"Dövlətimizi bölgədə antiterror əməliyyatları aparmağa çağırırıq"
Milli Cəbhə Paritiyası (MCP) Kəlbəcərin Susuzluq kəndində baş verən son hadisə ilə bağlı Bəyanat yayıb.
Versus.Az xəbər verir ki, Bəyanatda deyilir:
"Ermənistan tərəfi beynəlxalq hüququ və 1949-cu il Cenevrə konvensiyasından irəli gələn mülki əhaliyə qarşı minalaradan istifadə etməmə müddəalarını pozaraq Azərbaycana qarşı terror, diversiya siyasəti həyata keçirir.
Müharibənin bitməsinə baxmayaraq Ermənistan tərəfi 10 noyabr birgə Bəyannaməsinə əməl etməməsi, həmçinin minalanmış ərazilərin xəritəsini verməkdən boyun qaçırması, dövlət sərhədinin delimitasiyasından yayınması bu ölkənin revanşit siyasət yürütdüyünün sübutudur.
Kəlbəcərin Susuzluq kəndində təminat yolunu Ermənistan diversiya qrupunun minalaması nəticəsində Azərbaycanın iki jurnalisti, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) xidməti vəzifələrini yerinə yetirərkən və eyni zamanda bir neçə mülki şəxs minaya düşərək həlak olublar.
Bu cinayətdir və bunun məsuliyyəti birbaşa Ermənistanın üzərindədir. Milli Cəbhə Partiyası (MCP) olaraq Ermənistanın terror siyasətinin qarşısını almaq və minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi üçün beynəlxalq təşkilatlardan rəsmi Yerəvana təzyiq göstərmələrini tələb edirik. Ermənistanın terror siyasətinin qarşısı alınmasa, beynəlxalq birlik tərəfindən Ermənistana təzyiq edilməsə bunun fəsadları daha da genişlənəcək, ağırlaşacaq.
Milli Cəbhə Partiyası (MCP) olaraq dövlətimizi Ermənistanla sərhəddə möhkəmləndirməyə, erməni hərbiçilərinin sərhəd pozulmasının qarşısını adekvat, silah tətbiq etməklə almağa, bölgədə antiterror əməliyyatları aparmağa çağırırıq.
Ermənistana qarşı sərt təzyiq edilməsi, bundan sonra Erməistanın bu kimi terrorçu fəaliyyətinə son verilməsi üçün qətiyyətli tədbirlər görülməsini tələb edirik.
Allah şəhidlərimizə rəhmət eləsin, xalqımıza səbr versin".
SEVDA
Versus.Az