"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

15:00 20-01-2022 | icon 515 | Siyasət
"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

Sərdar Cəlaloğlu: “Üçtərəfli bəyanatı yerinə yetirmirlərsə, Azərbaycan o bəyanatdan çıxmalıdır”

 

Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanın işğalçı, revanşist siyasət yürüdən Ermənistanla 44 günlük müharibəsi regionun geosiyasi vəziyyətini yeni mərhələyə daşımaqla yanaşı, regional və qlobal əhəmiyyət daşıyan mühüm məqamları ortaya çıxarıb və hazırda proseslər diplomatik müstəvidə davam edir. Cənubi Qafqazda baş aktor kimi gərginliyin önündə dayananlar sırasında daha çox Rusiyanın adı çəkilir. Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi, sərhədlərin müəyyənləşməsi, erməni silahlılarının ərazidən çıxarılması, Ermənistanın sülh müqaviləsinə imza atıb revanşist siyasətindən əl çəkməsi ilə bağlı üçtərəfli sazişə əsasən götürdüyü öhtəliklərin həlli uzandıqca məsələlərin daha mürəkkəb məcraya yönəldiyi müşahidə olunur. Bu istiqamətdə açıq qalan suallar çoxdur və haqlı tərəf olan ölkəmiz həmin sazişə əsasən məsələlərin tez bir zamanda həllini gözləyir, tələb edir.

 

Versus.az bu və ya digər məsələlərlə bağlı ADP sədri Sərdar Cəlaloğlunun müsahibəsini təqdim edir.

 

“Qazaxlar orada törədilən qırğınlara öz cavabını verəcək

 

- Sərdar müəllim, məlum olduğu kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi qüvvələri -Rusiya Qazaxıstandan çıxır. Bir çox mənbələr bunu Qazaxıstanın Rusiyadan canını qurtarması kimi ifadə edir. Rusiya KTMT adı altında Qazaxıstana ordu yeritməklə hansı prosesi önlədi və bu prosesin regiondakı Türk Ddövlətləri Təşkilatına, türk dövlətlərinə təsiri nə oldu?

 

- Əvvəla onu deyim ki, Rusiyanın Qazaxıstana girməsi Türk  Dövlətləri Təşkilatına qarşı bir addım idi. Eləcə də Nazarbayevin Qazaxıstanda apardığı ardıcıl siyasətə qarşı Rusiyanın əks, sərt davranış nümayiş etdirməsi idi. İkincisi, bu, Ukrayna məsələsində Rusiyanın daha üstün mövqedə olmasını saxlayacaq bir hərəkət idi. Rus qoşunları Qazaxıstana girməklə bir daha bəşəri cinayət törətdilər, etiraz mitinqlərində dinc insanları gülləlləyib, öldürüb, həbs ediblər. Mənə elə gəlir ki, qazax xalqı Rusiyanı Qazaxstanda törətdiyi cinayətlərə görə Beynəlxalq Məhkəməyə verməlidir.

Bununla yanaşı mən düşünmürəm ki, rus qoşunları bu ölkədən tamamilə çıxarılıb. Belə bir təəssürat yaratmaq istəyirlər. Amma Rusiya uzun müdət Qazaxıstanda siyasi proseslərə təsir etmək imkanlarını əlində saxlayacaq.

Eləcə də Qazaxıstan hadisələri indiki halda Türk Dövlətləri Təşkilatının fəaliyyətinə çox ciddi təsir edib.  Tokayev rus yönümlüdür, kifayət qədər də türkçülükdən uzaq bir adamdır. Amma proseslərin inkişafından, gələcəyindən çox şey asılıdır. İndiki halda Qazaxıstan ciddi problemlərlə üzləşib, uzun müddət orada iqtisadi sabitlik davamlı olmayacaq.

Bu gün bu proseslərin qazax xalqının milli şüurunun oyanmasına təsirlər göstərməsi faktı da önə çəkilir. Deyə bilərəm ki, bu xalqın milli şüuru çoxdan oyanıb.  Sadəcə olaraq qazaxlar bir qədər ətalətlidirlər, amma çeçenlərdən də qatıdırlar. Yəni ola bilər ki, bu hadisələrə gec reaksiya versinlər, amma cavabları həddən artıq kəskin olacaq. Ona görə də hesab edirəm ki, qazaxlar orada törədilən qırğınlara öz cavabını verəcək. Hələ yaraları istidir, camaat ölülərini axtarır. Ən çox QHT-lərin verdiyi məlumata görə orda ölənlərin sayı 2 mindən artıqdır, rəsmi məlumata görə 250 nəfərdir, həbs olunanların böyük əksəriyyəti ağır yaralıdır. Yəni Qazaxıstanda açıq-aşkar qırğın həyata keçirilib. Dinc əhalinin üzərinə bu cür xəbər verilmədən atəş açılmasına, insan hüquq və azadlıqlarının bu cür kobud şəkildə pozulmasına qarşı atılan addımlara görə Rusiya beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidir.

Heç şübhəsiz ki, Qazaxıstan hadisələri bir daha Rusiyanın türk, müsəlman xalqlarına düşmən olduğunu göstərdi. Biz də Rusiya ilə əlaqələrin bizim kimi xalqlara nə qədər baha başa gəldiyini gördük...

 

- Bu gün bir tərəfdən də Rusiyanın Ukrayna ilə münasibətləri gərginləşib. Rusiya öz diplomatlarını Ukraynadan çıxarır. Müharibə başlaya bilərmi və Rusiyanı bu müharibədən kim yayındıra bilər?

 

-Rusiya Ukrayna ilə müharibəyə başlayacağı təqdirdə çox ciddi şəkildə uduzacaq. Mən inanmıram ki, Rusiya müharibə eləsin. Düşünürəm ki, bu prosesdə bütün sülhpərvər dövlətlər Ukraynaya dəstək olacaqlar. Çünki Ukrayna elə bir səddir ki, ruslar onu keçəcəyi təqdirdə Fransa, Almaniya üçün təhlükə yarada bilər. Ona görə də bu müharibə Rusiya üçün asan olmayacaq.

 

- Sizcə məhz belə bir ərəfədə Prezident İlham Əliyevin Ukraynaya səfərinin əhəmiyyəti nədir?

 

- Bu səfər Qazaxıstan məsələlərinə görə Rusiyaya bir mesajdır. Eyni zamanda Ukraynanın 44 günlük müharibədə ölkəmizə verdiyi dəstəyə görə bir vəfa səfəridir.

İndiki halda Ukrayna ən ağır vəziyyətini yaşayır və Azərbaycanın Ukrayna ilə belə bir sıx əlaqələr yaratması adi məsələ ola bilməz. Açığı mən İlham Əliyevin indiki məqamda Ukraynaya səfərini çox yüksək qiymətləndirirəm. Verilən bəyanatları da düzgün hesab edirəm.

Bu səfər birinci növbədə Rusiyaya verilən bir mesajdır. Azərbaycan Kırımı tanımadı, Ukrayna ilə enerji müqavilələri imzaladı, Ukrayna-Moldova-Gürcüstan arasında GUAM-ın yenidən aktivləşdirilməsinin zəruri olduğunu qeyd etdi. Yəni orda verilən bəyanatlar Rusiyanın Ukrayna siyasətinin tam əleyhinədir. Bu səfər elə bilirəm ki, Rusiyanın Qazaxıstana girməsinə İlham Əliyevin və Türkiyənin verdiyi bir cavab idi.  Hə, dərhal sual yaranır: Rusiyanın bizə cavabı nə olacaq. Unutmayaq ki, Rusiya zatən Qarabağda apardığı oyunlarla Azərbaycana qarşı çoxdan əks çıxışlar edir. Rusiya indi də özünün sülhməramlıları ilə bizə qarşı düşmənçiliyini aparır. Yəqin ki, məlum səfər bu məsələlərlə bağlı da Ona xatırlatma olacaq. 

 

- Sərdar müəllim, NATO-nun keçmiş baş naziri Andres Foq Rasmussen Rusiyanın NATO-nun Şərqə genişlənməklə bağlı zəmanət istəməsinə münasibətini bildirərkən deyib ki, NATO-nun qapısı açıq olacaq. Biz istəmirik ki, Rusiya Prezidenti Putin qapıçı olsun...  Belə bir ərəfədə bu, Rusiyaya hansı mesajdır?

 

- Əgər Rusiya keçmiş SSRİ respublikalarına, Şərqi Avropa ölkələrindən belə bir zəmanət istəyəcəksə, ilk növbədə özü digər ölkələrin təhlükəsizliyini pozmayacağına təminat verməlidir. Yoxsa ildə bir dəfə Qarabağı, Gürcüstan ərazisini işğal edəcəksə, Kırımı, başqa ölkələrin ərazisini işğal edəcəksə, ona necə təminat verilə bilər və o, necə özü üçün NATO-dan belə bir zəmanət istəyə bilər?!. Ona görə də heç kəs Rusiyaya zəmanət verməməlidir.

Rusiya bir şeyi başa düşməlidir ki, ya beynəlxalq hüquqa uyğun yaşamağı bacarmalıdır, ya da gec-tez Rusiya dövləti mövcud olmayacaq. Baxın, Putinin apardığı siyasət nəticəsində bütün xalqlar Rusiya ilə düşməndir.  Xüsusən də türk xalqları. Qazaxıstana girib, Ukraynaya girib, Gürcüstana girib, Moldovaya girib, Pribaltikanı hədələyir, ordan  Yaponiya, burdan Çinlə vəziyyəti gərgindir. Sən nəyə görə elə siyasət aparırsan ki, bütün xalqlar sənə nifrət eləsin.  Ondansa beynəlxalq hüquqa uyğun siyasət apar və qoy hamı səninlə dost olsun.

Deməliyəm ki, Rusiyanın ziyalıları, demokratik insanlar, sabiq generalları və sair, Putinin siyasətini açıq şəkildə ziyanlı hesab edir, rus dövlətinin, xalqının maraqlarına xidmət etmədiyini deyirlər. Digər tərəfdən, elə başa düşməyin ki, Rusiyada hamı qoyun kimi Putinin zorakı siyasətinin qarşısında sakit dayanıb mələşir, elə şey yoxdur.

Son vaxtlar Rusiyada çox ciddi müxalifət hərəkatı meydana çıxıb və getdikcə güclənir. Bu sırada Novalin və onun tərəfdarlarını qeyd edə bilərik. Məsələn, axırıncı seçkilərdə Rusiyanın əksər şəhər və kəndlərində Putinə olan etirazlar onu göstərdi ki, rus xalqı da yavaş-yavaş oyanır.

Digər tərəfdən sizin sualınzda NATO-dan Rusiyaya verilən məlum mesajda deyilir ki, “qapı açıqdır”sa, Rusiya da gəlib ona üzv ola bilər. Eləcə də Putini bir “qapıçı” kimi dövlətlərin NATO-ya üzv olmasına maniə yaratmamağa çağırıblar. Axı, Ukrayna müstəqil dövlətdir və o, NATO-ya daxil olmaq istəyirsə, sən ona maniə ola bilməzsən. Axı sən yaxşı olsaydın bütün dövlətlər səndən qaçmazdı. Rusiya bu sualı özünə verməlidir ki, niyə bütün xalqlar Rusiyadan qaçıb Avropa xalqları ilə əməkdaşlıq etmək istəyirlər. Bunun cavabını Rusiya özü verməlidir.

 

- Artıq Türkiyə-Ermənistan arasında başlanan ilk danışıqlarla bağlı addımlar atılıb. Danışıqlar üzrə xüsusi nümayəndələr Sərdar Kılıc və Roben Rubinyan ortaq nöqtələri müəyyən etmək üçün konstruktiv və qeyri konstruktiv danışıqları davam etdirməyi düşünürlər. Bu fonda danışıqların perspektivi necə görünür?

 

- Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var və  torpaqların bir qismi hələ ki, suveren deyil. Türkiyəyə qarşı da soyqırım iddiası və ərazi iddiaları yer alır. Təbii ki, bu danışıqlarda Ermənistanın yersiz iddiaları müzakirə olunacaq. Ermənistanın öz konstitusiyasından “soyqırım” iddiasını çıxarması, ərazi iddilarından əl çəkməsi, Azərbaycana qarşı revanşist iddialarından, Qarabağ iddialarından əl çəkməsi, sərhədlərin delimitasiya və demorkasiya prosesini uzatmaması, Zəngəzur dəhlizinin açılmasına maniə yaradılmaması və sair məsələlər danışıqların predmetidir. Bu gün Ermənistan bu cür düşmənçilik siyasəti yeritdiyi halda Türkiyə-Ermənistan münasibətləri normal inkişaf edə bilməz. Əgər Ermənistan Türkiyə ilə əlaqələr yaratmaq istəyirsə, kimsə də onu bu danışıqlara məcbur etməyəcək. Türkiyənin buna ehtiyacı yoxdur. Türkiyə Ermənistandan asılı deyil, Ermənistan Türkiyədən asılıdır. Ermənilər istəyir ki, Türkiyə ilə sərhədləri açsınlar və onların hesabına inkişaf eləsinlər. Türkiyə bu prosesdə heç nə itirmir. Ermənistan İstambulun bir küçəsi boydadır. Elə Türkiyənin bir futbol komandasının büdcəsi Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur. Ona görə də Ermənistan qonşu dövlətlərlə normal əlaqələr qurmaq istəyirsə, özü də buna çalışmalı və revanşist iddialarından əl çəkməlidir. Əgər düzgün mövqe nümayiş etdirəcəklərsə danışıqlarda istəklərinə nail olacaqlar. Əgər Rusiya kənara çəkilərsə, Ermənistanda sağlam qüvvələr mövqe ortaya qoyacaqsa əlbəttə ki, müsbət addımlar atılacaq. Əks halda nəticələri Ermənistan üçün üçün ağır olacaq. Yenə ermənilər uduzacaq.

Tutaq ki, Türkiyə “erməni soyqırımı” iddiasının aradan qaldırılmasında maraqlıdır və bunu istəyir. Amma Ermənistanla danışıqlarda buna ümid etməyə ehtiyac duymuram. Ermənilər 100 ildir bu axmaq iddia ilə çıxış edirlər. Guya nəyə nail ola biliblər ki...belə davam edəcək...

 

- Yanvarın əvvəlindən sərhədlərin delimitasiyası, demorkasiyası  ilə bağlı Ermənistanla Azərbaycan arasında birgə komissiya yaradılmalı idi. Amma gecikir. Belə olduğu halda Ermənistanı öz öhtəliklərini yerinə yetirməyə kim məcbur edəcək?

 

-Rusiya buna imkan vermir. Əgər sərhədlərin delimitasiyası, demorkasiyası tezliklə baş verərsə, o zaman rus sülhməramlıları Qarabağdan çıxmalı, Ermənistan sülh müqaviləsi imzalamalıdır. Ona görə də Rusiya imkan vermir ki, bu komissiya yaransın, toplantılar keçirilsin. Ordan da bəyanat verir ki, sərhədlərin müəyyənləşməsinin Qarabağa aidiyyatı yoxdur. Necə yəni aidiyyatı yoxdur?! Qarabağ Azərbaycan sərhədləri daxilində deyil?!. Açıq şəkildə görsənir ki, Rusiya Azərbaycanla-Ermənistanın münasibətlərin tənzimlənməsinə, sərhədlərinin müəyyənləşməsinə imkan vermir.  

Üçtərəfli bəyanata əsasən bu öhtəliklər kimisə məcbur etmədən yerinə yetirilməlidir. Əgər Rusiya və Ermənistan üçtərəfli bəyanatı yerinə yetirmirsə Azərbaycan o bəyanatdan çıxmalıdır. Biz buna görə məcbur yox, sadəcə Rusiyanın vasitəçiliyindən imtina edə bilərik. Və imtina eləməliyik. Çünki Rusiya heç bir öhtəliyini yerinə yetirmir. 

 

“Təzədən gedib çirkli oyunlara girmək istəmirəm”

 

- Sərdar müəllim, Milli Məclisə boş qalan deputat yerlərinə seçkilər keçiriləcək. Siyasi partiyalar bu seçkidə necə iştirak edəcək, seçki məcəlləsində hansı dəyişikliklə ehtiyac var?

 

-Siyasi partiyalar bu seçkilərdə iştirak edəcəklər. Bizim partiya da bu məsələni müzakirə edib və qərar qəbul edilib. Şəxsən mən özüm o seçkilərdə iştirak etməyə meyilli deyiləm. Çünki dəfələrlə seçkilərdə iştirak eləmişəm, səslər saxtalaşdırılıb. Ona görə də təzədən gedib çirkli oyunlara girmək istəmirəm. 

Digər tərəfdən, hesab edirəm ki, birinci növbədə Konstitusiyada dəyişiklik edilməli və proporsional seçki sistemi yenidən bərpa edilməlidir. Yalnız o halda Azərbaycanda real siyasi güclər parlamentdə təmsil oluna bilər. /"Həftə içi"/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada