Rusiyanın pomidor embarqosuna adekvat cavab

13:50 31-01-2021 | icon 578 | İqtisadiyyat
Rusiyanın pomidor embarqosuna adekvat cavab

 


MÜRVƏT HƏSƏNLİ əks-embarqodan yazdı

 

Ötən ilin quraq keçməsinə və xarici ticarətdə bəzi süni əngəllər yaradılmasına baxmayaraq, qeyri-neft sektorunun ixracı sahəsində fərqlənən yenə kənd təsərrüfatı məhsullarımız oldu. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2020-cu il “İxrac İcmalı”na görə, ölkəmizə ən çox xarici kapital gətirən 3 məhsuldan 2-si aqrar sektorun adı ilə bağlıdır. “2020-ci il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (205.6 milyon ABŞ dolları) birinci, pomidor (201.4 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (131.9 milyon ABŞ dolları) üçüncü olub”,- Mərkəzin yaydığı hesabatda belə deyilir.

 

Hesabata inansaq, əvvəlki illə müqayisə etdikdə həm pomidor həm də pambıq mahlıcı ixracında artım müşahidə olunmuşdur. Belə ki, Azərbaycan hökumətinin 2019-cu ilin ixrac yekunlarına dair hesabatına görə, “2019-cu ildə Azərbaycan $189 mln. 292,29 min dəyərində 174,548 min ton pomidor ixrac edib”. Həmin ildə pambıq lifi ixracı isə 124 milyon dollar gəlir gətirib. Son iki ilin yekun nəticələrini müqayisə etdikdə belə aydın olur ki, pomidor yetişdiricilərimiz 2020-ci ildə ötən ilə nisbətən 12.1 milyon dollar, pambıqçılarımız isə 8 milyon dollar daha çox mal ixrac ediblər. Nəzərə alsaq ki ötən il aqrar sektor çalışanları üçün olduqca keşməkeşli keçib, yüksək göstərici ilə ixrac potensialımızı artıran və qeyri-neft sektorunda ilk 3 yerdən ikisini tutmağı bacaran fermer təsərrüfatlarımızın bu uğurunun dəyəri daha da artır.

 

Xatırladaq ki, xüsusilə ötən ilin ikinci yarısında pomidor ixracımızın əksər hissəsini təşkil edən Rusiya bazarında fermer təsərrüfatlarımıza süni maneələr yaradılmış, məhsullarımızda guya, Amerika pomidor güvəsi və Şərq güvəsi adlanan zərərvericilərin aşkarlanması səbəbindən Azərbaycandan məhsul alışına embarqo qoyulmuşdu. Rusiyanın Kənd Təsərrüfatına Nəzarət Xidməti (Rosselxoznadzor) bu qadağanı həm də Azərbaycandan idxal olunan almaya qoymuşdur.

 

Bu cür embarqolarla etibarsız ticarət tərəfdaşı kimi tanınan Rusiyanın müxtəlif illərdə bəzi ölkələrə tətbiq etdiyi embarqolara (Sırf siyasi səbəblərdən 2009-cu ildə Avropaya qaz nəqlini, 2015-ci ildə Türkiyədən pomidor alışını və s. tamamən dayandırmışdı) nəzər salanda Azərbaycanın kənd təsərrüfatı məhsullarına qoyulan sanksiyaların da iqtisadi yox, siyasi xarakter daşıdığı aydın olur.

 

Bilindiyi kimi, sentyabrın sonlarında Ermənistanın hücumu ilə başlayan 44 günlük müharibədə ordumuz dünya hərb tarixinə düşəcək mühüm qələbə əldə etmiş, düşməni kapitulyasiya aktı imzalamaq məcburiyyətində qoymuşdur. Ordumuzun ən böyük zərbəsi isə Rusiyanın hərbi sənaye kompleksinin nüfuzuna dəymişdir. Sirr deyil ki, Rusiyanın müasir hərb alətləri ilə silahlanan erməni orusunun texnikaları Azərbaycanın yeni nəsil silahları qarşısında kibrit qutusu kimi darmadağın olduqca Moskvanın hərbi çəkindiricilik imici də sabun köpüyü kimi partlayırdı. Artıq bir çox dövlətlər onunla imzaladıqları silah alışı müqavilələrinə yenidən baxır və əməkdaşlıqdan imtina edirdilər. Belə bir rəzalət qarşısında qalan Rusiyanın müvafiq addımlar atması gözlənilirdi. Görünür, məhz bu səbəbdən Azərbaycanın hərbi uğurlarına kölgə salmaq istəyən Moskva “sülhməramlı” adı altında öz qoşunlarını Dağlıq Qarabağa yeritdi, bununla da kifayətlənməyib Azərbaycan pomidoruna embarqo tətbiq etdi.

 

İlk baxışdan Rusiyaya pomidor ixracatımızın strateji əhəmiyyəti, Moskvanın pomidor embarqosu ilə ölkəmizə hərbi cavab verməsi iddiası bir çoxlarına inandırıcı gəlməyə bilər. Amma Rusiyanın pomidor idxalının hardasa 40%-ni Azərbaycan məhsulları təşkil etdiyini nəzərə alsaq, “Rosselxoznadzor”-un bu qərarının əsl mahiyyətini anlaya bilərik.

