Neft sənayesinə aid torpaq sahələrinin zəbt olunmasının qarşısı alınıb
Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) ətrafında neft məhsulları nəql olunan 250 mm-lik boru xəttinin mühafizə zonasının zəbt edilməsinin qarşısı alınıb.
Belə ki, Vəliyev Vüsal Katib oğlu neft emalı zavodunun bitum istehsalı sahəsinin yaxınlığında, neft məhsullarının daşındığı dəmir yolu xətlərinin arasındakı boş ərazini zəbt etmək məqsədiylə oraya 4 metr enində, 5 metr uzunluğunda dəmir evcik (vaqon) yerləşdirib.
Ətrafda yaşayan sakinlərin dediyinə görə, Vüsal Vəliyev NEZ ətrafında bir sıra qanunsuz əməllər törədən Arzuman Vəliyevin başçılıq etdiyi dəstənin üzvüdür.
Vəliyev Arzuman Mehman oğlu
Arzuman Vəliyev ətrafına topladığı şəxslərlə birlikdə bir neçə yerdə neft sənayesinə aid torpaqları zəbt edib. Bundan başqa onlar dəfələrlə NEZ-ə aid boru xətlərini və müxtəlif avadanlıqları oğurlamaq istəyərkən SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən yaxalanaraq Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin əməkdaşlarına təhvil verilib.
Təxminən bir ay öncə isə Arzumanın dəstəsi növbəti oğurluq cəhdinin qarşısı alınarkən on nəfərlə iki mühafizəçiyə hücum çəkərək onlara ağır bədən xəsarətləri yetirib. Bununla da sakitləşməyən dəstə üzvləri dövlət əhəmiyyətli strateji obyekt olan neft emalı zavoduna hücum ediblər. Onların qanunsuz əməlləri barədə 23-cü polis bölməsi məlumatlı olsa da, Arzuman Vəliyev və ətrafına topladığı şəxslər hələ də qanunsuz əməllərini davam etdirirlər.
Arzuman Vəliyev və ətrafına topladığı şəxslər NEZ-ə hücum çəkərkən
Vüsal Vəliyev əlil olduğundan Arzuman Vəliyev yeni ərazilər zəbt etmək üçün əsasən onu qabağa verir. Onlar hesab edir ki, Vüsal Vəliyevin əlil olması onların qanunsuz əməllərinə göz yumulması ilə nəticələnə bilər. Arzuman Vəliyev bundan əvvəl də Vüsal Vəliyevdən istifadə edərək həmin ərazidə boş torpaq sahələrini zəbt edib və taxta-dəmir konstruksiyalardan hazırladığı kiçik fermada müxtəlif ev quşları, mal-qara saxlayıb. Mühafizəçilər tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, zəbt etdiyi ərazini boşaltmaq əvəzinə yeni vaqon yerləşdirərək tutduğu sahəni genişləndirmək qərarına gəlib.
Belə olan halda neft sənayesinə aid torpaq sahəsinin zəbt olunmasının qarşısının alınması məqsədiylə Nizami Rayon İcra Hakimiyyəti, SOCAR, Daxili İşləri Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının iştirakı ilə tədbir keçirilib. Yeni yerləşdirilən dəmir evcik (vaqon) sənaye zonasından kənarlaşdırılıb, fermanın sökülməsi və heyvanların ərazidən uzaqlaşdırılması üçün Vüsal Vəliyevə bir neçə gün möhlət verilib.
Qeyd edək ki, Heydər Əliyev adına neft emalı zavodunun ətrafındakı boş torpaq sahələri müxtəlif vaxtlarda bəzi işbazlar tərəfindən zəbt olunub və orada ev tikilərək satılıb. Bu da Nizami rayonu Mətləb Ağayev və Pəhlivan Fərzəliyev küçələrində neft sənayesinə aid torpaqlarda əhalinin kütləvi məskunlaşması ilə nəticələnib. Sözügedən ərazilərdə boru xətlərinə və sənaye zonasına aid olan texniki təhlükəsizlik qaydalarının heç birinə əməl olunmur. Bu da həmin ərazidə yaşayan insanların həyatı üçün ciddi təhlükələr yaradır.
Neft kəmərlərinin ətrafının zəbt olunması SOCAR əməkdaşlarına da xeyli çətinlik yaradır. Mövcud vəziyyət neft kəmərlərinin mühafizəsini, zəruri hallarda texniki xidmətin göstərilməsini, eləcə də hər hansı qəza zamanı operativ müdaxilə imkanlarını, xüsusi texnikaların işləməsinə ciddi problemlər yaradır. Ona görə də SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları bu ərazilərdə vətəndaşların qanunsuz məskunlaşmasını qarşısını almağa çalışır. /oxu.az/
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"