Politoloqdan SSRİ-nin bərpası məsələsinə REAKSİYA
Elçin Mirzəbəyli: "Qazaxıstan hadisələri də Rusiyanın çökməsinə bir o qədər təkan verəcək"
“SSRİ-nin bərpası mümkün deyil. Əgər kimsə bunu anlaya bilmirsə, deməli, çox ciddi psixi problemləri var”.
Versus.az xəbər verir ki, bunu siyasi şərhçi Elçin Mirzəbəyli keçmiş imperiyanın bərpası istiqamətində artan müzakirələrlə bağlı danışarkən söyləyib.
E.Mirzəbəyli SSRİ-nin bərpasının mümkünsüzlüyünü bir neçə arqumentlə əsaslandırıb:
“Əvvəla, Rusiya ideoloji əsaslar üzərindən siyasət yürüdən dövlət deyil və onun postsovet məkanındakı xalqlara təklif edə biləcəyi heç nə yoxdur. Geosiyasi “xoşxanlıq”la da davamlı nəticələrə nail olmaq imkansızdır. Rusiyada feodal-oliqarxiya sisteminin modern versiyası hökm sürür. Yəni bu ölkə hətta gerçək və azad bazar münasibətlərinin yer aldığı mərhələyə də daxil ola bilməyib”.
Siyasi şərhçi hesab edir ki, əgər Rusiya postsovet məkanının yenidən vahid güc mərkəzinin əlində toparlanmasını istəyirsə və bunu “SSRİ nostaljisi” üzərindən həyata keçirmək niyyəti güdürsə, o zaman yenə də yanlışlığa yol verir:
“Çünki Rusiya istisna olmaqla postsovet məkanının əhəmiyyətli hissəsinin əhalisi gənclərdən ibarətdir və onlar mutant, arxaik, gülünc, miskin, iyrənc, üfunət qoxuyan sovet ideologiyasına tüpürmək belə istəmirlər. SSRİ bəşəriyyətin utanc duyulası keçmişidir və bu keçmişi bərpa etməyə kimsənin gücü və imkanı çatmaz. Digər tərəfdən, sabiq SSRİ respublikaları, o cümlədən Qazaxıstan da daxil olmaqla bütün türk dövlətləri iqtisadi baxımdan müstəqilliklərini təmin edə biliblər və onların bu xüsusda Rusiyaya heç bir ehtiyacları yoxdur. Bununla yanaşı, saxta sovet ideologiyasının yeri təbii, ortaq dil və mədəniyyət amilinə söykənən türk milli düşüncəsi ilə dolub və əgər həm sar, həm də sovet Rusiyası türklərin genetik yaddaşından milli kimliklərinin izini silə bilmədisə, bunu feodal-oliqarxiya Rusiyası heç vaxt bacarmayacaq”.
E.Mirzəbəyli qeyd etdi ki, Rusiya türk dövlətlərinin birliyinə nə qədər çox müdaxilə edərsə, bunun əks effektini görəcək:
“Vaxtilə SSRİ-ni qorumaq və türklərin iradəsini qırmaq üçün Bakıda gerçəkləşdirilən 20 Yanvar qətliamı şər imperiyasının dağılmasına necə təkan vermişdisə, Qazaxıstan hadisələri də Rusiyanın çökməsinə bir o qədər təkan verəcək. Qazaxıstanda baş verənlər çökməkdə olan imperiya təfəkkürünün son qanlı çırpıntılarıdır”. /Müsavat.com/
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”