ABŞ Konqresinə etiraz məktubu göndərildi

16:04 14-10-2019 | icon 445 | Qarabağ
ABŞ Konqresinə etiraz məktubu göndərildi

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərinə ABŞ-ın Konqresinin nümayəndələrinin qanunsuz səfərinə görə Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosiyə və Konqres üzvlərinə etiraz məktubu göndərib.

 

Versus.Az xəbər verir ki, bu barədə İcmadan bildirilib.

Etiraz məktubunda deyilir: "Hörmətli Xanım Pelosi, Ermənistanın işğalı nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qovulmuş məcburi köçkün icması adından ABŞ Konqresinin nümayəndələri - Frank Pallone, Cudi Çu və Ceki Spierin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə görə ciddi narahatlığımızı və etirazımızı bildiririk. Jurnalistlərin müşayiəti ilə keçirilən icazəsiz səfər təkcə demokratiyaya, insan hüquqlarının təməl prinsiplərinə, sülh şəraitində birgə yaşayışa və beynəlxalq hüquqa zidd olması ilə yanaşı, həmçinin münaqişə bölgəsindəki vəziyyətə mənfi təsir göstərir və münaqişənin həllinə ümidləri azaldır. Təəssüf ki, səfər həm də Konqres üzvü xanım Çu-nun ifadə etdiyi bir sülhməramlı olmaq istəyi ilə tamamilə ziddiyyət təşkil edir. Əgər onun belə bir arzusu var idisə, o, bu qanunsuz səfəri ilə həmin imkanı qaçırmış oldu.

 

Bu səfər, vaxtilə beynəlxalq müşahidəçilər tərəfindən də öz təsdiqini tapmış qırğınlar və etnik təmizləmələr yolu ilə bölgənin yerli azərbaycanlı əhalisinə qarşı vəhşiliklər törədilməsi yolu ilə Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğalını dəstəkləməyə xidmət edir. ABŞ-ın dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərdə Ermənistan silahlı birləşmələri tərəfindən mülki əhaliyə qarşı edilən vəhşilikləri qınayaraq, işğalçı qüvvələrin qeyd-şərtsiz ərazilərimizdən çıxarılmasını tələb etmişdir.

 

Təmsil etdiyimiz 80 mindən çox Dağlıq Qarabağ bölgəsindən didərgin düşmüş azərbaycanlı icma və 700 mindən çox ətraf ərazilərdən olan məcburi köçkünlər son 25 ildə heç bir irəliləyiş əldə olunmayan danışıqların fonunda əziyyət çəkməkdə davam edirlər. Ermənistan, ən təməl hüquqlarımızdan olan öz evlərimizə qayıtmaq haqqımızdan, öz ailə üzvlərimizin qəbirlərini ziyarət etməkdən bizləri məhrum edir və bunlar azmış kimi, Qarabağdakı mədəni irsimizi də yer üzündən silməyə yönəlmiş siyasət aparır, bizim şəxsi əmlaklarımızı mənimsəməkdə davam edir. Bu siyasətə qarşı çıxmaq və münaqişənin sülh yolu ilə həll edilməsi perspektivini saxlamaq üçün beynəlxalq ictimaiyyət bu vəziyyəti tanımamaq və hər hansı yardım göstərməmək öhdəliyi götürüb. Məhz bu yanaşma, ABŞ-ın və onun institutlarının dəstəklədiyi qaydalara əsaslanan beynəlxalq hüququn ruhuna uyğun olan addımdır. Ancaq təəssüflər olsun ki, Konqres üzvlərinin son səfərləri bu öhdəliklər və beynəlxalq hüquqla tamamilə ziddiyyət təşkil edir.

 

Bütün bunlar ABŞ nümayəndələrinin sözügedən icazəsiz səfərinin niyyəti ilə bağlı əsaslı bir sual doğurur: Məqsəd sülh və sabitliyin bərqərar olmasına kömək etmək idimi? Əgər məqsəd bu idisə, o zaman bu məqsəd tamamilə uğursuzluğa uğramışdır. Qanunsuz işğala və zərər çəkmiş insanlara ayrıseçkiliklə yanaşmanın nəticələrini “qanuniləşdirmək” cəhdləri bölgə üçün sülh və zərər çəkmiş əhali üçün firavanlıq vəd edə bilməz. Heç kim öz xoşbəxt gələcəyini başqalarının hüquqlarını pozmaq və tapdalamaq hesabına qura bilməz. Buradan doğan mənəvi öhdəlik odur ki, biz bu cür hərəkətlərə yol verməməli və yol verənləri dəstəkləməməliyik.

 

Bu cür səfərlərin nə Ermənistan xalqına, nə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni icmasına kömək etmədiyi də aydındır. Qeyri-qanuni işğalın davam etdirilməsi Ermənistanın inkişafı üçün zəruri olan resursların tükənməsinə və eyni zamanda Dağlıq Qarabağ bölgəsindəki erməni icmasının Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən qurulmuş qanunsuz hərbi rejimin girovuna çevrilməsinə yol açır. Hətta, Ermənistanın öz daxilindəki siyasi ixtilafı nəzərə alaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərin Ermənistandakı yanlış qüvvələrə kömək etdiyini və Ermənistanın həqiqi demokratik dəyişikliklərə nail olmasına ümidləri azaltdığını demək mümkündür.

 

Buna görə də, bu cür səfərlər cəmiyyətə səhv mesajlar ötürür və ayrı-seçkilik siyasətini, həmçinin hər bir humanitar və insan hüquqları prinsiplərini kobud şəkildə pozan, bir etnik qrupun digərindən üstünlüyü haqqında bədnam fərziyyələr irəli sürən insanların və siyasi qüvvələrin populyarlaşması ilə nəticələnir. Bu, nə Ermənistan, nə də ümumilikdə bölgə üçün xoş bir gələcək vəd etmir. Səfərin ABŞ-ın münaqişə ilə bağlı rəsmi mövqeyini əks etdirmədiyini və konqresmen Frank Pallone tərəfindən də etiraf edildiyi kimi, Dövlət Departamentinin Azərbaycanın işğal olunmuş ərazilərinə getməməsi barədə açıq xəbərdarlığına rəğmən baş verdiyini bilirik.

 

Təəssüflə qeyd edirik ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərlər ABŞ-da yaşayan erməni icmasının bəzi üzvlərini məmnun etmək məqsədinə hesablandığını düşünməyə əsas verir. Hamımız bilirik ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək ABŞ Konqresinin üzvləri kimi rəsmi vəzifələrinin bir hissəsi deyildir. Belə səfərlər həmin Konqres üzvlərinin şəxsi qazanc əldə etməsinə dair əsaslı şübhələr doğurur. Erməniprərəst lobbiçilərin güclü dəstəyi və ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə cəlb olunması bu cür şübhələri daha da artırır.

 

Xülasə, bir daha qeyd edirik ki, həm Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər, həm də Azərbaycan cəmiyyətinə ayrıseçkiliklə yanaşması həm mənəvi, həm hüquqi, həm də siyasi baxımdan yanlış bir mesajdır. Konqres üzvlərinin edə biləcəyi ən yaxşı şey, bütün köçkünlərin əsas insan hüquqlarını təmin edəcək, barışa və bölgənin sabitliyinə xidmət edəcək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək üçün addımlar atmaqdır. Bu, ABŞ rəsmilərinin müsbət davranış nümunəsi və davam edən ayrıseçkilik üzərində insan haqlarının qələbəsi olardı.

 

Sonda bildirmək istərdik ki, Azərbaycanın məcburi köçkün icması sülhün bərpasına, münaqişənin dinc yolla həllinə və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının dinc birgə yaşayışı və inkişafı yolunda yorulmadan çalışmaqda davam edir. Bu yolda aparılan müsbət işləri dəstəkləyən bütün ABŞ və digər beynəlxalq liderlərə minnətdarlığımızı bildirir və bu müsbət işlərə kölgə salmağa çalışanları öz fəaliyyətlərinin istiqamətlərini dəyişdirməyə çağırırıq".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...