"Yerli və beynəlxalq səviyyədə qınanmalı, qəti şəkildə pislənilməlidir"
Milli Cəbhə Partiyası (MCP) Fransa rəsmilərinə etiraz bəyanatı yayıb.
Versus.Az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətinin məlumatında bildirilir.
Bəyanatda deyilir:
"Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drian dünən həddini aşan, heç bir əndazəyə sığmayan bəyanatla çıxış edib. O, yanvarın 18-də Fransa parlamentində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfəri ilə əlaqədar söylədiyi haqlı fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirib. Təəssüf edirik ki, Xarici İşlər naziri başqa dövləti təhqir və şantaj edən Respublikaçılar Partiyasının sədri Erik Siottinə də cavab verməyib, əksinə, deputatlara Azərbaycanı və onun Prezidentini tənqid etməyə geniş şərait yaradıb.
Milli Cəbhə Partiyası (MCP) bəyan edir ki, Fransanın xarici işlər naziri Jan-İv Lö Drian bununla həm beynəlxalq hüquqa, həm də diplomatik normalara, ümumiyyətlə dünyada sülh prosesinə hörmətsizlik nümayiş etdirib. Məgər nazir bilmir ki, başqa bir ölkənin sərhədlərini pozmaq, Azərbaycanın izni olmadan qanunsuz və gizli şəkildə həmin ölkəyə daxil olmaq həm beynəlxalq, həm də dövlətin milli qanunları ilə qadağandır və bu danılmaz cinayət əməli hesab olunur.
Milli Cəbhə Partiyası (MCP) hesab edir ki, Fransanın Xarici İşlər Naziri ən azından həmkarlarının bu qanunsuz hərəkətlərinə etiraz etməli və ya bu addımın öz dövlətinin rəsmi mövqeyinə zidd olduğunu dərk etməli, dilə gətirməli idi. Heç də tasadüfi deyil ki, dəfələrdir Fransa rəsmiləri bu cür qərəzli, anlaşılmaz hərəkətləri ilə erməni diasporunun maraqlarına xidmət göstərir. Habelə, beynəlxalq hüquq çərçivəsində qəbul edilmiş prinsiplərin onlar üçün əhəmiyyətsiz olduğunu nümayiş etdirirlər. Çünki, Fransa Azərbaycanın ərazi bütövlüyünü rəsmən qəbul edib.
Yaxşı olardı ki, Xarici işlər naziri və Fransa dövləti xristian - müsəlman qarşıdurmasına çağırış edən Fransa prezidentliyinə namizəd Valeri Pekresə etirazını bildirsin. Çünki Valeri Pekres Qarabağa səfərini oradakı xristianları qorumaq məqsədi əsaslandırıb.
Xüsusilə də bu məsələ xrisitan - müsəlman qarşıdurmasına çağırış kimi də qiymətləndirilə bilər. Dinlərarası tolerantlıq və multikultural dəyərlərə təhqir hesab ediləcək bu məsələ hər iki dinin mənsublarını və xalqları üz-üzə qoyan məsələdir.
Fransalı Nazirin və prezidentliyə namizəd Valeri Pekresin bu qərəzli addımları yerli və beynəlxalq səviyyədə qınanmalı və qəti şəkildə pislənilməlidir. Milli Cəbhə Partiyası da bu hərəkəti pisləyir.
Milli Cəbhə Partiyası (MCP) Fransanın qərəzli yanaşmasına etiraz edir və başqa ölkələrin ərazi bütövlüyünə hörmət etməyə çağırır".
SEVDA
Versus.Az