ADU-da Dövlət Bayrağı gününə həsr olunan tədbir keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) YAP Gənclər Birliyi və Azərbaycanşünaslıq Elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə Dövlət Bayrağı gününə həsr olunan “Üçrəngli bayrağımız and yerimizdir” adlı tədbir keçirilib.
Universitetdən Versus.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının üçrəngli bayrağı haqqında videoçarx nümayiş olunub.
ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla iştirakçıları Dövlət Bayrağı günü münasibətilə təbrik edib:
“Bugünkü tədbir son dərəcə vacibdir. Hər ölkənin, hər xalqın həyatında elə simvollar var ki, insanlar o simvolların uğrunda ölümə gediblər. O simvollardan ən vacibi bayraqdır. Bayraq ölkənin adına çevrilir. Ulu öndərin Naxçıvanda qaldırdığı üçrəngli bayraq bu gün də Azərbaycanın üzərində vüqarla dalğalanır. Məmməd Əmin Rəsulzadə demokratik respublika dövründə demişdi ki, bir daha yüksələn bayraq bir daha enməz. Zaman göstərdi ki, enə də bilərmiş. Amma zaman onu da göstərdi ki, o, bir daha da qalxa bilərmiş. Bunu Heydər Əliyev bacardı. Bu gün Azərbaycan çox böyük siyasi cəsarətlə, iradə ilə inkişaf edir. Bu gün Azərbaycanın Prezidenti ölkənin mənafeyini göz bəbəyi kimi qoruyur. Bayrağa hörmət, məhəbbət hamımızın vətəndaşlıq, övladlıq, insanlıq borcumuzdur. Himn, bayraq, prezident – bu üç simvol xalqın müstəqillik, inkişaf yolunda ən dəyərli simvollarıdır. İnanıram ki, universitetimizin tələbələri, müəllimləri bayraq anlayışına öz şəxsi maraqlarından deyil, ictimai mənafedən yanaşacaqlar. Universitet olaraq bizim mücadiləmiz auditoriyalarda, kitabxanalarda, dərs otaqlarında, konfranslarda, seminarlarda gedir. O mücadilə bu gün bizi həm düşmənlərimizə qarşı daha möhkəm edir, həm də dostlarımızın yanında möhkəm edir. Bu işdə hamınıza uğurlar arzu edirəm. Yaşasın Azərbaycan bayrağı!”
Tədbirdə Təhsil-2 fakültəsinin tələbələri İlahə Mehdiyeva “Azərbaycan bayrağının keçdiyi tarixi yol” mövzusunda çıxış edib, Zeynəb Əliyeva “Sənə mənim gözümlə baxmayanın, məzarını qazacağam!” adlı şeiri söyləyib. Filologiya fakültəsinin tələbəsi Kəmalə Həsənova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli bayraq”, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri Güllü Səfərova və Əhməd Əliyev “Azərbaycan Respublikasının üçrəngli bayrağı” haqqında danışıblar.
Versus.Az
Xəbər lenti
Səsli mesajlar mətnə çevrilir
"WhatsApp"dan möhtəşəm funksiya gəldi