Şəhidlik məqamına ucalan ÖLMƏZLƏRimiz

21:53 25-06-2021 | icon 1478 | Şəhidlər və şahidlər
Şəhidlik məqamına ucalan ÖLMƏZLƏRimiz

Azərbaycan - doğma torpağımız, Vətənimizdir. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin kiçik elmi işçisi Zülfiyə Cəlilova apardığı araşdırmalarda İkinci Qarabağ müharibəsində canlarıından, sağlamlığı və rahatlığından keçən bir neçə qəhrəmanımızdan bəhs edir. O, həm də Milli Azərbaycan Tarixi Muzeyində yenicə təsis olunmuş Vətən Müharibəsi Fondu üçün yeni material və məlumatlar toplayıb.

 

Versus.Az Z.Cəlilovanın topladığı məlumatların bir hissəsini təqdim edir:

 

Uzun illərdir ki, Vətənimizin bir hissəsi düşmən tapdağı altında idi. Doğma torpaqlarımızı düşməndən azad etmək üçün əks-hücumla başladığımız Vətən müharibəsindən, Ana yurdumuzu qoruyarkən şəhid olan igid qardaşlarımızdan danışmaq istərdim. Tarixi keçmişə baxdıqda bütün müharibələrin dağıntıların insan ölümləri və faciələrlə nəticələndiyini görürük. Təəssüflər olsun ki, müharibələr itkisiz olmur və azadlıq qurban tələb edir. Elə ona görə də Vətənimizin azadlığı uğrunda cəsur, igid gənclərimiz düşmən qarşısında inamla dayanıb, gözlərini qırpmadan canlarını qurban verdilər. Özlərinə şəhid olmağı seçən bu cavanların daxilində vətənpərvərlik, cəsurluq, yüksək dərəcədə əxlaq və əqidə vardır. Şəhidlik elə bir zirvədir ki, onun ünvanı əbədiyyətdir. Analarımız min bir əziyyətlə böyütdüyü, nə böyük arzular bəslədiyi övladlarını şüurlu şəkildə, ölümü gözə alaraq, Vətən uğrunda müharibəyə yola salmışdırlar. Şəhidlik məqamına ucalan övladlarımız milli ruhda xalqa, torpağa, Vətənə sevgi və eyni zamanda düşmənə nifrət hissi ilə böyümüşlər. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Azərbaycan ordusu, Azərbaycan əsgəri uzun illər ərzində mətinləşmiş, zabit və əsgərlərimiz vətənpərvərlik, şücaət, əzmli döyüş bacarığı, xüsusən də qələbə yanğısı ilə tərbiyə olunmuşdur. Azərbaycan ordusu, Azərbaycan əsgəri buna birdən-birə nail olmayıb. Bunun üçün illər, on illiklər lazım gəldi.

 

30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız, hərbi mövqelərimiz Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq artilleriya və raket atəşinə məruz qalır, mülki şəxslər və hərbçilər arasında itkilər olurdu. 2020-ci ilin iyul - Tovuz hadisələrindən başlanan yolda düşmənin yeni torpaqlar işğal etmək məqsədi açıq-aşkar özünü göstərirdi. Ordumuz tərəfindən layiqli cavab alan düşmən sentyabrın 27-də ölkəmizə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladı. Mülki əhalinin yaşadığı kənd və şəhərləri artilleriya qurğularından raket atəşinə tutması dövlətimizi və xalqımızı Vətən uğrunda mübarizəyə qaldırdı. Sentyabrın 27-də əks-həmlə ilə başlayan və Vətən müharibəsi kimi xarakterizə edilən II Qarabağ müharibəsində böyük şücaət göstərib, torpaqlarımızı yağılardan azad edən igid əsgərlərimizdən nə qədər yazsaq da, azdır.

