“Hoçaz dağına hücum planını Rəhman İsgəndərov hazırlamışdı”
Kazaryanın üstündəki xəritədə hara hücum planı olub?
Qəşəm Rzayev: “Hoçaz dağına hücum planını Rəhman İsgəndərov hazırlamışdı”
İV HİSSƏ
(əvvəli bu linkdə)
“...Biz bütün gecəni yol gəldik. Hava işıqlananda gəlib Pircahana çatdıq. Həddindən artıq yorğun idik. Bir gün istirahətdən sonra Rəhmanın göstərişi əsasında biz Soyuqbulağa qalxdıq. Bizim batalyonun qalan hissəsi Soyuqbulaq tərəfdə idi. Onlar həmin istiqamətdə mövqelərini möhkəmləndirib düşmənə qarşı döyüşürdülər. Bir neçə gün Soyuqbulaqda, Mişni kəndində qalaraq Hoçaz dağı istiqamətində batalyonun digər qüvvələriylə yanaşı mövqelərimizin möhkəmləndirilməsində iştirak etdik.
Sonradan Rəhman bizə bildirdi ki, Hoçaz dağına yenidən hücum planı hazırlanıb. Bizə məlumat verildi ki, Hoçaz dağı kəşfiyyat olunub, dağa biz hücum etməliyik. Bizim batalyonun ikinci və üçüncü rotaları, 701-in batalyonları, həmçinin Laçın polisinin bir hissəsinin ermənilərə Soyuqbulaq və Sonasar istiqamətindən hücum edəcəkləri planlaşdırılmışdı. Biz isə Laçın polisinin diigər qrupuyla Sonasarın sol tərəfilə Hoçaz dağının ən yüksək zirvəsinə qalxıb ermənilərin arxasından onlara zərbə endirməliydik. Rəhman gecə ilə hücum planının detallarını açıqlayıb döyüş hazırlığına başlamağı tapşırdı. Biz gecə ilə Sonasar kəndinə gəldik. Gecəni Sonasar kəndində qalıb sübh tezdən Hoçaz dağına doğru qalxmağa başladıq. Yağış yağdığından yer də sürüşkən idi. Biz Hoçaz dağına qalxdıq. Laçın polisi dağın sol cinahındakı cığırla düşərək “karyer” tərəfdən ermənilərə yaxınlaşmağa başladı. Biz isə Hoçaz dağının ən yüksək zirvəsindən ermənilərin xəbəri olmadan onları müşahidə etməklə tam nəzarət altına alıb növbəti əmri gözləyirdik.
“Çingiz Əliyev əməliyyata rəhbərlik edirdi”
Təqribən saat 1-2 arası olardı. Ermənilər bir yerə cəm olmağa başladılar. Bizə də əmr verilmişdi ki, birinci atəşi İsgəndərov Rəhmanla Əliyev Çingiz Hoçaz dağının ən yüksək zirvəsi olan “vışka”nın yanından açandan sonra döyüş başlamalı idi. Hoçaza hücum planını Rəhman İsgəndərov hazırlasa da, bu dağa kəşfiyyatın hansı istiqamətlərdən yönləndirilməsini, koordinatları o, Çingiz Əliyevlə birgə müəyyənləşdirmişdi.
Çingiz Əliyev o zaman mayor idi. Hoçaz dağına hücum əməliyyatına rəhbərliyi Çingiz Əliyev edirdi. Bizimlə birgə Çingiz Əliyev və İsgəndərov Rəhman da həmin dağın zirvəsinə qalxdılar. Ən yüksək zirvədə olan “vışka”nın yanından həm bizim, həm də ermənilərin mövqeyi çox aydın görünürdü. Rəhman İsgəndərov və Çingiz Əliyev ətrafı yaxşı müşahidə edib lazımi əmrləri verirdilər. Günorta saat təqribən 2 olardı. İlk olaraq artilleriya ilə düşmənin bir yerə cəm olduğu əraziyə zərbə endirildi. Zərbə çox sərrast alındı. Ermənilərin xeyli qüvvələri məhv edildi və palatkaları yanmağa başladı. Bundan sonra döyüş başladı. Ermənilərin səngərlərinin arxasında həm ərzaq, həm də silah-sursat anbarları var idi. Laçın polisinin açdığı atəş nəticəsində arxa hissədə böyük partlayış yarandı. Vahiməyə düşən ermənilər qaşmağa başladılar. Biz erməniləri arxa tərəfdən çox güclü atəşə tutduq, ön xətdən isə bizim batalyonun 2-ci və 3-cü rotalarıyla yanaşı 710, 711, 712-ci batalyon, həmçinin Laçın polisinin döyüşçüləri erməniləri güllə yağışı altında məhv edirdilər. Ermənilərin orada 4 tank, 1 BMP-ləri var idi. Bu texnikalardan ermənilər yalnız bir tankı işə salmağa macal tapa bildilər, qalanlarına imkan vermədik. İşə salınmış tank gah bizim, gah da 710-cu, 711-ci batalyonun mövqelərini mərmi atəşinə tutmuşdu. Sonradan bu tank da Hoçaz dağından Xənəzək istiqamətinə gedərək təpənin üstündə dayandıqdan sonra erməni ekipajı tankdan çıxıb çaya doğru qaçmağa başladı. Bununla da 3-4 saatlıq döyüşdən sonra ermənilər tam məğlubiyyətə uğradılar. Və biz Hoçaz dağını tam götürdük”.
“GERİ QAYIDAN POLİS MƏLUMAT VERDİ Kİ...”
Hoçaz dağını alandan sonra ermənilərin 4 tankı, 1 BMP-si, 1 zenit qurğusu, 1 minamyotu, xeyli sayda artilleriya və tank mərmisi, piyada qoşun hissələri üçün xeyli sayda silah-sursat və ərzaq ələ keçirildi. Ora silah-sursatla dolu idi. Arxada ermənilərin böyük silah-sursat anbarı var idi. Biri partlamışdı, digərisə dolu idi. Əsas partlayan mərmilər olan anbar oldu. Bir vaqon da ərzaqla dolu idi. Hoçaz əməliyyatı son dövr hərb tariximizin ən şanlı səhifələrindən biri və bəlkə də birincisidir. Belə bir strateji yüksəklik qısa zaman çərçivəsində alınaraq üstəlik ermənilərin o qədər texnikası və silah-sursatı ələ keçirilmişdi...
Bir gündən sonra Rəhman mənə dedi ki, hazırlaş, Rafaellə bir yerdə kəşfiyyata gedirik. Biz də müəyyən hazırlıqlar gördük. Səhər saatları olardı. Rafael, mən, Rəhman və Laçın polisindən 4-5 nəfər bizə qoşularaq Hoçaz dağından “karyer” istiqamətinə doğru hərəkətə başladıq. “Karyer”in yanından keçib irəliləyə doğru Sus istiqamətinə səmt götürdük. Gəlib 1666-cı koordinatın qarşısında xırda bir təpənin qabağında ağacsız, çılpaq bir yerdə dayanıb müşahidə apardıq. Bu zaman Laçın polisindən bir nəfər ayrılaraq Mollalar istiqamətində hardasa 100-150 metr qabağa getmişdi ki, birdən sürətli yerişlə geri qayıtdı. Məlumat verdi ki, Mollalar kəndinin içində xeyli erməni texnikası var. Müxtəlif maşınlar və zirehli texnika ora cəmləşib. Biz də Rəhmanın ətrafına yığışmışdıq. 2 nəfər polislərdən olan döyüşçü bizdən bir az kənarda durmuşdu”...
“KAZARYANIN ÜSTÜNDƏKİ XƏRİTƏDƏ ŞAMKƏND-QORÇU İSTİQAMƏTİNDƏN KƏLBƏCƏRƏ HÜCUM PLANI CIZILMIŞDI”
“Nə isə Rəhman başladı öz planlarını təqdim etdi. Bu vaxt kənardan maşın səsi eşitdik. Dönüb baxanda gördük ki, Mollalar tərəfdən bir UAZ sürətlə bizə tərəf yaxınlaşır. Bu, çox ani baş verdi. Rəhman maşının ələ keçirilməsilə bağlı qərar verdi. Bu zaman polislərdən biri əlindəki pulemyotu ermənilərə tərəf çevirib 10-15 metrlik məsafədən şiddətli atəşə tutdu. Əvvəlcə UAZ dayandı, sonra bir az geri gedib böyrü üstə aşdı. Sonra Laçın polisindən olan döyüşçülər cəld maşına yaxınlaşıb içəridəki hərbçilərin silahlarını onların üstündən çıxardılar. Maşının içindən gizli xəritə ilə yanaşı hərbçilərə məxsus sənədlər də götürüldü. Götürülmüş sənədlərin birində öldürülənərin arasında olan polkovnik Kazaryana məxsusluğu qeyd edilən hərbi bilet də var idi. Onun üsütndən çıxarılan siyahıda 210 nəfərlik şəxsi heyəti olan batalyonu döyüş bölgəsinə, yəni Hoçaz dağına gətirirmiş. Kazaryan “Arşakski” rayonundan 210 nəfər döyüşçü yığaraq Hoçaz dağına köməyə gəlirmiş. Siyahı da həmin siyahı idi. UAZ maşınında sürücüylə bərabər 4 yüksək rütbəli erməni zabiti də gəbərdildi.
Kazaryanın üstündən götürülən xəritədə Şamkənd-Qorçu istiqamətindən ox işarəsilə göstərilmişdi ki, ermənilər Kəlbəcərə hücum etməliydilər. Yəni, göründüyü kimi, Kəlbəcərin götürülməsilə bağlı əvvəlcədən plan cızılmışdı. Biz həmin sənədləri götürəndə Mollalar tərəfindən texnika səsi gəldi. Baxanda gördük ki, 1 Zil-131 və onun dalınca 1 BMP-2 bizə tərəf gəlir. Rəhman əmr verdi ki, tez geri çəkilməliyik. Çünki 7-8 nəfərlə çoxlu qüvvə və böyük qüvvə ilə vuruşmaq lüzumsuz idi. Biz təcili olaraq oradan “karyer” istiqamətinə sürətlə hərəkət edərək geriyə Hoçaz dağına doğru çəkildik. Biz “karyer”ə yaxınlaşanda gördük ki, ermənilər həmin 1666 koordinatın qarşısından kortəbii surətdə hara gəldi atəş açırdılar. Onlar komandirlərinin öldürüldüyünü görüb bir çaşqınlıq içinə düşmüşdülər. Hərəkətlərindən də bu, apaydın görünürdü. Biz isə təzədən Hoçaz dağına gəlib məlumat verdik ki, ermənilərin o ətrafda canlı qüvvəsi və texnikası var. Müşahidə etdik ki, ermənilər Hoçaz dağı istiqamətində 1666 koordinatının aşağı və arxa hissəsiylə geriyə qayıdıb Laçın istiqamətində çıxıb getdilər”...
“HOÇAZ DAĞINA 6-7 NƏFƏR QALXMIŞDIQ, QALAN QÜVVƏLƏRİN HARADA MÖVQE TUTMASINDAN XƏBƏRSİZ İDİK”
“Polkovnik Kazaryanın da daxil olduğu dəstəni məhv edəndən sonra biz Hoçaz dağına qayıtdıq. Ermənilərsə zabitlərinin meyidlərini götürüb çıxıb getdilər. Biz Hoçaz dağına gələndən sonra 701-in batalyonlarını müxtəlif koordinatlar üzrə müdafiə mövqelərinə yerləşdirdilər. Eyni zamanda da bizim 713-də bölgülər getdi. Həmin vaxtı bizim komandirimiz olan Rəhman İsgəndərov Süleyman Əhmədovla Mehdi Rüstəmov şəhid olduqlarına görə batalyonun komandiri vəzifəsində idi. Bizi 30 nəfərlik bir dəstə olaraq Hoçaz dağının qarşısında olan “karyer” deyilən yerdə müdafiə mövqeyində yerləşdirdilər. “Karyer” bir-birilə üz-üzə olan iki təpədən ibarət idi. İki təpənin arasından da maşın yolu keçirdi. O maşın yolu Hoçaz daöından gəlib Sus və Mollalar istiqamətinə gedir, Laçına doğru. Biz orada bir neçə gün qaldıq.
Mən Ağdərədə “kontuziya” almışdım, azacıq xarici təsir dərhal qulağıma təsir edir, bərk ağrılar olurdu. Oktyabrın 7-də də belə oldu. Mən silahımı götürüb təpədən aşağı düşdüm. Saat 12-1 arası olardı. Aşağı hissədə əl damı kimi bir yer var idi. Gedib aşağıda su içmək istəyirdim ki,gördüm ki, təpənin başından uşaqlardan biri dedi ki, o tərəfdən tank gəlir və başladı tankları saymağa. Mən elə bildim ki, bu zarafat edir. Heç bunun da Yaşar olmasını bilmirdim. Onun yanında bir nəfər də var idi. Mən su axtaranda birdən qranatamyot səsi eşitdim. Bir də gördüm bu deyir ki, vay vurdum, vurdum. Tankın birini vurdum deyən kimi onun yanına mərmi düşdü. Uşaqlardan 3-4 nəfər bir yerə toplaşdıq. Qəra gəldik ki, bir az geri çəkilib Hoçaz dağında mövqelərimizi möhkəmləndirək. “Karyer” lə Hoçaz dağının arası təqribən 300 metr məsafə olar. Hoçaz dağı da “karyer” tərəfdən sal qayadı. Biz yolla geri çəkiləndə gördüm ki, Mişnidən olan Ehtiram yerə oturdu. Dedim ki, sən niyə oturmusan? Dedi ki, ayağımın biri tutulubdu. Ona kömək elədim, bir az getmişdik ki, Ehtiram ikinci ayağının da tutulduğunu dedi. Uşaqları səslədim. Bir nəfər gəlib mənə kömək elədi. Biz ən axıra qalmışdıq. Aradabir dincəlirdik. Hoçaza doğru qalxdıqca özüm də hiss elədim ki, artıq mənim də əzələlərim çox gərilibdi. Dağa çatanda Ehtirama dedim ki, ayaqlarını ovuşdur ki, qıcolma açılsın. Uşaqların yanına gəldim. Sahiblə Asəf də orada idi. Dedik ki, qalxaq dağın zirvəsinə. Dağın altından ora təqribən 150 metr məsafə olardı – “vışka” deyilən yerə. Çox sərt qayalıqdı. Sahib, mən, Asəf qranatamyotu da götürüb yuxarı dırmaşmağa başladıq. Arxamızca Asif deyilən Malış da dırmaşırdı. Biz yuxarı çıxanda gördük ki, erməninin bir tankı gəlir, dalısınca da 1 BMP. Tank az qalırdı ki, Hoçaz dağının arxasına keçsin, hardasa 50-60 metr məsafə qalmışdı. Tez qranatamyotu götürüb atəş açdım. Ancaq mərmi tanka çatanda qövsvari uçub kənara gedirdi. Asəf də atdı, eyni hal təkrar olundu. Biz qranatamyotçu deyildik, bunun nədənini də bilmirdik. Qışqırdım ki, bu it oğlunu gülləbaran edin ki, burada adam olduğunu bilsin. Birinci dəfə idi ki, əlimə qranatamyot götürürdüm. Uşaqlar o istiqaməti gülləbaran edəndə mən yenidən qranatamyotdan atəş açdım. Günəş də üfüqdə idi. Tankın kölgəsi də düşürdü. Atəş açandan sonra bunun hədəfə dəyib dəyməməsini bilmədim. Ancaq gördüm ki, tank ani olaraq dayandı. Sonra həmin tank sürətlə geri getməyə başladı. Arxada olan BMP ilə onun arası 3-4 metr olardı. Qəfil yerində fırlananda tank BMP-yə çırpıldı. Və “xır-xır” səsləri eşidilirdi. BMP bir az qabağa gəldi və bu anda onun sepi açıldı. Sep qırılmışdı. Ermənilər düşüb qaçmağa başladılar. “Karyer” tərəfdən də bir tank gəlirdi. Onlar tanka çatanda tank da geri döndü və bunlar qaçıb getdilər. Həmin döyüşdə ermənilərin piyada hissələrini ümumiyyətlə görmədik. Texnikalar qayıdandan sonra biz də şadyanalıq edirdik. Sonra mən əlaqəyə girib məlumat verdim ki, biz erməniləri geri oturtduq, 1 tank və 1 BMP-ni qoyub qaçıblar. Sonra yenə əlaqə kəsildi. Təzədən əlaqəyə girib bildirdim ki, tankistlər gəlib texnikanı çıxarsınlar. Ac və susuz idik. Ermənilər “karyer”ə hücum edəndə biz təqribən 12-14 nəfər olardıq. Dağasa 6-7 nəfər qalxa bildik. Orada olanlar sırasında mən, Asif, Sahib, Hətəmlər Asif, əsil adı Zöhrab olan Mişnili Qara, sonradan gələnlər Həsənquliyev Vüqar, İsmət və Seyfulla qardaşları, “komissionnıy” kimi çağırdığımız göyçaylı Rafael, balaxanılı Arif, Xasıyev Mahmud, səhv etmirəmsə Füzuli, bir də Fuat var idi. Oktyabrın 9-da da Elburus Əhmədov gəldi və elə o günü də yaralandı. Qalan qüvvələrin harada mövqe tutmalarından xəbərsiz idik.
Deməli, mən məlumat verəndən sonra təqribən bir saat keçmişdi. Gördük ki, tanklar olan yerdən səslər gəlir. Başa düşdük ki, özümüzkülər gəlib tankı çıxarırlar, ancaq BMP-1-in sepi çıxdığından orada qaldı. Bütün bunlar Hoçaza olan birinci hücumdan olan xatirələr idi”...
İKİNCİ HOÇAZ DÖYÜŞÜNÜN TƏFƏRRÜATLARINDAN
“Ayın 7-də ermənilərin birinci hücumunu dəf edəndən sonra ermənilər bir tank, 1 BMP-ni qoyub qaçdılar. Oktyabrın 8-i səhər saatları olardı. Bizə bir yeşik göndərildi, elə bildik ki, bu, mərmi yeşiyidir. Qapağı açanda gözlərimizə inanmadıq. İçində çoxlu sayda ərzaq ehtiyatı var idi. Ac adam olasan, sənə belə bir yeşik göndərələr!.Biz fikirləşdik ki, yəqin ermənini geri oturtduğumuza görə bizi ərzaqla mükafatlandırıblar. Bir az zarafatlaşdıq, həmin gün batalyondan bir qisim uşaqlar qayıdıb gəldilər. Təqribən 17-18 nəfər yığılmışdı. Qayıdıb gələnlərin içində göyçaylı Rafael, Mişnidən Qara, onun əsil adı Zöhrab idi, ondan sonra Seyfulla ilə İsmət qardaşları, Balaxanıdan olan Arif, Xasıyev Mahmud və başqaları da var idi.
Oktyabrın 8-i idi. Hoçaz dağının aşağısından keçən yolda xırda bir təpə var idi, hansı ki, oradan dağın arxasına kedən yol keçirdi. Ora komandirləri də daxil olmaqla 20-30 nəfərlik bir vzvod gətirib yerləşdirdilər. Həmin qüvvələr orada səngər qazmağa başladılar. Biz dağın başında idik. Eyni zamanda bizim yanımıza da kömək məqsədilə hardasa bir 10 nərfərlik təzə gəlmiş əsgər heyəti göndərilmişdi.
Biz dağın başında 2 qrupa bölündük. Bir qrup Hoçaz dağının “”vışka”sından aşağıda böyük qaya daşı var idi, onun yanında müdafiə mövqeyi tutdu. İkinci qrup isə bizdən hardasa 20-30 metr aşağıda qaya daşları və ağaclıqlar olan hissədə mövqe tutdular. Beləcə biz düşməni daha yaxşı izləmək və görmək üçün iki qrupa bölündük. Həm də dağa xeyli silah sursat daşıyıb gətirdik. Eyni zamanda özümüzün ərzaq təchizatımızı möhkəmləndirdik. Günortaya yaxın idi. Bir də onda gördük ki, ermənilər bizdən təqribən 1,5 kim aralıda olan 1666-cı koordinatda səngər qazırlar. Ağaclıq olan hissədə də bir palatka qururdular. Mən bununla bağlı arxa komandanlığa məlumat verdim. Onlar da koordinatı müəyyən edib, mənə dedilər ki, həmin ərazi artilleriya ilə vurulacaq. Sən o ərazini müşahidə elə, koordinatın dəqiq vurulmasıyla bağlı bizə məlumat ver. Artilleriya bir az keçməmiş həmin əraziyə iki atəş açdı. Bundan sonra ermənilər qaçıb təpələrin arxasına keçdilər. Hardasa bir necə saatdan sonra ermənilər həmin palatkanı sökərək təpələrin arxasında bizim görmədiyimiz əraziyə keçdilər. Həmin günü əlavə ciddi bir şey olmadı. Hər iki tərəf mövqelərini möhkəmləndirməklə məşğul idi...
Ayın 9-u səhər saatları idi. Bir az çay qaynadıb içdik. Saat 9 olardı. Erməni tərəfini mən tez-tez müşahidə edirdim. Bir də gördüm ki, 1666-cı koordinatdan ermənilərin texnikaları çıxıb yol boyu Hoçaz istiqamətində hərəkətə başladı. Dərhal komandanlığa və bizim sağ cinahımızda yerləşən qüvvələrə xəbərdarlıq elədim ki, “mən Zoğal-2”-yəm, ermənilər Laçın istiqamətindən bizə doğru hücuma keçiblər. Məlumatı verəndən sonra uşaqlara da bildirdim ki, hazırlaşın, donuzlar gəlir. Hər iki qrupumuz döyüş mövqelərini tutub, silahlarımızı, ehtiyat patronlarımızı, sursatımızı yoxladıq. Bizim batalyonun uşaqları isə ön hissəyə keçərək döyüş mövqeyi tutdu. 10 nəfərdən iibarət Mingəçevir batalyonundan olan uşaqlar təzə əsgər olduğuna görə güllə onları tutmasın deyə tapşırdıq ki, heç yana çıxmayın, hərəkət etməyin, ancaq bizim döyüşçülərin maqazinlərini doldurmaq və sursat daşımaqda köməklik edin”...
“ERMƏNİLƏR SAĞ CİNAHIMIZDAKI TƏPƏLƏRƏ QƏDƏR İRƏLİLƏDİLƏR”
“Özümüz Hoçaz dağının düşmənin görünəcəyi istiqamətində mövqeyimizi tutduq. Yarım saat keçmişdi ki, erməni texnikası Hoçaz dağının qabağındakı “karyer”in yanında cəmləşməyə başladı. Hələ ki, piyadalar görünmürdü. Sonra bu texnikalar təpənin arxasına keçdi. Yarım saat keçəndən sonra həmin texnikalar təpənin arxasından çıxıb bizim mövqelərimizi vurmağa başladı. Həmin vaxtı bir gün qabaq onların artilleriyası Xoznavar kəndinin arxa hissəsindəki dağın altından keçən yolun yaxınlığında yerləşdirilmişdi. Eyni zamanda həmin ərazidə toplar və minamyot da var idi. O ərazidən də ermənilər bizim mövqelərimizi artilleriya atəşinə tutmağa başladılar. Erməni texnikasıyla bizim aramızdakı hava məsafəsi 600-700 metr olardı. Bu da qranatamyot üçün əlverişli deyildi. Ermənilər yarım saatdan çox ağır artilleriyadan, texnikalardan bizi mərmi atəşinə tutdular. Sonra ermənilərin piyadaları bizim sağ tərəfimizdəki dağın alt hissəsində olan 701-in qüvvələrinin mövqelərini həm minamyotdan, həm də atıcı silahlardan atəşə tutmuşdular. Güclü mərmi yağışı və gülləbarandan sonra həmin ərazidə olan qüvvələrimiz geri çəkilmək məcburiyyətində qaldılar. Texnika bizi hər tərəfdən mərmi atəşinə tutmuşdu. Bu vaxt erməni piyadaları bizim geri çəkilən qüvvələrin mövqelərinə doğru irəlilədikcə biz də atıcı silahlarla onları durdurmağa çalışırdıq. Ermənilər güllələrdən yayına-yayına bizim sağ cinahımızdakı səngər qazılan təpəyə qədər gəlib çıxdılar. O təpələrdən ermənilər bizim arxa hissəmizdəki mövqeləri atəşə tutmağa başladılar. Biz də bütün qüvvələri toplayıb onları atəşə tutmuşduq. Eyni zamanda bizim Hoçazın qabaq hissəsindən, çökəklik və təpələrdən, bizim arxa hissəmizdə yerləşən qüvvələrimiz də erməniləri güclü atəşə tutduqlarından ermənilərin piyadaları o ərazidən geri çəkilmək məcburiyyətində qaldı. Döyüş hava qaralana qədər davam etdi. Qaranlıq düşəndə düşmən texnikasını da götürüb geriyə öz mövqelərinə qayıtdılar. Bu, bizim ermənilərlə ayın 9-da olan İKİNCİ DÖYÜŞümüz idi”...
“ARTİLLERİYA ZƏRBƏMİZDƏN SONRA XOZNAVARLA XƏNƏZƏK ZÜLMƏTƏ QƏRQ OLDU”
“Həmin dövrdə sol cinahda da 811-ci polk Tığik istiqamətində, Şuşa polku da Sarıbaba istiqamətində döyüşlər keçirirdi. Mən ratsiyada da onların danışıqlarını eşidirdim. O gecə sakit keçdi.
Səhəri gün yenə erməniləri müşahidə etdik. Gördük ki, ermənilər yenə də dayandıqları mövqedə səngər qazırlar. Ancaq ermənilərin Xoznavar istiqamətində olan artilleriyasının dəqiq koordinatlarını müəyyənləşdirmək üçün müşahidələr aparırdım. Xoznavarın arxa hissəsindən bir maşının hərəkət etdiyini gördüm. Gördüm ki, maşın dayandı, diqqətlə baxanda ermənilərin həmin ərazidə toplaşdığını gördüm. Snayperin binoklu ilə baxanda gördüm ki, həmin yerdə yolun qırağında ermənilərin bir topu dayanıb. Bizdən arxada yerləşən artilleriya batareyasına koordinatları verdim. Həmin koordinata bir mərmi atdılar. Mərmi topdan təqribən 250 metr aralı taxıllığa düşdü, taxıl zəmisi yanmağa başladı.
O taxıl zəmisində ermənilərin bir kombaynı işləyirdi. Yanğını görən erməni qaçmağa başladı. Mən bir daha düzgün “kardirovka”nı arxadakı qüvvələrə dedim. Başa saldım ki, 50 metr sola götürməklə 250 metr qabağa növbəti atəş. Növbəti iki atəş açıldı. Mərminin biri düz topun yanına düşdü. Ermənilərin qaçmasını gördüm, Binokl olmadığına görə tam dəqiqliyilə görə bilmirdim. Qalan bütün günü sakit keçdi.
Hoçaz dağı elə idi ki, hər tərəf aydın görünürdü. Həmin günün axşamı bir də gördüm ki, Xoznavar tərəfdən nə isə cərgə ilə işıq gəlir. Başa düşdüm ki, bu, maşın kalonudur. Hiss olunurdu ki, Ermənistan tərəfdən 10-dan çox maşın cərgə ilə Xoznavar tərəfə gəlir. Mən bununla bağlı komandanlığa məlumat verdim. Axşam saat 9-10 arası olardı, xəbər verdim ki, Xoznavar istiqamətdən böyük maşın kalonu irəliləməkdədir. Komandanlıqdan mənə göstəriş verildi ki, o koordinatı diqqətlə izlə, ora artilleriya zərbəsi olacaq.
Üstündən bir neçə dəqiqə keçmişdi ki, artilleriya qüvvələrimiz Xoznavar istiqamətində bir mərmi atdılar, mərmi kəndin aşağı hissəsinə düşdü. Mən “kardirovka” verdim ki, məsafəni hardasa 700 metr qabağa, 150 metr sağa çəksinlər. Növbəti mərmi atəşı oldu. Mərmilərdən biri kəndin transfarmatoruna dəydi, möhkəm partlayış oldu. İkinci mərmi kalon gələn istiqamətə düşdü. Bu zaman ermənilər bütün işıqları söndürdülər, hər yan zülmət qaranlıq idi - kəndin və maşınların işıqları sönmüşdüi. Artıq “kardirovka” vermək də mümkünsüz hala düşdü. Mən özüm də heç nə görmədim. Xənəzəklə Xoznavar kəndi o atəşdən sonra zülmətə büründü”....
“VERTALYOTLARI GÖRƏNDƏ ELƏ BİLDİK Kİ, UŞAQLARI QIRIBLAR”
“Oktyabr ayının 11-də bizim sağ cinahımıza Laçın polisini gətirib yerləşdirdilər. Orada müdafiəni əvvəlcə 30 nərəflik qüvvə təşkil etmişdi, ancaq döyüşün gedişatında onlar geri çəkilməyə məcbur olmuşdu.
İndi həmin qüvvələrin yerinə Oqtay Güləliyevin komandanlığı altında Laçın polisini gətirmişdilər. Bizsə Hoçaz dağının başında idik. Ayın 10-da sıralarımızda 15 nəfər var idi. Uşaqlardan 3 nəfər bu və ya digər səbəblərdən orda deyildilər.
Ayın 10-da uşaqlardan 8 nəfər aşağı Mişni kəndinə düşdü ki, heç olmasa az da olsa təmizlik işlərimizə baxaq. Çünki artıq bizi bit basmışdı, bədənimiz bütün bitin içində idi. qaşınmaqdan cana doymuşduq. Həmin uşaqlar təmizlənib gələndən sonra biz yeddi nəfər də ayın 11-də səhər-səhər Mişniyə yollandıq. Paltarlarımızı yaxşıca qaynatdıq. Bitlər yaxşıca bişib üzə çıxdılar. Özümüz də növbəylə yuyunurduq. Saat təqribən günortaya yaxın olardı. Bir də gördük ki, Hoçaz dağının başında 4 vertalyot fırlanır. Vertalyotlardan biri Hoçaz qayasının başında sağa sola fırlandı, qalanlarsa düz istiqamət götürüb dağın başından Laçın istiqamətinə getdilər. Bir az keçmişdi ki, oradan partlayış səsi eşidildi. Biz nələrin baş verdiyini tam anlamadıq, elə bildik ki, artıq uşaqları qırıblar.
Tez paltarlarımızı götürüb Mişni kəndindən Hoçaz dağının başına doğru yüyürməyə başladıq. Ancaq vertalyotlar Hoçaz dağında heç bir atəş açmadılar. Biz Soyuqbulağın aşağı hissəsindən Hoçaza doğru hərəkət edirdik. Bizi dağa çatanda artıq döyüş gedirdi, artilleriya bizi hər tərəfdən atəşə tutmuşdu. Biz sürətlə gedib axır ki, Hoçaz dağının başına çatdıq. Ora biz çatanda uşaqları görüb bir az sevindik ki, düşmən gülləsi onlardan yan keçib. Orda uşaqlar bizə dedilər ki, ermənilər bir dəfə texnika ilə gəlib bizim sağ cinahımıza doğru hərəkət elədilər, orada ermənidən qalan BMP-1-i tank vurub yandırmışdı. Uşaqların deməsinə görə orada 1, yoxsa 2 nəfər Sumqayıt uşaqlarından da olub. Onlar da Şəhid oldular. Ermənilər “karyer” tərəfdən bizi güclü atəşə tutmuşdular. Eynilə biz də onları.
Ayın 10-da dağın başına AQS də gətirilmişdi. Biz AQS-i işə salıb “karyer” də olan erməni qüvvələrini güclü atəşə tutduq. Döyüş hava qaralana qədər davam etdi. Hava qaralandan sonra ermənilər öz mövqelərinə çəkildilər.
Sonradan bizə məlum oldu ki, dağın sağ cinahında artilleriyanın Xoznavar istiqamətindəki atəşi nəticəsində Laçın polisindən Oqtay Güləliyev şəhid olub və bir neçə nəfər də yaralanıb. Dağın başında olan bizim qüvvələrdən heç kimə heç nə olmamışdı, hamı sağ-salamat idi. Ancaq erməni tərəfindən ölənlər çox idi. Həmin vaxtı arxadan döyüş ərazisinə gəlib gedən maşınlar çox güman ki, o yaralıları və ölənləri daşıyırdı.
Ayın 11-dən sonra erməni tərəfində sakitlik hökm sürürdü. Biz də öz müşahidələrimizi aparır, şübhəli bir şey görən kimi koordinatları verib oranı atəşə tuturduq. Ən ağır döyüşümüz ayın 19-da oldu. Həmin döyüşdə Xasıyev Mahmud şəhid oldu. Malış başından bərk yaralandı, gözünün birini itirdi”...
İGİD TEYMURLU
Versus.az
Xəbər lenti
Səsli mesajlar mətnə çevrilir
"WhatsApp"dan möhtəşəm funksiya gəldi