“Ordumuzun Fərrux kəndinə nəzarəti bərpa etməsindən danışa bilərik”

19:13 28-03-2022 | icon 419 | Siyasət
“Ordumuzun Fərrux kəndinə nəzarəti bərpa etməsindən danışa bilərik”

Mətin Məmmədli: “Günlərin birində regionda sülhə nail olacağıq”

 

Erməni separatçılarının Azərbaycanın Qarabağ, Şərqi Zəngəzur bölgəsində törətdiyi hərbi, siyasi təxribatların rəsmi Rusiyanın ittiham və iddiaları ilə dəstəklənməsi ölkə ictimaiyyətində birmənalı qarşılanmır. Rəsmi Rusiya 10 noyabr üçtərəfli sazişinə əsasən erməni silahlılarını ərazilərimizdən çıxarmaq əvəzinə Azərbaycanı Qarabağda hərbi əməliyyatlar keçirməkdə ittiham edir, atəşkəsin  guya Azərbaycan tərəfindən pozulduğunu bildirir. Rusiya öz cəfəng bəyanatında “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ silahlı birləşmələri” ifadələrini işlətməklə sərgilədiyi qərəzli, ermənipərəst mövqenin fərqinə varmadan prosesə nəzarət edəcəklərinə dair fikirlərlə çıxış edir.

 

Baş verənlər regiondakı vəziyyəti hansı səviyyəyə qədər dəyişə bilər?

 

Yaranmış vəziyyəti təhlil edən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Mətin Məmmədli hesab edir ki, hazırda Qarabağ, Şərqi Zəngəzur zonasında vəziyyətin gərginləşməsini göstərən əsas məqam Ermənistanın öhtəlikləri yerinə yetirməməsi ilə bağlıdır:

 

“2020-ci il üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən qanunsuz erməni hərbi birləşmələri Rusiya sülhməramlı qüvvələrinin bölgəyə yerləşdirilməsi ilə paralel olaraq bölgədən çıxarılmalı idi. Əslində rus sülhməramlıları qanunsuz erməni birləşmələrinin regiondan çıxarılmasını təmin etməliydilər. Təəssüf ki, Rusiya sülhməramlı qüvvələri öz missiyalarını lazımınca yerinə yetirə bilmirlər. Erməni silahlılarının bu günə qədər Qarabağdan çıxarılmaması əsas destablizasiya mənbəyinə çevrilib. Post-münaqişə dövründə ordakı erməni silahlı qüvvələri atəşkəs rejimini pozur, regionda sülhə təhdid yaradır, vəziyyət davamlı olaraq gərginləşir”.

 

M.Məmmədli bildirib ki, Azərbaycan Müdafiyə Nazirliyi öz bəyanatında Qarabağ bölgəsində qeyri-adi işlərin görülmədiyini  bəyan etməklə, mövqelərimizin, dislokasiya yerlərimizin dəqiqləşdirildiyini bəyan edib. Politoloq Rusiyanın bu son açıqlamasının Azərbaycanla Rusiya arasında imzalanan Moskva Bəyannaməsinin ruhuna tamamilə zidd olduğunu deyib:

 

“Moskva Bəyannaməsinin 1-ci bəndində qarşılıqlı dövlət müstəqiliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığı və suverenliyin tanınmasından söhbət gedir. 11-ci bəndinə əsasən hər iki ölkə ərazisindəki separatçı qrupların fəaliyyətinə imkan verməməlidir. Eləcə də digər bəndlər var ki, orada göstərilən müddüəalar bu gün Rusiya Müdafiə Nazirliyinin, eləcə də rus sülhməramlıların regiondakı fəaliyyəti ilə tam ziddiyyət təşkil edir.Yanlış mövqe bir tərəfə, Rusiya Müdafiə Nazirliyinin öz ifadəsində “Dağlıq Qarabaq”, “Dağlıq Qarabağ silahlı birləşmələri” sözləri işlədilməsi qəbulolunmaz yanaşma olmaqla, Azərbaycanın dövlət müstəqilliyinə hörmətsizlikdir”.

 

Politoloq hesab edir ki, Rusiyanın Azərbaycana qarşı qərəzli yanaşmasının kökü bütövlükdə regionda münaqişələri saxlamağa yönəlir:

 

“Həmişə olduğu kimi, bu, Rusiyanın imperiya maraqlarıdır. Regionda münaqişənin qalması Rusiyanın bölgəni öz təsir dairəsində saxlamasına şərait yaradır. Biz isə münaqişəni bitmiş sayırıq. Torpaqlarımızın çox hissəsini azad eləmişik. Ancaq hələ də ciddi problemlər qalmaqdadır. Rusiyanın bu problemin həllinə kömək etmək imkanı var. Ancaq biz bunun əksini görürük. Məsələni qəlizləşdirən də bu məqamdır”.

 

M.Məmmədli bu gün Xocalının Fərrux kəndinin Azərbaycanın nəzarətinə keçməsi və bu istiqamətdə ölkə ictimaiyyətinin -siyasilərin, adi sosial şəbəkə istifadəçilərinin bir çox hallarda ziddiyətli ifadələrə yol verdiyinə diqqət çəkib.

 

O, hesab edir ki, Azərbaycan torpaqları 44 günlük savaşda azad olunubsa, müharibə bitibsə, bu gün “Fərrux kəndi azad olunub”, sözlərini işlətmək bir qədər qeyri-korrekt yanaşmadır:

 

“Bu gün biz torpaqların azad olunmasından yox, Ordumuzun Fərrux kəndinə nəzarəti bərpa etməsindən danışa bilərik. Xüsusən də siyasətçilər belə məsələlərdə kifayət qədər məsuliyyətli yanaşma sərgiləməlidir”.

 

Politoloq bütün bu gərginliyin fonunda gözləntilərin olmasını istisna etmədi. O, Rusiyanın Ukraynadan sonra Qafqazda Azərbaycanın timsalında özünə ikinci cəbhə açacağını düşünmür:

 

“Bir müddət keçdikdən sonra emossiyalar bir qədər səngiyəcək və Ermənistanla Azərbaycan arasında həll olunmamış məsələlərlə bağlı danışıqlar prosesi başlayacaq. Amma məsələlərin tezliklə həll olunacağını da gözləmirəm. Çünki proseslər göstərir ki, Ermənistan hələ də post-münaqişə dövrünə uyğun konkret siyasət həyata keçirə bilmir. Hər halda təşəbbüslər artacaq və günlərin birində regionda sülhə nail olacağıq. Azərbaycan 5 maddədən ibarət baza prinsiplərinin əsasında danışıqlara başlamağa hazır olduğunu təklif edib. Amma təəssüflər olsun ki, Ermənistandan adekvat münasibət görməmişik. Ermənistanla sərhəd və digər problemləri həll etmədən bölgədə davamlı sülhdən danışmaq olmaz”.

 

 M.Məmmədli hesab edir ki, belə bir şəraitdə siyasi qüvvələr Azərbaycan hökumətinin məlumatlarına istinad edərək çıxışlar etməlidir. O, təəssüflə bildirib ki, bu gün Azərbaycan siyasi partiyalarında elələri var ki, onlar məsələyə məsuliyyətlə yanaşmır:

 

“Ümumən 5-ci kolon problemi var. Xüsusilə Rusiyaya bağlı olan “5-ci kolon”un fəaliyyəti ölkəmizin maraq və mənafeyinə təhdid yaratmaq gücündədir. Hesab edirəm ki, ölkə ictimaiyyəti o siyasilərin fəaliyyətinə diqqətlə yanaşmalıdır”.

 

Azərbaycanın hələ ki, nəzarətində olmayan Xankəndi bölgəsinə mavi qaz boru xətlərinin çəkilişi ilə bağlı yayılan məlumatlara toxunan M.Məmmədli, bunun doğru qərar olduğunu qeyd edib. Sosial şəbəkələrdə bir çox insanların bu məsələyə tənqidi yanaşdığını vurğulayan politoloq bildirib ki, məsələyə bütün ölkə ərazisinin qazlaşdırılması prizmasından yanaşılması daha doğru olar:

 

“Azərbaycanın ərazisində olan qanunsuz hərbi birləşmələrə münasibət başqadır, Xankəndidə dinc yaşamaq istəyən erməni əsilli vətəndaşlara münasibət bir başqadır. Azərbaycanın Xankəndi ərazisinə mavi qaz boru kəmərləri çəkməsi o deməkdir ki, bizim dinc yaşamaq istəyən erməni əsilli vətəndaşlarımıza münasibətimiz normaldır. Təbii ki, kim Azərbaycan vətəndaşlığını, konstitusiyasını, qanunlarını qəbul edəcəksə, ona hörmətlə yanaşacaqsa, qalıb orda yaşayacaq və digər vətəndaşlar kimi hüquqlardan istifadə edəcəklər.  Vətəndaşlığın öhdəlikləri də var və burada yaşamaq istəyənlər o qaydalara əməl etməlidir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada