Rusiyadan gəlir və məhz Ramiz Mehdiyevlə GÖRÜŞÜR
"Gerçək mahiyyəti ortaya çıxartmaq üçün xüsusi xidmət orqanları araşdırmalıdır"
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev uzun fasilədən sonra sükutu pozdu. Ramiz Mehtiyev yenə də AMEA-ya gedib, görüşlər keçirdib. R.Mehdiyev bununla bağlı “TV Musavat”da aparıcının suallarını cavablandıraraq bildirib ki, AMEA-ya rəhbərliyi dövründə Rusiya Elmlər Akademiyası ilə ortaq layihə hazırlanıb. Həmin layihə ilə bağlı fəaliyyəti müəyyənləşdirmək üçün Rusiya Elmlər Akademiyasının prezidenti, fizik Aleksandr Sergeyevin köməkçisi AMEA-ya gəlib və tərəflər arasında görüş keçirib.
Aparıcının “Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyəti necə şərh edərsiniz?” sualına isə Ramiz Mehdiyev -“Mən artıq siyasətlə məşğul olmuram, ona görə də belə suallara cavab verməyəcəyəm”.
R.Mehdiyev sonda AMEA-nın yeni prezidenti Arif Həşimovun fəaliyyətini yüksək qiymətləndirib.
Versus.az xatırladır ki, fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağı keçirilib. Akademik Ramiz Mehdiyev çıxışında Rəyasət Heyətinin fevral ayının 14-də baş tutan iclasında yaşı ilə əlaqədar vəzifəsini tərk etdiyini və bu məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edəcəyini bildirib. Daha sonra Nizamnaməyə uyğun olaraq akademik Ramiz Mehdiyevin Akademiya prezidenti vəzifəsindən azad edilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin yekunu olaraq Ramiz Mehdiyevin müraciəti qəbul olunub. Qərar qəbul edildikdən sonra AMEA Nizamnaməsinin 9.6-cı maddəsinə uyğun olaraq Akademiya prezidentinin funksiyalarının icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.
Ancaq martın 17-də R.Mehdiyevin Akademiyada olduğu haqda məlumat yayıldı. AMEA-dan verilən açıqlamada R.Mehdiyevin binaya şəxsi əşyalarını götürmək üçün gəldiyi bildirilmişdi. Ancaq bu gün məlum olur ki, Akademiyada Rusiyadan gələn nümayəndələrlə görüş keçirilib. Bu mənada ortaya suallar çıxır. Təsəvvür edin, bu basabasda, həssas məqamda Rusiyadan xüsusi bir adam gəlir və məhz Ramiz Mehdiyevlə görüşür! "Nədir bunun anlamı" deyə, deputatlara, siyasi təhlilçilərə müraciət etdik.
Məsələyə münasibət bildirən deputat Fəzail Ağamalı bildirib ki, məsələnin gerçək mahiyyətini ortaya çıxartmaqdan ötrü gərək xüsusi xidmət orqanları araşdırma aparsın. Həqiqətən bu pərdənin arxasında ən müxtəlif niyyətlər ola bilər. Yaxud da vəziyyətdən istifadə edib bu, bir daha hələ ayaq üstə durduğu, hələ cəmiyyətə ölkəyə lazım olduğu görüntüsünü də yarada bilər. Lakin bütün bu görüntülərdən asılı olmayaraq, mahiyyət dəyişən deyil. Artıq Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən kənarlaşdırılıb və bu gün o sərbəst bir insandır, istədiyi yerə gedə də bilər, istədiyi yerdə otura da bilər, istədiyi insanlarla görüşə də bilər. Eyni zamanda Azərbaycana gələn qonaqlarla bir masa arxasında da əyləşib, fikir mübadiləsi apara bilər. Mənə belə gəlir ki, burada xüsusi bir məqamı axtarmağa ehtiyac yoxdur”.
Rusiya və Azərbaycan elmlər akademiyalarının birgə elmi mərkəz yaratmaq niyyəti barədə R.Mehdiyevin dediklərinə gəldikdə, F.Ağamalı burada narahatlıq doğuracaq nə isə görmür:
“Yaratsa, nə olacaq? Mənim bundan məlumatım yoxdur. Amma bu, nə elmi müəssisədir, fundamental elmdir, yoxsa adi bir tədqiqat xarakteri daşıyan müəssisədir, bilmirəm. Hər halda məncə, o, bununla bağlı xüsusi təhlükəli mahiyyət daşıya bilməz. İstənilən hlada, belə məsələlər mənə elə gəlir ki, diqqət mərkəzində saxlanılmalıdır və saxlanılır”.
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Ramiz Mehdiyev jurnalist və aparıcı Sevinc Telmanqızının “Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyəti necə şərh edərsiniz?” sualına cavabında deyib ki, artıq siyasətlə məşğul olmur, ona görə də belə suala cavab verə bilməyəcəyini söyləyib. Guya siyasətlə məşğul olanda suallara cavab verirdi, tələsik xidməti maşınına oturub şütüyürdü. Dünyanın gözü Ukraynadadır, günahsız insanlar həlak olur, şəhərlər dağılır, heç olmazsa bir kəlmə insan faciəsinin əleyhinə olduğunu söyləyərdin. Bunun siyasətə nə dəxli var?” “İndiki durumda Rusiya ilə birgə elmi mərkəz yaradılmasını necə şərh etmək olar?”-sualına cavabında E.Şahinoğlu qısa cavab verdi:
“Ramiz Mehdiyevin nə səalhiyyəti var ki, hələ də bu işlərlə məşğuldur?”
Siyasi şərhçi Tofiq Zülfüqarov isə bildirdi ki, burada təsadüfi heç nə yoxdur.
“Düzdür, Rusiyaya qarşı 5 mindən çox sanksiyalar qəbul olunub. Bu mənada Rusiya həm İranı, həm də Şimali Koreyanı keçib. Amma bildiyimə görə, elmi əlaqələr hələ də davam etdirilir, sanksiyaların elmə aid olduğunu demək üçün əlimdə əsas yoxdur”.
T.Zülfüqarov R.Mehdiyevin AMEA prezidenti postundan istefa verəndən sonra quruma gəlməsi və hər hansı elmi müzakirədə iştirakını normal saydı:
“Akademiya prezidentliyindən istefa versə də, onun elmi dərəcəsi üstündədir və elmlə məşğul olmağa heç bir qadağa qoyulmur”. /musavat.com/
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”