Qazaxıstan faciəsi planında nə var?- MÜSAHİBƏ

14:39 13-01-2022 | icon 986 | Siyasət
Qazaxıstan faciəsi planında nə var?- MÜSAHİBƏ

Rauf Məmmədov: "SSRİ-nin bərpası, “bir kəmər bir yol” un iflası, TDB..."

 

Qazaxıstanda baş verən son hadisələr dünyanın və xüsusilə, keçmiş sovet məkanına daxil olan ölkələrin diqqətini daha çox cəlb edir. Çünki son 30 ildə gedən proseslər SSRİ-nin dağılması və Rusiyanın içindən parçalanması təhlükəsi ilə müşayiət olunurdusa, Rusiya-Belarus ittifaqından sonra baş verən tarixi proseslər yenidən SSRİ-nin bərpası istiqamətinə yönəlməyə başladı. Qazaxıstanda baş verən faciəli hadisələr bunu bir daha təsdiq etdi. Maraqlısı odur ki, Qərbin bu məsələyə münasibəti çox loyal oldu. Nə baş verir?

 

Bu istiqamətdə Versus.az-a müsahibə verən politoloq Rauf Məmmədov çox maraqlı məqamlara diqqət çəkib?

 

- Rauf müəllim, Qazaxıstanda nə baş verdi: ərazisinə görə dünyanın  9-cu və müsəlman dövlətlərin ən böyüyü, təbii resurslarına görə ən böyük müsəlman dövləti olan Qazaxıstan nəyə görə diqqətdən kənarda qalır? Nəyə görə, İƏT baş verən hadisələrlə bağlı toplantı keçirib bir bəyanat vermir və ya müxtəlif təsir mexanizmlərindən istifadə etmir? 

 

- Qazaxıstanda baş verən son faciəli hadisələr beynəlxalq hüquq və beynəlxalq münasibətlər baxımından heç bir çərçivəyə sığmır. Beynəlxalq təşkilatların müsəlman ölkələrində mütəmadi şəkildə baş verən faciəli hadisələrə laqeyd münasibəti, onların müəyyən qrupların və qərb ölkələrinin maraqlarına xidmət etdiyini göstərir.

Qazaxıstanda baş verən hadisələrin səbəbini hərə öz xeyrinə şərh etməyə çalışır. Azərbaycan müxalifətinin bir çox nümayəndələri hadisələrin kökündə qazın bahalaşmasının və antidemokratik rejimin dayandığını qabartmağa çalışırlar. Keçi can hayında, qəssab piy axtarır. Əgər elədirsə, o zaman onlar, ABŞ-da qaradərililərin, Fransada sarı jiletlilərin etirazların niyə antidemokratiya kimi səciyyələndirmirlər? Avropada eynicinsli nikahlara, cinsi kimliksiz təhsilə, sərt kovid məhdudiyyətlərinə etiraz edənləri nəyə görə terrorist kimi əzişdirib həbs edirlər?

Demokratik və  antidemokratik dövlətlərdə hər il onlarla kiçik və ya orta miqyaslı etiraz halları müşayiət olunur. Lakin, bu etirazlar böyük inqilablara və dövlət çevrilişlərinə səbəb olmur. Çünki onlar, təşkil olunmuş, planlaşdırılmış deyil, spontan etirazlardır. Xalqın etirazları adətən spontan irrasional xaraklerli olur. Çünki xalq onu öncədən planlaşdırmaq və təşkil etmək barədə düşünmür. Bu iş, dövlət daxilində olan müəyyən siyasi-iqtisadi qruplaşmalar tərəfindən rasional şəkildə həyata keçirilir. Bunun üçün, bir qığılcım da kifayətdir -Tunisdə bir etirazçının özünü yandırması kimi. Çünki istənilən cəmiyyətdə bu və ya digər formada etiraz üçün bəhanə tapmaq mümkündür. Qazaxıstanda da baş verən son hadisələrə də bu aspektdən baxmaq lazımdır.

