32 il qabaq törədilən sovet-rus qətliamı və doğan ideologiya
“Tarixin bütün keçməkeşlərindən keçən millətimiz əzildi, amma üzülmədi"
1990-cı ildə sovet rus qoşununun Bakıda törətdiyi 20 yanvar qanlı faciəsindən 32 il ötür. Bu təqvim Azərbaycanın tarixinə qanla yazılsa da, xalqın müstəqillik, Azadlıq əzminin alovu sönmədi... Sovet rus qoşunlarının Bakıda 32 il qabaq törətdiyi “20 yanvar” faciəsi Azərbaycana qarşı törədilən ən böyük cinayət, qətliam aktı olmaqla, bizə böyük bir dərs oldu. Bu tarixi dərsi unutmamaq, anım günlərini böyük izdihamla qeyd etməklə yanaşı, haqsızlığa qarşı güclü milli ideologiyanın formalaşması prosesi başladı... Biz o zaman milli kimliyimizi müdafiə etmək, dövlətimizin pozulan haqqını qorumaq, bərpa etmək üçün 20 yanvar cinayətkarlarını beynəlxalq məhkəmələrdə mühakimə edə bilməsək də, faciələrlə ruhən əriyən xalqımız, millətimiz zaman keçdikcə baş verən hadisələrin ittihamçısı, hakimi oldu...
Bu gün Azərbaycanın tarixinə “20 yanvar” faciəsindən baxsaq tarixi həqiqətlər, ölkəmizə qarşı məkirli, faşist mövqeyindən çıxış edən imperialist gücün-Sovet Rusiyasının hansı yeni qara siyasət yürütdüyü və bu siyasətin 32 ildən sonra hansı istiqamətlərdə özünü göstərdiyi ortada. Lakin güclü imerialist dövlətlər beynəlxalq hüquqa məhəl qoymur, nədənsə öz cinayətlərini asanlıqla icra edə bilirlər. Dünyanın ədalətsizliyi də budur.
Lakin ötən 32 ildə qarşılaşdığımız tarixi haqsızlıq Azərbaycan gəncliyini hansı ideya ilə silahlanmağa məhkum edir və biz nə edə bildik?
Versus.az xəbər verir ki, bu istiqamətdə şərh verən Milli Məclisin deputatı Fəzail İbrahimli 32 illik tarixə başqa bir prizmadan da yanaşıb.
“Artıq üstümüzə atılan caynaqlar köpəklərin aya hürməsi kimi olacaq”
Fəzail İbrahimli açıqlamasında bildirib ki, Azərbaycan xalqı 20 yanvar tarixini təkcə faciəli təqvim kimi yox, eyni zamanda xalqın azadlıq uğrunda mübarizə tarixi kimi qeyd edir. 20 yanvar hadisəsində 100-lə insanın ölümünün səbəblərini açan deputat “Onlar nəyin uğrunda öldülər” sualına cavab verərkən, bu faciənin qəhrəmanlıq, şərəf tarixinə dönüşdüyünə diqqət çəkib:
“20 yanvar faciəsi illərlə sovet imperiyası tarixində qol-qola verib böyük qələbələr çalan sovet insanının əxlaqına, şüuruna yad düşüncə kimi daxil olan Moskvanın yeritdiyi siyasət oldu. Biz II dünya müharibəsində yüzlərlə insanlarımızı qurban verdik. O, qələbənin əsas ilhamvericisi Azərbaycan nefti, xalqı idi. Bu, imperiya tərəfindən ögey münasibətlərlə qarşılansa da, xalqımız səbr etdi. Lakin Topxana meşəsində Azərbaycana qarşı olan haqsızlıq xalqı ayağa qaldırdı. Xalq meydana çıxdı, imperiyaya lənət oxudu və onun mahiyyəti uşaqdan böyüyə qədər hər kəsə məlum oldu. Belə bir ərəfədə Moskvada Qorbaçovun apardığı uğursuz siyasət, eyni zamanda Sovet İmperiyasını saxlayan və onun zəncirində ən zəif halqa olan "milli münasibətlər"ə də münasibət dəyişdi. Məlum oldu ki, bu imperiya xalqların dostluğu üzərində yox, Qorbaçovun ətrafında fırlanan ermənilərin istəkləri üzərində hərəkət edir. Beləliklə, “Dağlıq Qarabağ” problemi meydana gəldi və xalq Topxana hadisələrindən sonra monolit şəkildə birləşdi”.
