Ramiz Mehdiyevin bu üzü
Kaş ki, xalqa bu üzünüzü tanıtmayaydız
TURAL İRFAN
/MCP sədr müavini/
Ramiz Mehdiyevin son bəyanatı dövlətin, ziyalıların, siyasilərin, deputatların üstünə hücumu 44 günlük haqq savaşımız zamanı Bakıya atılıb, göydə vurulan “İskəndər” raketinin siyasi formasıdır.
Raketin trayektotiyası, istehsalçısı, atanı məlum olduğu kimi, Ramiz müəllimin də AMEA-nı özünə cəbhə, cinah, səngər seçərək dövlətin siyasi-strateji nöqtələrini bombalama cəhdinin mahiyyəti bəllidir. Sözsüz ki, noyabrın 10- da atılan həmin raket kimi Ramiz Mehdiyevin söz, ittiham, şantaj "raketləri" də ziyalılarımız, deputatlarımız, partiya sədrlərimiz, alimlərimiz tərəfindən elə göydəcə zərərsizləşdirilir. "Elin gözü tərəzidir" prizmasından yanaşsaq, Ramiz Mehdiyevi indiyəcən xalqımız sovet təfəkkürlü, Rusiya meyilli, qudurğan və rüşvətxor məmurların himayədarı kimi xarakterizə edib. Onun Prezident Aparatına rəhbərlik etdiyi dövrdəki fəaliyyətinə geniş toxunmaq niyyətində deyiləm, ancaq onun həmin vəzifədə çalışdığı dövrün qiymətini bircə cümlə ilə ifadə etməyə bilmərəm. Ramiz Mehdiyevin Administrasiya rəhbəri olduğu dövrü qiymətləndirmək üçün onun həmin vəzifədən azad edildikdən sonra dövlətin qazandığı uğurları, dövlət başçısının nailiyyətlərinini xatırlamaq kifayətdir, vəssalam.
Özünün himayə edərək əlində ehtiyat qüvvə, siyası təsir rıçağı qismində saxladığı və özünəməxsus "akademik tədbirləri" ilə zahirdə "anti-milli", "radikal, dağıdıcı müxalifət" adları ilə varlığını ifadə etdiyi qüvvələri məhz bugünkü vəziyyətində yapışmaq üçün "saman çöpü" qismində yetişdirib, böyüdüb ərsəyə çatdırıb. De- fakto bu gün həmin saman çöpünə əl ataraq sağlam, dövlətyönlü siyasiləri, partiya sədrlərini, deputatları, əsl müxalifəti "cib müxalifəti", "avtobus müxalifəti", "trol" adlandırır. Dövlətin siyasi imicinə mənfilik gətirən bir çox halların məhz onun ssenarisi ilə hazırlanmasını bu gün məhz onun özü səriştəsiz qələmi və yazıları ilə açır. AMEA-nın mətbuat xidməti adından yayılan məlumatın məhz Ramiz Mehdiyevin dəsti - xətti və ya diqtəsi ilə yazılmasını sübut etmək üçün ekspertizaya ehtiyac yoxdur.
Çünki ibtidai sinif şagirdi belə o yazının müəllifinin kim olmasını sezə bilər. Ramiz Mehdiyev indiyəcən qapalı, qorxu və xof obrazı ilə pərdə arxasından fəaliyyət göstərib və zahirdə özünü alim, akademik, dövlətin ideoloqu, başbiləni obrazında təqdim etdirərək özü haqda mif formalaşdırmışdı. Ancaq bu gün o mifi məhz özü dağıtmağa və içini, daxili təlatümünün səbəblərini ifadə etməyə bir növü vadar olur. Bunu da zaman özü labüdləşdirir. Çünki zaman ən səbrli hakimdir. R. Mehdiyevin hazırda özünə siyasi səngər seçdiyi akademiya millətin dövlətçilik məfkurəsinin qaynağı, elm çeşməsi, dövlətin ideoloji xəttinin formalaşmasında əhəmiyyətli rol oynayan strateji nöqtə, həssas məkandır. Sanki dövlətin, xalqın şah damarı, onurğa sütunudur.
Mehdiyevin məhz bu məkanı özünə səngər seçməsi və o səngərdən dördəlli yapışaraq minlərlə tələb, tənqidə rəğmən, əldən buraxmaması heç də təsadüfi deyil. Prezident Aparatına rəhbərlik etdiyi zamandan, vəzifə səlahiyyətinin verdiyi imkanlardan, ona göstərilən eitmaddan sui-istifadə edərək, bu məkanı təsir altında saxlayaraq gələcəyi üçün son səngər, son dayaq nöqtəsi hazırlayıb. Bu gün də həmin səngərdən Azərbaycan dövlətinə, ziyalılara, millət vəkillərinə, müxalifətə, iqtidara "atəş" açır, hücumlar planlaşdırır. İlan qabığını dəyişsə də, xislətini dəyişmir. Görünən və bu gün üzə çıxan odur ki, dövlətin elm ocağından, beyin mərkəzindən cənab Mehdiyev siyasi rəqiblərinə, tənqidçilərinə qarşı alət kimi istifadə edir. Akademiyanın zirzəmisini nəmişlikdən qurutduğunu, lifti təmir etdirdiyini xatırladaraq əslində xalqı aşağılayır, ya da öz "akademik təfəkkür masştabı"nın səviyyəsini göstərir. Yəni demək istəyir ki, sizin şüur səviyyəniz ancaq "padval təmiri"nin tələbi səviyyəsindədir. Siz nə bilirsiniz müasir elmi inkişaf nədir, akademiyada islahat nədir, hələ məndən də onu tələb edəsiniz... Yaxud da naməlum (əslində məlum!) yollarla əldə etdiyi elmi adların ehtiva etdiyi "sanbala" uyğun olmayan səviyyəyə enərək özünə qarşı olan tutarlı tənqidlərə "zirzəmi qurutmaq, lift təmir etmək" kimi cılız sözlərlə cavab verməyə cəhd edib. Öz düşüncə səviyyəsinin də "padval", mağara səviyyəsində olduğunu büruzə verib.
Necə deyərlər, aşıq bildiyini çalar... Dövlətin indiyəcən ona göstətdiyi qayğını, humanistliyi unudaraq, bütün sərhədləri keçərək, bütün pərdələri yırtaraq körpüləri yandırdı. İndiyəcən dövlətin imicinə xələl gətirən, siyasətdə söyüş ritorikasını, intriqaçılığı, radikallığı ənənəyə çevirən bu "ideoloq akademik" sonuncu məlumatı, hədələri, təhqirləri ilə indiyəcən ona edilən güzəştləri, etimadı yerdən yerə vurdu. Dövlətin onurğa sütunlarından olan parlamentin deputatlarını "saxta deputat" adlandırmaqla xaricdən Azərbaycanı söyən blogerlərin, təxribatçıların, söyüş yağdıranların da "ağsaqqalı" olduğunu rəsmən etiraf etmiş oldu.
Mərhum şair Nüsrət Kəsəmənlinin belə bir misrası var: "Sən gərək özünü tanıtmayaydın, mənə bu üzünü tanıtmayaydın!" Ramiz Mehdiyev, siz də gərək özünüzü hansı cilddə, hansı imicdə, hansı obrazda təqdim etmişdinizsə, kaş pərdə yırtılmamış, maska düşməmiş aralaşaydınız, çəkiləydiniz. Necə deyərlər, xalqa bu üzünüzü tanıtmayaydınız. Barı heç olmasa kimlərinsə yaddaşında alim kimi, akademik kimi, ağsaqqal kimi qalardınız. Təəssüf!
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”