İyulun 13-dən ali təhsilin magistratura səviyyəsinə qəbul olan şəxslərin elektron qaydada ali təhsil müəssisələrinə qeydiyyatına başlanılır.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyat iyulun 22‑dək davam edəcək.
2021/2022-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar isə AMEA-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:
- Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən sənəd (diplom və ya arayış);
- Şəxsiyyəti təsdiq edən sənədin surəti – iki nüsxə;
- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənədin surəti – iki nüsxə;
- 3x4 sm ölçüdə rəngli fotoşəkil – dörd ədəd;
- Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – iki nüsxə;
- Təhsil haqqından azad olmaq hüququna malik olanların müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqi.
Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı bu gündən etibarən iyulun 22-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin Magistratura sektorunda aparılacaq.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Ünvan: Hüseyn Cavid pr., 115 (I mərtəbə, otaq 150)
Tel.: (+994 12) 539 20 35, (+994 12) 537 23 97.