MCP-nin İFA-sı 20 Yanvar Şəhidlərinin ANIM GÜNÜNDƏ
"Problemlərini həll etmək üçün əlimizdən gələni edirik, həll edə bilmədiklərimiz də olur"
Milli Cəbhə Partiyası (MCP) nəzdində fəaliyyət göstərən İctimai Fikir Akademiyası (İFA) 20 Yanvar Şəhidlərinin anım günü ilə bağlı tədbir keçirib.
Versus.Az xəbər verir ki, tədbirdə Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, partiyanın rəhbər heyəti, üzvləri, 20 Yanvar və vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, ictimai-siyasi xadimlər, ziyalılar, media nümayəndələri iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözüylə açıq elan edən MCP-nin sədr müavini Ehtiram Mehtiyev bildirdi ki, hər bir xalqın tarixində faciə və qəhrəmanlıq səhifəsi var, lakin çox nadir hallarda bu iki məqam birləşir:
“Azərbaycan xalqı 1990-ci il, yanvarın 19-dan 20-nə keçən gecə tarix yazdı, şanlı tarix, öz qanı bahasına. 20 Yanvar Azərbaycan tarixinə həm faciə, həm də zəfər, qəhərəmanlıq günü kimi əbədi yazıldı. Məhz həmin gün uzun illər imperiya əsarətində yaşayan xalq azadlığa qovuşdu, igid övladlarının qanı və canı bahasına”.
Daha sonra 20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev çıxış etdi. O, bütün şəhidlərin ruhlarına rəhmət, qazilərə sağlıq dilədi. Şəhid qardaşı bildirdi ki, 20 Yanvarda Azərbaycan öz igid övladlarının qanı bahasına 1918-ci ildə təməli qoyulan müstəqilliyini bərpa etdi:
“Böyük bir imperiyanın çöküşü 20 Yanvarla başladı. Həmin hadisələrdə mənim ailəmin bir üzvü, qardaşımn İlham da şəhid oldu. Burda oturan bütün şəhid ailələri qarşısında baş əyirəm. 20 yanvar günü İlhamın həyat yoldaşı Fərizə, gözəl, qeyrətli, namuslu Azərbaycan xanımı öz ölümüylə Azərbaycan xanımının nəyə qadir olduğunu göstərdi. Onların toy günləri, 30 iyun Azərbaycanda sevgililər günü kimi tarixə düşdü. Mənim qardaşım İlham digər şəhidlərdən fərqlənmir. Bütün vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin məqamı yüksəkdir, onlar ayrılmazdır, onları fərqləndirmək olmaz. Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm ki, bizə zəfər sevincini yaşatdı, böyük cəsarəti göstərib torpaqlarımızı azad etmək üçün müharibə əmrini verdi. Bundan sonra bütün xalq da birləşərək möhətəşəm zəfər yaşadıq. Deputat Razi Nurullayevə də bu günkü tədbir üçün, hər zaman şəhid ailələrini yada saldığı üçün təşəkkür edirəm”.
“20 Yanvar İctimai Birliyi”nin sədri Sultan Əzimzadə də çıxışına bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edərək, qazilərə şəfa diləyərək başladı. O, bildirdi ki, 20 Yanvar Qarabağ uğrunda gedən mübarizənin tərkib hissəsidir:
“Mən bunu sənədlərlə, faktlarla sübut etməyə hazıram. 20 Yanvar hadisələri imperiyanın bel sütununu sındırdı, dağılmasının əsasını qoydu. Təsüf ki, bu gün müxtəlif qanunlar qəbul olunanda, fərmanlar veriləndə 20 Yanvar şəhidlərinin ailələri də, 20 Yanvar qaziləri də müəyyən formada kənarda qalırlar. 20 Yanvar hadisələri təsadüf deyil. Biz təşkilat olaraq 44 günlük vətən müharibəsində dəfələrlə cəbhə bölgəsində olduq”.
