“Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi YEKUNLAŞDI
Karyera yolunda uğur əldə etmək istəyən gənclər üçün Şəki Olimpiya İdman Kompleksində təşkil edilən “Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi başa çatıb.
20-24 may tarixlərində, 5 gün müddətində 100 gənc iştirakçı üçün peşəkar karyera məsləhətçiləri tərəfindən karyera planlamasında vacib addımlar, düzgün məqsədlərin təyin edilməsi, effektiv CV-nin yazılması və müsahibəyə hazırlıq qaydaları mövzularında təlimlər, robototexnika, karate, fotoqraflıq, rəssamlıq, əl işləri, dərzilik sahələrində master-klasslar təşkil edilib, səyyar konsultasiya xidməti təqdim edilib, ingilis dilini mənimsəmək üsulları, xaricdə təhsil imkanları, karyera planlamasında trendlər, könüllülük, texnoloji gələcək mövzularında panel müzakirə və seminarlar keçirilib. Bununla yanaşı, düşərgə müddətində iştirakçıların şəbəkələşməsini sürətləndirmək məqsədilə komanda quruculuğu və intellektual oyunlar, enercayzerlər təşkil edilib. Həmçinin, gənclər asudə vaxtlarında müxtəlif idman yarışlarında iştirak edərək və stolüstü oyunlar oynayaraq əyləncəli vaxt keçirdiblər.
Hər günün yekununda iştirakçılar üçün müxtəlif konseptlərdə əyləncə və konsert proqramı təşkil olunub. Əyləncə proqramlarının birində gənclər Green Party edərək Yaşıl Dünya üçün öz həmrəyliklərini nümayiş etdiriblər. Düşərgənin sonuncu günü isə Şəki şəhərinin zəngin mədəniyyət və tarixinə ekskursiya ilə yadda qalıb.
Gəncləri karyera planlamasında düzgün istiqamətləndirmək məqsədi daşıyan düşərgə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Xatırladaq ki, “Gənclərin Məşğulluq Məktəbi” ilk dəfə 6-10 fevral 2023-cü il tarixlərində qış düşərgəsi formatında Mingəçevir şəhərində 120 gəncin iştirakı ilə baş tutub.
Versus.Az
Xəbər lenti
Aliment üçün nikaha xitam verilməsi mütləq deyil
Tərəflər nikah müddətində olduğu zaman da aliment məhkəmə qaydasında...