“Trotskinin məhv edilməsi” əməliyyatı –
Hakimiyyətdə mövqelərini möhkəmləndirdikdən sonra İosif Stalinin məxfi planlarından biri SSRİ-dən sürgün edilmiş Lev Trotskinin məhv edilməsi ilə bağlı olub.
Xatırladaq ki, 1917-ci il oktyabr inqilabından sonra Rusiya Sosial Demokrat Partiyasının liderlərindən biri olan Lev Trotski Rusiyanın və SSRİ-nin xarici işlər komissarı, daha sonra isə hərbi dəniz komissarı olub, Qırmızı ordunun yaradıcılarından biri sayılıb. Trotski 1920-ci illərdən başlayaraq Stalinin siyasətinə, bu siyasət nəticəsində yaranan bürokratiyaya qarşı sərt mübarizə aparıb.
Amma o, bu mübarizədə məğlub olaraq Stalin tərəfindən həm tutduğu vəzifələrdən, həm də Kommunist Partiyası sıralarından uzaqlaşdırılıb, 1929-cu ildə isə o, SSRİ-dən sürgün edilib. Bir neçə ölkədə qısamüddətli məskunlaşmadan sonra, Lev Trotski Meksikada qərarlaşıb. O, bu ölkədə olarkən də Stalinə qarşı mübarizəsini davam etdirib. Təbii ki, Stalin də ona qarşı aparılan təbliğata biganə qala bilməyib, Trotskinin məhv edilməsi üçün xüsusi planlar cızıb.
Stalin Trotskinin aradan götürülməsi məsələsini tam məxfi bir şəkildə “NKVD”-yə həll edib. “NKVD”-də isə bu missiyanı həyata keçirmək qurumun 4-cü idarəsinin xüsusi qrupunun rəisi general-mayor Naum Eytinqona həvalə edilib.
General qarşıya qoyulan vəzifəni icra etmək üçün “NKVD”-nin məxfi agentlərini işə cəlb edib. Əsas icraçı isə Ramon Merkader seçilib.
Niyə məhz Roman Merkader? Məxfi əməliyyata ispan kommunistinin cəlb edilməsi hansı zərurətdən yaranıb?
Ramon Merkader 1913-cü ildə Barselonada anadan olub. Zəngin ailədə böyüyən Merkader çox gənc yaşlarından siyasi fəaliyyətə başlayıb, Barselonada kommunist gənclər təşkilatının yaradıcılarından biri olub. 1935-ci ildə kommunist fəaliyyətinə görə həbs olunub, bir ilə yaxın həbsxanada qalıb.
1937-ci ildə Merkader SSRİ-nin xüsusi xidmət orqanlarını tərəfindən “NKVD” ilə əməkdaşlıq təklifini düşünmədən belə qəbul edib. Beləliklə, Ramon “NKVD”-nin məxfi agenti kimi fəaliyyətə başlayıb.
Onun bir neçə dil bilməsi, situasiyaya yoğun düzgün qərar qəbul etmək bacarığı, hadisələrə çevik reaksiya verməsi “NKVD” rəhbərliyinin diqqətindən yayınmayıb. Məhz elə bu xüsusiyyətlərinə görə general Eytinqon “Trotskini məhv etmək” əməliyyatına Merkaderi cəlb edib.
1939-cu ildə Merkader başqa ad və soyadla əvvəlcə Kanadaya göndərilib. O, bu ölkədə özünü sahibkar kimi təqdim edib. Kanadada sahibkar statusu rəsmi təsdiqləndikdən sonra Merkader üçün Meksikaya keçmək asanlaşıb.
R.Merkader Meksikada əvvəlcə Trotskinin yaxın adamlarından biri olan Silviya Aqeloffla tanış olub. Silviya Aqeloff fəal trotskiçi olmaqla yanaşı, 1939-1940-cı illərdə Meksikada Lev Trotskinin katibəsi olub.
Ramon Merkader Trotskiyə yaxınlaşması üçün Silviya Aqeloff ilə manasibət qurmağa qərar verib. “NKVD” agentinin bu cəhdi uğurlu alınıb. O hətta özünü Selviyaya sevdirə bilib, bu sevgi nəticəsində Merkaderlə Trotskinin katibəsi arasında intim əlaqələr də yaranıb. Fürsətdən bəhrələnən Merkader katibənin vasitəsi ilə Trotski ilə görüşüb. Merkader özünü Trotskiyə biznesmen kimi təqdim etməklə yanaşı, həm də jurnalist fəaliyyəti ilə məşğul olduğunu da söyləyib və onu da vurğulayıb ki, trotskizm nəzəriyyəsini alqışlayanlardan biridir.
1940-cı ilin avqust ayında general Eytinqon Meksikanın paytaxtı Mexikoda “Pablo” adı ilə Merkader gizli görüşlər keçirib. “Trotskinin məhv edilməsi” əməliyyatı avqustun 20-nə təyin edilib.
Həmin gün general Eytinqon özü idarə etdiyi avtomobillə Merkaderi Trotskinin Mexikoda yaşadığı villaya aparıb. Əvvəlcədən planlaşdırılıb ki, general villanın ətrafında Merkaderi gözləyəcək və Merkader Trotskini qətlə yetirdikdən sonra onlar birlikdə Meksikanı tərk edəcəklər.
Merkeader öz yazılarını Trotskiyə oxumaq üçün əvvəlcədən görüş təyin edib, avqust ayının 20-nə. Təyin olunan gün o, Trotskinin villasına gəlib. General Eytinqon onu villadan 20-30 metr aralıda gözləyib.
Merkader yazılarını Trotskiyə təqdim edib. 10-15 dəqiqədən sonra yerini dəyişmək bəhanəsi ilə ayağa qalxan Merkader Trotskini arxa tərəfinə keçərək paltarının altında gizlətdiyi kiçik buz baltası ilə arxadan onun baş nahiyəsinə güclü zərbə endirib.
Buz baltası Trotskinin başına 7 santimetr dərinliyinə qədər keçib. Mühafizələr Merkaderə qaçmağa imkan verməyiblər, hadisə yerinə dərhal polis çağırılıb. Polis maşınlarını villanın qarşısında görən general Eytinqon ərazidən uzaqlaşıb və elə həmin gün Meksikanı tərk edib.
Trotski xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Səhərisi gün, avqustun 21-də o, xəstəxanada ölüb.
Ramon Merkader həbs olunub. İstintaq prosesində və məhkəmədə heç bir ifadə verməyən “NKVD” agenti 20 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Merkader 20 illik cəzasını son günədək Meksikada çəkib.
1960-cı ilin may ayında azadlığa çıxan Merkader Kubaya gedib və oradan gəmi ilə SSRİ-yə keçib.
Ramon Merkaderin SSRİ qarşısındakı “xidmətləri” mükafatsız qalmayıb. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə o, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Ramon Merkader uzun müddət Moskvada Mərkəzi Komitə yanında Marksizm-Leninizm institutunda işləyib. 1970-ci ildə Kuba lideri Fidel Kastronun təklifi ilə Kubaya köçərək bu ölkənin Xarici İşlər Nazirliyində müşavir vəzifəsində çalışıb.
Merkader 1978-ci ildə, 65 yaşında Kubada vəfat edib. Onun nəşi Moskvaya gətirilərək Kuntsevo qəbiristanlığında dəfn edilib.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"