 

Belə igidlərimizdən biri Xəlilov Hüseyn Rasim oğludur. Hüseyn 2002-ci il martın 27-də Bakının Nardaran kəndində anadan olub. Ailədə 2-ci uşaq olan Hüseyn vətənpərvər ruhda tərbiyə almış, Vətənə layiqli övlad yetişmişdi. Mayın 7-də Goranboya hərbi xidmətə çağırılan Hüseyn müharibə başlayan gündən döyüş cəbhəsində mərdliklə mənfur düşmənə qarşı vuruşmuşdur. Qubadlı, Füzuli, Zəngilan istiqamətlərində gedən döyüşlərdə fədəkarlıq nümunəsi göstərmişdir. Hüseyn Şuşa uğrunda gedən döyüşlərdə igidlik və qəhrəmanlıq nümayiş etdirmişdir. İgid qardaşlarımızın qəhrəmanlığı, döyüşlər zamanı torpaqların alınması, orda gedən mübarizə dünyaya səs salmışdı. Əsgərlərimizin çətin relyef, qızğın döyüşlər zamanı şəhid olmuş əsgər yoldaşlarını belə Şuşaya aparmaları xalqımızın birlik və rəşadətindən xəbər verir. Hüseyn də belə qəhrəmanlarımızdandır. O da bir əlində silahı, çiynində isə şəhid yoldaşını aparmışdı.

 

Hüseyn kimi qəhrəman övladlarımızla fəxr edirik. Hüseyn Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanır. 6 ay koma vəziyyətində qaldıqdan sonra şəhid olur. Doğulduğu Nardaran kəndində dəfn olunmuşdur. Allah rəhmət eləsin!

 

Nardaran kəndinin sakini II Qarabağ müharibəsinin şəhidi Hüseynov Xaliq Kamil oğlu 2001-ci il sentyabrın 20-də Nardaran kəndində anadan olub. 295 saylı Nardaran kənd məktəbini bitirib, peşə məktəbinə daxil olmuşdu. Xaliq uşaqlıqdan idmanı sevdiyindən cüdo ilə məşğul olurdu.

 

2020-ci il yanvarın 27-i həqiqi hərbi xidmətə çağırılıb. Müharibə başlayan zaman Ağcəbədi, Goranboy, Suqovuşan, Füzuli, Cəbrayılın alınmasında döyüşüb. Kəlbəcərin Keçəltəpə kəndində qəlpə yarası alaraq, oktyabrın 16-da şəhid olub. “Suqovuşanın azad olunmasına görə”ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Allah rəhmət eləsin!

 

Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq isə hər bir azərbaycanlının borcudur.

 

Məmmədov Vüqar Elxan oğlu 1991- ci il martın 28-də Bakı şəhərində anadan olmuşdur. Evin sonbeşiyi Vüqar 1996-cı ildə 5 yaşında Bakı şəhər 28 saylı orta məktəbin 1-ci sifinə gedib və 2007-ci ildə bitirib. 2009-cu ildə Beyləqan rayonunun N saylı hərbi hissəsində xidmət etmişdi. Vüqar həm də həvəskar idmançı idi. Müxtəlif idman növləri ilə məşğul olurdu. Vətən müharibəsi başlayan gündən Vüqar Bakı şəhər Nəsimi rayon hərbi komissarlığından döyüşə qatılmışdı. Döyüşlərdə qəhrəmancasına iştirak edən Vüqar əsgər yoldaşlarına təkcə anasından nigaran olduğunu deyirmiş. Vüqar Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə oktyabrın 3-ü şəhid olub. Məmmədov Vüqar şəhadətindən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Füzulinin azadlığı uğrunda” 2 medalla təltif olunub. Allah bütün şəhidlərə rəhmət eləsin!

 

İgid qardaşlarımız qəhrəmanlıqlarını döyüşlər zamanı bütün dünyaya nümayiş etdirdilər. Mənfur düşmən ordusunun qarşısını alarkən canından keçən nə qədər mərd oğullar fəda verdik. Ürəyində böyük Vətən sevgisi ilə şəhid olan qəhrəmanlarımızın ömür yolu gənclərimizə nümunədir. Şəhidlər ölmür, yaddaşlara həkk olurlar! Şəhidlərin davamçıları varsa, xatirələri hər yerdə anılırsa, deməli onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Onlar hər zaman bizim qəlbimizdə yaşayacaqlar.