Tarixçi alim F.İbrahimli belə bir ərəfədə imperiyanın Azərbaycan xalqının müqavimətini qırmaq üçün həyata keçirdiyi planların mənfur görüntüsünü çox məharətlə təqdim edib:
“Xalqın müqaviməti qırılmalıydı. Çünki artıq xalq imperiyaya nifrət ruhu ilə ayağa qalxmışdı. Bu xalqı əzmək, eyni zamanda “tərbiyə” edib, digər sovet respublikaları arasında “imperiya güclüdür, Moskva öhtəsindən gələ bilər”- xofu yaradılmalıydı. Ancaq xalqın iradəsi qırılmadı, dinc, əliyalın xalq tankların qarşısına çıxdı, böyük faciə yaşandı...”
F.İbrahimli tariximizə nəzər salaraq Azərbaycan xalqının başına gətirilən “ 20 yanvar” faciəsinin ötən tarixlərdə də təkrar olunduğunu qeyd edib. O, eyni zamanda “əgər imperiya istəsəydi, o azadlıq prosesini bir günün içərisində boğa bilərdi”-kimi fərqli düşüncələrə də zamanla aydınlıq gətiriləcəyini deyib. Onun sözlərinə görə, artıq müəyyən mənbələrdə məhz bu prosesin Kremlin özünün içindən qızışdırıldığı deyilir ki, mahiyyətcə xarici qüvvələrin təsiri altında hərəkət edən rəhbərliyin fəaliyyəti ilə keçmiş SSRİ-ni və dünya sosializm sistemini dağıtmaq məqsədini güdüb.
F.İbrahimli hesab edir ki, bu siyasətin arxasında qlobal güclər dayanırdı. Daxildə isə xalqın müqavimətini qırmaq üçün xüsusi planlar hazırlanırdı:
“Yanvar ayının 3-də Yazovun rəhbərliyi ilə Gəncədə iclas keçirildi, Bakıda olan nümayəndələri təlimatlandırıldı. Hətta o planın həyata keçirilməsi üçün 20-ci ildə Cumhuriyyət hökumətini devirmək üçün hazırlanan plan da arxivlərdən çıxarıldı. Həmin planın adını “Tayfo” qoydular. Yanvarın 13-14-də Dövlət Təhlükəsizlik Orqanları tərəfindən hazırlanmış təxribat baş tutdu, 2 azərbaycanlı erməni tərəfindən öldürüldü və nəticədə bu xalqı qırmaq üçün şərait yarandı. Sumqayıtda məlum hadisələr törədildi. Bundan 2 saat sonra Fransa televiziyası yalançı reportaj verdi ki, “Azərbaycan erməniləri qırır”. Hansı ki, Fransa yenə də erməni siyasətindən əl çəkmir. Bütün bunlar hamısı eyni zəncirin ayrı-ayrı həlqələri idi. Meydanara çıxan insanlara qarşı amansız addımlar atıldı, insanlar öldürüldü. Bununla da imperiya üçün yeni mərhələ yarandı. Pribaltikada baş verən hadisələr, ondan əvvəl, 1986-cı ildə Qazaxıstanda gənclərin tankın altına salınması...Bu gün də həmin o ssenarinin müəyyən epizodları həyata keçirilir. Bütün bunlar hamısı gördüyümüz dünyanın siyasi müstəvidə görüntüləridir. Daha böyük, qlobal düşüncələr var ki, biz onlara hələ çox da dərindən vara bilmirik”.
F.İbrahimli yanvar hadisəsindən sonra Azərbaycanın özünün müstəqilliyini elan etməsi və Müstəqillik Haqqında Konstitusiya Aktının qəbul edilməsi mərhələsinə diqqət çəkib. O, 1991-ci ildə Sovet İmperiyasının çökməsi, Azərbaycanın müstəqil olması prosesini, bundan sonra da imperiyanın o mənfur iddialarını yaşatdığını qeyd edib:
“Şimaldan, Qərbdən, Cənubdan, Şərqdən Azərbaycana caynaqlar uzandı, başımızın üzərini yenə də qara buludlar örtdü. Daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə, siyasi partiyalar arasında toqquşmalar, hakimiyyəti zəbt etmək istəyi, Milli Məclisin üzərinə hücum, Şuşa və ayrı -ayrı cəbhələrin başdı-başına buraxılması, bir sözlə daxildə olan ziddiyyətlərlə xaricdə olan amillər üs-üstə düşdü”.
