Mövludun mübarək, ASLAN İLYASOV
...Haradansa “Aslani” rəqsinin sədası gəlir...
Deyirdi ki,- “Bir gün toydan şıxıb Salyana- evə qayıdırdım. Yolda bir “Zaporojes”in sürücüsü mənə əl edib, dayanmağıma işarə etdi. Əyləcə basıb avtomobili saxladım. Yaxınlaşıb xahiş etdi ki, avtomobilini trosla arxamca dartım. Razılaşdıq. Necə yorğun idimsə yolun yarısında onu unutdum. Bir də gördüm ki, arxamda bir “Zapı” ele hey siqnal verir. Fikirləşdim ki, məni ötüb keçmək istəyir. Dedim, hay-hay, harada görünüb ki, “Zapı” “Mersedes”i ötsün. Sürəti artırdıqca onu yenə də arxamda gördüm. Nə isə, Salyana çathaçatda avtomobilimi saxlayıb, həmin sürücüyə yaxınlaşdım. Niyə arxamca düşdüyünü soruşmaq istəyirdim ki, dedi: “Qardaş, yadından çıxıb deyəsən, yolda səndən xahiş etdim, məni də Ələtə qədər “buksir”lə apar…”
Baməzə insan idi. Hər söhbətində məxsusi bir yumor vardı. Şirin Salyan ləhcəsi ilə danışar, ətrafına xoş ruhiyyə bəxş edərdi. Çox adama əl tutmuşdu. Yol qırağında ibadət evi, bir neçə evsizə ev tikdirmişdi. Ömrünün son vaxtlarında ağır xəstəliyə düçar olsa da ruhdan düşmür, yaşamağa can atırdı…
Haqqında söhbət açdığım mahir qarmon ifaçısı Aslan İlyasov 1948-ci ildə Salyan şəhərində dünyaya gəlmişdi. 15 yaşından Salyan rayon Mədəniyyət Evində musiqiçi kimi əmək fəaliyyətinə başlamışdı. 1980-ci ildə Bakı şəhərinə dəvət almış, Azərbaycan Konsert Birliyində solist kimi fəaliyyətini davam etdirmişdi. Bu təşkilatın xətti ilə bir çox rayonlarda qastrol səfərlərində olmuş, öz ifası ilə xalqın qəlbinə yol tapmışdı. Sonra bir müddət Azərbaycan Mədəniyyət Evində solist kimi çalışmışdı. 2005-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında fəaliyyət göstərirdi…
...1994-cü ildə kompakt kaseti Tehran şəhərində satışa buraxılıb. Bu gün onun 30-a yaxın ifasının videolenti Azərbaycan Dövlət Televeziya və Radio Şirkətinin arxivində saxlanılır...
Deyirdi ki,- “Bugünkü xalq artistləri var ha, Aslan meydanda olanda onların çoxu dünyaya gəlməmişdi. Amma efirə çıxmaqları ilə fəxri ad almaları bir olur. Görəsən, bu necə olur? Amma mən traktorla bölgələrə gedib konsertlər vermişəm. Müharibə dövründə bölgələrdə olmuşam, hamısının video görüntüsü var. Konsert verib, ondan əldə etdiyim pulu imkansızların hesabına köçürmüşəm. Ancaq gedib kiminsə qapısını döyüb, kiməsə yalvarmamışam ki, mənə fəxri ad verin. Mənə adı xalqım verib. O adla da qəbirə gedəcəm…”
Elə də oldu, 20 dekabr 2013-cü ildə uzun sürən xəstəlikdən sonra, heç bir fəxri ad almadan vəfat etdi. Əslində Aslan İlyasov kimi sənətkarlar heç zaman ölmürlər. Onlar bizi tərk edərkən öz ruhlarını ifalarında saxlayıb, gedirlər...
Aslan İlyasov mayın 22-də dünyaya gəlmişdi. Yaşadı, yaratdı və bir gün də musiqiyə çevrilib, ifalarında əbədiləşdi...
...Haradansa “Aslani” rəqsinin sədası gəlir...
Mövludun mübarək, SƏNƏTKAR!
Elman Eldaroğlu
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"