 

Sentyabrın 27-də əks-həmlə ilə başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun həyata keşirdiyi əks hücüm əməliyyatları zamanı qəhrəmanlıqları ilə tarix yazan qazilərimizdən də danışmaq istərdim. Nardaran kəndinin bir ailəsinin iki oğlunu cəbhəyə yola salan ana ilə görüşdə bir daha başa düşdüm ki, Vətən sevgisi hər şeydən irəlidir. II Qarabağ müharibəsinin qazisi Fərəcov Səbuhi Xalid oğlu 4 aprel 1990-cı ildə Bakının Nardaran kəndində anadan olub. 130 saylı Nardaran kənd orta məktəbində və 2013-2017-ci illərdə Təbriz İslam Universitetində təhsil alıb. 2008-2009-cu illərdə Tərtər rayonunda həqiqi hərbi xidmətdə olub. O, uşaq vaxtından idmanı çox sevirdi. Qaydasız döyüşlə məşğul olurdu. Bir çox yarışlarda iştirak etmiş, Dünya kubokunun gümüş mükafatçısı, 2011-ci ildə Respublika çempionu və Dünya kuboku mükafatçısı olmuşdur. Aprel döyüşlərindən sonra Səbuhi və kiçik qardaşı Yusif hərbi komissarlığa gedərək, adlarını könüllü kimi yazdırmışdılar. II Vətən müharibəsi başlayanda S.Fərəcov hərbi komissarlığa gedib, cəbhəyə getmək istədiyini bildirmiş, sentyabrın 30-da Daşkəsən rayonundan müharibəyə qatılmışdır. Kəlbəcər rayonunun 72 kəndinin azad olunmasında igidliklə döyüşmüş, döyüşlər zamanı kürək nahiyəsindən və ayağından qəlpə yarası almışdır. Elə orada ilkin tibbi yardım alan Səbuhi arxa cəbhəyə göndərilməkdən imtina etmiş, yenidən döyüşə qatılmışdır. S.Fərəcov xüsusi təyinatlı əməliyyatçı olduğundan daim ön sıralarda mübarizə aparmış, döyüş zamanı əsgər yoldaşları ilə bir neçə dəfə mühasirədə qalmışdı. Cəsur əməliyyatçılarımız mühasirəni yararaq çıxmış və daha böyük uğurlara imza atmışlar. 28 ildən sonra ilk dəfə Kəlbəcərdə cümə namazını imamnamaz olaraq qılmışdır. Döyüşdə göstərdiyi qəhrəmanlığa görə Fəxri Fərmanla təltif olunub.

 

II Qarabağ müharibəsinin digər bir qazisi Fərəcov Yusif Xalid oğlu 29 aprel 1999-cu ildə Naradaran kəndində anadan olub. 130 saylı orta məktəbi bitirib. 2018-2019-cu illərdə Tərtərdə həqiqi hərbi xidmətdə olub. Aprel döyüşləri zamanı hərbi komissarlığa gedərək, könüllü olaraq ordu sıralarına yazılmış, II Qarabağ müharibəsi başlayan zaman sentyabrın 31-də Ağdərə istiqamətində döyüşlərə qatılmışdır. Ağdərə-Suqovuşan döyüşlərində xüsusi təyinatlıların kəşfiyyatçısı olub. Suqovuşanda bayraq sancılmasında iştirak edib. “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur Döyüşçü” medalları ilə təltif edilib.

 

Bu igidlərin, qəhrəmanlarımızın siyahısını davam etməklə bitmir. Elə bu niyyətlə də, AMEA Milli Azərbaycan Tarixi Muzeyində Vətənimizin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək, fədakarlıq göstərmiş qazilərimizin igidliklərini nümayiş etdirmək üçün “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi təşkil olunmuşdur. Sərgidə muzey əməkdaşlarının topladıqları əsgərlərin şəxsi əşyaları, fotoşəkilləri, müharibədən qənimət kimi götürülmüş nümunələr nümayiş etdirilir. Sərgidə nümayiş olunan şəhid və qazilərin əşyalarını Muzeyə təqdim etmiş ailələrlə görüşlər keçirilir. Həmçinin Muzeydə torpaqlarımızın azad olunmasında iştirak etmiş şəhid və qazilərimizin şəxsi materiallarının qorunması üçün yeni Vətən müharibəsi fondu yaradılmışdır. Fondun və sərginin yaradılmasında məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgərinin yüksək döyüş qabiliyyəti, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsidir.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