Sultan Əzimzadə, deputat Razi Nurullayevə gördüyü işlərə görə təşəkkür etdi:
“Millət vəkili xalqın sözünü deməlidir, vətəndaşın yanında olmalıdır. Bunun bariz nümunəsi Razi Nurullayev burda oturub. Onun xalqın problemlərinin aradan qaldırılması üçün hansı işlər gördüyünü, necə çalışdığını görürük”.
Daha sonra çıxış etmək üçün söz Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevə verildi. Razi Nurullayev bütün şəhidlərin ruhuna rəhmət oxudu. O, bildirdi ki, biz 20 Yanvar şəhidlərini Azərbaycanın ərazi bütövlüyü, torpaqlarının azadlığı uğrunda canından keçmiş heç bir şəhidlərdən ayıra bilmərik:
“Şəhid adı birdir. Bütün şəhidlər vətənin azadlığı, müstəqilli uğrunda müxtəlif formada, şəraitlərdə, vəziyyətlərdə canlarını fəda ediblər”.
MCP sədri bildirdi ki, 20 Yanvarda Azərbaycanı işğal etməyə gələn, Azərbaycanın oğul və qızlarının üstündən tankla keçən rus ordusu, 44 günlük müharibədən sonra da Azərbaycana gəldi, bu dəfə sülhməramlı adıyla:
“Bu məsələlərdə bir başa günahkar olan Qarbaçov hələ də cəzasızdır. Biz 20 Yanvarda baş verən hadisələri oxuduqca hansı böyük cinayətlərin törədildiyini görürük. 20 Yanvarda Azərbaycan insanlarını qətl edən, bunu erməniləriun təzyiqiylə edən, ermənilərin yanında yer tutan, Azərbaycan xalqından qisas alan rus ordusu 30 ildən sonra eyni hərəkəti etdi, sülhməramlı adıyla Qarabağa yerləşdi. Məhz buna görə də Azərbaycan vətəndaşları sülhməramlılara inanmır, inanmayacaq da. Çünkü heç bir gün tamam olmamış rus sülhməramlıları ermənilərin tərəfində dayandı. Qarabağda bir rus əsgərinin heykəli qoyulub, qucağına da bir erməni qızı verilib, guya erməniləri Azərbaycanlılardan qoruyurlar. Bu sülhməramlıdırmı? Yox. Onun üçün də rus sülhməıramlıları şəhidlərimizin ruhunun sakit olması üçün, Azərbaycan xalqının təsəlli tapması üçün 5 ilin tamamında çıxıb getməlidir. Milli Cəbə Partiyası rus ordusunun hər hansı bir formada Azərbaycanda olmasına qəti qarşıdır. Azərbaycan iqtidarı, Azərbaycan xalqını arxasına alaraq müstəqil, suveren siyasətini yeritməlidir və Milli Cəbhə Partiyası da hər zaman bu siyasəti aparanların yanında olacaq”.
Razi Nurullayev daha sonra 20 Yanvar şəhid ailərinin hüquqlarının təmin olunması ilə bağlı müxtəlif görüşlər keçirdiyini, müraciətlər etdiyini bildirdi:
“Mən keçən il 20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyinin 6 üzvünü qəbul etdim. Və bunun ardınca Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədova və Əmək Və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə məktub ünvanladım. Azərbaycanın sabiq prezidenti mərhum Heydər Əliyev 31 mart 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adının verilməsi haqqında fərman verib. 29 dekabr 1998-ci ildə 20 Yanvar Şəhidi fəxri adı haqqında əsasnamə prezident fərmanıyla təsdiq edilib. Əsasnaməyə görə Əmək Və Əhalinin Sosial Müdafiəsi nazirliyi sənədləri toplayıb presidentə təqdim edib.. Mənim bildiyimə görə Əmək Və Əhalinin Sosial Müdafiəsi nazirliyi bu sənədlərlə bağlı müraciət edib. Amma nəyə görəsə “20 Yanvar Şəhidi” fəxri adının prezident fərmanına rəğmən hələ də həllini tapmaması bütün şəhid ailələrini narahat edir. Prezident fərmanı varsa bu fəxri adı almaq onların haqqıdır. Artıq 20 Ynvar şəhid ailələərinin bəzilləri dünyasını dəyişir. Bu məsələlər dövlətin dəstəyiylə həll edilməlidir. Ümumiyyətlə Azərbaycanda şəhid ailəllərinin heç bir problemi olmamalıdır”.