Məsələyə daha konkret şəkildə yanaşsaq deyə bilərik ki, Qazaxıstanda qazın bahalaşması baş verən hadisələrə heç bir əsas vermirdi. Çünki ölkə üzrə maye qazın qiymət artımı olmamışdır. Bu artım, yalnız Aktau şəhərində iki dəfə artırılmışdır. Özü də bu qaz avtomobillər üçün nəzərdə tutulmuşdur. Qazaxıstanda qaz qiymətləri dövlətin deyil, onu istehsal edib satan bir neçə şirkətin əlindədir. Onlar il ərzində qaz qiymətlərini mütəmadi şəkildə qaldırıb aşağı salırlar. Yəni, maye qaza olan qiymət artımı ilk dəfə baş vermirdi. Bu daima müşayiət olunan adi hal idi. Bu baxımdan, qaz qiymətinin artımı baş verən hadisələrə səbəb ola bilməzdi.

 

“Burada 20 yanvar öncəsi Bakı və Sumqayıt hadisələri ilə paralellər görürsünüzmü?”

 

- Bəs nə baş verdi? 

 

- Aktau şəhərində qaz qiymətlərinin artımına etiraz edən bir qrup adam dinc mitinq etmişdi. Lakin, bu mitinq dalğası sürətlə nəinki Aktau şəhərini, Qazaxıstanın əksər ərazilərini bürüdü. Halbuki, Qazaxıstanın digər yerlərində belə artım olmamışdır. Üstəlik, etirazlar nəzərə alınaraq qiymətlər daha da aşağı salınmışdı. Lakin, etirazlar dayanmamış və genişlənərək daha idarəolunmaz hala gəlmişdi. Etiraz dalğalarının sürətlə yayılması və bütün Qazaxıstanı əhatə etməsi internetin gec söndürülməsi ilə bağlı idi. Maraqlıdır ki, internet nəyə görə vaxtında məhdudlaşdırılmamışdı?

İnternetin məhdudlaşdırılmaması, sosial şəbəkələrdə oturan təxribatçı qrupların etiraz dalğasını Qazaxıstanın hər tərəfinə yayılmasına şərait yaratdı. Beləliklə, əhali meydanlara axışdı. Polis dəstələri bu izdihamın qarşısını almaq əvəzinə, ona “yaşıl işıq” yandırdılar. Sonra bu izdihamın içində əli silahlı kriminal elementlər peyda oldular. Onlar izdihamı öz arxasınca aparmağa və dövlət binalarını yandırmağa, silah dükanlarını qarət etməyə, Qazaxıstanın təhlükəsizlik orqanının binasına daxil olub silahları ələ keçirməyə, polislərə qarşı zorakılıq etməyə nail oldular. 200 mindən çox olan polis, 110 min ordu və təhlükəsizlik işçiləri, yəni güc strukturları təxribatçı qiyamçılara yaşıl işıq yandırdılar, onların silahlanmasına və qarətçilik etməsinə maneə olmadılar. Burada 20 yanvar öncəsi Bakı və Sumqayıt hadisələri ilə paralellər görürsünüzmü?

 

 “Digər postsovet ölkələrində KTMT ordusu barədə qorxu yaratmaq cəhdi”

 

Sonra ölkə başçısı K.J. Tokayev ölkəyə kənardan 20 min terroristin daxil olduğunu bildirdi. O, ölkədə yaranan durumu tənzimləmək üçün, 300 mindən çox olan yerli güc strukturlarına deyil, KTMT-yə müraciət etdi və nəticədə, əsasən rus ordusundan ibarət olan KTMT ordusu ölkəyə daxil oldu. Bundan sonra K.J. Tokayev terrorçulara xəbərdarlıq edilmədən atəş açılmasını əmr etdi. Bu əmr, KTMT ordusuna sərbəst atəş açmağa və məsuliyyət daşımadan əhaliyə qarşı soyqırımı törətməyə imkan verdi. Bunun nəticəsi olaraq, ölənlərin sayı artdı.

 Lakin, 20 min terrostin haradan və necə daxil olduğu, yaxud onların varlığını sübut edən dəlillərin harada olduğu sual olaraq qaldı. Heç bir dəlil ortada olmadığı üçün deyildi ki, güya terroristlər küçələrdən və morqdan ölü terroristlərin cəsətlərini izi itirmək üçün oğurlamışlar. Sonra Qırğızıstandan gələn bir musiqiçini tutub döyərək ona, terrroist olduğunu boynuna qoymağa çalışdılar. Bunlar göstərir ki, ölkəyə kənardan 20 min terroristin daxil olması məlumatı dinc əhaliyə atəş açılması üçün lazım idi. Səbəb, digər postsovet ölkələrində KTMT ordusu barədə qorxu yaratmaq və onun tələblərinə itaət etmələrini təmin etmək idi.  

 Bütün bu hadisələrin baş verdiyi ərəfədə N. Nazarbayev yoxa çıxdı və onun təyin etdiyi yüksək vəzifəli kadrlar dərhal vəzifədən uzaqlaşdırılaraq həbs edildi. N. Nazarbayevin harada olması barədə isə, müxtəlif şayiələr yayıldı. Nəticədə, Qazaxıstan bir dövlət kimi öz süverenliyini itirdi və tamamilə, Rusiyanın müstəmləkəsi halına gəldi. Bütün bunlardan sonra K.J. Tokayev KTMT ordusuna, V. Putinə öz təşəkkürünü bildirdi. O, bu günə qədər  N. Nazarbayevin marionetkası idisə, bu gündən sonra V. Putinin marionetkası oldu.

Bu hadisələr fonunda Rusiya mediası güclü təbliğat maşınını işə saldı. Bu təbliğatlarda belə bir ortaq fikir hasil olurdu ki, sanki Kreml Qazaxıstandan və onun xalqından qisas olmaq üçün ora daxil olubdur. Patriarx Kiril və V.Jirinovski Qazaxıstanın tarixi rus torpaqları olduğunu, qazaxların dövlətə malik olmayan köçəri xalq olduğunu söyləyir, Belarus prezidenti Lukaşenko qiyamçıların diz çökərək üzr istəməsini, rus mediasının aparıcı jurnalistlərindən olan M. Simonyan dərhal kiril əlifbasına, rus dilinin ikinci dövlət dili olmasını, Krımın tanınmasını, ruslara muxtariyyətin verilməsini tələb edir, digər tərəfdən mütəmadi şəkildə qiyamçıları Türkiyə tərəfindən idarə olunan terrorist və radikal islamçılar kimi səciyyələndirdilər.

 

- Qazaxıstanın işğalı prosesində növbəti addım nə olacaq?

 

- Bu hadisələrin təhlili göstərir ki, hər şey öncədən planlaşdırılmışdır. K.J. Tokayev bu planın tərkib hissəsi idi. Növbəti addım, Qazaxıstanın Rusiya-Belorus ittifaqına daxil olmasıdır. Yəni, Rusiya-Belorus-Qazaxıstan ittifaqı SSRİ-nin bərpa olunmasına şərait yaradacaqdır. Çünki müsəlman-türk dövlətinin bu ittifaqa daxil olması, digər müsəlman-türk dövlətlərinin də ittifaqa cəlb olunmasını asanlaşdıracaqdır. Digər tərəfdən, Qazaxıstanın bu ittifaqda olması Türk Dövlətləri Təşkilatının (TDT) parçalanmasına və ortadan qalxmasına səbəb olacaqdır. Çünki bu təşkilatın bir çox göstəricilərinə görə Türkiyədən sonra ən güclü dövləti Qazaxıstan idi.

 Nazarbayev sadə qazax xalqının içindən çıxan, qazax-türk milli şüurunun inkişaf etməsini təmin edən və ruslaşdırma siyasətindən maksimum şəkildə imtina edən milli lider idi. O, Kunayevin varisi kimi, qazax xalqının qorunması və inkişafına məsuliyyət daşıyırdı. Təbii ki, bütün diktatorlara məxsus olan mənfi keyfiyyətləri onda da var idi. Lakin, onun şəxsiyyətinin birtərəfli dəyərləndirilməsi qeyri-obyektivlik olardı.

Nazarbayev TDT-nın, Türksoyun yaradılıb inkişaf etməsində mühüm rol oynamışdır. O, 2018-ci ildə Parlamentdə rus dilinin istifadəsini qadağan etmişdi. Qazaxıstan türk xalqlarının tarixi, mədəniyyəti və etnogenezi ilə bağlı araşdırmaların mərkəzinə çevrilibdir. Bunlar, qazax xalqının özünüdərkinə yönəlmişdi. Çünki Çar Rusiyası və SSRİ dövründən başlayan intensiv ruslaşdırma və ya mədəni işğal siyasəti, qazax xalqının milli özünüdərkinə böyük zərbə vurmuş və rus dilinin yayılması ilə Qazaxıstan əraziləri də işğal olunurdu. Nazarbayevin apardığı milli siyasət nəticəsində Qazaxıstanda rusların sayı 50%-dən 20%-ə qədər azalmış və azalmaqda davam edirdi. Yəni, ölkəni tərk edib Rusiyaya getmişlər. Nazarbayev 2050-ci ilə qədər ölkənin strateji inkişafını təmin edən “Nurlu Yol” iqtisadi layihəsini həyata keçirməklə qazax xalqının milli dövlətini qurmağa və onu dünyanın ən güclü müasir ölkələri sırasına çıxarmağı planlaşdırırdı. Bunların əsası var. Çünki Qazaxıstanın enerji resursları, təbii ehtiyatları, uran yataqları dünya uran istehsalının yarısını təmin edir, taxılçılıq, heyvandarlıq və digər sahələr üzrə zəngin potensialı var. Buna görə də, o, Çin, ABŞ, Böyük Britaniya kimi böyük ölkələrin iqtisadi maraqlarını cəlb edirdi. Bölgədə 120-dən çox ölkənin 330 milyard dollar həcmində sərmayə qoyuluşu var. Ölkənin ÜDM-si 180 milyarda yaxın, adambaşına düşən ÜDM həcmi 9.7 min dollara yaxındır.

 

- Bu prosesdə Çinin rolu nədən ibarət oldu?

 

- Çinin “bir kəmər, bir yol” layihəsinin əsas marşrutu buradan keçdiyi üçün, o, Qazaxıstana böyük investisiyalar qoyub. Qazaxıstan ŞƏT-in üzvüdür. Çin ölkənin iqtisadi həyatında mühüm yer tutur. Ölkədə informasiya texnologiyalarının və infrastrukturunun inkişafı bununla bağlıdır. Çin eyni zamanda, Qazaxıstan enerji resurslarının -neft, qazın əsas istehlakçılarındandır. 

ABŞ, Böyük Britaniya kimi böyük ölkələr enerji resurslarının neft, qaz və uran yataqlarının istismarında fəal rol oynayırlar. Bunlar, Qazaxıstanın gəlirlərinin böyük bir hissəsini təşkil edir. Bununla yanaşı, Qazaxıstan qərb ölkələri -BMT, NATO, Aİ, ATƏT, ÜTT ilə hərtərəfli əməkdaşlıq əlaqələrinə gedir. Ölkənin iqtisadi və təhsil strukturlarında, bir çox idarəetmə strukturlarında ABŞ-ın maraqlarının ifadəçisi kimi çıxış edən FETO nümayəndələri geniş yayılıblar.

Qazaxıstan MDB və Aİİ üzvü kimi Rusiya və digər postsovet dövlətləri ilə də əməkdaşlıq əlaqələrinə malikdir. Rusiya burada olan digər ölkələrdən fərqli olaraq Qazaxıstan ərazisində bir neçə hərbi baza saxlayır. Onlar SSRİ dövründən burada qalıblar. Qazaxıstan ordusu da heç bir zaman milliləşdirilmədi. O, SSRİ hərbi qoşunlarından miras qalmış və heç bir islahata məruz qalmamışdı. Bu baxımdan, Qazaxıstan ordusunda Rusiyanın təsiri güclü olaraq qalırdı. Rusiya burada Baykonur Kosmik Bazasını 2050-ci ilədək kirayə götürüb. Üstəlik, Qazaxıstan neftinin böyük bir hissəsi Rusiya neftayırma zavodlarına aparılır. Çünki Qazaxıstanda bu kimi zavodların imkanları məhduddur.     

Nazarbayevin Çin, ABŞ, Böyük Britaniya, İsrail, Rusiya, Türkiyə, Avropa ilə apardığı çoxvektorlu balanslaşdırma siyasəti Rusiyanın ölkədəki hegemonluğunun tədricən azalmasına yönəlmişdi. Gördüyümüz kimi, Rusiya Qazaxıstanda yalnız iqtisadi deyil, mədəni, siyasi və hərbi güc kimi mövcuddur. Bu baxımdan, onun ölkədə dominantlığı hər bir zaman təhləkə mənbəyi idi. Çin, ABŞ, Böyük Britaniya bölgədə hərbi güc kimi mövcud deyillər. ABŞ, Böyük Britaniya kimi ölkələrin kənardan gəlib burada Çin və Rusiyanın qarşısında hərbi baza yaradıb onlara müqavimət göstərmələri də məntiqli deyildir. İkincisi, Qazaxıstan NATO ölkəsi olmadığı üçün, Qərbin ora daxil olması mümkün deyildir.

Çinin Qazaxıstanda hərbi bazası yoxdur. Bu baxımdan, Rusiya Qazaxıstanda dominant gücdür və hər şeyə nəzarət edir. Həmçinin, Çin Qazaxıstana daxil ola bilməz. Çünki onun Qazaxıstan ilə hərbi-strateji əməkdaşlıq barədə müqaviləsi yoxdur. Lakin, Çin, Qazaxıstana hərbi və siyasi dəstək verə bilər. Çinin Əfqanıstanda hakimiyyətdə olan taliblərlə, Pakistan ilə müəyyən iqtisadi əlaqələrinin olduğunu nəzərə alsaq, onların dəstəyini də ala bilər.  

 

“Rusiya bu təşkilatın hərbi quruma çevrilib möhkəmlənməsini qabaqlayaraq...”

 

Son dövrlər Türk dövlətləri Təşkilatının (TDT) yaranması və Turan məsələsinin gündəmə gəlməsi Rusiyanı narahat etməyə başladı. Çünki bu təşkilatın tədricən hərbi birliyə çevrilməsi ehtimalı da güclü idi. Artıq Azərbaycan və Türkiyə arasında Şuşa bəyannamsinin elan olunnması, belə bir sənədin bütün TDT ölkələri ilə bağlanmasına şərat yarada bilərdi. Bu isə, Türkiyənin və TDT ölkələrinin Orta Asiyada hərbi güc olaraq ortaya çıxması demək idi. Rusiya bu təşkilatın hərbi quruma çevrilib möhkəmlənməsini qabaqlayaraq Qazaxıstana daxil oldu. Əgər TDT hərbi birliyi yaransaydı (Şuşa bəyannaməsi kimi) və Qazaxıstan bu birlikdə təmsil olunsaydı, Rusiyanın ora daxil olması belə asan olmayacaqdı. Çünki TDT KTMT-nın ora daxil olmasını qeyri-qanuni hesab edəcəydi.

  

KTMT niyə Qazaxıstana daxil oldu?

 

- Birincisi, KTMT-nın ora daxil olması üçün heç bir hüquqi əsas yox idi. Çünki vətəndaşların etiraz etməsi onların anayasa haqlarıdır. Kriminal qrupların zərərsizləşdirilməsi üçün, ölkənin 300 minlik güc strukturu artıqlaması ilə bəs idi. KTMT-nın ora daxil olması üçün Tokayev parlamentin qərarını almalı idi. Bu isə, baş vermədi.

İkincisi, Nazarbayevin təhlükəsizlik Şurasının ömürlük sədri vəzifəsindən uzaqlaşdırılması və özünün ortada olmadan onun adından danışılması qeyri-qanuni idi. Nazarbayev özü ortaya çıxaraq istefa verməli idi.  

Üçüncüsü, kənardan daxil olan 20 min terroristin hücumu barədə məlumat uydurma idi. Çünki ortada bunu təsdiq edən bir fakt yoxdur. Həmçinin, bu qədər adamın dövlət sərhəd xidmətinin xəbəri olmadan sərhədləri  keçməsi, kəşfiyyatın xəbəri olmadan ölkədə sərbəst fəaliyyət göstərməsi də məntiqsiz idi. Buna örə də, bu versiyanı sonradan təzkib etməyə başladılar.

 Dördüncüsü, ölkədə rəngli inqilab ssenarisindən bəhs olunması və təbii ki, Soros, Feto izlərinin axtarılması da məntiqsiz görünür. Əgər belə idisə, onlar həbs olunmalı və istintaq işi başlamalı idi. Halbuki, ortada bir nəfər də bu adla həbs olunmayıbdır.     

 

Ortada bir inadırıcı faktın olmaması onu göstərir ki, dövlət çevrilişi ssenarisi Kremldə Tokayev ilə birgə hazırlanmış və həyata keçirilmişdir. Belə olan təqdirdə, TDT, KTMT-nın ora daxil olmasını qeyri-qanuni elan edə bilərdi.

 

- Rauf müəllim, Qərb ölkələri nədən bu məsələyə ciddi təpki göstərmədilər? Yoxsa, Qərb Putinin SSRİ-ni qurmaq cəhdinə yaşıl işıq yandırır?  Həmişə Putin ilə anlaşan Nazarbayev, nədən bu dəfə onunla anlaşa bilmədi?

 

 - Görünür, Dekabrın 28-də MDB dövlət başçılarının Sankt-Peterburqdakı qeyri-formal görüşündə 1 saat davam edən Putin - Nazarbayev danışıqları uğursuz alınmışdı. Yəni, o, düşünürəm ki, Putinin Rusiya-Belorus ittifaqına qoşulma təklifini qəbul etməmişdir. Müxalifət nümayəndələri isə, əksini düşünürlər. Buna görə də, Putin sonra bu danışıqları Tokayev ilə aparmışdı. Göründüyü kimi, nəticə ortadadır.

 

“Bu, Nazarbayevin ən böyük səhvi idi”

 

Qazaxıstanın güc strukturlarında və yüksək vəzifələrində böyük ölkələrin 5-ci kolonu mövcud olmuşdu. Xüsusilə, Rusiyanın və ABŞ-ın 5-ci kolonu- FETO-çular, Sorosçular dövlətin içinə dərindən nüfuz etmişdilər. Onlardan başqa, Çin, Böyük Britaniya, İsrail kimi ölkələrin kəşfiyyatları burada fəal işləyirdilər. Son hadisələr göstərdi ki, güc strukturlarının içi boş idi. Çünki Nazarbayevin yetişdirmək istədiyi milli kadrların əksəriyyəti, başqa ölkələrin milli maraqlarına xidmət edən cəsuslar çıxdılar. Bu, Nazarbayevin ən böyük səhvi idi. Bu səhv ona, qazax xalqına və türk-müsəlman dünyasına baha başa gəldi.   