F.İbrahimli bildirib ki, o vaxt Azərbaycanda dövlətin parçalanması təhlükəsi yaranmışdı. Əgər 18-ci ildə Avropanın qabaqcıl təhsilinə, düşüncəsinə sahib olan 44 nəfər kişi ayağa qalxıb ölkəni xilas etdisə, yenidən müstəqillik əldə etmiş Azərbaycanı xalqın dəvəti ilə hakimiyyətə gələn ulu öndər xilas etdi:
“Amma bundan əvvəl isə “20 yanvar” hadisəsindən sonra imperiyaya qarşı özünün səsini qaldırıb, Mockvada Azərbaycanın Daimi Nümayəndəliyi qarşısında çıxışı edərək hakimiyyəti ifşa edən, Qorbaçov siyasətinin mahiyyətini açan Heydər Əliyev məsələnin nədən ibarət olduğunu dünyaya bəyan etmişdi, hadisəni törədənləri lənətləmişdi. 1993-cü ildə hakimiyyətə gələn ulu öndər Azərbaycanı parçalanmadan qurtardı və Azərbaycanı 2003-cü ilə qədər uğurla gətirdi. Amma bizim ciddi problemlərimiz var idi. Qarabağ torpaqları işğal olunmuşdu. Və torpaqların işğaldan azad edilməsi, tanrının və taleyin hökmü ilə sənab İlham Əliyevin həyatına yazılmışdı. İlham Əliyev bir sərkərdəlik, xilaskarlıq missiyasını həyata keçirtdi. Böyük iqtisadi islahatlar, siyasi addımlarla müşayət olunan görüşlər və sair addımlarla bizə qarşı aqressiv mövqe tutan, tez-tez sərhədlərimizi pozan erməniyə qaşı açıq mübarizəyə keçməyin zamanını yetişdirdi. O, qətiyyətli, iradəli, cəsarətli addımları ilə xalqı səfərbər edə bildi. Məhz keçən illər ərzində Azərbaycanın güclü ordusu yarandı. Güclü orduya yalnız ölkənin güclü iqtisadiyyatı zamin ola bilərdi. Ordu, güclü iqtisadiyyat, xalq birliyi, rəhbər iradəsi birləşib Dəmir Yumruğa çevrildi və düşmənin başını əzdi”.
F.İbrahimli bəyan edib ki, biz 44 günlük müharibədə təkcə erməniləri yox, həm də onların xiristian dünyasının ağuşunda qurduğu qalanı darmadağın etdik. Onun fikrincə, məhz o qala dağıdılandan sonra 200 ildən artıq hökm sürən böyük Ermənistan ideologiyasının təbliğat ocağı darmadağın olundu:
“Biz o ideologiyanı dəfn etdiyimiz tabutuna sonuncu mismarı vurduq. Bununla da Azərbaycan dünya dövlətləri içərisində cəsarətlə dayana bildi. Tariximizin və taleyimizin ən şərəfli səhifəsi bu müharibədə qələbə idisə, bu müharibəni özündə əks etdirən bir qələbə paradı keçirildi. Həmin paradda cənab prezident dünyaya bəyan etdi ki: - "Biz qalib gəldik! Demokratiyanın qara rəngini ağ rəngə çevirdik! BMT qərarlarını Azərbaycan özü yerinə yetirdi.""
Deputat bildirib ki, bu gün böyük dövlətçilik tarixi olan Azərbaycan dünya dövlətləri sırasında qürurla dayanır:
“Tarixin bütün keçməkeşlərindən keçən mənim millətim əzildi, üzülmədi. Bu gün dünya dövlətləri içərisində öz imzamız var. Xiristian dünyası bu məsələdə parçalandı. Və bu gün baş verən hadisələr, dövlətimizin qüdrəti, dünya içərisində nüfuzumuz, bir mənanı ifadə edir: Ruhunuz Şad olsun, Bizim Şəhidlərimiz!.. Yatın, Sizin yatdığınız o ocağın istisi bu gün Azərbaycan xalqının başını uca edib! Siz qanı elə-belə tökmədiniz. Çünki “Torpaq Uğrunda Ölən Varsa, Vətəndir-deyiblər. Şəhidlərimizin Ruhları şaddır. Qoy vətən uğrunda döyüşən qazilərimizin də əhval-ruhiyyəsi yüksək olsun. Sağlamlıq durumları yerində olsun. Dövlətimiz güclü, xalqımız dünya xalqları arasında həmişə başı uca olsun!..”"
F.İbrahimli bəyan edib ki, artıq tarixin ağır sınaqlarından çıxan gənclərimiz bu gün o döyüş ruhu ilə Şuşanı dağları aşaraq əliyalın aldısa, bu, yeni ideologiyanın hansı səviyyədə olduğunu artıq göstərir:
"İdeologiya o zaman güclü olur ki, insanları qətiyyətə, hünərə, cəsarətə sövq edir. Məsələn, Alman ideologiyası faşizmə xidmət edirdisə, erməni ideologiyası “türk düşməndir, məhv etmək lazımdır” ideologiyasına xidmət edir. Azərbaycan ideologiyasında “Vətəni qorumaq lazımdır”, “Torpağın azadlığı naminə ölümə hazır olmaq lazımdır”, “Vətəni sevmək lazımdır “ ideologiyası var. Bu bizim ideologiyanın qələbəsidir. Bundan sonra Şimaldan, Qərbdən üstümüzə atılan caynaqlar köpəklərin aya hürüməsi kimi olacaq”. /Həftə-içi/
Tahirə Qafarlı
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”