Mən hər zaman şəhid ailələrinin, müharibə iştirakçılarının, müharibədə yaralanan şəxslərin problemlərini qaldırdığını deyən Razi Nurullayev təsüflə bildirdi ki, bu problemlərin xeyli hissəsi hələ də həll olunmamış qalır:
“Mən bu məsələdə həm də yerli məmurları, aidiyyatı orqanları da günahkar görürəm. Mənim qəbuluma şəhid ailələri, yaralılar, müharibə iştirakçıları gəlir. Onların problemlərini həll etmək üçün əlimizdən gələni edirik. Həll edə bilmədiklərimiz də olur. Amma o insan bilir ki, biz qəbul etdik, dinlədik, çalışdıq, onlar üçün haralarasa zəng etdik, lazım gəlsə təzyiq də göstərdik, mediada ictimailəşdirdik, parlamentdə məsələ qaldırdıq və o insanlar az da olsa təskinlik tapırlar ki, mənə diqqət göstərdilər. Bəziləri isə onları qəbul belə etmək istəmir, başından edir, şikayətini dinləmir, dinləsə də ardınca getmir. Bu qəbuledilməzdir. Müharibə hələ bitməyib. Biz ordumuza, əsgərlərimizə, şəhid ailələrinə olan qayğını azalda bilmərik. Bu gün də hələ bizim yarasından qan axan müharibə iştirakçılarımız var. Mən hamınıza təşəkkür edirəm. Arzu edirəm ki, qoy bütün sizə xidmət etməli olan məmurlar sizə xidmət etsinlər, problemlərimizi, haqlı tələblərinizi bu gündən sabah, bu aydan digər aya, bu ildən digər ilə keçirtməsinlər”.
Tədbirdə çıxış edən “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyi”nin sədri Maral Zamanova bütün şəhidlərini əziz ruhlarını ehtiramla yad etdikdən sonra deputat Razi Nurullayev və onun köməkçisi Ehtiram Mehtiyevə daim şəhid ailələrinin problemlərinin həlli üçün çalışdıqlarına görə təşəkkür etdi. Sədr daha sonra şəhid ailələrinin bəzi problemlərinə toxundu. O, bildirdi ki, hər il şəhid ailələri ildə bir dəfə yada salınırdı, bəzi yardımlar da edilirdi, lakin bu il də o da olmadı:
“31 il ərzində hər il respublika prezidenti tərəfindən 20 Yanvar ərəfəsində şəhid ailələriylə görüş, tədbirlərin keçirilməsiylə bağlı fərman imzalanırdı. Bu il o fərman olmadı. Biz uzun illərdi bütün aidiyyatı qurumlara, şəxslərə məktublar ünvanlayırıq, lakin cavabsız qalır. Heydər Əliyev tərəfindən imzalanan fəxri adla bağlı fərman həllə də masa üzərində qalır. Şəhidin fəxri adının verilməməsi kimin marağındadır, 20 Yavarın unudulması kimin marağındadır? Şəhid aillələrinə hələ də balaca bir vəsiqə, döş nişanı verilməyib. Biz qurumlara gedəndə bizi polis qəbul edib dinləyir, məktublar cavabsız qalır. 32 il oldu. Baxmırlar. Axı biz sabah Avropa Məhkəməsinə müraciət etsək ayıb olacaq. Biz bunu istəmirik, utanırıq. Amma məcburiyyət qarşısında bunu edəcəyik. Vətən müharibəsi şəhidlərinin ailələrinə Azərbaycanda təzminat ödəndi, lakin 32 il ərzində 20 Yanvar şəhidlərinin ailələrinə təzminat ödənməyib. 16 ildən sonra ailərə təqaüd kəsildi. Bu kimin günahıdır? 92-93-cü illərdə Mübariz adı verildi, o da qaldı kağız üzərində. 20 Yanvar şəhidləri qəhrəmanlıq etməyiblər, tank qarşısına çıxmayıblar? Bütün şəhid ailələrinin problemləri var bu gün. Belə olmaz”.