 

Üstəlik, bütün embarqolara baxmayaraq, Azərbaycan pomidorçularının ötən il ixrac həcmini 200 milyon dollardan yuxarı qaldırması da kiçimsənəcək rəqəm deyil. Azərbaycanın Rusiyaya mal ixracının hardasa 40%-nə bərabər olan bu rəqəmi bəzi iqtisadçılar neft sənayemizin ən rentabelli hasilat sahəsi sayılan “Şahdəniz” yatağının illik gəlirləri ilə müqayisə edirlər.

 

Bildirilidiyinə görə, 2020-ci ildə “Şahdəniz” yatağı qaz və kondensat satışından 276 mln. ABŞ dolları qazanmışdır. Azərbaycan pomidorçularının illik ixrac həcmi isə bu yatağın qazancının 70%-nə bərabər olmuşdur.

 

Pambıq mahlıcı yığımına gəlincə, bilirsiniz ki, 44 günlük müharibə tam pambıq yığımı zamanına təsadüf etmişdi. Ermənilərin 44 gün boyunca raket hücumlarına məruz qalan Tərtər, Bərdə, Beyləqan və s. kimi rayonlarda pambıq tarlaları, zavodları böyük itkilərlə üzləşmişlər. Bir çox yerlərdə yığım dayandırılmış, bu da ümumi məhsuldarlığı azaltmışdı. Buna baxmayaraq, pambıqçılarımız bir əvvəlki illə müqayisədə daha çox məhsul yığmağı bacarmışlar.

 

Sözsüz ki, aqrar sektorun qarşısında dayanan mövcud problemlər bu il də aqrar sektorumuzun inkişafında ciddi əngələ çevrilə bilər. Azərbaycan hökuməti bu əngəlləri aşmaq üçün alternativ ticarət tərəfdaşları axtarmalı, müxtəlif təzyiqlər vasitəsilə bir sıra məhsullarımızın əsas bazarı halına gələn Rusiyanı öz qərarına yenidən baxmağa məcbur etməlidir. Müstəqil və Qərbə inteqrasiya yolu tutmuş ölkə kimi Azərbaycanın buna imkanı çata bilər. Əvvəla, ona görə ki, Rusiya ilə ticarət mübadiləsində eyni fürsətlərə malikik. Yəni ixrac-idxal mübadiləsində göstəricilər bir-birinə yaxındır. Aldığımız miqdarda həm də ona mal satırıq. Rəsmi statistikaya görə, 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda qeyri neft-qaz məhsullarının ixracı 1 milyard 153,2 milyon dollar təşkil edib və bu ixracın 39%-i və ya 450 milyon dolları Rusiyaya həyata keçirilib. Rusiyadan idxalın dəyəri 433,7 milyon ABŞ dolları həcmində olub. Nəzərə alsaq ki, bu göstəricilərə hərbi ticarət mübadiəsi daxil deyil, bizim Rusiyadan idxalımızın həcmi daha da arta bilər.

 

Rusiya isə pomidora və almaya qoyduğu embarqo ilə faktiki olaraq bizdən idxal etdiyi məhsulları (220 milyon dollar) yarıbayarı azaldıb və öz xeyrinə müsbət saldo yaradıb. Azərbaycan da Rusiyadan idxalını eyni həcmdə azaltmalı və digər ölkələrlə iqtisadi əməkdaşlıqlar qurmalıdır.

 

Digər tərəfdən, Rusiyadan fərqli olaraq, Azərbaycanın bu addımı atıb Qərbə yönəlməsini, dolayısıyla Moskvanın təsir dairəsindən çıxmasını arzulayan nəhəng siyasi qüvvələr var və rəsmi Bakı rahatlıqla öz iqtisadi tərəfdaşını yeniləyə bilər. Etibarsız müttəfiq, tərəfdaş kimi ad qazanmış Rusiyanın isə bu şansı daha azdır. Odur ki, qarşılıqlı ticari münasibətləri saxlamaqda maraqlı tərəf də məhz Moskva olmalıdır.

 

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri vəzifəsini icra edən Yusif Abdullayevin bir neçə gün əvvəl mətbuata verdiyi açıqlamalardan aydın olur ki, hökumət artıq yuxarıda zikr etdiyimiz tədbirlər barədə düşünməyə başlayıb. “Pomidor istehsalçılarımız üçün yeni ixrac bazarlarının qurulması istiqamətində işlər aparılır”,-deyən Yusif Abdullayev yeni bazar axtarışında əsas istiqamətləri də göstərib. Onun sözlərinə görə, pomidor ixracı ilə bağlı Avropa və Körfəz ölkələri nəzərdən keçirilir: “Körfəz ölkələrinə ixrac üçün sahibkarların “Qlobal Gab” sertifikatı əldə etməlidirlər. Bu istiqamətdə artıq işlərə başlanılıb”.

 

Fikrimizcə, İqtisadiyyat Nazirliyinin bu tədbirləri təktərəfli qalmamalı, Rusiyadan aldığımız məhsullar üçün də yeni tədarükçülər tapılmalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...