“Güc olmayacaqsansa, heç kimə lazım deyilsən, basıb əzəcəklər” - MÜSAİBƏ-2

13:54 22-06-2019 | icon 1390 | Siyasət
“Güc olmayacaqsansa, heç kimə lazım deyilsən, basıb əzəcəklər” - MÜSAİBƏ-2

İqbal Ağazadə: “Lazım olacaq əsgər kimi döyüşəcəyik, lazım olacaq siyasətçi kimi mövqeyimizi ortaya qoyacağıq

 

Ümid Partiyasının sədri İqbal Ağazadənin Versus.Az-a müsahibəsi

 

(əvvəli bu linkdə)

 

- İqbal bəy, müharibə başlaya bilərmi?

 

- İnanmıram, boş sözlərdir. Yəni mən müharibə vəziyyəti görmürəm. Müharibənin başlayacağına da inanmıram. Bu qədər qısa və net. Niyə? Onun səbəbləri çoxdur, onun barəsində danışmaq istəmirəm.

 

“Rus sənə nə torpaq alan deyil, nə də torpaq verən deyil”

 

- "Azərbaycanın güclü ordusu var, biz müharibəni tez bir zamanda qazana bilərik, amma beynəlxalq təşkilatlar imkan versə". Bu cür fikirlərə münasibətiniz nədur?

 

- Beynəlxalq təşkilatlar nə torpaq alandır, nə verəndir. Bunu Azərbaycan tərəfi də birmənalı olaraq bilir. Heç kim də bu siyasətdə naşı deyil. Heç kim də özünü aldatmasın. Beynəlxalq təşkilatlar sən güllə atanda yüyürüb qabağında dayanan deyil. Torpağını azad edəndə də gəlib səni ordan çıxarası deyil. Yolunu və xəttini necə edəcəyini sən seçməlisən. Elə et ki, beynəlxalq təşkilatlar sənin yanında dayansın. Necə edəcəksən? O da sənin diplomatiyanın uğurudur. Torpağı işğaldan azad etmək hərbin, onu əsaslandırmaq diplomatiyanın işidir, getsinlər etsinlər. Vəssalam, bu qədər sadədir. Biz də dəstəkləyəcəyik, biz də yanlarındayıq. Lazım olacaq əsgər kimi döyüşəcəyik, lazım olacaq siyasətçi kimi mövqeyimizi ortaya qoyacağıq. Hər birimizin vəzifəsi aydındır. Heç kim öz vəzifəsini yerinə yetirmədiyi halda niyə beynəlxalq təşkilatlardan “vəzifəni yerinə yetir”, - deyə tələb edirik? Nədən bir başqasından bunu tələb edirik. Ordunun vəzifəsi torpağı işğaldan azad etməkdir.

 

- Əksər hallarda Qarabağın işğaldan azad olunmasının məsuliyyəti Rusiyanın üzərinə qoyulur. Belə deyilir ki, Rusiya Ermənistandan tələb etməlidir ki, torpaqları azad etsin. Bunun da bəlli səbəbləri göstərilir…

 

- Mən elə bir məntiq tanımram. Kim o məntiqi iddia edirsə, onun məntiqdən xəbəri yoxdur. Rusiya ilə istəryirsiniz can bir qəlbdə qardaş olun, məsələnin mahiyyəti dəyişməyəcək. Rus sənə nə torpaq alan deyil, nə də torpaq verən deyil. Rusiyaya lazımdır ki, Cənubi Qafqazdan çıxmasın. Sənin torpaqları işğaldan necə azad edəcəyin sənin görəvindir. Get, vəzifəni yerinə yetir. Torpaqları işğaldan azad etməmək üçün nə qədər desən bəhanə qoymaq olar; insanlarımız qırılacaq, gənclərimiz öləcək, genefondumuz məhv olacaq, qızlarımız ərə getməyə oğlan tapmayacaq, nə bilim köçüb xaricə qaçacaqlar, nə bilim nələr-nələr olacaq… Nə qədər desəniz, saymaq olar. Bəs Şuşa niyə bizdə deyil, bunun cavabını kim verəcək? Bəs Laçın, Kəlbəcər niyə bizdə deyil, torpaqlarımız niyə işğal olunub, bunun cavabını kim verəcək. Bu səbəbləri deyənlər, bunun da cavabını bizə versinlər. “Rusiya qoymur”, - bunu da deyək, “İran qoymur, Amerika qoymur”- bunları da deyək, “erməni lobbisi güclüdür”- bunu da deyək. Bəs Laçını kim alacaq, kim?! Necə alacaq? Əgər saydığınız faktorlar doğrudan da bizə mane olursa, niyə uğraşılır, çıxın, xalqa açıq deyin. Bəlkə bir qrupu deyəcək ki, qardaş torpağı verirsiz verin, biz sərhəddi keçirik, gedirik ya orda öləcəyik, ya da torpaqlarımızı alacağıq. Biləcəyik ki, bu qism insanlar bu amal üçün öldülər.

 

“Xarabalığa salınmış Qarabağda nə partizan döyüşü…”

 

- Partizan hərəkatının yaranması fikrinə necə baxırsınız? Bu məsələ də son vaxtlar qazilər və bəzi qurumlarda tez-tez səslənir...

 

- Qazilərimizə sayğı ilə yanaşıram, çox da sevirəm hamısını. Amma partizan döyüşü insanların yaşadığı yerlərdə olur. Xarabalığa salınmış Qarabağda nə partizan döyüşü? Partizan gündüz mülki vətəndaş kimi yaşayır, gecə partizanlıq edir. Hə, diversiya qrupu olacaqsa, bu artıq dövlətin görəcəyi işdir. Bilirsiniz, vətəndaş, qazi, İqbal Ağazadə, jurnalist, ekspert müharibədə nədən istifadə edəcəyini axtarmamalıdır, o bizim vəzifəmiz deyil. Bundan ötrü Müdafiə Nazirliyi və onun strukturları var. Getsinlər axtarsınlar nə optimaldır, nə optimal deyil. Hərə bir təklif verir. Biz elçiliyə getmirik ey, “kim əyninə nə geyinəcək, kim hansı hədiyyəni alacaq, nə aparacağıq qız evinə”- deyə müzakirə açsın. Bu hərbi məsələdir, otursun hesabatını hazırlasın, getsin işini görsün.

 

- İqbal bəy, sosial mediada insanların bu məsələlərlə bağlı fərqli əks fikirləri dolaşır. Siz bir qədər əvvəldə sərhəddə insan təlafatı ilə bağlı cəmiyyətdə yaranan narahatlıqdan dolayı məsələlərə toxunmuşdunuz. Bir çox hallarda bəziləri qarabağlıları qınayır ki, “niyə oturmusunuz, gedib torpaqları xilas etmirsiniz” deyə fikirlərlə əks reaksiyalar irəli sürülür. Sanki insanlar arasında bir aqressiya və qarşıdurma yaranır. Bu situasiya ilə bağlı nələri söylərdiniz?

 

“…alt tuman-köynəkdə küçəyə qaçan kişilər gördüm Bakıda…”

 