Çıxış edən Qarabağ müharibəsi iştirakçısı, komandir müavini olmuş, polis mayoru Aidə Şirinova da müxtəlif poroblemlərdən danışdı. O, bildirdi ki, bu problemlərlə bağlı illərdi ki, özümüz deyib, özümüz eşidirik:
“Biz bir millət olaraq birləşib bu facilərə son qoya bilərikmi? Düzdür imperyalara qalib gəlmək çətindir. Amma bu o demək deyil ki, içimizdəkiləri də təmizləyə bilmərik. Biz şəhidlərimizi bölməməliyik, ayırmamalıyıq, seçməməliyik. Mən rus bayrağı qaldıranlar azərbaycanlılara baxanda düşündüm ki, haqqsızdan haqq dilənirik. Biz Turanı qurmasaq, müsəlman dövlətləri bir araya gəlməsə bu faciələri hər zaman yaşayacayıq. Bizim əlimizdən, vətəndaşın əlindən nə gəlir? Şəhid olanlar hamısı kasıb ailələrin balalarıdır. Bəs yuxarıda oturanların qulaqlarına pambıq tıxanıb? Mən ilk qadınam ki, öz hərbi biletimlə “vaenkomata” müraciət edib könüllü getdim müharibəyə. Bu insanların hüquqları niyə təmin edilmir? Daha 32 ilmi keçməlidir? Biz birləşməliyik, içimizdəki xainləri təmizləməliyik. Azəərbaycan heç bir dövlətin müstəmləkəsi olmamalıdır, ola bilməz”.
Daha sonra çıxış edən vətən müharibəsi iştirakçısı Əliyev Bariz Rəfail oğlu da şəhidlər arasında ayrıseçkiliyin qəbulunmaz olduğunu bildirdi:
“Şəhidlik böyük zirvədir, hər kəsə qismət olmur. Bu milləti sevmək, bu millətə xidmət etmək şərəfdir. Biz şəhidlərə borcluyuq, şəhid ailələrinə borcluyuq. Şəhid ailəsinin problemi olmamalıdır. Şəhid ailəsi, müharibə iştirakçısı kiminsə qapısına, qəbuluna gedib kömək istəməməlidir. Onları buna məcbur etmək olmaz. Elə etmək lazımdır ki, bu xalq yaxşı yaşasın, o da olacaq”.
Çıxış edən ehtiyatda olan mayor, Qarabaq müharibəsi iştirakçısı Bakir Abdullayev, bu günkü həyatmızı, azadlığımızı şəhidlərimizə borclu olduğumuzu deyərək 20 Yanvar hadisələrinin Azərbaycanın azadlıq mübarizəsində çox önəmli yer tutduğunu bildirdi. Bakir Abdullayev aidiyyatı qurumların şəhid ailələrinə, müharibə iştirakçılarına qarşı diqqətsiz olduğunu deyərək, bəzi problemlərə toxundu:
“Müdafiə nazirliyi bu gün əsgər və zabitllərin tərəfini saxlamır. Bizi veriblər əhalinin sosial müdafiə nazirliyinin fonduna, orda da oturanlar bizlə maraqlanmırlar. Mənim sağ gözüm yoxdur, ağ ciyərim yoxdur, 4 aydır mən hələ də əlilliyin təsdiqini gözləyirəm. Mən sual verirəm, bu olmayan gözüm yerinə gələcəksə, ciyərim bərpa olucaqsa gözləyim? Axı bu mümkün deyil. Bəs nəyi gözləyirlər?”
Bakir Abdullayev bu cür problemləri qaldırdığı üçün deputat Razi Nurullayevə təşəkkür edərək, bəzi millət vəkillərindən narazılığını da bildirdi.
Çıxış edən 20 Yanvar şəhidi Rövşən Rüstəmovun anası Ziyafət Rüstəmova belə tədbirlərin önəmli oldğunu deyib. Şəhid anası daha sonra bəzi aidiyyatı qurumların, şəxslərin onlara qarşı diqqətsiz olduğunu dedi:
“Mənim sinəm doludur. Mən yaralıyam. Mən Razi Nurullayevi izləyirəm. Onun çıxışlarıda mən bizim sızıldayan qəlbimizin səsini duyan bir insanın səsini eşidirəm. Təəssüf ki, hər kəs belə deyil. Hamımız problemləri deyirik, amma iş görülmür. 20 Yanvar hadisələrindən isə ümumiyytlə danışan yoxdur. Bizim müraciətlərimizə, şikayətlərimizə baxılmır. Vəzifədə oturanlar unutmasınlar ki, xalqın hesabına ordadırlar, şəhidlələrin qanı bahasına ordadırlar. Bu xalq son tikəsini bir-biriylə bölüşən xalqdır, əsgərinə verən xalqdır. Mənim qardaşım, bacım oğlu da Qarabağ müharibəsində şəhid olublar. Düşmən düşməndir, amma bizim bəzi içimizdəkilər də bu gün bizim haqqımızı yeyirlər. Bizim haqqımız illərdir sənəd üzərində qalıb. Bizi də görsünlər, qəbul etsinlər artıq vəzifəli şəxslər. Biz istəyirik ki, Prezident İlham Əliyev şəhid anaları ilə görüşsün, biz ona sözümüzü deyək. Axı bizi niyə qəbul etmir? Onun təyin etdikləri bizi narazı salır, məhv edir bəs bizim seçdiyimiz Prezident bizi niyə qəbul etmir?”.
Tədbirdə çıxış edən 20 Yanvar hadisələrinin şahidi, həkim-psixoloq Sevinc Salehli o günləri xatırladı:
“20 yanvar günü “Semoşkaya” getdik imtahan üçün. Dəhşətli gün idi, unuda bilmirəm. Mən o gün anladım ki, bir millətin milli olması üçün, onun milli dəyərləri, qəhrəmanlığı, mübarizəsi olmalıdır. Mən o gün nəşlərin gətirildiyi yerə getdim, kömək üçün. Orda bir hadisənin şahidi oldum. Bir ana öz övladının nəşini tapdı, amma mən onun gözündə yaş görmədim. O, oturdu övladının yanına nəsə deyirdi. Yaxınlaşdım ki, Azərbaycan şerini deyir. Dəhşətə gəldim. O, Azərbaycan qadını idi. Bəli, bu gün də mübarizəmiz davam edir”.
Daha sonra MCP sədri, deputat Razi Nurullayev bir daha çıxış edərək, bəzi problemlərə toxundu. Deputat, qeyd olunan məsələlər, problemlərlə, 20 Yanvar şəhid ailələrinin prezidentlə görüşü ilə bağlı əlindən gələni edəcəyini dedi. Razi Nurullayev vurğuladı ki, bu gün ölkənin əsas problemlərindən biri də yaltaqlıq, öz şəxsi mənafeyi xətrinə, vəzifəsini qorumaq xətrinə saxta tərif, yaltaqlıq, xalqın maraqlarını qurban verməkdir:
“Bu gün təsüf ki, vəzifəli şəxslər içində yalnız öz sinəsini medalla doldurmaq üçün çalışanlar var. Onlara xalqın marağı əleyhinə addım atır, onu qəbul etmir, onun problemini həll etmir, amma sinəsinə medal taxdıra biləcək. Bu siyasət bizə lazım deyil. Düz danışmaq,, haqqı demək dövlətə, xalqa, prezidentə, vəzifəyə qarşı xəyanət deyil. Amma bu gün düz danışanları, haqqı deyənləri xain kimi göstərməyə çalışırlar. Bu gün öz maraqları üçün Azərbaycanı başqa dövlətlərə satmağa hazır olanlar belə var, xalqın maraqlarını düşünməyənlər var, onlar ifşa olunsun”.
Deputat qeyd etdi ki, bir çox vəzifəyə yeni təyin edilənlər köhnələrin atasına rəhmət oxudur:
“Ən azından köhnələr qarşılayıb yola salmağı, ədəb-ərkanı, dinləməyi, nəyisə həll etməyi bilirdi. Nə olsun bu gün deyirlər rüşvət azalıb, yenilər rüşvət almır. Bu gün yeni vəzifəyə qoyulanlar deyək ki, rüşvət almır, amma iş də həll etmir axı. Bu bizə nə verir? Üzdə rüşvət almırlar, amma gizlin yollarla edirlər. Gör nə günə qalmışıq ki, insanlar, iş adamları deyirlər ki, rüşvət və korrupsiya daha yaxşı idi. Heç olmasa pulunuzu verib işimizi həll edirdik. İndi isə nə yanlış, nə də bu yanlıq. Xaosun, qeyri-müəyyənliyin, əsəb gərginliyinin içində itib-batırıq. Bu dövlət və iqtidar üçün ən böyük siqnaldır. Bahaçılıq da insanları çökdürüb. Quzu ətinin kilosu 17 manat olub. İnsanlar var illərlə dilinə ət dəyməyəcək. Belə bir halda heç olmasa iş yeri olmalıdır ki, insanlar işləyib dolana bilsinlər. Real işsizlik 30 %-dən çoxdur. 250, 300-400 manatla yaşamaq olarmı? Bir məmurun yanına gəlirsən ki, işini həll edəsən, deyir sənədin düzgün deyil. Düzgün deyil düzəlt. Sənəd səhfdi deyib göndərmək olmaz axı. Mənə çoxlu məktublar gəlir, çoxlu insanları qəbul edirəm. O müraciətlərin içində mənim həll etməyə səlahiyyətim, gücüm çatmayanlar da olur. Amma o insanları geri çevirmirəm, onları aidiyyatı üzrə yönəldirəm, aidiyyatı yerlərə özüm müraciət edirəm, məktub yazıram, zəng edirəm. Bir daha deyirəm, haqqı demək, doğruları demək, problemləri göstərmək dövlətə, xalqa, prezidentə qarşı çıxmaq deyil. Bu gün ölkədəki narazılıq prezidentə qarşı yönəldilir. Haqqı demək lazımdır ki, problemllər həll olunsun, insanlar da dövlətindən, prezidentindən razı qalsın. Mənim rəhbərlik etdiyim Milli Cəbhə Partiyası hər zaman həqiqətləri deyib, deyəcək də. Biz dövləti sevirik, xalqımızı, torpağımız sevirik, bir qarış torpağımızı satmarıq, canımızı da vətən, xalq üçün verərik. Biz haqqı deyəcəyik, problemləri göstərəcəyik, kim də vəzifəsinin öhdəsindən gəlmir açıb ifşa edəcəyik”.
Daha sonra çıxış edən şəhid bacısı Pərvanə Novruzova bir problemi ilə bağlı ona diqqət göstərdiyi üçün deputat Razi Nurullayevə təşəkkürünü bildrdi:
“Mən və mənim iki övladımın hüquqları taptalandı. Nə qədər mübarizə aparsam da bacarmadım. Kimsə məni qəbul etmədi, 6 millət vəklinə müraciət etdim, kimsə səsimə səs vermədi. Amma Razi Nurullayev məni bir saata qəbul etdi. Hansı ki, bir saat geciksəydi mən bu gün qara torpaqda olacaqdım. Mən, mənim ailəm Razi müəllimə, onun ailəsinə təşəkkür edirik. Biz sizinlə fəxr edirik, qürur duyuruq. Mənim bu gün həyatda olmamın səbəbkarısınız. Qoy bunu hər kəs bilsin. Bunu demək mənim borcum idi”.
Tədbirin sonunda “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyi”nin sədri Maral Zamanova 20 Yanvar şəhidlərinə həsr olunmuş, yenicə işıq üzü görmüş “Azadlıq Carçıları” kitabını Razi Nurullayevə təqdim etdi.
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”