Rusiyaya həddini bildirən bəyanat – TƏHLİL
“Ermənistanın haray-həşiri qarşılığında fəallığımızı artırmalıyıq”
Ermənistan və onun Qarabağda qalan silahlı tör-töküntüləri Ukrayna-Rusiya müharibəsi fonunda yaranan gərginlikdən istifadə edrək özünün işğalçı, revanşist iddialarını gerəkləşdirmək üçün hər çür oyunlardan çıxır. Son günlər Qarabağda müvəqqəti yerləşən rus sülhməramlılarının nəzarətində olan ərazilərdə, eləcə də sərhəddə və beynəlxalq müstəvidə baş verən erməni təxribatları Ermənistanın sülhlə bağlı danışıqlara hazırlaşdığına dair ehtimalları da zəiflədir.
Dünyanın beynəlxalq güclərindən Azərbaycan həqiqətlərinə qarşı ikilistandartların davam etdiyini, Ermənistanın sülhə gəlmədiyini və Rusiya sülhməramlılarının Qarabağda özünün missiyasını doğru-düzgün icra etmək niyyətində görünmədiyini nəzərə alsaq, o zaman Şərqi Zəngəzur və Qarabağ İqtisadi zonalarında bir qrup erməni silahlıları və rus sülhməramlılarının iştirakı ilə baş verən təxribatları, üstəlik Rusiya Müdafiə Nazirliyinin “Fərrux kəndi prosesi”ndən sonra verdiyi bəyanatını necə izah etmək olar? Və hansı addımlar atılmalıdır?
Hüquqşünas Ələsgər Əhmədoğlu bütün dünyanın gözü qarşısında Ukraynanın ərazi bütünlüyünə qəsd edən Rusiyanın Azərbaycanı üçtərəfli bəyanatı pozmaqda ittiham etməsini utanmazlıq adlandırıb:
"Rusiya Müdafiə Nazirliyi bəyanat verib ki, guya Azərbaycan Ordusu üçtərəfli bəyanatın müddəalarını pozaraq, Sülhməramlı Qüvvələrin məsuliyyət zonasına daxil olub. PUA ilə DQ silahlı birləşmələrin bölmələrinə 4 zərbə endirilib. Hazırda Rusiya sülhməramlılarının komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə dönməsi üçün tədbirlər görür”.
Ə.Əhmədoğlu bildirib ki, bu həyasızlığın sonsuzluğudur. Onun sözlərinə görə, 22 fevralda imzalanan və hələ mürəkkəbi qurumamış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin 1-ci maddəsini Rusiya MN-nin bu açıqlamanı verənlərin gözünə soxmaq lazımdır.
Müttəfiqlik Bəyannaməsinin 1-ci maddəsi deyir:
“Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”. Belə olan halda Rusiya nə haqla Azərbaycanın müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə kölgə salan, onu yox sayan ifadələr işlədə bilər? Necə “Sülhməramlı Qüvvələrin məsuliyyət zonası”, “DQ silahlı birləşmələrin bölmələri” ifadələrini işlədərək müttəfiq saydığı ölkənin ərazi bütövlüyünə qəsd edə bilər?
O zaman sual yaranır, Bəyannamənin 18-ci maddəsində bu ifadələr kimə yönəlib?
“Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.
Əgər siz Rusiya Azərbaycan ərazisində separatçılara, qanunsuz silahlı qruplara sahib çıxıb, onları bu Bəyannamədən kənarda tutacasızsa, bu sənəd kim üçün öhdəlik yaradacaq?
Ayrıca, 10 noyabr bəyanatında 4-cü maddənin (4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.) dərhal işləməsini əks halda Laçın koridorunun da 4-cü maddə icra olunana qədər dayandırılacağını bəyan etməlidir. Bu günün şərtləri bu addımı diqtə edir”.
Siyasi analitik Aytən Qurbanova bildirib ki, bölgədə yerləşən sülhməramlılar üçtərəfli sazişə uyğun hərəkət edərək bölgədəki vəziyyəti nizamlamalı olduğu halda, başqa oyunlara əl atırlar.
Onun fikrincə, görünən odur ki, sülhməramlılar ermənilərlə birlikdə bölgədə yeni oyunlar qurmaqdadır:
“Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal etməyə çalışan Rusiyanın bir ay əvvəl imzaladığı müqavilənin birinci bəndini pozaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət etmədən "Dağlıq Qarabağ" ifadəsini işlətməsinə təəccüblü deyil. Amma Rusiyanın unutduğu bir şey var ki, nə Rusiya 90-cı illərdəki Rusiyadır, nə də Azərbaycan həmin dövrdəki Azərbaycandır. Əslində unutmayıb, sadəcə olaraq bu gün içində olduğu cəhənnəmin atəşinin bütün ətrafa yayılmasını istəyir. Bunun üçün də ənənəvi ritorikasında davam edərək güc göstərisi etməyə çalışır”.
Siyasi analitik bildirib ki, Müdafiə Nazirliyinin cavab bəyanatında üçtərəfli bəyanatdan və müttəfiqlik müqaviləsindən irəli gələn öhdəlikləri yenidən Rusiyaya xatırladılıb:
“Bu ilk addımdır, sonrası təbii ki, hamımıza məlumdur. Çünki Rusiyanın və Ermənistanın imzaladıqları sənədlərin heç bir dəyəri olmasa da, Azərbaycan Respublikasının Ali Baş Komandanının sözlü bəyanatları belə əsas sənəddir. İlk gündən deyilib ki, üçtərəfli bəyanatın bütün bəndlərinin icrası ilə bağlı heç bir güzəşt edilməyəcək”.
“Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu şərhində bildirib ki, nə qədər ki, sərhədlər müəyyənləşməyib və erməni silahlıları Azərbaycan ərazilərindədir vəziyyət belə də davam edəcək.
Onun sözlərinə görə, 44 günlük müharibədə olduğu kimi, yenə Ermənistanın beynəlxalq təşkilatlara və müxtəlif dövlətlərə Azərbaycanı durdurmaq üçün çağırışları və yalvarışları artıb:
“Ermənistanın baş naziri Nikol Paşinyan yenə telefondan ikiəlli yapışıb Moskvaya, Vaşinqtona və Parisə zənglər edir. Paşinyan Rusiya prezidenti Vladimir Putinə hətta Qarabağdakı rusiyalı hərbçilərdən şikayət edib. Ermənilər dünəndən belə xəbərlər yayırlar ki, guya rusiyalı hərbçilər Azərbaycan hərbçilərinin mövqelərini möhkəmləndirməsinə imkan verməməliydilər”.
Politoloq qeyd edib ki, revanşist erməni iddialarına qarşı Azərbaycan tərəfi doğru bildiyi işi görür. Onun fikrincə, bunu beynəlxalq aləmə və dövlətlərə daha geniş şəkildə izah etməliyik:
“Məsələn, “Dağlıq Qarabağ” bölgəsi yoxdur, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları var. Ancaq bir qrup beynəlxalq təşkilatlar əvvəlki kimi açıqlamalarında və bəyanatlarında “Dağlıq Qarabağ” ifadəsini işlədirlər. Bu Azərbaycana və qanunlarımıza hörmətsizlikdir. Azərbaycanın həmin ölkələrdəki səfirlikləri çalışdıqları ölkələrin rəsmi strukturlarına və mediasına bu haqda açıqlama göndərməkdən yorulmamalıdırlar. Ermənistanın haray-həşiri qarşılığında fəallığımızı artırmalıyıq”.
Politoloq Turan Rzayev vurğulayıb ki, Rusiyanın Müdafiə Nazirliyi atəşkəsin guya Azərbaycan tərəfindən pozulduğunu iddia edir.
Politoloqun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əksolunan məqamlar həqiqətə uyğun deyil:
“Rusiya Müdafiə Nazirliyinin Azərbaycanı nədəsə ittiham etməsi doğru deyil. Hər şeydən əvvəl 2022-ci il 22 fevral tarixində iki ölkə prezidenti tərəfindən imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin birinci bəndinin kobud şəkildə pozulmasıdır. Digər tərəfdən hərbçilərimizin Azərbaycan ərazisində atdığı bütün addımlar beynəlxalq hüquqa və 10 noyabr bəyanatına uyğundur. Bunu rəsmi Moskva da yaxşı bilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi rəsmi şəkildə elan etdi ki, Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”.
Politoloq Kremlin belə bir qərəzli bəyanat yaymasını səbəbsiz saymadı:
“Görünür ki, Azərbaycan ordusunun geri çəkilməməsi Kremli sözün əsl mənasında pərt edib. Regionda və ümumlikdə dünyada özünü davakar uşaq kimi aparan Rusiya Bakının bu cavabını regiondakı mövqeyi baxımından qəbuledilməz sayır. Düzdür, Azərbaycanın məqsədi Kremli qəzəbləndirmək olmasa da görünür şimal qonşumuz bu bəyanat ilə regionda söz sahibi olduğunu göstərməyə çalışır. İkincisi, ən az region ölkələri kimi rəsmi Moskvada hazırda balanslaşdırılmış siyasət yeridir. İlk başda qəribə səslənsə də Ukraynaya gözünü qırpmadan müharibə elan edən Rusiya Cənubi Qafqazda Ermənistan ilə Azərbaycan arasında balansın pozulmasını istəmir. Bunun əsas səbəbi də Ermənistanla bağlıdır. Rəsmi İrəvan onsuz da fürsət gözləyir ki, Rusiyanı arxadan vurub Qərbə inteqrasiya etsin. Bunu bilən Kreml də Ermənistan nəzdində "böyük qardaş" imicinin zədələnməməsi üçün bu belə addımlar atır. Atılan bu addımın bir məqsədi də şübhəsiz Azərbaycan daxilində çaxnaşma yaratmaqdır. Moskva yaxşı bilir ki, Azərbaycan ictimayəti rus mediasını yaxından izləyir və bir o qədər də etibar edir. Digər tərəfdən Moskvanın bu əməlinə canla-başla xidmət edən qüvvələr də çoxdur. Daxildəki 5-ci kalonun nümayəndələri Rusiya Müdafiə Nazirliyinin açıqlamasını əlində bayraq edərək düşmən dəyirmanına sözün əsl mənasında su tökməkdən geri durmur”.
Politoloq hesab edir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlaması həqiqətə uyğun olmasa da, Azərbaycan MN-nin reaksiyasını vaxtında verdi:
“Rusiya tərəfinin bu kimi açıqlamaları yəqin ki, bundan sonra da olacaq. Çünki bu kimi addımlar atılmasa ermənilər sakitləşməyəcək və gec-tez özlərinə yeni ağa arayışına girəcək. Daxildəki 5-ci kalonun nümayəndələrinə gəldikdə isə onlar bir daha kimlərə xidmət etdiyini göstərmiş oldular”. /hafta.az/
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”