- Əzizlərim, bizi ayırmısınız Azərbaycandan? Biz Qarabağdan qaçıb Azərbaycandan sığınacaq almışıq ki, gedək indi öz “dövlətimiz” üçün döyüşək? Bu Azərbaycan dövlətidir, onun Qarabağı, Göycəsi, Zəngəzuru, Şimalı, Qərbi, Şərqi, Bakısı hamımızındır. Belə şey olar? Kim ayırıb bilmirəm. Biz azərbaycanlıyıq! Vətənin o başı, bu başı olmur. Siz deyirsiniz ki, qaçqın getsin torpağını qorusun… Bir dəfə - 25 noyabrda - Bakıda zəlzələ olmuşdu, oğlunu-uşağını evdə qoyub alt tuman-köynəkdə küçəyə çıxan kişilər gördüm mən. Siz bilirsinizmi, o Qarabağdan qaçqın düşənlər hansı zərbələri, hansı psixoloji gərginikləri yaşadılar? Xocalı kimi ağır bir tale, ağır bir dərd yaşamış, qadını, qızı, uşağı gözünün qabağında zorlanan, əzab çəkən, ölən, güllələnən, balası qucağında donan insanlardan danışırsınız. Siz elə bilirsiniz asan idi o psixoloji gərginliklə bir də qradın, alazanın, təyyarələrin, vertolyotların altında yaşamaq?! Asan deyildi və insanlar ordan sadəcə durub kefindən qaçmayıb. Bu gün kiçicik 50-60 kvadratlıq bir otağa yığışan qarabağlılar dünən orda dəbdəbəli imarətdə yaşayırdılar… Hə, niyə tələb eləmir? Çox çətindir bilirsinizmi, müharibənin qorxusu, çətinliyi. Qalxsın biri desin, 2002-ci ildə İqbal Ağazadə Biləsuvar çadır şəhərciyinə gedənə qədər ora bircə nəfər də Azərbaycan siyasətçisi, hətta jurnalisti getmişdi? 2003-cü ildə çadır şəhərciyi dağılana qədər orda “gestapo” şəraitində yaşayıblar. Adam buraxılmayıb ora. O adamlar qorxunun vəhşətin çətinliyin nə olduğunu görüblər. Siz elə bilirsiz ki, psixoloji travmadan qurtarmaq bu qədər asandır? Hər kəs ağlına nə gəldi danışır. Mən çox tez-tez eşidirəm deyirlər ki, “biz torpaq vermədik, bizim rayon belə oldu, filan oldu”. Söhbət Azərbaycandan gedir, dostlar, Azərbaycandan!

 

- Bu kimi məsələlər hansı səbəblərdən və niyə ortaya çıxır?

 

- Mən heç nə axtarmaq istəmirəm. Sadəcə düşünürəm ki, adamların ağlı o dərəcədə kəsir. Bir az da hirslidirlər. Hesab edirlər ki, torpaq işğal olunub.

Biz Tərtərə döyüşə getdik, gördük ki, adi həyatdır, kimisi siqaret satır, bir başqası başqa nəsə. Biz hələ şüurlu təbəqə idik, universitet tələbəsi, filan. Adamlar hirslənirdilər ki, biz Bakıdan bura döyüşə gəlmişik, amma burda siqaret satırlar. Yavaş-yavaş o auranı dağıtdıq, anlatmağa çalışdıq ki, həyatın axarını heç nə ilə dəyişmək olmaz. Müharibəyə gedən bəlli kəsim olur, müharibədə döyüşən bəlli bir kəsim olur, şəhid olan bəlli bir kəsim olur, siqaret satan da bəlli bir kəsim olur. Hamı eyni dərəcədə alim, ziyalı olmadığı kimi, hamı eyni dərəcədə döyüşçü olmur. Bütün bunlar hamısı insan halıdır. Hər kəsdən eyni halı gözləmək çox çətindir.

 

- Görünən odur ki, müharibə şəraitində olan ölkədən başqa nələrsə tələb olunur.

 

- Hakimiyyətin hansı siyasəti olacaqsa, vətəndaşı da o siyasətə uyacaq, vəssalam...

 

 “Pis enerjinin yığılması var və bunu kimlərin təşkil etdiyini bilmirəm”

 

- “Bu gün normadan kənar bir enerji müşahidə olunur və bu enerji çıxarılmalıdr, bu da seçkilər yolu ilə olacaq”, - deyə mediada çıxış edən iqtidarın bir siyasətçisinin fikirləri diqqətimi çəkdi. Sizcə bu, hansı normadan kənar enerjidir ki, onu məhz seçkilər çıxaracaq?

 

- Mən enerji üzrə mütəxəssis deyiləm, ona görə də deyə bilmərəm… Ölkədə seçki mühiti yaradılacaqsa, ölkədə seçkinin qanuni vaxtı çatacaqsa, qanuni seçki keçiriləcək. Hakimiyyətin borcu demokratik seçki keçirməkdir. İstər neqativ, istər pozitiv enerjı yığılsın, seçki qanunauyğun olaraq keçirilməlidir. Enerjinin də necə olmasının heç bir əhəmiyyəti yoxdur. Adamların enerjisi də olmaz, amma seçkinin vaxtı çatırsa, qanunauyğunluq necə tələb edirsə, sən də elə seçki keçirməlisən. Hakimiyyət seçkini öz istədiyi kimi keçirirsə, bu, məsələnin başqa tərəfidir. Pis enerjinin yığılması var və bunu kimlərin təşkil etdiyini bilmirəm. Amma mütləq şəkildə təşkil olunur.

Biz “söyüş kampaniyasını” uzun müddət ritorikalarımızla, çağırışlarımızla durdurduq. Sonra ayrı-ayrı adamlar - onların adını çəkib şərəfləndirmək istəmirəm - çox eybəcər şəkildə söyüş kampaniyası başladılar, bütün sərhədləri dağıdaraq. Və alternativ cavablar gəlməyə başladı. Sanki hakimiyyət içərisindən kimsə bunu körükləməyə çalışırdı. Bu adamlar, “ayaq üstə dur” desələr, 12 saat durası, “söymə, get müxalifətə yalvar” desələr, yalvarası adamlardır. Demək, “müxalifətə söy” deyənlər hakimiyyət içərisindən onlara nəzarət edən adamlardır. Onlar görmürlər ki, o adamların söyüşünün müqabilində hakimiyyətin hansı eşalonunda olan adamlar hədəfə çevrilir? O adamlar soruşmalıdır, niyə söydürürsünüz, məqsədiniz nədir? Niyə enerjini bu istiqamətə yönəldirsiniz, niyə adamların bu ritorika ilə danışmasına çalışırsız? Axı bundan itirən xalq, millət dövlət, cəmiyyət, toplum, əxlaqı, dəyərlər olur.

 

 

- Növbədənkənar parlament seçkiləri yenə də müzakirə obyektindədir. İqtidardan olan bəzi siyasilər belə qeyd edirlər ki, parlamentin strukturu və deputatların say tərkibiylə bağlı məsələnin referenduma çıxarılması, yeni şəraitdə deputatların sayının artırılması zərurətə çevrilib. Milli Məclisin iki - yuxarı və aşağı palatadan formalaşması məsələsi təklif olunur. Yuxarı palataya seçkilər 6 ildən, aşağı palataya seçkilər 3 ildən bir keçirilə bilər. Bunu  necə izah edərdiz?

 

- Bizdə gözəl bir söz var, deyir “tənbəki bol olanda Həsən də qəlyan çəkir, Hüseyn də qəlyan çəkir”. İndi deyəsən bu millətin boş vaxtları çoxdur, kimin ağlına nə gəlir danışır.

Sən 2002-ci ilin 24 avqustunda proporsional seçkini ləğv elə, majoritar seçki sistemini qur, 2019-cu ildə də de ki, iki palatalı parlamentə keçirik? Bunun məntiqi nədir, nədən ötrü keçməliyik onu əsaslandırsınlar. Bilirsinizmi, təklif verən adam birinci növbədə əsaslandırmalıdır ki, bunu hansı baza, hansı hüquq üzərində və hansı zərurət üzərindən irəli sürüb. Yaxud, parlament üzvlərinin sayının artırılması, seçkilərin növbədənkənar keçirilməsi...

Hüquq növbədənkənar seçkilər keçirməyə icazə verir. Prezident parlamenti buraxa bilir. Lakin hansı şəraitdə prezident parlamenti buraxa bilər: baş prokuroru təsdiq etməsə, hökumətin tərkibini təsdiq etməsə, hökumətin hesabatını qəbul etməsə. Bütün bunlar olmadığı halda prezident parlamenti buraxa bilmir. Gərək bunlardan biri ola ki, parlament buraxıla. Sizcə mövcud Azərbaycan Parlamenti prezidentin göndərdiyi hökuməti təsdiq etməyəcəkmi və yaxud da etməzmi? Yaxud prezident baş prokuroru göndərsə, təsdiq etməyəcəkmi? Edəcək. Cəmi bir dəfə mart ayında hökumətin növbəti hesabatı olacaq, bu ilin noyabr ayında  büdcə qəbul olunacaq. Sizcə parlament bunları rədd edəcək ki, prezident parlamenti buraxsın? Deməli, parlament buraxılmayacaq. Növbəti parlament seçkiləri - 2020-ci ildə keçiriləcək.