Türk Dövlətləri Təşkilatının qurulması və Böyük Turan xəritəsinin yayılması, Türkiyənin bölgədə tədricən fəallaşması, böyük dövlətlərin çoxunun xoşuna gəlmirdi. Türkiyənin bölgədə tədricən fəallaşmasını istəməyən ölkələrin başında yalnız Rusiya deyil, həmçinin, ABŞ və Çin var idi. Lakin, Böyük Britaniya, Türkiyə və Çini ortaq bir məxrəcə gətirən o idi ki, Böyük Britaniya və Türkiyə Çin üçün həyati əhəmiyyət daşıyan “bir kəmər, bir yol” layihəsini dəstəkləyirdi. Bu layihəni dəstəkləməyən və onun Hindistan ilə əlaqədar olmasını istəyən ölkələrin başında ABŞ və Rusiya dayanır. Yeni dünya düzənini müəyyənləşdirən bu layihə üzərindəki maraqlar Qazaxıstanda düyünə düşürdü. Türkiyənin bölgədə tədricən fəallaşması, Türk Dövlətləri Təşkilatının qurulması bu məsələnin tədricən Böyük Britaniya-Türkiyə-Çin üçlüyünün xeyrinə dəyişəcəyini göstərirdi. Bu üçlüyə qarşı mübarizədə Rusiya ya təkbaşına, ya da ABŞ ilə birgə ssenari hazırlaya bilərdi. Rusiyanın Qazaxıstana daxil olması və SSRİ bərpa olunması məsələsini gündəmə gətirməsi, bütün dünyaya müharibə elan etmək idi. Çünki bu dünya düzəninin anidən dəyişdirilməsi deməkdir. Rusiya bunu təkbaşına etmək riskini gözə ala bilməzdi. Həmçinin, MKİ-nin və Pentaqonun baş verən Qazaxıstan ssenarisindən xəbərsiz olması da inandırıcı səslənmir. Qazaxıstanda fəal olan Mİ-6 və Çin kəşfiyatlarının da şübhələnməməsi mümkün deyildir. Bəlkə buna görə də, ssenari tələsik həyata keçirildi.

 

“Əgər bu məsafə hər iki tərəfdən ələ keçirilsə, Rusiya dağılır”

 

Rusiya niyə o əraziləri işğal etdi və nəyə görə Qazaxıstana daxil oldu?

 

- Qazaxıstan Rusiyanı ən çox narahat edən ölkə idi. Lukaşenko rus kilsəsində söylədiyi çıxışında bildirib ki, Qazaxıstan Rusiyanın varlığı üçün böyük təhdid təşkil edir. Doğrudan da Rusiyanın Qazaxıstan ilə sərhədləri böyükdür-6.846 km. Həmçinin, bu sərhədlərin fövqündə türkdilli xalqların sayı çoxdur. Qazaxıstan türkçülük siyasəti aparan və Turanın mərkəzi olmaq iddiasında çıxış etdiyi üçün, bu ideyaların və təsirlərin Rusiyanın içinə yayılması təhlükəsi var. Bundan əlavə, Qazaxıstan ilə Ukraynanı Xəzərin üstündə birləşdirən cüzi bir məsafə var. Əgər bu məsafə hər iki tərəfdən ələ keçirilsə, Rusiya dağılır. Çünki bundan sonra onun Qara Dəniz və Xəzər Dənizinə çıxışı bağlanır və nəticədə, kiçik bir əraziyə çevrilir. Çünki bu məsafənin -Volqoqrad əyalətinin Ukrayna və Qazaxıstan arasında bölüşdürülməsi nəticəsində Şimali Qafqaz Rusiyadan ayrılır. Ukraynanın Donbas, Luqansk əyalətlərinin bu kəsişmə xəttinə yaxınlıqda yerləşdiyini nəzərə alsaq başa düşərik ki, Rusiya niyə o əraziləri işğal etdi və nəyə görə Qazaxıstana daxil oldu. Deməli, Rusiya Qazaxıstanda öz hərbi bazalarının sayını artıracaq, hakimiyəti öz 5-ci kolonuna təhvil verəcək və Qazaxıstanın şimalında rus muxtariyyəti yaradacaqdır. Bu muxtariyyət, ona bufer zona kimi zəmanət verəcəkdir. Rusiyanın Ukraynanın bir çox ərazilərini də yenidən ələ keçirib rus muxtariyyəti yaratmaq planı olmamış deyildir. Lakin, Ukraynaya qayıtmadan öncə, Orta Asiyanı ələ keçirməyə və onları yaratmaq istədiyi SSRİ ittifaqına cəlb etməyə çalışacaqdır. Bunun üçün, növbəti hədəf Özbəkistan ola bilər. Əsas məqsəd, Əfqanıstan sərhədlərinə yaxınlaşıb sərhədləri öz nəzarəti altına almaqdır. Təbii ki, Azərbaycan və Cənubi Qafqaz dövlətləri də hədəfdədir.    Bizi çox riskli hadisələr gözləyir.

 

 - Hadisələrin bu şəkildə cərəyan etməsi, ABŞ-nı qane edirmi?

 

- Nə qədər çətin də olsa, ehtimal etmək mümkündür. Çünki ABŞ-ın dünyada əsas rəqibi Rusiya deyil, Çindir. “Bir kəmər, bir yol” layihəsi Çinin varlıq səbəbidir. Orta Asiyanın və Zəngəzur dəhlizinin Rusiyanın nəzarətinə keçməsi  o deməkdir ki, Rusiya Çinə ya müharibə elan edir, ya da ona, bütün yollara mən nəzarət edəcəyəm mesajını verir. Çin iqtisadi və hərbi baxımdan Rusiyadan qüdrətli ölkədir. Əgər Çin Rusiya ilə razılaşsa, o zaman, “Bir kəmər, bir yol” layihəsi yenə də öz həllini tapmır. Çünki Türkiyə vardır. Onunla razılaşmadan Avropaya çıxış mümkün deyildir. Türkiyənin Orta Asiyadan və Cənubi Qafqazdan çıxarılması, rus-türk münasibətlərini gərginləşdirəcəyi üçün, onların razılaşması mümkün görünmür. Bunun üçün, Rusiya Türkiyəni də işğaletməli və oraya öz 5-ci kolonunu gətirməlidir. Bu isə, heç mümkün deyildir. Çünki nə Rusiyanın buna gücü çatar, nə də Avropa buna imkan verər. Deməli, Rusiyanın SSRİ bərpa etməsi ilə Çinin varlıq səbəbi olan “Bir kəmər, bir yol” layihəsi iflasa uğrayır. Belə olan təqdirdə, Çin iflas edərək içindəki sosial partlayışlar nəticəsində parçalanır. Çünki onun okeana çıxışı ABŞ gəmiləri tərəfindən məhdudlaşırsa, quru yolları Rusiya tərəfindən tutulur. Bu Rusiyanın xeyrinədir. Çünki o, SSRİ-ni qazanır. ABŞ-na da sərfəlidir. Çünki o, dünya hegemonluğuna təhdid yaradan Çini ortadan qaldırır. Üstəlik, Güclənən Rusiya və ya yeni SSRİ xofu Avropanın ABŞ-ın qucağına düşməsinə şərait yaradır. Beləliklə, əvvəllər olduğu kimi, imitasiya xarakterli iki qütblü dünya nizamı sistemi geriyə qayıdır. Bu həm ABŞ, həm Də Rusiyaya sərf edir. Bu baxımdan, hadisələrdən əvvəl V.Putin və C. Bayden görüşləri bəlkə bu ssenarilər üzərində qurulmuşdu?

Deməli, mövcud ssenari Çinin iflası deməkdir. Çin mövcud durumdan çıxış yolunu müsəlman ölkələri ilə əməkdaşlıqda quracaqdır. Çin bundan sonra Türkiyə, Pakistan Əfqanıstan və İran ilə yaxınlaşaraq, Rusiyanın “Bir kəmər, bir yol” layihəsinə nəzarətini ortadan qaldırmağa çalışacaqdır. Çin bu müsəlman ölkələri ilə Orta Asiya və Cənubi Qafqazda Rusiyanın zəifləməsinə şərait yaratmaq üçün, onlara hərbi dəstək verə bilər (ağır silahlar baxımından). Belə bir şəraitdə baş verən proseslər Rusiyanın zərərinə işləyər. ABŞ-rı da ona dəstək ola bilməz.

 

- Çin, müsəlman ölkələri ilə əməkdaşlıq riskini gözə ala bilərmi?        

 

 - Çin tarixdə əsrlərlə müsəlman ölkələri ilə əməkdaşlıq şəraitində “İpək Yolu” ticarətindən həmişə mənfəətli çıxmışdır. Əgər tarixdə belə bir faydalı təcrübə varsa, nəyə görə indi o olmasın?!

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada