Nobel nitqi zamanı söyülən prezident
Əvvəlki sovet liderlərindən fərqli olaraq Mixail Qorbaçov kütlələr arasında daha çox görünüb, səfərləri zamanı yerli əhali ilə əvvəlcədən planlaşdırılmamış görüşlər keçirib, qəfil avtomobilini saxlatdıraraq, ətrafdakı insanlarla ünsiyyətə girib.
Təbii ki, bu cür nəzərdə tutulmamış görüşlər təhlükəsizlik xidməti üçün problemlər yaradıb. Bu haqda DTK-nın 9-cu idarəsinin (yüksək vəzifəli şəxslərin təhlükəsizliyinə cavabdeh olan idarə) rəisi Qorbaçova öz səlahiyyətləri çərçivəsində xəbərdarlıq edəndə, o, məsələyə qısa və konkret aydınlıq gətirib: “Siz mənə nə edəcəyimi başa salmaq istəyirsinizsə, bu səhv addımdır. Mən öz işimi görürəm, təhlükəsizlik xidməti də öz işini görməlidir...”
Ümumiyyətlə, Qorbaçov öz mühafizəçilərinə qarşı sərt münasibət bəsləyib, onların işindən heç vaxt razılıq etməyib. Hətta hakimiyyətdə olduğu dövrdə ona qarşı olan yeddi sui-qəsdə cəhdin qarşısı alınanda belə, mühafizəçilərin peşəkarlığını dilə gətirməyib. Yalnız bir dəfə, 6 iyun 1991-ci ildə SSRİ-nin birinci və sonuncu prezidenti öz mühafizə rəisinə, general Vladimir Medvedyevə böyük bir auditoriyada təşəkkür elan edib.
Məlum olduğu kimi, Mixail Qorbaçov 15 oktyabr 1990-ci ildə beynəlxalq vəziyyətin əsas hissəsini xarakterizə edən sülh prosesindəki aparıcı roluna görə, Nobel Mükafatına layiq görülüb. Bəli, qəribə olsa da, məhz “sülh prosesi”nə görə. Amma Qorbaçov mükafatın təqdimolunma mərasimində iştirak edə bilməyib.
O, bu işi xarici işlər nazirinin müavini Anatoli Kovalyova həvalə edib. Kovalyov Norveçdə keçirilən təntənəli mərasimdə Qorbaçovu təmsil edib. Nobel mükafatı ilə bağlı mövcud nizamnamədə, hər bir laureatın mükafatı aldıqdan sonra altı ay ərzində Nobel mühazirəsi söyləməsi nəzərdə tutulub. Buna uyğun olaraq, Mixail Qorbaçov 6 iyun 1991-ci ildə Oslo şəhərində geniş Nobel nitqi söyləyib. Qorbaçova qarşı növbəti sui-qəsdə məhz onun nitqi zamanı cəhd edilib.
Həmin hadisəni Qorbaçovun mühafizə rəisi Vladimir Medvedyev öz xatirələrində belə bölüşüb:
“Mən əvvəllər Leonid İliç Brejnevin mühafizəsində xidmət etmişdim. Brejnevlə işləmək daha rahat idi. Konkret marşrutlar, tədbirlər, əvvəlcədən planlaşdırılmış görüşlərdə təhlükəsizliyi təmin etmək çox da çətin deyildi. Digər tərəfdən Brejnev səhhətinə görə səfərlərini məhdudlaşdırmışdı, əsasən, Kremldə və bağ evində olurdu. Amma ondan fərqli olaraq, Qorbaçov enerjili idi və səhər açılandan gecə yarıyadək işləyirdi. Onun iş prosesində nəzərdə tutulmayan görüşlər olurdu və nəticədə planlar pozulurdu. Sözsüz ki, bu da bizim işimizdə gərginlik yaradırdı.
Növbəti səfərimiz Osloya idi. Qorbaçov Nobel mühazirəsi oxuyacaqdı. Əvvəlcədən bütün təhlükəsizlik tədbirlərini həyata keçirmişdik. Oslodakı tədbirlə bağlı Norveç rəsmiləri tərəfindən də təhlükəsizliyin təmin olunması üçün lazımi göstərişlər verilmişdi. Mühazirə oxunacaq zal adamla dolu idi. Mən iştirakçı qismində zalda əyləşmişdim. Qorbaçov səhnəyə çıxaraq tribunanın arxasına keçdi. 10-15 dəqiqə keçməmiş bir qadın əlində gül buketi səhnəyə yaxınlaşmağa başladı. Yerli mühafizəçilər ona mane olmurdular. Səhnəyə bir-neçə addım qalmış yerimdən qalxıb ona yaxınlaşdım və bildirdim ki, hazırkı məqamda səhnəyə yaxınlaşmaq olmaz.
Qadın çox sakit şəkildə cavab verdi ki, Qorbaçova gül vermək istəyir. Ona dedim ki, gülü məruzədən sonra verərsiniz və ardınca da qadının qarşısına keçdim.
Qadın məni itələyib, yoluna davam etmək istəyəndə, qətiyyətlə onun qarşısını aldım. Bu hərəkətimdən sonra o, səsinin tonunu qaldıraraq Qorbaçovun ünvanına ən nalayiq söyüşləri yağdırmağa başladı. Bir neçə saniyə keçməmiş zalın arxa cərgələrindən bir kişi də onun səsinə səs verərək Qorbaçovu söyməyə başladı. Qorbaçov çıxışını yarımçıq saxlayıb sakitcə baş verənləri seyr edirdi.
Nəhayət, yerli mühafizəçilər hər ikisini zaldan çıxartdılar. Sözsüz ki, həmin gül buketinin içərisində silah və ya digər kəsici, deşici alət ola bilməzdi. Çünki binaya daxil olanda xüsusi qurğular vasitəsi ilə hamı ciddi yoxlanılırdı. Amma buketin içərisində hansısa bir yandırıcı, zəhərləyici məhlul da ola bilərdi. Qadın, sadəcə, həmin gül buketini Qorbaçovun üzünə çırpmaq istəyib. Sonra məlum oldu ki, onlar ər-arvaddırlar və Norveçdə yaşayan Əfqanıstan vətəndaşlarıdır. Xoşagəlməz mənzərə idi- məruzənin yarımçıq qalması, bir neçə saniyəlik sükut və bu sükutu pozan söyüşlər...
Onu da qeyd edim ki, Qorbaçov insident zamanı özünü itirmədi, panikaya düşmədi, təmkinlik nümayiş etdirdi, amma çox məyus görünürdü. Məruzəsindən sonra o, elə birbaşa səhnədən, tribunadan mənə təşəkkür etdi, “vaxtında tədbir görməsəydiniz, Nobel mühazirəm yarımçıq qalacaqdı”, dedi. Bütün dünyanın seyr etdiyi bu tədbirdə Qorbaçov arzulamazdı ki, çıxılmaz vəziyyətdə qaldığını görsünlər. Mən həmin hadisədən sonra ona bir daha xatırlatdım ki, təhlükəsizlik məsələsi ilə bağlı tələblərə riayət etmək vacibdir. O isə cavabında söylədi ki, Brejnevin dövründə yeyib yatmısınız, indi isə işləməyin vaxtıdır...”
Nobel mükafatı laureatlarının həyatında ən yadda qalan məqamlardan biri Nobel mühazirəsinin söyləməsi, bu nitqdən sonrakı gur alqışlardır. Elə Qorbaçov da bir laureat olaraq həmin anları heç vaxt unutmayacaq, amma bir fərqlə, sürəkli alqışlar əvəzinə yağlı söyüşlər eşitməyi ilə...
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"