 

Təkliflərə gəlincə, nə düzəldirsən düzəlt, demokratik seçki, cəmiyyətin maraqlarını ifadə edən, cəmiyyətin maraqları ilə üst-üstə düşən və qanunlara söykənən seçki olmayacaqsa, heç bir mənası olmayacaq,  istəyirsən 50 palatalı olsun... Bu heç nəyi dəyişməyəcək. Qazaxıstanda tutaq ki, senat var, bir də parlament var, nə olsun, nəyi dəyişir?

 

“Ölkəyə bir balaca xeyir vermək istəyəndə dərhal qaralayır...”

 

- İqbal bəy, növbədənkənar seçkilərdə xaricdə yaşayan milyaderlərin mübarizəsindən danışılır. Belə qeyd olunur ki, 2013-cü ildə Rüstəm İbrahimbəyovla ortaya çıxan “milyaderlər ittifaqı” 2019, yaxud 2020-ci ildə hansısa “milyader kartları” ilə yenidən ortaya çıxara bilər. Maraqlıdır ki, bu məsələdə xaricdə yaşayan iki imkanlı şəxsin adı çəkilir. “Milyarderlər ittifaqı” karti yenidən açıla bilərmi?

 

- Milyaderlər İttifaqını Rusiya yaratmışdı, namizədi də Rusiya çıxartmışdı, prosesi də Rusiya yönləndirirdi. Rusiyaya lazım olsa trilyonlar İttifaqı da yaradacaq, pulsuzlar ittifaqı da. Azərbaycana nə ilə təsir etmək mümkünsə, onu da yaradacaq. O cümlədən də digər dövlətlər. Onlar bir yerə özbaşına yığışmamışdı ki, onları Rusiya yığmışdı, lazım olacaq yenə yığacaq.

 

- Son vaxtlar sosial mediada Mübariz Mənsimov və Fizuli Məmmədovun təbliğatının aparılmasını, “özünü reklamını” bununla əlaqələndirirlər. Nə baş verir?

 

- Mən bilmirəm onlar hara vətəndaşlarıdır. Qanunvericilik imkan verirmi ki, onlar seçkidə iştirak etsin. Azərbaycanda prezident, parlament seçkiləri üçün başqa ölkələrin qarşısında öhdəliyi, ikili vətəndaşlığı olmayan, prezident seçkiləri üçün bəlli bir zaman məsafəsində ölkədə yaşamış və sair tələblərə cavab verən adamlar iştirak edə bilər. Mən bu adamların vətəndaşlığını bilmirəm, niyə o adamlara qara yaxırlar? Heç bilirlər Mübariz Mənsimov, Füzuli Məmmədov hara vətəndaşıdırlar? Adam Azərbaycan vətəndaşı olmaya-olmaya necə prezident seçkilərində iştirak edə bilər? Adamlar ölkədə kiminləsə bir balaca yaxınlıq edib ölkəyə xeyir vermək istəyəndə dərhal qaralayır, üstünə bir ad qoyub hakimiyyətin bəlli bir strukturu ilə düşmən edirlər.Yazıqlar olsun...

 

“Torpaqlarım işğaldan azad olunsun, gerisi hekayə”

 

- İqbal bəy, istərdim diasporaların işi ilə bağlı fikirlərinizi deyəsiniz. Vəziyyət dəyişir.

 

- Mən əvvəl diaspora işi ilə sıx bağlı olmuşam. Uzun müddətdir ki, diaspora işi ilə əlaqəm yoxdur. İndi nə yerdə olduğunu açığı bilmirəm. Amma Azərbaycan problemi diaspora işi ilə həll olunmaz. Azərbaycanın problemi daha qlobal problemdir. Onu diasporanın kasıb-kusub adamları, xırda-para təbliğat maşını ilə həll etmək mümkün deyil. Orda bir qrup fəaliyyət göstərir, insanlarımızı toparlayır. Toparlasın, amma heç kim onunla Azərbaycan problemini həll etməyə çalışmasın. Erməni diasporasından gözümüz o qədər qorxub ki, elə bilirik ki, dünyada bizə problem yaradan, torpaqlarımızı işğal edən, bu gün də vəziyyətimizi bu günə salan erməni diasporasıdır. Onlar olmasaydı sanki bu problemlər olmayacaqdı. Sanki biz də diaspora qursaq, bizim də problemlərimiz həll olunacaq.

 

- Son zamanlar hətta Qarabağ məsələsinin həlli ilə diasporaların adı paralel çəkilir. Belə deyilir ki, diasporamız güclü olmalıdır ki, Qarabağ məsələsi dünyada tanınsın, düşməni tanısın və bu təbliğatın torpaqların işğaldan azad olunmasına təsiri olacaq. Bu yaxınlarda da jurnalist Fuad Abbasovun həbsi, müdafiəsi ilə bağlı diasporalarımız yenidən tənqidlə qarşılandı. Maraqlıdır, diasporalarımız Fuad Abbasova nə dərəcədə dəstək ola bilir, yaxud niyə kömək edə bilmirik?

 

- Diasporlar hər hansı məsələdə kömək edir, xırda dəstək verə bilir. Lakim bizim problemi nə diaspora, nə lobbi, nə də başqaları həll edəsi deyil. Problemimiz böyükdür. İnsan adicə yayın istisində döyüşdə olan əsgərə bir bardaq su aparanda bununla, Qarabağın işğaldan azad olunmasına kömək etmiş olur. Diaspora da onun kimi... Kim hansı təbliğatı aparacaq, kimə nə çatdıracaq, nə edəcəksə onları həll edir. Amma heç kim də özü-özünü aldatmasın ki, Qarabağ problemini tutaq ki, Avstriya xalqı həll edəcək. Avstriya dövləti Qarabağ probleminin mahiyyətini, haqqın kim tərəfində olduğunu, BMT-nin qətnamələrində, Azərbaycanın hansı sərhədlər çərçivəsində BMT-yə üzv olduğunu bilir. Bunu onlara çatdırmağa ehtiyac yoxdur. Onlar bilir, amma onların maraqları var. Onlar gücün yanındadırlar. Güc olacaqsansa, yanında olacaqlar, güc olmayacaqsansa, heç kimə lazım deyilsən, basıb əzəcəklər. O ki, qaldı Fuad Abbasova, onun üçün Azərbaycan dövləti çalışmalıdır. Çünki o, Azərbaycan vətəndaşıdır. Bu, sadə vətəndaşın sosial şəbəkədə qışqırmağı, petisiya yaratmağıyla olmur. Rusiya petisiya ilə adam buraxmır. Azərbaycan dövləti getməlidir, danışmalıdır, həll etməlidir... Bu onun borcudur. Problem o qədər böyüyüb ki, bir qism bunu diplomatiyanın, bir qism ikili standartların, bir qism ayrı-ayrı dövlətlərin, bir qism erməni lobbisinin, bir qism Rusiyanın üstünə yıxır. Günah isə bizdədir. Qalxıb torpağımızı işaldan azad etməliyik, torpağımıza, insanımıza sahib çıxmalıyıq. Və kimsə də gəlib Azərbaycana nəsə diqtə edə bilməz. Nə qədər desən bəyanat, embarqo ilə hədələyənlər də olacaq, ticarət əlaqəsini kəsməyə çağıran da olacaq. Olsun! BMT-nin bizim xeyrimizə 4 qətnaməsi var. ATƏT-in, Avropa Şurasının, Avropa Birliyinin xeyrimizə çeşidli qərarları var. Nəyimiz dəyişib ki, onunla da nəsə dəyişsin? 907-ci düzəlişi az qala faciəyə çevirmişdik. Nədi-nədi ordan 3-5 manat yardım gələcək. İndi Azərbaycanın ona da ehtiyacı yoxdur. Torpağım işğaldan azad olunsun, gerisi hekayə...

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB