafan yolunu bağlamalıdır. Qafandan Gorusa yol Qubadlıdan keçir. Laçın dəhlizinə əlimiz çatmır. Həm də Qarabağda ermənilərin yaşadığı ərazilərdən keçməyimizə Ermənistan qarışa bilməz. Bu, Azərbaycanın öz daxili problemidir. Azərbaycan tərəfi təhlükəsizlik tədbirlərini gücləndirməli, Kəlbəcərə cavabdeh olan komandir heyətini cəzalandırmalıdır. Onların səriştəsizliyindən erməni diversantlar istifadə edir.
Ermənistan ordusunda cinayətkarlar, sərhəd məsələsindən istifadə edərək Paşinyana təzyiq edən Ermənistan ordusunda Qarabağ klanına yaxın generallardır. Paşinyan ordudan Qarabağ klanına məxsus generalları təmizləməyincə, Azərbaycanla bu kimi qarşıdurma davam edəcək. Ümumiyyətlə, görünüdüyü kimi, Ermənistan dinc yaşayışda maraqlı deyil. Paşinyan sabah hakimiyyətdə olmaya bilər. Bu ölkə forpostdu və ermənilərlə sülh müqaviləsi, barışıq mümkün deyil. Biz, ermənilərlə sülhə və barışığa yox, müharibəyə hazır olmalıyıq”.
“Vətəndaşlarımız minaya düşdükləri sırada...”
Politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan vətəndaşlarının Kəlbəcərdə minaya düşərək şəhid olduğu sırada Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvandan Zəngəzura gedərək orada “Rusiya qardaş Ermənistanın təhlükəsizliyi üçün hər cür dəstək verəcək” açıqlamasını səsləndirirdi:
“Kopırkin Ermənistanda Rusiya sərhədçilərinin sayının və sərhəd məntəqələrinin maliyyə-texniki imkanlarının da artırılacağını bildirdi. Kopırkin ayrıca, Zəngəzur bölgəsinin sosial-iqtisadi problemlərinin həlli üçün Ermənistanla Rusiyanın birgə layihələr həyata keçirəcəyini də sözlərinə əlavə etdi.
Aydındır ki, Rusiyanın Ermənistandakı səfiri Kremlin təlimatıyla Zəngəzura gedib və sərhədlə bağlı açıqlamalar verib. Kopırkinin Zəngəzura gedişi və orada verdiyi açıqlamaları Kremlin Azərbaycana mesajı kimi qəbul etmək lazımdır. Bunun qarşılığında Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov nə müharibə dövründə, nə də ondan sonra Bakıdan kənara çıxmadı, işğaldan azad olunan bölgələrdən birinə də getmədi. Rusiyanın Azərbaycandakı səfiri Kremlin təlimatıyla yerindən tərpənmədi və ya misal üçün İtaliya səfiri kimi demədi ki, Azərbaycan jurnalistlərinin minada patlayaraq həlak olmalarıyla bağlı başsağlığı verir”.
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”