Mandat ala bilməyən müxalifət çıxış yolu axtarışında

12:07 20-02-2020 | icon 834 | Siyasət
Mandat ala bilməyən müxalifət çıxış yolu axtarışında

Azərbaycanda 55 dövlət qeydiyyatına alınmış siyasi partiya mövcuddur. Onların təxminən 20-sinin fəaliyyəti nəzərə çarpır. Yarısının fəaliyyəti yox səviyyəsindədir. 9 fevralda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, altıncı çağırış Milli Məclisdə 9 siyasi partiya təmsil olunacaq.

 

Növbədənkənar parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) 72 namizədi qalib elan olunmuşdu. Onlardan ikisinin nəticələri ləğv edildi.

 

YAP-dan sonra ikinci ən çox mandat alan partiya Vətəndaş Həmrəyliyi Partiyasıdır (VHP). Bu partiya 3 deputatla parlamentdə təmsilçilik qazanıb.

 

Daha sonra 36 saylı Xətai Dördüncü Seçki Dairəsindən BAXCP sədri Qüdrət Həsənquliyev, 26 saylı Sabunçu İkinci Seçki Dairəsindən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, 16 saylı Yasamal ikinci Seçki Dairəsindən REAL Partiyasının üzvü Erkin Qədirli, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən Vəhdət Partiyasının sədri Tahir Kərimlinin və Azərbaycan Demokratik İslahatlar Partiyasınin sədri Asim Mollazadə mandat əldə ediblər.

REAL Partiyasının dövlət qeydiyyatı yoxdur. Adıçəkilən digər partiyalar isə 5-ci çağırış Milli Məclisdə də təmsil olunurdular. Onlar parlament partiyaları, bəziləri parlament müxalifəti adlandırılırlar. Buna baxmayaraq, cəmiyyətdə uzun illərdir belə bir rəy mövcuddur ki, Milli Məclisdə real müxalifət yoxdur. Eyni partiyaların yenə də Milli Məclisə buraxılması, eyni müxalif partiyaların da yenə kənarda qalması müxalifət qarşısında yeni sual qoyur: Bundan sonra nə olacaq? Müxalifətin parlamentə buraxılmaması onsuz da ağır durumda olan düşərgənin vəziyyətini daha da ağırlaşdıracaq, yoxsa narazı elektoratın onun ətafında cəmləşməsinə gətirib çıxaracaq?

 

AĞ Partiyanın sədri Tural Abbaslı ile ilgili görsel sonucu

 

 

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, əslində son parlament seçkiləri insanların  böyük əksəriyyətində və siyasi kəsimdə, əsasən də seçkidə iştirak edən partiyalarda böyük xəyal qırıqlığı yaşatdı. Belə ki, istər cəmiyyətdə, istərsə də siyasi cameədə bu seçkilərdən nisbətən demokratik və şəffaf olacağı ilə bağlı bəzi ümidlər yaranmışdı:

 

“Düzdür, bunun tam əksini iddia edənlər də yox deyildi. Ancaq hakimiyyət tərəfindən verilən bəyanatlar, atılan bəzi addımlar və MSK-nın qeydiyyat mərhələsindəki loyal yanaşımı nəyinsə dəyişə biləcəyi ümidlərini artırmışdı. Təəssüflə qeyd etməliyəm ki, bu cür seçkilər Azərbaycanı növbəti mərhələyə keçməkdə yubatdı və hazırda zatən az olan dəyərli zaman itkisinə səbəb oldu. Çünki biz Azərbaycanda demokratiyaya yumşaq keçidin, vətəndaş həmrəyliyinin və barışığın tərəfdarıyıq. Ancaq belə seçkilər, müxalifətə belə radikal və barışmaz yanaşma bütün bu imkanları məhdudlaşdırır. Təbiidir ki, real müxalifətin parlamentdə təmsil olunmaması onu daha da zəiflədəcək, cəmiyyətdəki radikal əhval-ruhiyyəni daha da artıracaq və  xaotik bir siyasi durum yaranacaq. Müxalifətin zəifləməsi, partiyaların sıradan çıxması isə tək müxalifətə deyil, iqtidara və dövlətə də təhlükələr yaradacaq. Çünki heç kəsə sirr deyil ki, Azərbaycan böyük beynəlxalq güclərin maraqları çərçivəsindədir və hər birinin burada maraqları və şəbəkəsi mövcuddur. Belə saxta və  biabırçı seçkilərlə sıradan çıxarılan milli siyasi qüvvələrin və milli şəxslərin yerləri kənardan qidalanan və onların maraqlarını təmsil edən ”5-ci kolon" üzvləri tərəfindən doldurulacaq. Bu halda isə dövlətimizi və dövlətçiliyimizi nələrin gözləyəcəyini şərh etməyə ehtiyac duymuram. Məncə, iqtidar artıq bu yöndə ciddi düşünməli və real, effektiv addımlar atmalıdır".

ADP sədrinin müavini Taliyət Əliyev ile ilgili görsel sonucu

 

 

ADP sədrinin müavini Taliyət Əliyev isə bildirdi ki, növbədənkənar parlament seçkilərinə müxalif düşərgənin əksəriyyəti qatılmışdı: 

 

"Bu onunla əlaqədar idi ki, son bir il ərzində ölkədə islahatlara yönəlik addımlar atılırdı, illərlə hakimiyyətin yüksək eşelonunda kök salmış məmurlar yeniləri ilə əvəzlənirdi. Parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin elan olunması cəmiyyətin böyük əksəriyyətində belə bir inam yaratmışdı ki, bu seçkilər əvvəlkilərlə müqayisədə azad, ədalətli və demokratik qaydada keçiriləcək. Ona görə də seçkilərə müxalifətdən savayı cəmiyyətin müxtəlif təbəqələrinə aid çoxlu sayda insanlar qatılmışdı. Lakin 9 fevral tarixində keçirilən seçkilər bu insanları məyus etdi, o cümlədən seçkilərə qatılan müxalifəti. Müxalifətin parlamentə buraxılmamasının bu düşərgənin vəziyyətini ağırlaşdıracağı məsələsinə gəlincə isə hesab edirəm ki, müxalifətin parlamentə buraxılmaması təkcə müxalifət üçün mənfi nəticələr doğurmayacaq. Bu hal ölkədə islahatlara yönəlik addımların atılmasına ciddi şəkildə kölgə salacaq, iqtidar-müxalifət münasibətlərinin kəskinləşməsinə rəvac verəcək, siyasi qütbləşməni dərinləşdirəcək, vətəndaşlarda seçkiyə olan az-çox inamı da sarsıdacaq və ölkədə siyasi dəyişilmələri radikal metodlarla aparmaq istəyənlərin əlinə dəstavuz verəcək. Bu da Azərbaycan xalqının və dövlətinin maraqlarına cavab vermir. Ona görə də biz partiya olaraq bu seçkilərin nəticələrinin ləğv olunmasını və ölkədə azad, ədalətli və demokratik qaydada yenidən parlament seçkilərinin tərəfdarıyıq”.

 

AMİP katibi Əli Orucov ile ilgili görsel sonucu

 

 

AMİP katibi Əli Orucov qeyd etdi ki, 9 fevralda keçirilən növbədənkənar parlament seçkilərində ölkənin aparıcı real müxalif siyasi qüvvələrinin kənarda saxlanılması təkcə qeyri-iqtidar düşərgəsi üçün deyil, ümumilikdə demokratiyaya və hakimiyyətin islahatlar adlandırdığı prosesə də ciddi zərbə vurdu. Azərbaycanın beynəlxalq imicini bir daha zədələdi:

 

“Cəmiyyətdə yaranmaqda olan müsbət tendensiyalara, seçki institutlarına, seçkilərin özünə, verilən vədlərə inam sarsıldı. Mən özüm deputatlığa namizəd kimi seçicilərlə keçirdiyim çoxsaylı görüşlərdə prezident İlham Əliyevin islahatlar və köklü dəyişikliklərlə bağlı verdiyi mesajlara kövrək ümidlərin yarandığının şahidi olsam da, seçki prosesinin növbəti axarında tədricən bu ümidlərin də puça çıxdığını sezməmək mümkün deyildi. Məhz bunun nəticəsi idi ki, seçici fəallığı 10 faizi keçmədi. İnsanların, ölkə vətəndaşlarının inamsızlığı isə bütünlükdə xoşagələn hal deyil. Bu seçkilərdən sonra siyasi partiyaların cəmiyyətdə rolu və təsiri daha da pisləşdi. Partiyalardan istefa verənlərin olacağı da gözləniləndir. Bunlar önəmli deyil. Önəmli olan odur ki, bu seçkilərdə Azərbaycan itirdi. Bundan sonra cəmiyyətdə gərginlik artacaq və radikal qüvvələrin geniş meydan sulamasına stimul veriləcək. Növbədənkənar parlament seçkisi əslində hakimiyyətin, gəncləşdirilən komandanın bir imtahanı idi. Təəssüf ki, bu seçkilər daha pis nümunə oldu. Özünü buraxan, islahatlara və dəyişikliklərə əngəl olan, cəmiyyət tərəfindən  mənfi obraz olaraq qəbul edilən keçmiş deputatlarla Azərbaycanı inkişafa, reformalara aparmağı, siyasi sabitliyi qorumağı mümkün hesab etmirəm. Köklü dəyişiklikləri və islahatları xalq özü öz iradəsi ilə həyata keçirəcək”. /"Yeni müsavat"/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək